Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-249/2024 05.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi, İddiaçı X3 və vəkili X1, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı X3 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçının əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həqiqi pensiyaya çıxdığı müddətə qədər olan dövr ərzində (57 yaşdan hesablanmaqla) yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı X6 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək əmək kitabçasında qeyd olunan illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla, 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və həqiqi pensiyaya çıxdığı müddətə qədər olan dövr ərzində (57 yaşdan hesablanmaqla) yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik müavinətin ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. O, 1986- 1989-cu illərdə təhsil almış, 1982-84-cü illərdə hərbi xidmətdə olmuşdur. Sosial kapitalda 2008-ci ildən oktyabr-2022-ci il mart ayına qədər pensiya kapitalı 52654,60 manat təşkil edir. Qeyd olunan məbləğ 57 yaşdan pensiyaya çıxması üçün əsasdır. Bundan başqa 35 ildən çox əmək stajı mövcudur və hal-hazırda da həmin müəssisədə, “X9 Fze” Şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlər Təyinatı üzrə Mərkəzi Filialına 4 may 2022-ci il tarixdə müracət edərək 57 yaşda güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin cavabdehdən itmina bildirişi gəlmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçı xx.xx.2022-ci il tarixdə cavabdeh orqana müraciət edərək 57 yaşına çatdığı vaxtdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Bunun müqabilində, cavabdeh orqan bildirmişdir ki, təqdim edilən sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (22 il 2 ay 16 gün (xx.xx.1982-xx.xx.1984-cü il, 30,04.1985-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2000-ci il, xx.xx.2001xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) olduğu aşkar edilmişdir. Cavabdeh orqan imtinanı belə əsaslandırmışdır ki, Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin "b" bəndinə uyğun olaraq 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Nəticə etibarilə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Belə ki, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün onun 2006-cı il 1 yanvar tarixədək 25 il sosial sığorta stajı və 12 il 06 ay güzəştli sosial sığorta stajı mövcud olmalıdır. Lakin iddiaçının 2006-cı il 1 yanvar tarixədək olan sosial sığorta stajı 25 ildən az, yəni 22 il 02 ay 16 gün (xx.xx.1982- xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1994-cü il, xx.xx.1994-xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2000-ci il, xx.xx.2001-xx.xx.2001-ci il, xx.xx.2001- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. Daha sonra cavabdehin nümayəndəsi etiraza əlavə təqdim edərək bildirmişdir ki, cavabdeh orqanın xx.xx.2024-cü il tarixli 3-17-1/3-1-4688/2023 nömrəli məktubunda iddiaçının təqdim etdiyi sənədlərə əsasən xx.xx.1992-xx.xx.1994-cü il, xx.xx.1994xx.xx.1996-cı il, xx.xx.1996-xx.xx.1996-cı il, xx.xx.1997-xx.xx.2000-ci il, xx.xx.2001xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər ərzində Türkmənistan Respublikasında işlədiyi qeyd olunmuşdur. Eyni zamanda bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.1-ci maddəsinə əsasən vətəndaşların başqa dövlətlərin ərazisində iş dövrü, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə və ya həmin dövlətlərlə bağlanmış dövlətlərarası müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödənildikdə sığorta stajına daxil edilir. Bundan başqa Qanunun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir. Bu səbəbdən də yuxarıda qeyd olunan dövrlər Qanunun 23.2-ci maddəsində nəzərdə tutulan tarixdən sonraya aid olduğundan həmin dövrlərin adıçəkilən şəxsin sosial sığorta stajına daxil edilməsi mümkün deyil. Bu səbəbdən də, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (8 il 7 ay 26 gün (xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1992-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. İş materiallarında olan : - НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1982-1984-cü illərdə hərbi xidmətdə olmuşdur. -MT-İ № 220937 seriyalı diplomun surətindən görünür ki, X6 1986-1989-cu illərdə təhsil almışdır. -İddiaçının adına açılmış PТ-№ ******* seriyalı əmək kitabçasından görünür ki, o, xx.xx.1985-xx.xx.1994-cü il tarixlərdə Türkmənistanın Nebitdağ qazma işləri idarəsində qazmaçı köməkçisi, qazmaçı (09 il 4 ay 15 gün), xx.xx.1994-xx.xx.1996-cı il tarixlərdə “S.İ.Serviz Türkmen” müəssisəsində qazmaçı köməkçisi, qazmaçı (01 il 09 ay 19 gün), xx.xx.1996-xx.xx.1996-cı il tarixlərdə Türkmənistanın Nebitdağ şəhərində “Keymir” müəssəsində çilingər (05 ay 08 gün), xx.xx.1997-xx.xx.2000-ci il tarixlərdə “Ascom-Grup” müəssəsində qazmaçı köməkçisi (03 il 07 ay 26 gün), xx.xx.2001-xx.xx.2001-ci il tarixlərdə “Türkmənneft” dövlət konserninin quyuların əsaslı təmiri və texniki xidməti üzrə ixtisaslaşdırılmış idarədə (04 ay 22 gün), xx.xx.2001-xx.xx.2007-ci il tarixlərdə (xx.xx.2006cı il tarixədək 05 il 04 ay 24 gün) Nebitdağ qazma işləri idarəsində işləmiş, xx.xx.2008-ci ildən hazıradək “X10 Aze” şirkətinin Azərbaycan Respublikasındakı filialında işləyir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 4.1-ci maddəsinə görə bu Qanuna uyğun olaraq əmək pensiyasının yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası və ailə başçısını itirməyə görə əmək pensiyası növləri müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qeyd olunan hüquq normasında “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qəbul edildiyi vaxta qədər qüvvədə olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 2006-cı ilin yanvar ayının 1-dək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunu nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində güzəştli şərtlərlə əmək pensiyası, onun üçün tələb olunan yaş həddinin nə vaxt tamamlanmasından asılı olmayaraq, yaşa və staja görə, bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə tam əmək stajının toplandığı anda qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməsi nəzərdə tutulmuşdur. xx.xx.1997-ci il tarixədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən, əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli Siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları»nın 2.1.8-ci bəndinə uyğun olaraq Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəıxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin Siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmiüşdür) əsasında müəyyən edilir. Məhkəmə araşdırmazı zamanı müəyyən edildi ki, iddiaçı X5 ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmişdir. Yuxarıda göstərilən normaların məzmunundan aydın olduğu kimi iddiaçıya 57 yaşdan əmək pensiyasının təyin olunması üçün onun xx.xx.2006-cı il tarixə qədər azı 25 il ümumi, o cümlədən azı 12 il 6 ay xüsusi staja (əmək şəraiti zərərli və ağır olan digər işlərdə işləməsi) malik olması tələb olunur. İş materiallarından müəyyən edilir ki, iddiaçının xx.xx.2006-cı ilə qədər ümumi stajı cavabdeh tərəfin də qeyd etdiyi kimi 25 ildən azdır. Belə ki, onun xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək təhsil aldığı, xx.xx.1984-xx.xx.1992-ci il tarixlərdə Türkmənistanın Nebitdağ qazma işləri idarəsində işlədiyi dövrlər toplandıqda cəmi 08 il 7 ay 26 gün təşkil edir ki, bu hal ona 57 yaşdan əmək pensiyasının təyin edilməsini istisna edir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.2006-cı il tarixdən sonra işlədiyi dövrlər onun sosial sığorta stajına daxil edilir, lakin 57 yaşından əmək pensiyasının təyin edilməsi üçün 25 il sosial sığorta stajının xx.xx.2006-cı ilə qədər toplanması tələb olunur. Onun Türkməınistan Respublikasında işlədiyi dövr onun sosial sığorta stajına daxil edilsə belə, xx.xx.2006-cı il tarixədə qədər tələb olunan 25 illik ümumi staj toplanmadığından onun 57 yaşdan güzşətli şərtlərlə yaşa görə əmək pensiyasını almaq hüququ yaranmamış olur. Cavabdehin ilkin etirazında iddiaçının xx.xx.2006-cı il tarixədək 22 il 02 ay 16 gün staja malik olmasını qeyd etmişdir, lakin sonrakı etirazında ümumiyyətlə iddiaçının xx.xx.1992-ci oldən sonra Türkmənistanda işlədiyi dövrün onun sosial sığorta stajına daxil etməkdən imtina edərək xx.xx.2006-cı il tarixədək cəmi 08 il 07 ay 26 gün ümumi staja malik olduğunu bildirmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının Türkmənistand işlədiyi dövr sosial sığöorta stajına daxil edilsə belə, onun hərbi xidmət illəri əlavə edilməklə xx.xx.2006-cı ilədək 25 il ümumi staja malik olmadığı müəyən edilir. Bununla bağlı məhkəmə onun xx.xx.1992-ci ildən sonra Türkmənistanda işlədiyi dövrün onun sosial sığorta stajına daxilib-edilməməsi məsələsinin araşdırılmasına zərurət görməmişdir. 1986-1989-cu illərdə təhsil adlığı dövrə münaisbətdə məhkəmə qeyd edir ki, həmin dövr iddiaçı əmək fəaliyyəti ilə məşğul olduğundan və həmin illər onun iş stajına daxil edildiyindən təhsil dövrünün ayrıca əlavə edilməsi mümkün deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Azərbaycan Respublikası İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildir. Məhkəmə hesab edir ki, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ yaranmadığından iddia tələbi əsassız hesab edilərək təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-249/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-249/2024
05.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver