Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2499/2022 05.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ərazisində yerləşən 51 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinin icrası ilə bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab edilməsi, həmin hərəkətlər (hərəkətsizlik) nəticəsində vurulmuş maddi zərər görə 200000 manat məbləğində, mənəvi zərər görə 10000 manat məbləğində kompensasiyanın ödənilməsi və cavadeh barəsində xüsusi qərardad qəbul edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ərazisində yerləşən 51 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinin icrası ilə bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab edilməsi, həmin hərəkətlər (hərəkətsizlik) nəticəsində vurulmuş maddi zərər görə 200000 manat məbləğində, mənəvi zərər görə 10000 manat məbləğində kompensasiyanın ödənilməsi və cavadeh barəsində xüsusi qərardad qəbul edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20—ci məhəllə ərazisində yerləşən 51 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququmun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş, müraciətinə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri olan sənədləri - Torpaq sahəsinin ayrılması barədə XDS İK-nın müvafiq qərarını, arxiv çıxarışını, təhvil-təslim aktını əlavə etmişdir. Ərizəsi ********** nömrə ilə qeydiyyata düşmüş və müraciətin son icra tarixi xx.xx.2022-ci il qeyd edilməklə ona bildiriş verilmişdir. Bildirir ki, xx.xx.2022-ci il tarixində, yəni ərizənin son icra tarixində cavabdeh idarəyə yaxınlaşaraq müraciəti əsasında hüququn qeydiyyatı ilə bağlı hazırlanmış sənədi götürmək istəmiş, lakin, müəyyən olundu ki, müraciəti təmin olunmayıb. Səbəbini soruşduqda ona bildirmişlər ki, müraciəti əsasında araşdırılma aparıldığından sənədlər hazır deyildir və ərizənin icrasının dayandırılması barədə qərar qəbul edilmişdir. Bunun əssasız olduğunu bildirməklə yanaşı o 195 çağrı mərkəzinə şikayət etmiş, ancaq bundan sonra xx.xx.2022-ci il tarixdə poçt vasitəsi ilə ünvanına çatmış bildirişlə cavabdeh ona yazılı olaraq bildirmişdir ki, ərizəsi üzrə müraciətinin icrası təqdim etdiyi təhkim aktında möhürün həqiqiliyinin araşdırması məqsədilə müvafiq orqana sorğu ünvanlanmışıdr.Paralel olaraq 195 saylı çağırış mərkəzinə etdiyi müraciət Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən xx.xx.2022-ci il tarixdə ona çatmış cavabı ilə cavabdehin cavabı təkrarlanmışdır. Bununla da onlar öz işlərini bitmiş hesab etmişlər. Cavabdehin məlumatı yoxdur ki, müraciətlərin icrası, onların dayadırılması və yaxud müraciətin icrasından imtina edilməsi qaydaları və onların müddətləri qanunvericilklə nizamlanır. Kodud şəkildə bütün tələbləri pozsalar da, rahatlıqla vətəndaşa bunun əsas çünki, belə bir əsaslandırma mövcud deyildir. Göründüyü kimi qanunvericilik daşınmaz əmlak üzərində hüquqların qeydiyyatım aparan orqan üçün hüquqların qeydiyyatının rəsmiləşdirilməsi, təqdim edilmiş sənədlərin həqiqiliyinin araşdırılması və ya imtina edilməsi üçün müvafiq qaydalar və müddətlər müəyyən edib. Baxaq görək cavabdeh bu tələblərə riayət etmişdirmi. Təbii ki ,xeyr. O vətəndaşdır. Dövlət orqanına müraciət etdiyi zaman ondan müraciətin qanunvericiliklə məyyən edilmiş qaydada edilməsini tələb edirlər. Lakin, nədən isə özləri həmin tələbləri heç bir şey olmamış kimi, məsulliyyəti dərk etməyərək (yaxud da edərək) heçə sayırlar. Hesab edirlər ki, qanunveruicilikdə müəyyən olunmuş tələblər təkcə sadə vətəndaşlar üçündür, onlara heç bir aidiyyatı yoxdur. Hesab edək ki, o vətəndaş olaraq qanunvericilikdə müəyyən edilmiş tələbləri pozaraq müraciət etmiş və yaxud da təqdim etdiyi sənədlərdə şübhəli məqamlar aşkar olunub. Bunun üçün yuxarıda qeyd etdiyi qaydadalara riayət etməyən cavabdeh özünün hərəkətlərini şübhə altına alır. Yuxarıda qeyd etdiyi kimi müəyyən olunur ki, müraciətin icrasının dayandırılması üçün 1 ay müddət müəyyən edib. Belə olan halda müraciətin dayandırılmasının əsasları qeyd edilməklə ona 48 saat ərzində rəsmi bildirşlə məlumat verilməli idi . Ona isə 36 gündən (864 saat) sonra məlumat verilib. Sual olunur belə gecikdirmənin səbəbi nə olmuşdur. Digər tərəfdən cavabdeh öz hərəkətini belə əsaslandıra bilər ki, şübhəli məqamı araşdırmaq üçün sorğu göndərdiyi inzibati orqan həmin müraciəti gec cavablandırıb və yaxud da cavbalandırmayıb. Bəs qanunun tələbinə görə yuxarıda qeyd etdiyi maddi hüquq normasına əsaslanaraq 7 gün müddətində cavablandırılmalı olunan müraciətin icrası ilə, nəticəsi ilə niyə maraqlanmayıb, niyə bu müddət keçdikdən sonra inzibati məsulliyyətə cəlb edilmək üçün əsaslar olduğu halda belə hərəkətlər başlanlılmayıb. Kobud da olsa qeyd etdi ki, görünür gücü ancaq sadə vətəndaşa göstərə bilir, inzibati orqan qarşısında acizdir. Bütün bu qeyd olunanlara əsaslanaraq bildirir ki, cavabdehin hərəkətləri qanunvericiliyə zidddir və bu hərəkətlərə görə məsulliyyətini dərk etmək üçün məhkəmə edilmiş müraciəti təmin olunmalıdır. Ona maddi və mənəvi ziyan vurulmuşdur. O, 84 yaşında olan ahıl insandır. Xəstəlikdən əziyyət çəkir, istifadəsində olan əmlakı özəlləşdirərək özünün və ailənin maddi və mənəvi tələblərinin ödənilməsi üçün satmaq qərarına gəlmiş, cavabdeh isə hər qanunsuz hərəkətlərdən istifadə edərək bunu əngəlləyir. Bildirir ki, əmlakının dəyəri təxminən 200000 manatdır. Hesab edir ki, cavabdeh məsulliyətini dərk etməli və bu məsulliyətə cəlb olunmalıdır. Aşkar qanunsuz əməllərinə görə qanunun tələbinə görə cavab verməlidir. Onun vəzifəli şəxləri haqqında xüsusi qərardad qəbul edilməsi üçün kifayət qədər əsaslar olduğundan məhkəmə həmçinin xüsusi qərardad da qəbul etməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Ramazanov Mürvət Xankişi oğlu Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə, 51 ünvanında yerləşən 0.06 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2022-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Ramazanov Mürvət Xankişi oğluna bildirilmişdir ki, yaranmış zərurətlə əlaqədar olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinə üzərində hüquqların dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsinə dair tərtib edilmiş 3 sentyabr 1991-ci il tarixli 102 nömrəli ayrıc aktının müvafiq möhür ilə sonradan təsdiqlənməsinin araşdırılmasına dair xx.xx.2022-ci il tarixli **********04 nömrəli sorğu ünvanlanmış, lakin bu günədək İdarəyə sorğuya dair hər hansı cavab məktubu daxil olmamışdır. Əlavə olaraq qeyd edilmişdir ki, sorğuya cavab verildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Həmçinin ünvanlanmış bildirişin daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina hesab edilməməsi qeyd edilmişdir. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin mümükün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2022-ci ildə müraciət edərək, onun istifadəsində olan daşınmaz əmlakını dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Qeyd olunan müraciətə əsasən 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya bildirmişlər ki, müraciətin araşdırılması üçün müvafiq orqana müraciət ünvanlanmış və həmin orqandan cavab gələnə kimi İddiaçı müraciətinə baxılması müvəqqqəti dayandırılmışdır. İddiaçı bundan narazı qalaraq yuxarı orqana şikayət etmiş və 28 iyun 2022-ci il tarixdə inzibati orqan və xx.xx.2022-ci ildə yuxarı orqan tərəfindən iddiaçıya yazılı məktubla eyniməzmunlu cavab göndərilmişdir. İddiaçı cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində, yəni onun müraciətinin vaxtında cavablandırılmaması səbəbindən məhkəməyə müraciət edərək, maddi zərər görə 200.000 manat məbləğində, mənəvi zərər görə 10.000 manat məbləğində kompensasiyanın ödənilməsi və cavadeh barəsində xüsusi qərardad qəbul edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı inzibati orqana müraciəti daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə bağlı olmuş və hal hazır ki, mübahisə həmin hüquqların qeydə alınması zamanı inzibati orqanın hərəkətlərinin Qanunda nəzərdə tutulmuş prosessual müddətlərin pozulması ilə əlaqədardır. Başqa sözlə desək hazır ki, mübahisə daşınmaz əmlakın üzərində hüquqların qeydə alınması üçün inzibati orqanın yekun qərarın qəbul edilməsinə yönəldilən hərəkətlərdən ibarətdir. Bu isə məhkəmə icraatı qaydasında deyil, inzibati orqanın hərəkətlərinə nəzarət prinsipi çərçivəsində yuxarı şikayət orqanı tərəfindən cavabdehin barəsində intizam tənbehinin tətbiq edilməsi üçün əsasdır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.(İİ haqqında Qanun-2.0.2) “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 52-ci maddəsinə əsasən (52.1) Səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1- ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı eyni zamanda cavabdehdən maddi və mənəvi ziyana görə ümumilikdə 210.000 manat məbləğində pulun onun xeyrinə tutulmasını da istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazırkı iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi və mənəvi tələb ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya vurulmuş ziyandan irəli gəlməlidir. Başqa sözlə desək, inzibati orqandan kompensasiya tələbi o halda tələb edilə bilər ki, inzibati orqanının şəxsə əmlak ilə bağlı vurduğu maddi ziyan mövcud olmuş olsun. Mənəvi zərərin şəxsin qeyri-əmlak hüquqlarından irəli gələ biləcəyini nəzərə alınaraq, iddiaçının mənəvi zərərlə bağlı mülki mübahisə qaydasında ümumi rayon (şəhər) məhkəmələrinə cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması diqqətinə çatdırılmalıdır. İddiaçının tələbinin cavabdeh təşkilatın vəzifəli şəxsi barəsində xüsusi qərardad qəbul edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, əsas tələb məhkəmədə mümükün sayılmadığına görə bu hissədə iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Eyni zamanda müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 20-ci məhəllə ərazisində yerləşən 51 saylı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə müraciətinin icrası ilə bağlı cavabdehin hərəkətlərini qanunsuz hesab edilməsi, həmin hərəkətlər (hərəkətsizlik) nəticəsində vurulmuş maddi zərər görə 200000 manat məbləğində, mənəvi zərər görə 10000 manat məbləğində kompensasiyanın ödənilməsi və cavadeh barəsində xüsusi qərardad qəbul edilməsi haqqında qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2499/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2499/2022
05.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver