Məhkəmə qərarları › İş №2-1(118)-2494/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2494/2025

28.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2494/2025 28.02.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X5 Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər:ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti X5 Baş İdarəsinə qarşı “iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi barədə cavabdehin üzərinə öhdəlik qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı, ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, "xxxx" MMC-nin (VÖEN:**********) 1904,76 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 160,23 manat məbləğində borcu İcbari tibbi Sığorta fonduna, 81,79 manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna vergilər üzrə borcu, "xxxx" MMC-nin (VÖEN:**********) dövlət büdcəsinə olan 3,27(üç manat iyirmi yeddi qəpik) əsas götürülərək vergi orqanı tərəfindən hüquqi şəxsin icra orqanın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixli e-2-2(119)-1458/2022 nömrəli qətnaməsi ilə vergi orqanının ərizəsi təmin edilərək ölkədən getmək hüququ müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Əvvəl sahibi olduğu "xxxx" MMC-ni X3, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətini X4 notarial qaydada alqı-satqı müqaviləsinə əsasən satmışdır. Həmin şəxs hal-hazırda məhkəmənin qanuni qüvvəyə minmiş 27 aprel 2022-ci il müvafiq hökmü ilə etdiyi qanunsuz əməllərə görə cəza çəkmə müəssisəndə cəzasını çəkir, (hökmün sürəti iclas zalında təqdim olunacaq). Hal-hazırda adına heç bir hüquqi firma yoxdur. Fiziki şəxs kimi fərdi sahibkarlıqla məşğuldur. Vergi orqanlarından aldığı şəxsi vərəqə hər hansısa borc görsənmir. Bu səbəbdən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasımn götürülməsi barədə xx.xx.2024-cü il tarixli müraciətlə aidiyyəti üzrə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsində müraciət etmişdir. Cavab olaraq ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi məsələsinə baxıla biləcəyi barədə məktubu cavabsız qalmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya münasibət bildirməmişdir. Cavabdeh məhkəmə iclasında iştirak etməmiş, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: 13 iyul 2023-cü il tarixli müqavilədən görünür ki, satıcı İddiaçı “X7” MMC-də olan nizamnamə kapitalının məbləği 2 manat 00 qəpik, nizamnamə kapitalında payı 1 pay, faizi 100 % olan payı alıcı X2 mülkiyyətinə verir, alıcı isə payı qəbul edir və bu razılaşma müqabilində müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş məbləği satıcıya ödəyir. 25 dekabr 2022-ci il tarixli müqavilədən görünür ki, satıcı İddiaçı "xxxx" MMC-nin nizamnamə kapitalında 2 (iki) manat olmaqla 1 (bir) payını X1. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-1485/2022 saylı Qətnaməsi ilə 03 avqust 2022-ci il tarixinə hesablanmış “X7” Məhdud Məsuliyyətli Cəmiyyətinin 1904,76 manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, 160.23 manat məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 81.79 manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 3,27 manat məbləğində vergi borcu dövlət büdcəsinə ödənilənədək həmin hüquqi şəxslərin icra orqanının rəhbəri – xx xxxxxxx 1992-ci il təvəllüdlü İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 17 iyul 2024-cü il tarixli, **********666300 saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı dövlət büdcəsinə borcunun olub-olmaması barədə müraciətə baxılmışdır, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda şəxsi hesab vərəqəsinə əsasən cari tarixə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə ödənilməmiş, cari tarixə icbari tibbi sığorta üzrə ödənilməmiş borcu yoxdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 avqust 2024-cü il tarixli, 3-21-2-9/2-N-xxxx/2024 saylı arayışında İddiaçı hazırda hüquqi şəxsin rəhbəri olması barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrində məlumat olmadığı qeyd edilmişdir. Bakı şəhər Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(004)-69/2024 saylı hökmünün surəti məhkəməyə təqdim edilmişdir. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İnzibati prosessual qanunvericilikdə qaldırılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia öhdəliyin icrası ilə bağlı iddiadır, iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır və məhkəmədə qaldırdığı iddia tələbi ilə ilkin olaraq inzibati orqana müraciət etmiş, müraciəti mahiyyəti üzrə cavablandırılmış və müvafiq imtina aldıqdan sonra məhkəməyə müraciət etmişdir. İddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı ölkədən getmək hüququnun məhdudlaşdırılmasının götürülməsini istəyir. Hazırkı mübahisə mahiyyət etibarı ilə “X7” MMC-nin və "xxxx" MMC-nin borcuna görə iddiaçının ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması ilə bağlıdır. İşin hallarından görünür ki, iddiaçı “X7” MMC-nin və "xxxx" MMC-nin əvvəlki qanuni təmsilçisi olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-1485/2022 saylı Qətnaməsi ilə 03 avqust 2022-ci il tarixinə hesablanmış “X7 MMC-nin” və "xxxx" MMC-nin borcu dövlət büdcəsinə ödənilənədək həmin hüquqi şəxslərin icra orqanının rəhbəri İddiaçı ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 17 iyul 2024-cü il tarixli, **********666300 saylı məktubunda qeyd edilmişdir ki, vergi ödəyicisi İddiaçı şəxsi hesab vərəqəsinə əsasən xx.xx.2024-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş vergi borcu yoxdur. Eyni zamanda cari tarixə mdss və işsizlikdən sığorta haqları üzrə ödənilməmiş, cari tarixə icbari tibbi sığorta üzrə ödənilməmiş borcu yoxdur. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 02 avqust 2024-cü il tarixli, 3-21-2-9/2-N-xxxx/2024 saylı arayışında İddiaçı hazırda hüquqi şəxsin rəhbəri olması barədə kommersiya hüquqi şəxslərin dövlət reyestrində məlumat olmadığı qeyd edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarından biri kimi göstərilmişdir. Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi orqanları, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etməyə borcludur. Halbuki, işdən göründüyü kimi, iddiaçının ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq, cavabdeh Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsində göstərilən və imperativ xarakter daşıyan öhdəlik və vəzifələrini yerinə yetirməmiş, bununla da cavabdehin konstitusiyada təsbit edilmiş azadlıq hüququnu pozmuşdur. Belə ki, Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, vətəndaş ölkədən getmək və ölkəyə gəlmək hüququndan məhrum edilə bilməz. Həmin Məcəllənin 9.3.6-cı maddəsinə əsasən vətəndaşın ölkədən getmək hüququ yalnız vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda - məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının ölkədən çıxışına qoyulan məhdudiyyətə səbəb olmuş əsasların aradan qalxmasına baxmayaraq həmin məhdudlaşdırılmanın götürülməsi ilə bağlı hər hansı tədbir görməməklə birbaşa iddiaçını ölkədən getmək hüququndan məhrum etmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 9 sentyabr tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Qeyd edilən maddi hüquq normalarından da göründüyü kimi, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən çıxmaq hüququnun məhdudlaşdırılması üçün ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulacaq şəxs həmin hüquqi şəxsin icra orqanının rəhbəri olmalıdır. “...Kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-274/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 22- 1(102)-3040/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, 2- 1(102)-956/2024 nömrəli, xx.xx.2024- cü il tarixli) “...iddiaçı hüququ şəxsin əvvəlki rəhbəri olmuş, sonradan MMC-nin direktoru vəzifəsindən azad edilmişdir. Bu hallar da məhz cavabdehə məlum olmuşdur. Ona görə də iddiaçının MMC-nin qanuni təmsilçisi olmamasına baxmayaraq MMC-nin dövlət büdcəsinə olan borcuna görə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması yolverilməzdir.” Həmçinin həmin qərarlarda qeyd edilmişdir ki, “...ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair işlərə baxarkən məhkəmələr hər bir halda həmin məhdudiyyət tədbirinin mütənasiblik meyarına cavab verib-verməməsini araşdırmalı, sadəcə borcun mövcud olması faktının bu məhdudiyyətin tətbiq edilməsi üçün kifayət etmədiyi nəzərə alınmalıdır. (Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1942/2024 saylı Qərardadı) Mülki Məcəllənin 52.2-ci maddəsinə əsasən bu Məcəllədə və ya hüquqi şəxsin nizamnaməsində nəzərdə tutulan hallar istisna olmaqla, hüquqi şəxsin təsisçisi (iştirakçısı) hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin (iştirakçının) öhdəlikləri üçün cavabdeh deyildir. Yəni hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün təsisçi olaraq məsuliyyət daşımadığı üçün iddiaçının hüquqi şəxsin qanuni təmsilçiliyindən çıxması mövcud qanunvericiliyə əsasən cavabdeh tərəfindən onun ölkədən çıxmaq hüququnun məhdudlaşdırılmasına əsas olmuş halın aradan qalxdığına dəlalət edir ki, belə halda cavabdeh Vergi Məcəlləsinə əsasən bu məhdudlaşdırmanı götürməyə borcludur. Vergi Məcəlləsinin yuxarıda istinad edilən 23.1.15-3-cü maddəsinin məzmunundan göründüyü kimi, qanunverici həmin normada təsbit olunan məhdudiyyət tədbirinin vergi ödəyicisi olan fiziki şəxsə və ya hüquqi şəxsin icra orqanının rəhbərinə münasibətdə tətbiqini nəzərdə tutur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsalandırılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının götürülməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X5 Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar