Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2492/2023 14.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə qarşı “onun həqiqi hərbi xidmətə çağırışına möhlət verilməsi hüququnun aradan qaldırılması və aprel 2023-cü il çağırışı əsasında həqiqi hərbi xidmətə çağrılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, 2017-2021-ci illərdə Bakı Dövlət Universitetinin Biologiya fakültəsində bakalavr təhsili almış, Azərbaycan Dövlət Aqrar Universitetinə magistrant kimi 2021-ci ildə qəbul olunmuş, öz ərizəsi əsasında Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2023-cü il tarixli 3-22-23/3-1-197/2023 saylı Əmri ilə tələbələr sırasından xaric edilmişdir. İddiaçı bundan sonra cavabdeh təşkilata müraciət edərək hərbi xidmətə aparılmağını xahiş etmiş, lakin onun müraciəti xx.xx.2023-cü il tarixli məktubla müsbət həll edilməmişdir. İmtinanı tamamilə əsassız hesab edir və bildir ki, onun universitetdən xaric edilməyi onun-yəni möhlət hüququ verilmiş bir şəxsin ərizəsi əsasında aparılmış və o həmin ərizəni verməklə universitetdə magistrant təhsilini davam etdirməkdən imtina etmiş, yəni onu universitet onun iradəsinə zidd olan digər bir səbəbə görə xaric etməmiş və onun həmin universitetə bərpa edilməyilə bağlı bu müddətin hazırkı halda gözlənilməsi də məntiqəuyğun deyildir, bu halda verilmiş möhlət hüququ aradan qaldırılmalıdır. Burada onun universitetdən xaric edilməyi onun təşəbbüsü əsasında olmuş və universitet də onun bu niyyəti ilə razılaşaraq ərizəsi əsasında əmr vermişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinin tanınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən ali təhsil müəssisəsindən xaric edilmiş şəxslər 6 ay ərzində ali təhsil müəssisəsinə bərpa edilmədikdə çağırışdan möhlət hüquqlarını itirir və həqiqi hərbi xidmətə çağırırlar, bu səbəbdən də 6 ay müddət keçmədiyi üçün iddiaçının Universitetdən xaric olma tarixi xx.xx.2023-cü il olduğundan onun aprel çağırışında hərbi xidmətə çağırılmağı mümkün deyildir. Qeyd olunanlara əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: SHXÇDX-nin Sumqayıt şəhər Baş İdarəsininin xx.xx.2023-cü il tarixli, 3-43-50/2- 423/2023 nömrəli imtina məktubu, cavabdehin etiraz ərizəsi, Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2023-cü il tarixli 3-22-23/3-1-197/2023 nömrəli Əmri surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun Azərbaycan Dövlət Aqrar Universitetindən xaric edildiyi vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Baş İdarə hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının qeydoiyyatda olduğu yer Sumqayıt şəhəridir və ərazi üzrə müddətli həqiqi hərbi xidmətə çağırılması Baş İdarənin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Baş İdarənin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-43-50/2-423/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-cü maddəsinə əsasən digər hallarda iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Belə ki, iddiaçının qeydiyyat yeri Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan Dövlət Aqrar Universitetinin xx.xx.2023-cü il tarixli 3-22-23/3-1-197/2023 saylı Əmri ilə tələbələr sırasından xaric edilmişdir. İddiaçı həqiqi hərbi xidmətə çağırılması üçün cavabdeh təşkilata müraciət müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmiş və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh təşkilatın iddiaçının müraciətindən imtinası “Hərbi vəzifə və hərbi xidmət” haqqında Azərbaycan Respublikası Qanununun 21.2-ci maddəsinə əsasən olmuşdur. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 12.2.1-ci maddəsinə müddətli həqiqi hərbi xidmətə - Azərbaycan Respublikasının 18 yaşına çatmış, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan və ya çağırışdan azad edilməmiş kişi cinsli vətəndaşları......müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Həmin qanunun 18-ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət rayon, şəhər, şəhərdə rayon çağırış komissiyasının qərarı ilə aşağıdakı əsaslara görə verilir: ailə vəziyyətinə görə, sağlamlıq vəziyyətinə görə, təhsili davam etdirmək üçün və s... “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 21.1.4-cü bəndinə əsasən əyani təhsilalma formasında bakalavriatda, magistraturada, doktoranturada (adyunkturada), əsas (baza ali) tibb təhsili və rezidenturada təhsil alanlara - təhsilini bitirənədək,..21.2-ci bəndinə əsasən ali təhsil müəssisələrindən xaric edilmiş şəxslər 6 ay müddətində ali təhsil müəssisəsinə bərpa olunmadıqda çağırışa möhlət hüquqlarını itirirlər və ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Cavabdehin qanunun 21.2-ci bəndinə istinad etməsi tamamilə əsassızdır. Belə ki, həmin qanunun 21-ci maddəsinin anlamı şəxsin təhsilini davam etditmək üçün möhlət hüququnun əldə edilməsi ilə bağlıdır. Hazırkı iddia tələbinin predmeti vətəndaşın özünün sərbəst iradəsi əsasında ali təhsil müəssisəsindən xaric edilməsinin nəticəsindən yaranmışdır ki, bu da İddiaçı qanunun 12.2.1-ci maddəsinə uyğun olan müddətli həqiqi hərbi xidmətə yararlı olan, çağırışa möhlət hüququ olmayan şəxs statusuna malik olmasına dəlalət edir. Həmçinin, qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiyasına əsasən Vətəni müdafiə hər bir vətəndaşın borcudur və qanunla müəyyən edilmiş qaydada vətəndaşlar hərbi xidmət keçməlidirlər. Yəni iddiaçının konstitusion hüquq və vəzifələrinin məhdudlaşdırılması yolverilməzdir. Belə olan halda İddiaçı həqiqi hərbi xidmətə çağırışına möhlət verilməsi hüququ aradan qaldırılmalı və aprel 2023-cü il çağırışı əsasında həqiqi hərbi xidmətə çağrılması vəzifəsinin cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı həqiqi hərbi xidmətə çağırışına möhlət verilməsi hüququnun aradan qaldırılması və aprel 2023-cü il çağırışı əsasında həqiqi hərbi xidmətə çağrılması vəzifəsi Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2492/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2492/2023
14.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver