Məhkəmə qərarları › İş №2-1(118)-2499/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2499/2024

15.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2499/2024 15.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı iş üzrə (Açar sözlər: akt qeydinin ləğvi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə qarşı “akt qeydinin ləğvi” tələbinə dair iddiası üzrə inzibati işə 15 may 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş:

1. Xızı RPŞ-ın İstintaq Qrupunun 5 oktyabr 2021-ci il tarixli “Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, İddiaçı 2 avqust 2021-ci il tarixli müraciəti əsasında toplanmış HK-1/99(2021) nömrəli material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.

2. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair 21 oktyabr 2022-ci il tarixli, Y00033497YUF nömrəli arayışdan görünür ki, İddiaçı 17 oktyabr 2022-ci il tarixdə müddətsiz ikinci dərəcəli əlillik təyin olunmuşdur.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh 29 sentyabr 2023-cü il tarixli, 3-16-5/8-xx-xx/2023 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 mart 2001-ci il tarixli, 52 saylı qərarına əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğvi qaydası həmin qərarın 23cü maddəsinə əsasən məhkəmə qaydasında həyata keçirilir. Bununla əlaqədar olaraq Cavabdeh tərəfindən 28 fevral 1995-ci il tarixli, 01 saylı doğum haqqında akt qeydin ləğv edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq:

4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Cavabdeh tərəfindən 21 dekabr 2023-cü il tarixli, 3-16-5/8-13-94/23 nömrəli məktubu ilə göndərilmiş 28 fevral 1995ci il tarixli, 1 nömrəli “Doğum haqqında bərpa akt qeydi”ndən görünür ki, İddiaçı 6 yanvar 1954-cü il tarixdə doğulmuşdur

5. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 28 mart 2024-cü il tarixli, 02/3326/di nömrəli məktubundan görünür ki, xx xxxxxxxx 1956-cı il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırılıbməhdudlaşdırılmaması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir.

6. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Laçın rayon Polis Şöbəsinin 2 aprel 2024-cü il tarixli, 3-13-94/2-2631/2024 nömrəli məktubundan görünür ki, Laçın şəhərində qeydiyyatda olan İddiaçı şəxsiyyət vəsiqəsinin alınması zamanı təqdim edilən sənədlər DİN-in müvafiq göstərişinə əsasən saxlama müddəti başa çatdığı üçün yandırma yolu ilə məhv edilmişdir.

7. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən göndərilmiş 3 aprel 2024-cü il tarixli, 18/2-8663/2024 saylı məktubun məzmunundan görünür ki, xx xxxxxxxx 1956-cı il təvəllüdlü İddiaçı 20 fevral 2007-ci il tarixdən ünvan 3 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən iddiaçının adına aparılmış 28 sentyabr 1995-ci il tarixli, 1 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. Daha sonra iddiaçı 15 fevral 2024-cü il tarixli məhkəmə iclasında dəqiqləşdirmə ərizəsini təqdim edərək, cavabdeh tərəfindən iddiaçının adına aparılmış 28 fevral 1995-ci il tarixli, 1 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizə 15 fevral 2024cü il tarixli protokol qərardadla icraata qəbul edilmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı 14 may 1992-ci il tarixdə Erməni qoşunlarının Laçın şəhərinə hücumu zamanı oradan çox çətin bir vəziyyətdə, yəni raket və top atəşi altında çıxarılmışdırlar. Laçın şəhərindən dövlət səviyyəsində avtobuslarla təxliyyə edilmişdir. Ermənilərin Laçın şəhərinə hücumu ilə əlaqədar ancaq şəhərdən qadın və uşaqların çıxışına icazə verirdilər. Şəhərin müdafiəsi üçün kişiləri səfərbər etdikləri üçün iddiaçıda şəhərdə qalmışdır. Laçın şəhərindən həyat yoldaşını avtobusla yola salarkən evlərindən təkcə sənədlərindən başqa heç bir şey götürmək mümkün olmamışdır. Həyat yoldaşı Laçın rayonundan avtobusla gedərkən yolda iddiaçının valideyinlərilə rastlaşmışdır və onlara qoşularaq Ağcəbədi taxta körpüyə qədər onlarla birlikdə gedib və həyat yoldaşı əslən Ağdam rayonunun Çəmənli kəndindən olduğu üçün Ağcəbədi rayonu taxta körpüdə valideyinlərindən ayrılaraq öz anasının yanına getmiş və gedərkən onların sənədlərinin olduğu sumkanı saxlamaq üçün iddiaçının valideyinlərinə vermişdir. Çox təəssüflər olsun ki, göstərilən bütün müqavimətlərə baxmayaraq Erməni daşnaqları 14 may 1992-ci il tarixdə Laçın şəhərini işğal etdilər. Laçın şəhəri Ermənilər tərəfindən işğal olunduqdan sonra iddiaçı Ağcəbədi rayonu taxta körpü qış yatağına gəldi. Valideyinlərini axtararkən məlum oldu ki, valideyinləri dövlət tərəfindən müvəqqəti məskunlaşmaq üçün Xızı rayonuna göndərilmişlər. İddiaçı taxta körpüdən Ağdam rayonu Çəmənli kəndinə getdi. Evə həyat yoldaşının yanına gələrək, sənədlərini soruşdu. O bildirmişdir ki, sənədləri saxlamaq üçün valideyinlərinə vermişdir. Valideyinləri Dövlət tərəfindən taxta körpüdə ahali sıxlığını azaltmaq məqsədi ilə Xızı rayonuna göndərildiyi üçün onlarla əlaqə yarada bilməmişdir. Laçın Rayon əhalisi əsasən Ağcabədi rayonu taxta körpü ərazisində müvəqqəti məskunlaşdırıldığından Laçın rayon İcra Hakimiyyəti Başçısının göstərişi ilə iddiaçıda ailəsilə birlikdə taxta körpü qış yatağının ərazisində məskunlaşdırılmışdırlar. Ailəsilə birlikdə 1993-cü ilin iyul ayına kimi Ağcəbədi rayonu Taxta körpü ərazisində yaşadılar. 1993-cü ilin iyul ayında ermənilərin Ağcəbədi şəhərinə hücumu başladığından Qaçqınların və Məcburi Köçkünlər Komitəsinin işçiləri tərəfindən Ağcəbədi taxta körpü ərazisində məskunlaşmış məcburi köçkünlər təcili olaraq müxtəlif rayonlara göndərildi. Qaçqınkomun nümayəndəsi iddiaçını ailəsilə birlikdə Xızı rayonuna göndərdi. O, ailəsilə birlikdə Xızı rayonunda müvəqqəti məskunlaşdırıldılar. Sənədləri itdiyindən onlar idarə və təşkilatlara müraciət edərkən çətinliklə üzləşirdilər. Bu çətinliyi aradan qaldırmaq üçün iddiaçı 1994-ci ildə Xızı rayon Polis şöbəsinin Pasport bölməsinə müraciət etmişdir. Həmin vaxt Xızı rayon Polis şöbəsinin Pasport bölməsi tərəfindən müvəqqəti qeydiyyat vəsiqəsi verilmişdir. İddiaçı Xızı rayon Polis şöbəsinin Pasport bölməsindən onun adına yazılmış müvəqqəti qeydiyyat vəsiqəsinin aldıqda qeydiyyat vəsiqəsində doğum tarixinin səhv yazıldığını gördü və Pasport bölməsinin işçisinə ona verilən müvəqqəti qeydiyyat vəsiqəsində doğum tarixinin səhv yazıldığını bildirmişdir. Müvəqqəti qeydiyyat vərəqəsin verən Polis işçisi bildirmişdir ki, doğum haqqında şəhadətnamə təqdim edilməsindən sonra səhvi düzəldiləcək. Həmin vaxt iddiaçının sənədləri itdiyi üçün o, doğum haqqında şahədətnaməni təqdim edə bilmədi. 2004-ci ilə qədər həmin müvəqqəti qeydiyyat sənədi ilə yaşadı. 2004-cü ildə Xızı rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işləyirdi. Bu səbəbdən də Xızı rayon Polis şöbəsi tərəfindən iddiaçıya verilmiş müvəqqəti qeydiyyat sənədi onun işində çətinliklər yaradırdı. Bu səbəbdən də o, 2004-cü ildə yenidən Xızı rayon Polis şöbəsinin Pasport bölməsinə müraciət edərək daimi şəxsiyyət vəsiqəsi almaq istədiyini bildirmişdir. O, 10 dekabr 2004-cü ildə Xızı rayon Polis şöbəsinin Pasport bölməsindən AZE 00282846 nömrəli və ona məxsus FİW- İ2İZX1NP şəxsiyyət vəsiqəsini qol çəkərək almışdır. İddiaçının doğum haqqında akt qeydi Xızı Rayon İcra Hakimiyyəti Başçısının 25 fevral 1994-cü il tarixli, 16 saylı Sərəncamına əsasən 28 fevral 2004-cü il tarixdə bərpa edilmiş və Xızı Rayon Məhkəməsinin 8 sentyabr 2004-cü il tarixli, 2/34 saylı qətnaməsinə əsasən doğum yeri dəyişdirilib və 29 oktyabr 2004-cü il tarixdə AZ-1 516646 saylı doğum haqqında şəhadətnamə verilmişdir. 2007-ci ilin yanvar ayının 10-da rəhmətlik anası ididaçıya zəng edərək onun sənədlərinin tapıldığını bildirdi. O, sənədlərini götürərək Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən Laçın rayonu Polis şöbəsinin Pasport bölməsinə getdi və sənədlərini Laçın rayonu Polis şöbəsinin Pasport bölməsinə təqdim etdi. İddiaçı Xızı Rayon Polis şöbəsinin Pasport bölməsindən ona verilmiş şəxsiyyət vəsiqəsini Laçın Rayon Polis şöbəsinin Pasport bölməsinin işçisinə göstərdi və bildirdi ki, bu şəxsiyyət vəsiqəsində onun doğum tarixi səhv yazılıb. Laçın Rayon Polis şöbəsinin Pasport bölməsinin əməkdaşı bildirdi ki, o sənəd səhv verilmişdir, ona görə də o sənəd geri qaytarılmalıdır. Həmin vaxt iddiaçının həyat yoldaşı ağır xəstə olduğu üçün, iddiaçı Xızı Rayon Polis şöbəsinin Pasport bölməsinin verdiyi şəxsiyyət vəsiqəsini geri qaytarmaq mümkün olmamışdır. İddiaçı həmin şəxsiyyət vəsiqəsini evdə digər sənədlərini saxladığı yeşiyə qoymuşdur. O, 20 fevral 2007-ci il tarixdə Laçın Rayon Polis şöbəsinin Pasport bölməsindən AZE seriyalı, 0******* nömrəli, xxxxxxx FİN kodu olan şəxsiyyət vəsiqəsi aldı və bu günə kimi həmin şəxsiyyət vəsiqəsindən istifadə edir. Yuxarıda qeyd edildiyi kimi 2007-ci ilin yanvar ayında həyat yoldaşında bədxassəli xərçəng xəstəliyi aşkar olunmuş və səhəti birdən-birə pisləşdiyindən o, həyat yoldaşının müalicəsi ilə məşğul olduğu üçün Xızı Rayon Polis şöbəsinin Pasport bölməsindən verilmiş AZE seriyalı, 00282846 nömrəli, FİN-İ2İZX1NP olan şəxsiyyət vəsiqəsini qaytarmaq yadından çıxmışdır. 2021-ci ilin iyun ayında onun Xızı Rayon Polis şöbəsinə yazdığı şikayət ərizəsi əsasında araşdırma aparılarkən müəyyən olunmuşdur ki, iddiaçının adında 2 şəxsiyyət vəsiqəsi var. Həmin vaxt Xızı Rayon Polis şöbəsinin Pasport bölməsi tərəfindən telefonla zəng edilərək iddiaçıda olan Xızı Rayon Polis şöbəsinin Pasport bölməsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini Xızı Rayon Polis bölməsinin Pasport bölməsinə təqdim etməyini tələb etmişdirlər. İddiaçı həmin saat onda olan Xızı Rayon Polis şöbəsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini Xızı Rayon Polis şöbəsinin Pasport bölməsinə təqdim etdi. Xızı Rayon Polis şöbəsinə sənəd təqdim edərkən onun 2001-ci ildə Laçın Rayon Polis şöbəsinin Pasport bölməsi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsini , doğum haqqında şəhadətnaməni Polis şöbəsinin müstəntiqi Cavadov Rəşad iddiaçıdan aldı. Bundan sonra müstəntiq onun əhatəli izahatını aldı və ona 10 vərəq ağ vərəqə qol çəkdirdi və yazılar yazdıraraq bildirdi ki, bu məsələ ilə əlaqədar araşdırma aparacaq. Bu səbəbdən də araşdırma qurtarana kimi iddiaçını Laçın Rayon şöbəsinin Pasport bölməsi tərəfindən verilmiş AZE seriyalı, ******* nömrəli, xxxxxxx Fin kodlu şəxsiyyət vəsiqəsi və 1956-cı ildə verilmiş doğum haqqında şəhadətnaməsi istintaq qurtarana kimi Xızı Rayon Polis şöbəsində qalmışdır. Xızı Rayon Polis şöbəsinin İstintaq Qrupunun Baş müstəntiqi, Polis kapitanı X1 tərəfindən 4 ay aparılmış araşdırmadan sonra müstəntiq tərəfindən cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında 5 oktyabr 2021-ci il tarixdə qərar qəbul edilmişdir. Qəbul olunmuş qərarın surəti iddiaçıya 2023-cü ilin avqust ayında verilmişdir. Xızı Rayon Polis şöbəsinin müstəntiqi Fərid qərarın ona gec verilməsinin səbəbini Xızı Rayon Polis şöbəsinin sabiq müstəntiqi X1 2021-ci ilin oktyabr ayında işdən çıxarılmış və o, icraatında olan istintaq sənədləri gec təhvil verilməsi səbəb olmuşdur. İddiaçı Xızı Rayon Polis şöbəsinin müstəntiqi Polis kapitanı Rüstəmov Fəridə ona 2004-cü ildə Xızı Rayon Polis şöbəsinin Pasport bölməsi tərəfindən verilmiş AZE-00282846 nömrəli, Fin-İ2İZX1NP fin kodu olan şəxsiyyət vəsiqəsini adından silinməsilə əlaqədar olaraq müraciət etmişdir. Müstəntiq bildirmişdir ki, iş materiallarında Məhkəmə qətnaməsi olduğu üçün Polis şöbəsi şəxsiyyət vəsiqəni ləğv edə bilməz. Bunun üçün cavabdeh orqana müraciət edilməsi bildirilmişdir. İddiaçı 22 sentyabr 2023-cü il tarixdə cavabdehə müraciət etmişdir. Həmin müraciətə cavab məktubu gələrək, məhkəməyə müraciət olunması tövsiyyə olunmuşdur.

11. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - “MPM”) 149-151-ci maddələrinə istinad olunmuşdur.

Tərəflərin iştirakı və izahatları:

12. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

14. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

15. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

16. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

17. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

18. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

19. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

20. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

21. Həmin Məcəllənin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər.

22. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsindən imtina olunması nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı İPM-in 38-ci maddəsinin tələbləri baxımından iddia qaldırmaq müddətinə əməl etmiş və əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

23. İş materialında olan sənədlərdən müəyyən edilir ki, iddiaçı cavabdeh orqan tərəfindən onun adına aparılmış 28 fevral 1995-ci il tarixli, 1 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. İddia tələbinin əsasında iddiaçının özündən aslı olmayan halların olduğu görünür. Belə ki, iddiaçı 14 may 1992-ci il tarixdə Erməni qoşunlarının Laçın şəhərinə hücumu zamanı oradan çox çətin vəziyyətdə şəhərdən çıxa bilmişdir. Laçın şəhəri Ermənilər tərəfindən işğal olunduqdan sonra iddiaçı Ağcəbədi rayonu taxta körpü qış yatağına gəlmiş və həmin ərəfədə sənədləri itmişdir. İddiaçı 1994-ci ildə Xızı rayon Polis şöbəsinin Pasport bölməsinə müraciət edərək müvəqqəti qeydiyyat vəsiqəsi almışdır. İddiaçı Xızı rayon Polis şöbəsinin Pasport bölməsindən onun adına yazılmış müvəqqəti qeydiyyat vəsiqəsinin aldıqda qeydiyyat vəsiqəsində doğum tarixinin səhv yazıldığını görmüş və Pasport bölməsinin işçisinə ona verilən müvəqqəti qeydiyyat vəsiqəsində doğum tarixinin səhv yazıldığını bildirmişdir. Müvəqqəti qeydiyyat vərəqəsin verən Polis işçisi bildirmişdir ki, doğum haqqında şəhadətnamə təqdim edilməsindən sonra səhvi düzəldiləcək. Həmin vaxt iddiaçının sənədləri itdiyi üçün o, doğum haqqında şahədətnaməni təqdim edə bilməmişdir. 2004-cü ildə Xızı rayon İcra Hakimiyyətində şöbə müdiri vəzifəsində işlədiyi üçün, 2004-cü ildə yenidən Xızı rayon Polis şöbəsinin Pasport bölməsinə daimi şəxsiyyət vəsiqəsi almaq üçün müraciət etmişdir. İddiaçının doğum haqqında akt qeydi Xızı Rayon İcra Hakimiyyəti Başçısının 25 fevral 1994-cü il tarixli, 16 saylı Sərəncamına əsasən 28 fevral 2004-cü il tarixdə bərpa edilmiş və Xızı Rayon Məhkəməsinin 8 sentyabr 2004-cü il tarixli, 2/34 saylı qətnaməsinə əsasən doğum yeri dəyişdirilməklə ona 29 oktyabr 2004-cü il tarixdə AZ-1 516646 saylı doğum haqqında şəhadətnaməsı verilmişdir.

25. İş materialında olan Xızı RPŞ-ın İstintaq Qrupunun 5 oktyabr 2021-ci il tarixli “Cinayət təqibinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, iddiaçının müraciəti əsasında toplanmış HK-1/99(2021) nömrəli material üzrə cinayət təqibinin başlanması rədd edilmişdir.

26. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 158. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması 158.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. ... Maddə 159. Vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanlar 159.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanları tərəfindən aparılır. 159.2. Müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Maddə 160. Akt kitabları, vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınma qaydaları 160.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən əsas müddəalar, habelə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının formaları və bu kitablardakı qeydlər əsasında verilən şəhadətnamələrin formaları, akt kitablarının saxlanması qaydası və müddətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 160.2. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Maddə 161. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinə etiraz etmə qaydası 161.1. Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. 161.2. Müvafiq icra hakimiyyəti orqanının qeydiyyatı düzəltməkdən və ya dəyişdirməkdən imtina etməsindən inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Maddə 163. Vətəndaşlıq vəziyyəti aktları qeydlərinin ləğvi 163.1. Vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. ... Maddə 166. Doğumun qeydə alınması qaydası 166.1. Doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. 166.2. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onların biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda, məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. 166.3. Doğum haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal müvafiq icra hakimiyyəti orqanına, müvafiq icra hakimiyyəti orqanı tərəfindən isə məlumat informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə ötürülür.

27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası” (hüquq münasibətinin yarandığı zaman qüvvədə olan redaksiya): 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.1. Doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. 2.2. Doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstələndikdə, uzunmüddətli ezamiyyətə getdikdə, ölkə hüdudlarından kənarda olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər qeydiyyat şöbəsinə, konsulluq idarəsinə, icra hakimiyyətinin nümayəndəliyinə müraciət edirlər. Bu Qaydanın 2.3-cü bəndində nəzərdə tutulmuş müddət keçdikdə, doğumun qeydə alınması üçün valideynlər müraciət etməlidirlər. Valideynlər üzrlü səbəbdən müraciət edə bilmədikdə, doğumun qeydə alınması üçün ərizə təqdim edilməli və həmin ərizədə bunun səbəbi göstərilməlidir. 2.3. Doğumun qeydə alınması üçün uşağın doğulduğu gündən ən geci 1 ay ərzində, uşaq ölü doğulduqda isə ən geci doğum vaxtından ötən 3 gün müddətində müraciət edilməlidir.

28. İPM-in müvafiq müddəlarında aşağıdakılar nəzərdə tutulmuşdur: 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

29. Məhkəmə qeyd edir ki, doğumun qeydiyyatı barədə Ailə Məcəlləsinin və “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın yuxarıda göstərilən müddəalarının sistemli təhlili onu deməyə əsas verir ki, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının məqsədi vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunmasına xidmət etməklə yanaşı, həm dövlət mənafeyi və ictimai mənafe üçün aparılır. Vətəndaşlıq vəziyyəti qeydləri sırasında doğumun qeydiyyatı xüsusi yer alır və bu qeydiyyatın hüquqmüəyyənetmə əhəmiyyəti, milli qanunvericiliklə yanaşı, BMT-nin də bir sıra qətnamələrində təsdiq olunmuşdur.

30. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu şəkildə qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, iddiaçının adına aparılmış 28 fevral 1995-ci il tarixli, 1 saylı doğum haqqında akt qeydi qeydinin ləğv edilməsi öhdəliyi cavabdeh orqana həvalə edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

31. Şərh olunanlara və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh tərəfindən İddiaçı adına aparılmış 28 fevral 1995-ci il tarixli, 1 saylı doğum haqqında akt qeydinin ləğv edilməsi öhdəliyi Cavabdehnə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar