Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-250/2022 10.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 2 saylı regional ərazi filialına qarşı iddia qaldıraraq “cavabdehin 25 avqust 2021-ci il tarixli, **********3 saylı qərarının ləğv olunması və pensiyanın təyin edilməsi öhdəliklərinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı X4 daha sonra məhkəməyə ərizə təqdim edərək iddia tələbini dəqiqləşdirmiş və cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının qoyulmasını məhkəmədən xahiş edərək, ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmənin 10 yanvar 2021-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X8 şəxsin 2 saylı regional ərazi filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Pensiyaya çıxmaq yaşı çatdığı üçün, pensiya almağa hüquq verən sənədi alması ilə əlaqədar olaraq Publik Hüquqi şəxsin 2 saylı Regional Ərazi Filialına rəsmi ərizə ilə müraciət etdikdə 25 avqust 2021-ci il tarixli, **********3 saylı qərarla ona bildirilmişdir ki, ”Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsində nəzərdə tutulan kişilərin yaş həddi 2017-ci ilin iyulun 1 dən başlayaraq, 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci ilin iyulun 1 dən başlayaraq 2027-ci il iyulun 1-dək hər 6 ay artırılmaqla, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan verməkdə isə azı 25 il sığorta stajı olduqda yaşa görə əmək pensiyasına hüququ vardır. Sizin şöbəyə təqdim etdiyiniz iş stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasılnın minimum məbləğindən az olduğuna və cəmi 25 il sığorta stajınız olmadığına görə əmək pensiyasına hüququnuz yoxdur.” Əlavə olaraq bildirilmişdir ki, “Sizin təqdim etdiyiniz 10.07.2020-ci il tarixli 1 nömrəli əmək haqqı arayışı əmək kitabçanızla üst-üstə düşmür.” Təqdim edilən hüquqverici sənəd olan əmək kitabçası və digər sənədlər əmək stajının 25 il olması faktını təsdiq etməklə yanaşı pensiya almaq hüququnu müəyyən edir. İlkin sənədlərin arxivə təhvil verilib-verilməməsinə görə o, məsuliyyət daşımır. Cavabdeh təşkilat heç bir araşdırma aparmadan ərizəsinə cavab vermək xatirinə yuxarıda qeyd edilmiş cavabı vermişdir. Hesab edir ki, hazırkı vəziyyətdə işlədiyi müddət əmək stajı kimi müəyyən edilməklə onun sığorta stajına daxil edilərək əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Cavabdeh təşkilat heç bir yoxlama aparmadan ona qeyd edilmiş imtina qərarını təqdim etmişdir. Ona pensiya almaq hüququ verən əmək stajı dövlət tərəfindən verilən əmək kitabçasında qeyd edilmiş, sənədlərin dövlət arxivinə təhvil verilib-verilməməsinə onun nəzarət etmək hüququ olmamaqla yanaşı bu sahədə heç bir məsuliyyət daşımır. Hazırkı iş üzrə mübahisəli məsələ 1973-2003-ci illərdə əmək fəaliyyəti ilə bağlı olduğundan, həmin iş stajı təsdiqləndiyindən sözügedən dövr üçün pensiya hüququ verən sosial sığorta stajına daxil edilməlidir. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, onun kitabçasında göstərilən məlumatların mötəbərliyini şübhə altına almaq üçün iş materiallarından irəli gələn hər hansı əsaslar da müəyyən edilməmişdir. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında iddiaçı X4 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçı 04.02.2021-ci il tarixində pensiya hüququ yaranmış, 06 aprel 2021-ci il tarixində Fondun 2 saylı regional ərazi filialına ona yaşa görə əmək pensiyasının təyin olunması üçün ərizə ilə müraciət etmişdir. ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsaslanaraq vətəndaşın tələb olunan 25 illik sosial sığorta stajı mövcud olmadığı üçün əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə görə, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. İşin tam, obyektiv və hərtərəfli araşdırılması üçün tərəfimizdən cavabdeh 2 saylı regional ərazi filialına “sosial sığorta stajının hesablaması və hansı illərin nəzərə alınması” haqqında **********1 nömrəli sorğu verilmişdir. Cavabdeh 2 saylı regional ərazi filialının 10.11.2021-ci il tarixli, **********7 nömrəli cavab məktubunun məzmunu aşağıdakı kimidir: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı regional ərazi filialı Sumqayıt İnzibati Məhkəməsinin icraatında olan İddiaçı “yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair 2-1(118)-1809/2021 nömrəli inzibati iş üzrə aşağıdakıları bildirirlər: 1.Yaşa görə əmək pensiyası hüququnun yarandığı tarix - 04.02.2021; 2. Əmək pensiyası təyin edilməsi üçün tələb edilən sosial sığorta stajı - 25 il və ya 28800 manat pensiya kapitalı; 3.Ümumi sosial sığorta stajı - 25 il 6 ay 12 gün (bütün dövrlər, o cümlədən hərbi xidmət illəri daxil olmaqla); 4.Sosial sığorta stajına daxil edilməyən, mübahisələndirilən illər - 1 il 11 ay (01.07.1994-cü il tarixdən 01.06.1996-ci il tarixədək “Abadlıq" kiçik müəssisəsində iş dövrü), 5 il 2 ay 14 gün (06.09.1994-cü il tarixdən 20.11.2001-ci il tarixədək “Xudat-Balıq" ASC-də iş dövrü) və 1 il 1 ay 14 gün (20.12.2001-ci il tarixdən 04.02.2003-cü il tarixədək “1 saylı Yardımçı kənd təsərrüfatı donuzçuluq fermasın" da iş dövrü). Cəmi: 8 il 2 ay 28 gün; 5. Sosial sığorta stajına daxil edilən, mübahisələndirilməyən illər - 17 il 03 ay 14 gün (14.11.1973-cü il tarixdən 30.06.1994-cü ilədək fasilələrlə iş dövrü hərbi xidmət dövrü ilə birlikdə).” Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il İyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd olunan Qanunun 7-ci maddəsindən də aydındır ki, vətəndaşa yaşa görə əmək pensiyasının təyin edilməsi o zaman mümkündür ki, qanunvericiliyin 2 tələbi qarşılansın: 1. İddiaçı xx.xx.1956-cı il təvəllüdlüdür. Qanunvericiliyin tələbinə əsasən vətəndaş yaş tələbi olan 65 yaşa 04.02.2021-ci il tarixində çatdığı üçün pensiya təyin edilməsi üçün yaş tələbini ödəmişdir. 2. iddiaçı pensiya təyin edilməsi üçün yaş tələbini ödəsə belə, 25 illik sosial sığorta stajı tələbini ödənmədik də vətəndaşa yaşa görə əmək pensiyası təyinatı aparılmır. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən sosial sığorta stajına daxil edilən illər 17 il 03 ay 14 gündür.Bu səbəbdən də iddiaçıya yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciəti ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Xaçmaz rayonu, Müqtədir qəsəbsində anadan olmuşdur. - ИТ0206176 saylı əmək kitabçasında iddiaçının 14.11.1973-cü ildən 21.05.1976-cı ilədək, 12.05.1980-ci ildən 04.08.1980-ci ilədək, 01.09.1980-ci ildən 08.11.1981-ci ilədək, 15.03.1982-ci ildən 06.05.1982-ci ilədək, 01.06.1982-ci ildən 01.09.1982-ci ilədək, 06.09.1982-ci ildən 03.01.1983-cü ilədək, 25.01.1983-cü ildən 15.04.1983-cü ilədək, 01.09.1983-cü ildən 20.01.1984-cü ilədək, 13.02.1984-cü ildən 05.06.1984-cü ilədək 16.06.1984-cü ildən 31.12.1988-ci ilədək, 01.01.1989-cu ildən 08.11.1993-cü ilədək, 18.04.1994-cü ildən 30.06.1994-cü ilədək, 06.07.1994-cü ildən 20.08.1996-cı ilədək, 06.09.1996-cı ildən 20 noyabr 2001-ci ilədək, 20.12.2001-ci ildən 04.02.2003-cü ilədək işləmiş, 27.05.1976-cı ildən 13.05.1978-ci ilədək hərbi xidmətdə olmuşdur. - Xudat balıq zavodunun 37 saylı, 14 mart 1979-cu il tarixli və 07 may 1979-cu il tarixli əmrlərindən görünür ki, İddiaçı 14 mart 1979-cu il tarixdə işə qəbul edilmiş və 07 may 1979-cu ildə işdən azad edilmişdir. - "xxxx" ASC-nin 10.07.2020-ci il tarixli 01 nömrəli əmək haqqı barədə arayışında İddiaçı 1994-cü ilin iyul ayından 2001-ci ilin dekabr ayınadək əmək haqqı aldığı və həmin əmək haqqlarının aylar üzrə məbləği qeyd edilmişdir. - Xaçmaz rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə İƏD-də nümayəndəsinin 15.08.2016-cı il tarixli, 125 nömrəli arayışında İddiaçı “Dənizçi” Yardımçı kənd təsərrüfatı müəssisəsində “Donuzçuluq” fermasında işlədiyi dövrlərdə 2001-ci ilin dekabr ayından 2003-cü ilin mart ayına qədər aldığı əmək haqqlarının aylar üzrə məbləğləri qeyd edilmişdir. - İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 25 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. İddiaçıya məxsus əmək kitabçasında onun işlədiyi dövrlər qeyd edilmişdir. İddiaçı ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh imtinasının əsası kimi iddiaçının ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün 25 il sığorta stajına malik olmadığı, onun 10.07.2020-ci il tarixli 1 nömrəli əmək haqqı arayışının əmək kitabçası ilə üst-üstə düşmədiyi qeyd edilmişdir. Beləliklə cavabdeh inzibati orqan iddiaçıya yaşa görə əmək pensiyası təyinatı məsələsinə baxarkən onun 01.07.1994-cü ildən 01.06.1996-cı ilədək Xudat-Balıq zavodunda, 06.09.1994-cü ildən 20.11.2001-ci ilədək "xxxx" ASC-də, 20.12.2001-ci ildən 04.02.2003-cü ilədək “1 saylı Yardımçı kənd təsərrüfatı donuzçuluq ferması”nda işlədiyi dövrləri nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi qaydalarının 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikasının Əmək məcəlləsinin 87-ci maddəsinin 1-ci hissəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında - işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Hazırki iş üzrə iddiaçının 06.07.1994-cü ildən 20.08.1996-cı ilədək Xudat-balıq zavodunda, 06.09.1996-cı ildən 20.11.2001-ci ilədək "xxxx" ASC-də, 20.12.2001-ci ildən 04.02.2003-cü ilədək “1 saylı Yardımçı kənd təsərrüfatı donuzçuluq ferması”nda işləməsi onun əmək kitabçasında öz əksini tapmışdır. Eyni zamanda onun "xxxx" ASC-də işlədiyi dövrlərdə əmək haqqı alması, həmin cəmiyyətin 10.07.2020-ci il tarixli 01 nömrəli əmək haqqı barədə arayışında, “Dənizçi” Yardımçı kənd təsərrüfatı müəssisəsində “Donuzçuluq” fermasında işlədiyi dövrlərdə əmək haqqı alması Xaçmaz rayon İcra Hakimiyyəti başçısının İstisu qəsəbə İƏD-də nümayəndəsinin 15.08.2016-cı il tarixli, 125 nömrəli arayışı ilə öz təsdiqini tapmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. İddiaçının iş fəaliyyətini təsdiq edən əmək kitabçası mövcuddur və həmin sənədin həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən mötəbər hesab olunmalıdır. Belə olan halda inzibati orqan tərəfindən iddiaçının əmək kitabçasında qeyd olunan "xxxx" ASC-də, 1 saylı Yardımçı kənd təsərrüfatı donuzçuluq ferması”nda işlədiyi dövrlər onun iş stajı kimi nəzərə alınmalıdır. Qeyd edilən dövrlər iddiaçının sosial sığorta stajı kimi nəzərə alındıqda, ona yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbuledilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinəəsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçı X3 yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı X3 yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-250/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-250/2022
10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver