Məhkəmə qərarları › İş №2-1(118)-2492/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2492/2024

16.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2492/2024 16.07.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Elşən oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı mərhum oğlu X11 şəhid statusunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sərhəd Xidmətinə qarşı Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, mərhum oğlu Cəlilzadə Aminin şəhid statusunun rəsmiyyətə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək mərhum oğlu X11 şəhid statusunun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X1 Qoşunlarının Qubadlı Əlahiddə hərbi hissədə xidmətdə olarkən qətlə yetirilərək şəhid olmuşdur. O, İİ Qarabağ müharibəsinin iştirakçısı olub Vətəninə xidmət etmək üçün xidmətini X13 Əlahiddə hərbi hissəsində davam etmişdir. xx.xx.2022-ci il tarixdə oğlu Cəlilzadə Amin və daha iki nəfər xidmət yoldaşı X12 tərəfindən qətlə yetirilmişlər. Fizuli Hərbi Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 1(097)-81/2022 sayl hökmü ilə ömürlük həbs edilmişdir. Oğlu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 yanvar 1994-cü il tarixli 10 nömrəli Qərarın 1,2,7-ci bəndlərinə əsasən Azərbaycan Respublikasının dövlət sərhəddinin mühafizəsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olduğu üçün şəhid hesab edilir. Oğlu Azərbaycan Respublikasının bayrağına bükülərək dəfn edilmişdir. Cavabdeh də oğlunun şəhid hesab edildiyini bildirsə də, son nəticədə ona şəhid statusunu verməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsindən görünür ki, İddiaçı övladı mərhum kiçik gizir X2 Sərhəd Xidməti rəisinin xx.xx.2019-cu il tarixli 1727 ş/h №-li əmri ilə ‘‘Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə müvafiq olaraq 3 (üç) il müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin müavini - X6 xx.xx.2022-ci il tarixli 171 ş/h №-li əmrinə əsasən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 27-ci maddəsinin 27.1.6-cı bəndinə (günün nizam qaydası ilə müəyyən edilmiş xidmət vaxtında və ya xidməti zərurətlə əlaqədar günün digər vaxtlarında hərbi hissənin (müəssisənin) ərazisində olarkən) müvafiq olaraq xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Həmçinin qeyd edir ki, mərhum kiçik gizir A.F.Cəlilzadə barəsində Dövlət Sərhəd Xidmətinin aidiyyəti struktur qurumuna sorğu göndərilmiş və məlum olmuşdur ki: 1. X8 “Qubadlı” Əlahiddə Sərhəd diviziyasında şəxsi heyətin siyahısına daxil edilməsi, hərbi vəzifələrə təyin olunması, hərbi rütbəsi və hərbi rütbəalması, həmçinin həlak olması ilə əlaqədar şəxsi heyətin siyahısından çıxarılması barədə olan əmrlərdən çıxarışlar (məktuba əlavə edilmişdir). X14 barəsində hər hansı nüfüzdansalıcı, təqsirləndirici araşdırma materialı olmamış, ölümündən sonra şəxsi işi DSX-nin Kadrlar Baş İdarəsinə göndərilmişdir. X8 hərbi xidmətdə olduğu müddətdə həlak olması ilə əlaqədar sənədlər (Füzuli Hərbi Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1909xxxx/2022 saylı hökmünün surəti) məktuba əlavə edilmişdir. xx.xx.2021-ci il tarixdə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət X10 X3 İİ hissənin 19-cu maddəsində göstərilmişdir ki, X15 - Sərhəd Zastavasının bölməsi olub sərhəd zastavasının müəyyən sahəsində dövlət sərhədinin və təyin edilmiş dayaq məntəqəsinin (mövqeyinin) müdafiə və mühafizəsini həyata keçirir. X15 dövlət sərhədinin (mövqeyin) müdafiə və mühafizəsi üzrə xidməti-döyüş fəliyyətini istənilən şəraitdə fasiləsiz yerinə yetirir. Sərhəd Zastvasının dislokasiya yerində xidmətdə iştirak etməyən şəxsi heyəti ehtiyat qüvvəni təşkil edir. Ehtiyat qüvvə dövlət sərhədini gücləndirmək, sərhəd axtarışı, silahlı basqınları dəf etmə fitnələrin qarşısını alma əməliyyatlarını aparmaq habelə qəflətən ortaya çıxan digər tapşırıqları yerinə yetirmək üçün təyinatlı olduğu göstərilmişdir (maddə 28). Göstərilənlərə əsasən mərhum hərbi qulluqçu A.F.Cəlilzadənin hadisə zamanı yəni, xx.xx.2022-ci il tarixdə xidmət etdiyi yer Sərhəd Diviziyasının döyüş postu olmuş və Ermənistan Respublikası ilə üzbəüz yerləşmişdir. İş materiallarına əlavə edilmiş: - Şirvan Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1- 1(106)-12/2023 saylı qərarından görünür ki, apellyasıya şikayəti təmin edilməmiş, Əvəzli Eİxan Məhəmməd oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.7-ci maddələri ilə məhkum edilməsinə dair Füzuli Hərbi Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli 1(097)-81/2022 saylı hökmü, həmin hökmdən məhkum edilmiş şəxs X4 vəkili, Bakı şəhər 17 saylı Vəkil Bürosunun vəkili X9 tərəfindən verilmiş apellyəsiya şikayəti ilə əlaqədar dəyişdirilmədən saxlanılmış, qərar qəbul edildiyi andan qanuni qüvvəvə minmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Həmin Qanunun 2-ci maddəsinə görə bu Qanunun 1-ci maddəsində göstərilən şəxslərə şəhid və ya şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir. Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər. Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir. Bu Qanunun tətbiqi ilə əlaqədar məsələlərin həlli üçün zəruri aktlar Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qəbul edilir (maddə 8). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1994-cü il tarixli 10 nömrəli qərarı ilə təsdiq olunmuş "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları": 1.1. Şəhid — Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxsdir. 1.2. Aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. xx.xx.1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət X10 xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. 4.1 Şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidməti, Dövlət Sərhəd Xidməti, Xüsusi Dövlət Mühafizə Xidməti və rayon (şəhər) icra hakimiyyəti orqanları şəhid və şəhid ailəsi hesab edilməsi üçün müraciət və vəsatətləri dərhal qəbul edib, bir aydan gec olmayaraq “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununa və bu Qaydalara müvafiq surətdə arayış verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə verilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə dair xx.xx.2008-ci il tarixli Qərarına görə "Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin möbcudluğunu şərtləndirir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin 2-ci bəndinə görə hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktiki yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətdə olarkən, xidmət yerinə-gedib gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. İş materialları ilə müəyyən edilir ki, mərhum X2 Sərhəd Xidməti rəisinin xx.xx.2019cu il tarixli 1727 ş/h №-li əmri ilə ‘‘Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 36.1.1-ci maddəsinə müvafiq olaraq 3 (üç) il müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu qismində həqiqi hərbi xidmətə qəbul edilmiş və Dövlət Sərhəd Xidməti rəisinin müavini - X6 xx.xx.2022-ci il tarixli 171 ş/h №-li əmrinə əsasən xidməti vəzifələrinin icrası zamanı vəfat etməsi ilə əlaqədar xx.xx.2022-ci il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. X20 xx.xx.2022-ci il tarixdə hərbi xidmətdə qulluq keçərkən X12 tərəfindən avtomat silahla qətlə yetirilmişdir. Məhkəmə hesab edir ki, iddiaçının mərhum oğlunun xidmət yerinin Sərhəd Diviziyasının döyüş postu olması və Ermənistan Respublikasə ilə üzbəüz yerləşməsi halı Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu birmənalı sübut etmir. Yəni mərhum A.Cəlilzadənin hərbi xidmət vəzifəsinin yerinə yetirən zaman vəfat etməsi faktı özlüyündə ona qanunvericiliyin müəyyən etdiyi qaydada şəhid statusunun verilməsi üçün yetərli deyildir. Bunun üçün onun vəfatının həm də döyüş şəraitində olan hərbi hissədə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi faktı da müəyyən edilməlidir. Bununla bağlı məhkəmə hesab edir ki, X20nin hırbi xidməti vəzifəsini yerinə yetirən zaman vəfat etməsi ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqə müəyyən edilmədiyindən cavabdehin imtina cavabı qanunvericiliyin tələblərinə uyğundur. İddia tələbinin təmin edilməsi üçün qanuni əsas müəyyən edilmədi. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar