Məhkəmə qərarları › İş №2-1(118)-2509/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2509/2024

09.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2509/2024 09.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X8 Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayon İcra Hakimiyyətinin Çuxuryurd kənd İƏD nümayəndəliyinin Əngəxaran kəndinə aid 1960-1962-ci illərin qaytanlanmış təsərrüfatbaşına kitablarında X3 adına qeyd edilmiş 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehin 30 noyabr 2023-cü il tarixli **********19 saylı imtinasının əsassız hesab olunması və həmin torpaq sahəsinin 0,25 ha hissəsinə mülkiyyət hüquqlarının reyestr qeydiyyatının aparılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, Şamaxı rayon İcra Hakimiyyətinin Çuxuryurd kənd İƏD nümayəndəliyinin Əngəxaran kəndinə aid 1960-1962-ci illərin qaytanlanmış təsərrüfatbaşına kitablarında X3 adına qeyd edilmiş 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Şamaxı rayonu Əngəxaran kəndində yaşayır. Yaşadığı ev mərhum atam Ələsgərin adınadır. Atası xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Hazırda ondan miras qalmış əmlaklara vərəsəlik açdırmaq istəyir. Notariusa müraciət etmiş və bildirilmişdir ki, bunun üçün atasından miras qalmış əmlakı dövlət qeydiyyatına aldırmaq tələb olunur. Buna görə də, DƏDRX-nin 14 saylı Şamaxı ərazi idarəsinə müraciət etmiş və ona bildirilmişdir ki,hazırda istifadə etdiyi torpaq sahəsinin 0,183 ha hissəsi torpaq payı almaq hüququ olan subyektlərin siyahısında atasının adına 67 nömrə ilə qeydiyyata alınsa da, elektron bazada həmin sahə sahibsiz kimi göstərilmiş, qalan 0,087 ha hissə isə bələdiyyə mülkiyyəti kimi qeyd olunmuşdur. Bu səbəbdən də, iddiaçıya çıxarış verilməsindən imtina edilmişdir. İddiaçı razı deyil. Belə ki, həmin torpaq sahəsi üzun illər atası X3 istifadəsində olmuşdur. 1960-1962-ci illlərin təsərrüfatbaşına kitablarında onun istifadəsində 0,25 ha torpaq sahəsi olduğu göstərilir. Bələdiyyə və İcra nümayəndəliyi tərəfindən verilmiş arayışlardan da görünür ki, atası X3 istifadəsində 0,25 ha həyətyanı torpaq sahəsi olmuş, hal-hazırda da həmin torpaq sahəsindən istifadə olunur. Hansı səbəbdən bu torpaq sahəsinin 0,183 ha hissəsinin elektron bazada sahibsiz kimi və qalan hissəsi də bələdiyyə mülkiyyəti kimi göstərildiyini bilmir. Belə hesab edir ki, çıxarış elektron bazaya əsasən deyil, ilkin torpaq ayırma sənədlərinə əsasən tərtib olunmalıdır. İddiaçının isə ilkin torpaqayırma sənədlərində atasının istifadəsində 0,25 ha torpaq sahəsi olması göstərildiyi üşün həmin sahəyə atasının adına çıxarış verilməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.1-ci maddəsinin tələbinə uyğun olaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, İddiaçı 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı rayonun Əngəxaran kəndində yerləşən 0,25 ha torpaq sahəsinin mərhum atası X4 məxsus olması barədə daşınmaz əmlakın dövlət reyestrindən arayışın verilməsini xahiş etmişdir. Təqdim olunmuş sənədlər əsasında Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən aparılmış araşdırma zamanı məlum olmuşdur ki, Torpaq islahatı zamanı Şamaxı rayonu, Əngəxaran kəndi ərazisindən torpaq almaq hüquq olan subyektlərin siyahısında mərhum X3 adı 67 nömrə ilə qeyd olunmasına baxmayaraq, evin yerləşdiyi həyətyanı 0,183 ha torpaq sahəsi elektron baza xəritəsində sahibsiz kimi qeyd olunmuşdur. X1 məxsus həyətyanı torpaq sahəsinə bitişik olan 0,087 ha torpaq sahəsi isə bələdiyyə mülkiyyətinə aid edilmişdir. İddiaçı qeydiyyata aldırmaq istədiyi 0.25 ha torpaq sahəsinin məlumatları dövlət reyestrində saxlanılan məlumatlara uyğun olmadığına görə ərizənin icrası mümkün olmamışdır. İş materiallarında olan : - Şamaxı rayon İcra Hakimiyyətinin Çuxuryurd İƏD üzrə nümayəndəliyinin 1960-1962-ci illərə aid qaytanlanmış təsərrüfatbaşına kitablarından çıxarışdan görünür ki, X6 0,25 ha torpaq sahəsi ayrılmışdır. -Şamaxı rayon İcra Hakimiyyəti başçısının Məlhəm kənd İƏD üzrə nümayəndəliyinin 10 mart 2023-cü il tarixli arayışından görünür ki, Əngəxaran kəndinə aid 1960-1962-ci illərin qaytanlanmış təsərrüfatbaşına kitabında mərhum atasının adı texniki səhv olaraq X7 əvəzinə X2 qeyd olunmuşdur. -Şamaxı rayon İcra Hakimiyyəti başçısının Məlhəm kənd İƏD üzrə nümayəndəliyinin 02 noyabr 2023-cü il tarixli arayışından görünür ki, 2006-2010-cu il tarixinə aid Şamaxı rayon Əngəxaran kəndi üzrə təsərrüfatbaşına kitabda mərhum atası X3 adına 0,25 ha həyətyanı torpaq sahəsində yerləşən 48 kv m və 142 kv m fərdi yaşayış evi qeyd olunmuşdur. - AZ-İİ 293018 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X7 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. -xx.xx.2023-cü il tarixli torpaq sahəsinin müayinə aktından görünür ki, iddiaçının faktiki istifadəsində 0.2645 ha torpaq sahəsi vardır, torpaq sahəsi bir tərəfdən yolla, bir tərəfdən qonşu ilə əhatə edilmiş, üzərində iki fərdi yaşayış evi mövcuddur. - Məhkəmənin sorğusuna əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2024-cü tarixli cavab məktubundan görünür ki, Mərkəzin arxivində saxlanılan Şamaxı rayonu, Əngəxaran kəndi üzrə həyətyanı torpaq sahəsinə dair mövcud subyektlərin siyahılarından (ilkin və düzəliş) X7 və onun ailə üzvlərinin adları qeyd edilmiş hissədən, eləcə də Şamaxı rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 16 saylı Qərarından çıxarışların təsdiq olunmuş surəti məhkəməyə təqdim edilmişdir torpaq sahəsinni ölçüsü 0.1808 ha, ailə üzvü X5 adının qarşısında 0.0140 ha, ümumi torpaq sahəsinin ölçüsü 0.2027 ha göstərilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə qəbul edilmiş «Marks Belçikaya qarşı» qərarında göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 67.3-cü maddəsinin tələbinə görə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. 84-cü maddəsinin 1-ci bəndinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısının 2, 2.5-ci bəndində Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün həyətyanı torpaq sahələrinin verilməsi barədə kolxoz üzvlərinin ümumi yığıncağının və ya müvəkkillərinin yığıncağının qərarı, sovxoz (həmçinin həmin sovxozun yenidən təşkili qaydasında onun bazasında yaradılaraq dövlət orqanlarının tabeliyində olan kənd təsərrüfatı müəssisəsi) rəhbərinin (direktor və s.) əmri, yaxud həyətyanı torpaq sahəsi barədə qaytanlanmış torpaq kitablarından (o cümlədən kolxoz və sovxoz torpaqlarına dair qaytanlanmış kitablardan) çıxarış nəzərdə tutulmuşdur. Məhkəmə araşırması zamanı müəyyən edildi ki, mübahisəsi gedən 0,25 ha torpaq sahəsi 1960-1962-ci illərə aid təsərrüfatbaşına kitablarda iddiaçının mərhum atası X3 adına qeyd edilmişdir. Həmin torpaq sahəsi hazıradək iddiaçının faktiki istifadəsindədir, onun tərəfindən göstərilən torpaq sahəsində 1999-cu ildə ev tikilmiş, həmin evə mülkiyyət hüququ xx.xx.2002-ci il tarixdə qeydə alınmış, müvafiq qeydiyyat vəsiqəsi verilmiş və texniki pasport tərtib edilmişdir. Cavabdeh orqan tərəfindən torpaq sahəsi üzərində şəhadətnamənin bir nüsxəsində başqa şəxsin adının qeyd olunması səbəbi ilə imtina bildirişi verilmişdir, lakin həmin şəhadətnamə məhkəməyə təqdim edilməmişdir və idarədə olmadığı bildirilmişdir. İddiaçı həmin torpaq sahəsi üzətində “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələrinin və “Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrinin (fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrqfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə”nin, eləcə də Torpaq Məcəlləsinin 88-ci maddəsinin 1-ci bəndinin tələblərinə əsasən, mülkiyyət hüququna malikdir. Beləliklə, məhkəmə hesab edir ki, Şamaxı rayon İcra Hakimiyyətinin Çuxuryurd kənd İƏD nümayəndəliyinin Əngəxaran kəndinə aid 1960-1962-ci illərin qaytanlanmış təsərrüfatbaşına kitablarında X3 adına qeyd edilmiş 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun X1 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Şamaxı rayon İcra Hakimiyyətinin Çuxuryurd kənd İƏD nümayəndəliyinin Əngəxaran kəndinə aid 1960-1962-ci illərin qaytanlanmış təsərrüfatbaşına kitablarında X3 adına qeyd edilmiş 0,25 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun iddiaçının mərhum atası X4 məxsus olması barədə arayışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar