Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-250/2023 25.01.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı cavabdehin üzərinə onun qalıq borcunun restrukturizasiya olunması öhdəliyinin qoyulması tələbinə dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia qaldıraraq cavabdehin üzərinə onun qalıq borcunun restrukturizasiya olunması öhdəliyinin qoyulması tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəfindən "xxxx" ASC ilə bağlanmış 07 aprel 2015-ci il tarixli kredit müqaviləsinə əsasən 36 ay müddətinə qaytarmaq şərtilə illik 27 faizlə 9500 ABŞ dolları məbləğində kredit götürülmüşdür. "xxxx" ASC ilə bağlanmış 8 dekabr 2015-ci il tarixlisazişə əsasən 07 aprel 2015-ci il tarixli 00/12697/DİK saylı kredit müqaviləsi restruktizasiya olunaraq, kredit müqaviləsinin 2.1-ci bəndində dəyişiklik edilərək, kredit müqaviləsi üzrə verilən kreditin ümumi məbləği əsas borcundan qalan 8.367,98 ABŞ dolları, faiz borcundan 382,84 ABŞ dolları və cərimə borcundan 49,88 ABŞ dolları olmaqla cəmi 8.800,70 ABŞ dolları məbləğində kapitallaşdırılmışdır. Kredit müqaviləsinin 6.10-cu bəndində dəyişiklik edilərək kreditin müddəti 12 ay uzadılmışdır və kreditin ümumi məbləği 9.932,72 ABŞ dolları, kredit müqaviləsinin ümumi müddəti 48 ay təşkil edilmişdir. Verilmiş kreditin təminatı olaraq bank ilə X6, X7 və iddiaçı arasında 07 aprel 2015-ci il tarixli 4 tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Eyni zamanda verilmiş kreditin təminatı olaraq bank ilə iddiaçı və X11 arasında 08 dekabr 2015-ci il tarixli 3 tərəfli zaminlik müqaviləsi bağlanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 12 dekabr 2016-cı il tarixli, 2(060)-14844/2016 saylı qətnaməsi ilə (hakim T.C.Xəlilova) iddiaçı "xxxx" ASC-nin cavabdeh X3, X9, X4 və iddiaçıya qarşı kredit borc tələbi təmin edilərək, onunla "xxxx" ASC arasında bağlanmış 07 aprel 2015-ci il tarixli, 00/12697/DİK saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər X2, X8, X1 və iddiaçıdan müştərək qaydada 07 aprel 2015-ci il tarixli 00/12697/DİK saylı kredit müqaviləsi üzrə yaranmış 7.877,36 ABŞ dolları məbləğində əsas borc, 1.581,74 ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 9.459.10 ABŞ dolları məbləğində borcun qətnamənin icra olunduğu tarixə mövcud olan məzənnə ilə, 30 manat dövlət rüsumunun və 1 manat bank xidmət haqqının iddiaçı "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 03 may 2017-ci il tarixli qətnaməsi apellyasiya şikayəti təmin edilməmişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 11 yanvar 2018-ci il tarixli, 2(102)-38/17 nömrəli qərarı ilə kassasiya şikayətinin təmin edilməməsi və Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 03 may 2017-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cıı il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanı qəbul edilmiş və həmin tarixdən qanuni qüvvəyə minmişdir. Həmin fərmanla təsdiq olunmuşdur ki, qlobal iqtisadi və maliyyə böhranının ölkə iqtisadiyyatına təsirləri əhalinin müəyyən qrupunun ödəmə qabiliyyətinin zəifləməsinə, bunun da nəticəsində, kredit təşkilatlarından xarici valyutada borc almış vətəndaşların bank sistemi qarşısında vaxtı keçmiş kreditlər üzrə öhdəliklərinin artmasına və bu öhdəliklərin yerinə yetirilməsi ilə bağlı məsələlərə məhkəmə müstəvisində baxılma hallarının çoxalmasına rəvac vermişdir. Yuxarıda qeyd olunan hallar nəzərə alınaraq baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditlər üzrə onların üzləşdiyi maliyyə itkisini qarşılamaq, o cümlədən problemli kreditlər məsələsinin həllinə dövlət dəstəyi göstərilməsi qərara alınmışdır. Fərmanın 5-ci bəndinə əsasən fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada İsə l7 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında, banklara 682 000 000 manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsi, eləcə də, bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına banklara, onların müraciəti əsasında 215 000 000 ABŞ dolları dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0.5 faiz olmaqla qiymətli kağızların verilməsi qərara alınmışdır. Fərmanın təsir dairəsinə (8.6-cı bəndi) fiziki şəxslərə 2012-ci il yanvarın 1-dən bu Fərman qüvvəyə mindiyi günədək bağlanmış kredit müqavilələri üzrə əsas məbləğin və (və ya) faiz borclarının ödənilməsi 360 gündən çox gecikdirilmiş borclar daxil edilmişdir. Hazırkı iş üzrə kredit müqaviləsi həm bağlanma tarixi, həm tələb olunan əsas məbləğ, həm də digər əsaslara görə Fərmanın təsiri altına düşür. Fərmanın 1-ci bəndinə görə fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilməli, habelə həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə,penya) üzrə tətbiq ediləcək güzəştlər müəyyən edilərək Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla on beş gün müddətində təsdiq edilməlidir. Eyni zamanda banklara tövsiyə olunmuşdur ki, fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 ABŞ dollarınadək, milli valyutada isə 17 000 manatadək olan kreditlər üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasım təklif etsinlər. Tərəfindən cavabdeh orqana müraciət edilsə də imtina edilmişdir. Həmin imtina məktubu iddia ərizəsinə əlavə olunmuşdur. Odur ki, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq hüquqi yardım edilməsi üçün məhkəmə iclasına dəvət olunmuş və məhkəmə iclasında onun tələbi ayadınlaşdırılmışdır. Cavabdeh inzibati orqan iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısıdın xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) icrası Mərkəzi Bankın xx.xx.2019-cu il tarixinə Mərkəzləşdirilmiş Kredit Reyestrinin (MKR) məlumat bazasına, habelə Fərman çərçivəsində yaradılmış məlumat bazasında (PK) göstərilən və müvafiq bankların təqdim etdikləri məlumatlara əsasən həyata keçirilir. Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən X5 (FİN: xxxxxxx) ilə ləğv prosesində olan "xxxx" ASC arasında bağlanmış xx.xx.2015- ci il tarixli kredit müqaviləsi "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının xx.xx.2019-cu il tarixli 551 nömrəli Fərmanının (Fərman) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən müqavilənin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən bu müqavilə üzrə xx.xx.2019-cu il tarixinə mövcud olan vaxtı keçmiş əsas kredit borcunun Fərman çərçivəsində restrukturizasiya edilməsi nəzərdə tutulmuşdur. Eyni zamanda göstərilən məlumatlar ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatalığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir (portaldan çıxarış məktuba əlavə edilir). Göründüyü kimi, iddiaçıya münasibətdə Palata Fərman ilə onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması (kredit üzrə hesablanmış faiz və cərimə məbləğləri yalnız kredit borcu restrukturizasiya edildikdə silinir) Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübqhisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Göstərilənlərlə yanaşı o da qeyd edilməlidir ki, “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi" Qaydasının 6.16-cı bəndinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu ilin dekabrın 31-də başa çatmışdır. Qeyd edilənləri nəzərə alaraq iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul olunmasını Məhkəmədən xahiş etmişdir. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı gəlmiş, cavabdehin nümayəndəsi və üçüncü şəxsin nümayəndəsi gəlməmiş, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını mümkün saydı. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, iddiaçının tələbi cavabdeh tərəfindən onun qalıq borcunun restrukturizasiya olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın 1-ci bəndinə əsasən aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarmadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: -2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; -2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə - 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; -2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə - bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. Həmin Fərmanın 2-ci bəndinə əsasən bu Fərmanın 1 -ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Məhkəməyə sorğu əsasında daxil olmuş LPO "xxxx" ASC-nin 1 yanvar 2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı ilə "xxxx" ASC-nin Mərkəz filialı arasında imzalanmış xx.xx.2015-ci il tarixli 00/12697/DİK saylı kredit müqaviləsi “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli Fərmanının əhatə dairəsinə düşməsinə baxmayaraq, texniki səhv nəticəsində Mərkəzi Kredit Reyestrində əksini tapmamış, bu səbəbindən yuxarıda qeyd olunan kredit müqaviləsi restrukturzasiya olunmamışdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Mərkəzi Bankın məlumat bazalarına əsasən İddiaçı ilə ləğv prosesində olan "xxxx" ASC arasında xx.xx.2015-ci il tarixində bağlanmış kredit müqavilələri Azərbaycan Respublikasının Prezidenti 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın təsiri çərçivəsinə düşmüşdür. İddiaçıya münasibətdə Azərbaycan Respublikasının Mərkəzi Bankı Azərbaycan Respublikasının Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı ilə onun üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir, lakin üçüncü şəxs tərəfindən məhkəməyə ünvanlanmış cavab məktubundan da görünür ki, texniki yanlışlığa yol verilərək, iddiaçının adı Mərkəzi Kredit Reyestrində əksini tapmamışdır. Beləliklə, iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən olundu ki, cavabdeh təşkilat tərəfindən Prezidentin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanı iddiaçıya şamil olunduğundan, İddiaçı münasibətdə cavabdeh üzərinə düşən öhdəlikləri tam icra etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının tələbinin əsasını "xxxx" ASC ilə bağladığı müqavilə üzrə qalıq borcun restrukturizasiyası təşkil edir. Müqavilə öhdəliklərindən irəli gələn münasibətlərə isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Məhkəmə hesab edir ki, iddiaçı hazırki iddianı qaldırmaqla düzgün hüquqi müdafiə vasitəsini seçməmişdir. İnzibati icraat şəxslərlə inzibati orqanlar və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqanlar arasındakı inzibati hüquq münasibətlərindən yaranan münasibətləri tənzimləyir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 4 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd olunmuşdur ki, nəzərə alınmalıdır ki, mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Xüsusi hüquq, onun subyektləri olan fiziki və hüquqi şəxslər arasında yaranan hüquq münasibətlərini tənzimləyir; xüsusi hüquq münasibətlərinin tərəfləri bərabər mövqedədir, onlar öz iradələrini ifadə etməkdə sərbəstdirlər və heç biri digərinə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq etmir. Ümumi (publik) hüquq isə, publik hakimiyyət daşıyıcıları (Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs) ilə fiziki və ya hüquqi şəxslər arasında olan münasibətləri tənzimləyir. Bu münasibətlərdə inzibati orqan qanunla ona həvalə edilmiş inzibati funksiyanı yerinə yetirir və digər tərəfə münasibətdə hakimiyyət səlahiyyətlərini tətbiq edir. Həmin qərarının 5.2-ci bəndində qeyd olunmuşdur ki, dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən, icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən həmin Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunan maddi hüquq normasının mənası baxımından izah edilməlidir ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan mübahisələrin məhkəmə icraatı - onun mümkünlüyünə dair şərtlər, o cümlədən, iddianın öz səlahiyyətləri daxilində cavab verməli inzibati orqana qarşı verilməsi, məqsədinin aydın olması, qaldırılmamışdan əvvəl inzibati orqana yazılı müraciətin olması, iddia müddətlərinə riayət edilməsi və inzibati icraatın iddia növlərinə uyğun gəlməsi, iddiaçının inzibati orqan tərəfindən qanunla qorunan hüquqlarının pozulmasının əsaslandırmasının mövcudluğu halında mümkündür. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah olunsun ki, "xxxx" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna qarşı mülki mühakimə qaydasında məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı cavabdehin üzərinə onun qalıq borcunun restrukturizasiya olunması öhdəliyinin qoyulmasına dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-250/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-250/2023
25.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver