Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-251/2022 12.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi Filialına qarşı iddia qaldıraraq “cavabdehin 16 avqust 2021-ci il tarixli **********0 saylı imtinasının əsassız hesab olunması və iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi Filialının əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsini və ona yaşa görə əmək pensiyasının təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 12 yanvar 2022-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi Filialı əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçının 65 yaşı var. O, yaşa görə əmək pensiyasının təyin olunması üçün DSMF-nin 11 saylı Regional Ərazi İdarəsinə müraciət etmiş, Ərazi idarəsi isə vətəndaşın ərizəsinə baxılması üçün onun müraciətini DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına göndərmişdir. Filial iddiaçının 17 il 10 ay sığorta stajını qəbul etmiş, əmək kitabçasında qeyd olunmayan lakin arxiv arayışlarında öz əksini tapan 9 il 4 ay 15 gün stajını sığorta stajına hesablamamış, bu səbəbdən 16 avqust 2021-ci il tarixli **********0 saylı məktubla ona yaşa görə pensiya təyin olunmasından imtina etmişdir. DSMF-nin 11 saylı Reqional Ərazi idarəsinin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. Belə ki, o, xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuşdur. 1971-ci ildə 8-ci sinfi bitirmiş, 26 noyabr 1971-ci il tarixdə isə Quşçu kənd Xaqani adına sovxozda əmək fəaliyyətinə başlamışdır. 14 noyabr 1975-ci ilə kimi orada işlədikdən sonra hərbi xidmətə çağırılmış, 18 mart 1978-ci ildən 17 noyabr 1979-cu ilə kimi yenidən orada işləmişdir. Lakin onun işdən çıxma əmri 15 dekabr 1979-ci ildə verilmişdir. Bu vaxta kimi işlədiyi dövrlər əmək kitabçasında öz əksini tapmamışdır. Bununla belə iddiaçının arxivdən aldığı əmək haqqı arayışları və işə qəbul və işdən çıxarılma əmrlərinə dair arxiv arayışları təsdiq edir ki, o həmin illərdə həqiqətən də həmin təsərrüfatlarda işləmişdir. 1978-1979-cu illərə dair arxivdə isə əmək haqqı arayışı olmamışdır, belə ki, arxivin verdiyi arayışdan görünür ki, həmin illərin əmək haqqı cədvəlləri arxivə təhvil verilməmişdir. Amma işə qəbul və işdən azad olunma əmrlərindən görünür ki, o, həqiqətən də 1978-1979-cu illərdə Şamaxı rayonu Quşçu kənd Xaqani adına sovxozda işləmiş, əmək haqqı almış və Dövlət sosial sığorta fonduna pul köçürmüşdür. Daha sonra 01.05.1999-cu ildən 01.03.2003-cü ilə kimi Quşçu kəndində körpələr evində işlədiyi müddəti isə sığorta stajına əlavə olunmamışdır. Bu illər həm Əmək kitabçasında, həm də əmək haqqı barədə arayışlarda mövcuddur. İddiaçı belə hesab edir ki, DSMF-nin 11 saylı Reqional Ərazi idarəsi əsassız olaraq onun 9 il 4 ay 15 gün iş stajını sığorta stajına hesablamamışdır. Bu illərin hesablanacağı təqdirdə onun sığorta stajı 25 ili keçir. Belə olan halda isə iddiaçıya yaşa görə əmək pensiyası hesablanmalıdır. İddiaçı belə hesab edir ki, DSMF-nin 11 saylı Reqional Ərazi İdarəsinin 16 avqust 2021-ci il tarixli **********0 saylı imtinası əsassız hesab olunmalı və ona yaşa görə əmək pensiyası təyin olunmalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, aşağıdakı xüsusatlara görə, iddiaçının iddia tələbi tam əsassızdır və qeyd olunan əsaslara görə məhkəmə tərəfindən rədd edilməlidir: Əvvəlcə qeyd olunmalıdır ki, cavabdehin imtinası qanuni və əsaslı olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11.12.2017-ci il tarixli 17 saylı Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarını 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilən zaman Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alınır. Qeyd edilən normanın məzmunundan göründüyü kimi iddiaçıya yaşa görə pensiya 65 yaşla 14.05.2021-ci il tarixdən yaranır. Bunun üçün isə qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq; 2) pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda. Azərbaycan Respublikasında vətəndaşlaın əmək pensiyası hüquqlarının yaranmasının əsasları, bu hüquqların həyata keçirilməsi qaydaları və əmək pensiyası təminatı sistemi “Əmək pensiyaları haqqında” Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra-sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərini itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən, müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvfiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının sturkturlarına daxil olan qurumlarda) xidmət müddəti də sığortaolunanın sığorta stajına əlavə edilir. Yuxarıda qeyd edilən müddəanın məzmunundan göründüyü kimi sığortaolunanın müddətli hərbi xidmət dövrü də sığorta stajına daxil edilir və sığortaolunana pensiya təyin edilən zaman nəzərə alınır. İş materiallarında olan iddiaçıya məxsus 14.08.2020-ci il tarixli 260 nömrəli arayış ilə iddiaçının 02.12.1975-02.12.1977-ci ilə kimi müddətli həqiqi hərbi xidmətdə olduğu müəyyən edilmişdir. İddiaçının həqiqi hərbi xidmət dövrü 2 il təşkil edir. İş materiallarında olan iddiaçının əmək kitabçasına əsasən, hərbi xidmət dövrü və ilə birlikdə 16 il 10 ay 23 gün sığorta stajının olduğu müəyyən edilmişdir. Əmək Məcəlləsinin 87-ci maddəsində qeyd olunmuşdur ki, işçinin əmək fəaliyyəti haqqında sənədi əmək kitabçası hesab edilir. İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Qərarının 1.1-ci hissəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 25 noyabr tarixli 638 nömrəli qərar ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə" Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2-ci bəndinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. Habelə nəzərə alınmalıdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci maddəsinə uyğun olaraq sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Yəni, 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanın arxiv arayışı üzrə iş stajı o halda keçərlidir ki, o, əmək kitabçası ilə birlikdə təqdim olunsun və əmək kitabçasında öz əksini tapsın.“Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və bu maddədə göstərilən sığorta stajı olmadığından iddia tələbi təmin edilə bilməz. Beləliklə, iddiaçının mübahisələndirilən sosial sığorta stajı “Xəqani” adına sovxozda, 01.05.1999-01.03.2003-cü illərdə isə Quşçu kənd körpələr evi uşaq baxçasında işlədiyini iddia etdiyi dövrlərdir ki, buda ümumilikdə 9 il 6 ay 15 gün təşkil edir. İddiaçıya yaşa görə pensiya təyin edilməsi üçün digər şərt isə tələb olunan pensiya kapitalının tamamlanmasıdır. 16 il 10 ay 23 günə münasibətdə İddiaçı 14181,43 manat pensiya kapitalı mövcuddur. Tələb olunan pensiya kapitalı isə 28800 manat təşkil edir. Göründüyü kimi, iddiaçıya yaşa görə pensiyanın təyin edilməsi üçün tələb olunan sosial sığorta stajı və ya pensiya kapitalı tamamlanmadığına görə, ona yaşa görə pensiyanın təyin edilməsi mümkün olmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddiaya qarşı etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1956-cı il tarixdə Şamaxı rayonu Quşçu kəndində anadan olmuşdur. - Azərbaycan Respublikası Milli Arxiv İdarəsi X5 filialının Şamaxı şəhər Regional Asan Xidmət mərkəzinə ünvanlanmış 216 saylı, 04 iyun 2021-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, vətəndaş İddiaçı Quşçu kənd “Xəqani” adına sovxozun 1974-1979cu illərin əmək haqqı üzrə şəxsi hesab kitabları X5 filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən İddiaçı verilən arayışda qeyd olunmuşdur ki, o, həqiqətən 1975-ci ilin dekabr ayından 02.12.1977-ci il tarixədək keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialınının 04 iyun 2021-ci il tarixli arxiv çıxarışında qeyd olunmuşdur ki, X5 filialında saxlanılan Şamaxı rayon “Xəqani” adına sovxozun 1971-1979-cu və “C.Cabbarlı” adına sovxozun 1979-1986-cı illərin əmr kitablarından arxiv çıxarışına əsasən İddiaçı 168 saylı, 26 noyabr 1971-ci il tarixli əmrlə briqadaya fəhlə qəbul edilmiş və 111 saylı 14 noyabr 1975ci il tarixli əmrlə hərbi hissəyə çağırıldığı üçün işindən azad edilmiş, 24 saylı 18 mart 1978-ci il tarixli əmrlə 7№-li briqadaya fəhlə qəbul edilmiş və 123 saylı 15 dekabr 1979cu il tarixli əmrlə işindən azad edilmiş, 131 saylı 17 noyabr 1979-cu il tarixli əmrlə sovxoza fəhlə qəbul edilməklə sovxoza mənsub olan 32-93 №-li avtomaşına sürücü təyin edilmiş və 21 saylı 18 mart 1986-cı il tarixli əmrlə vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X5 filalının 216 saylı, 09 iyun 2021ci il tarixli arxiv arayışında İddiaçı Şamaxı rayon Quşçu kənd “Xəqani” adına sovxozda 1972-ci ilin mart ayından 1973-cü ilin sonunadək, “C.Cabbarlı” adına sovxozda 1980-ci ilin yanvar ayından 1986-cı ilin aprel ayınadək və Quşçu kənd İcra nümayəndəliyində (uşaq bağçasında) 1995-ci ilin fevral ayından 2003-cü ilin mart ayınadək işlədiyi dövr üçün aldığı əmək haqqlarının aylar üzrə məbləği qeyd olunmuşdur. - Şamaxı rayon Xalq Maarif şöbəsinin 12 aprel 1986-cı il tarixli, 54 nömrəli əmrindən çıxarışa əsasən, İddiaçı Quşçu kənd orta məktəbinə təlimatçı təyin edilmişdir. - F.Əzməmmədov adına Quşçu kənd tam orta məktəbi üzrə 68 saylı, 01 iyun 1994cü il tarixli əmrindən çıxarışa əsasən İddiaçı 01 iyun 1994-cü il tarixdə vəzifəsindən azad edilmişdir. - Azərbaycan Respublikası Şamaxı rayon İcra Hakimiyyəti Quşçu kənd körpələr eviuşaq bağçasının 01 saylı, 11 iyun 2021-ci il tarixli arayışından görünür ki, Hacıyev X1 körpələr evi-uşaq bağçasında 02 noyabr 1998-ci il tarixdən 01 may 1999-cu il tarixədək mövsümü soba yandıranı vəzifəsində işləmiş, 01 may 1999-cu il tarixdən 01 fevral 2003cü il tarixədək isə gözətçi işləmişdir. - Azərbaycan Respublikası Təhsil Nazirliyi Şamaxı rayon Təhsil şöbəsinin 455 saylı, 11 iyun 2021-ci il tarixli Pensiya hesablanması üçün əmək haqqı barədə verilən arayışda İddiaçı Quşçu kənd tam orta məktəbində 1986-cı ilin aprel ayından1994-cü ilin iyul ayınadək aldığı əmək haqqlarının aylar üzrə məbləği qeyd olunmuşdur. - İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 16 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1956-cı il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına malik olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina etmişdir. Eyni zamanda iddiaçının Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin 04.06.2021-ci il tarixli arxiv arayışında qeyd olunmuş 26.11.1971-ci ildən 14.11.1975-ci ilədək, 18.03.1978-ci ildən 15.12.1979cu ilədək, 01.05.1999-cu ildən 01.03.2003-cü ilədək işlədiyi dövrləri onun sosial sığorta stajı kimi nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, əmək stajının yalnız əmək kitabçasına əsasən müəyyən edilməsi qanunvericilikdə imperativ qayda kimi nəzərdə tutulmamışdır. İddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Həmçinin yuxarıda qeyd edilən arxiv arayışında iddiaçının işlədiyi dövrlərdə əmək haqqı aldığı qeyd edilmişdir ki, buda iddiaçının həmin dövrlər də ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Beləliklə sözügedən arxiv arayışlarında qeyd edilən dövrlər də nəzərə alındıqda iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməsi üçün zəruri olan sosial sığorta stajı mövcud olur. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinəəsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-251/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-251/2022
12.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver