Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2491/2025 10.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “cavabdeh X5 Xidməti Quba - Xaçmaz regional şöbəsinin üzərinə, xx.xx.2023- cü il tarixdə işə gedərkən X1 bədbəxt hadisə nəticəsində ölməsi ilə əlaqədar komisiya yaradılıb təhqiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “cavabdeh X5 Xidməti Quba - Xaçmaz regional şöbəsinin üzərinə, xx.xx.2023- cü il tarixdə işə gedərkən X1 bədbəxt hadisə nəticəsində ölməsi ilə əlaqədar komisiya yaradılıb təhqiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisə - xx.xx.2023cü il tarixdə ölmüş mərhum X1 ölümünün təhqiqatının aparılması ilə bağlıdır. Belə ki, halhazırda iddiaçının hüquqi marağı mərhum şəxsin X1 vəfat etməsi ilə nəticələnən yolnəqliyyat hadisəninin cavabdeh inzibati orqan tərəfindən müvafiq qaydalara uyğun olaraq təhqiqatının aparılması üçün komissiyanın yaradılmasından ibarətdir. Lakin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının əmək müqaviləsinin öhdəliklərinin icra edilməsi ilə bağlı tələbi inzibati məhkəmə icraatının araşdırma predmetinə aid deyildir. İnzibati icraat şəxslərlə inzibati orqanlar və inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı inzibati hüquq münasibətlərindən yaranan münasibətləri tənzimləyir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 saylı, 10 aprel 2015-ci il tarixli qərarının 5.2-ci bəndində qeyd olunmuşdur ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan daxil olmuş məlumat əsasında bədbəxt hadisənin istehsalatla bağlılığının araşdırılması və onun təhqiqatının aparılması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş qaydada komissiya yaradır. “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının: 1.1. Bu Qaydalar — qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda (bundan sonra — müəssisələr), eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. 1.8. İstehsalatda bədbəxt hadisələrin təhqiqatının vaxtında aparılmasına müvafiq şəraitin yaradılmasına, İZ formalı aktın düzgün tərtib edilməsinə, bədbəxt hadisənin başvermə səbəblərinin aradan qaldırılması üzrə tədbirlərin yerinə yetirməsinə işəgötürən cavabdehdir. Bədbəxt hadisələri törədən səbəblərin aradan qaldırılması üzrə nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsinə nəzarəti X5 Xidməti həyata keçirir. 1.9. Bədbəxt hadisənin təhqiq edilməsinə əsas işəgötürənin, zərərçəkənin, mətbuat vasitələrinin, hüquq-mühafizə orqanlarının, tibb müəssisələrinin, respublikada fəaliyyət göstərən əməyin mühafizəsinə nəzarət orqanlarının və həmkarlar ittifaqları təşkilatlarının bədbəxt hadisənin baş verməsi haqqında yazılı və yaxud şifahi məlumatı ola bilər. Bu halda məlumat araşdırılır və lazımi hallarda bədbəxt hadisənin təhqiqatının aparılması üçün komissiya yaradılır. 2.1. Ağırlıq dərəcəsindən asılı olmayaraq bütün növ xəsarətlər, bir nəfərin həlak olması və qrup halında baş vermiş bədbəxt hadisələrin təhqiqatı X5 Xidmətinin rəisinin (və ya onun tapşırığı ilə X5 Xidmətinin yerli bölməsinin) əmri ilə yaradılmış komissiya tərəfindən aparılır. 2.2. Xəsarətlə nəticələnmiş bədbəxt hadisələrin təhqiqatını aparmaq üçün tərkibi: sədr — X5 Xidmətinin vəzifəli şəxslərindən, üzvlər — işəgötürənin və müəssisənin həmkarlar ittifaqı təşkilatının nümayəndələrindən ibarət Təhqiqat komissiyası yaradılır. Təhqiqat komissiyası bədbəxt hadisənin səbəbini və iş yerinin şəraitini təhqiq edir, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarının standartlarının pozulmasına yol vermiş şəxsləri aşkar edir. Hadisənin şahidlərindən və zərərçəkəndən izahatlar alır, bədbəxt hadisənin səbəblərini və onların aradan qaldırılması üzrə tədbirləri göstərməklə lazımi nüsxələrdən ibarət tədqiqat aktı tərtib edir və müəssisə tərəfindən hadisə barədə İZ formalı aktın düzgün olmasına nəzarət edir. 4.1. Təhqiqat komissiyası toplanmış materiallar əsasında bədbəxt hadisənin baş verməsində işəgötürən (onun vəzifəli şəxsləri) və zərərçəkən (zərərçəkənlər) tərəfindən əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericilik aktlarının, qaydaların, vəzifə (peşə) üzrə təlimatların hansı nisbətdə pozulmasını müəyyən edib Təhqiqat aktında göstərməlidir. 4.5. İşəgötürən bədbəxt hadisələrin xüsusi təhqiqat materiallarını öyrənməyə, Təhqiqat komissiyası tərəfindən təklif edilmiş bədbəxt hadisəyə gətirib çıxarmış səbəblərin aradan qaldırılması haqqında tədbirlərin yerinə yetirilməsinə və əməyin mühafizəsi tələblərinin pozulmasına yol vermiş şəxslərin cəzalandırılması barədə müvafiq əmr (sərəncam) verməyə borcludur. İşəgötürən Təhqiqat komissiyası tərəfindən müəyyən edilmiş tədbirlərin yerinə yetirilməsi barədə müddət başa çatdıqdan sonra X5 Xidmətinə və həmçinin digər dövlət nəzarəti orqanlarının obyektləri üzrə isə onların yerli orqanlarına məlumat verməlidir. Yuxarıda qeyd edilən qanunvericilik normalarının qarşılıqlı təhlilinə əsasən məhkəmə qeyd edir ki, əmək vəzifələrinin icrası zamanı baş vermiş bədbəxt hadisənin təhqiqatının aparılması məhz işçi və işəgötürən arasında mövcud olan əmək münasibətlərinin həyata keçirilməsi çərçivəsində ortaya çıxır. Yəni, hazırda iddiaçının iddia tələbinin əsası kimi istinad etdiyi hallar (əmək vəzifələrinin icra etməsi ilə əlaqədar olaraq mərhum şəxsin vəfat etməsi) məhz əmək münasibətlərindən irəli gələn münasibətlər olmaqla, müvafiq təhqiqatın aparılması və ya aparılmasından imtina olunması məsələsi məhz həmin münasibətlər çərçivəsində araşdırılır. Bu hal özlüyündə qeyd edilən mübahisəli münasibətin xarakterinin inzibati xarakterli münasibət olmasını istisna edir. Məhkəmə belə nəticəyə gəlir ki, hazırki mübahisə, yəni baş vermiş hadisənin müvafiq Qaydalar uyğun olaraq təhqiq edilib- edilməməsi (təhqiqatın aparılması, həmin təhqiqatın nəticəsi olaraq hadisənin əmək vəzifələrinin icrası ilə bağlı olub-olmaması halının müəyyən edilməsi, hadisənin bədbəxt hadisə kimi qiymət verilib-verilməməsi və s. hallar) inzibati məhkəmə icraatı qaydasında baxılmalı məsələ deyildir, məhz mülki məhkəmə icraatı qaydasında araşdırılmalı olan məsələdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Məhkəmə qeyd edir ki, müqavilə öhdəliklərinin icra edilməsi ilə bağlı mübahisə hüquqi təbiəti baxımdan mülki-hüquqi mübahisədir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdehnə qarşı “cavabdeh X5 Xidməti Quba - Xaçmaz regional şöbəsinin üzərinə, xx.xx.2023- cü il tarixdə işə gedərkən X1 bədbəxt hadisə nəticəsində ölməsi ilə əlaqədar komisiya yaradılıb təhqiq edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2491/2025
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2491/2025
10.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver