Məhkəmə qərarları › İş №2-1(118)-251/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-251/2025

16.12.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-251/2025 16.12.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bəşirova Nərminə Zakir qızının katibliyi, İddiaçı1 nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “borcun silinməsi, nəqliyyat vasitəsinin geri qaytarılması” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsində (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. 2022495 nömrəli Tofik Baliyev (nümayəndə Nazilə Baliyeva) və Camal Binatov (nümayəndə İddiaçı1) arasında bağlanılmış “Nissan Tiida” markalı, C11354879 şassi nömrəli avtonəqliyyat vasitəsinə dair “Mexanik nəqliyyat vasitəsinə dair mülkiyyət hüququnun ötürülməsi”.

2. 8 sentyabr 2022-ci il tarixli mülkiyyətçi X4 adına, 77HC-150 qeydiyyat nişanlı “Nissan Tiida” markalı avtonəqliyyat vasitəsinə dair “Nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”.

3. X6 adına C11354879 şassi nömrəli “Nissan Tiida” markalı avtonəqliyyat vasitəsinə tərtib edilmiş “Qüsur aktı”.

4. 5 sentyabr 2022-ci il tarixli “Gömrük bəyannaməsi”ndən görünür ki, mal qəbul edən X3, mal “minik AVT “Nissan Tiida” (Benzin) 22 aprel 2010-cu il istehsal tarixli, C11365643 şassi nömrəli nəqliyyat vasitəsi” olaraq qeyd edilmişdir.

5. 30 dekabr 2022-ci il tarixli “Gömrük bəyannaməsi”ndən görünür ki, mal qəbul edən İddiaçı1, mal “minik A/M “Nissan Tiida” Benzin mühərrikli, 1 yanvar 2010-cu il istehsal tarixli, C11354879 şassi nömrəli nəqliyyat vasitəsi” olaraq qeyd edilmişdir.

6. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Mərkəzi Gömrük Ekspertizası İdarəsinin İnspeksiya Xidməti Orqanının 12 avqust 2022-ci il tarixli, xx.xx.35109.22 nömrəli sifarişçi İddiaçı1 adına tərtib edilmiş “X1”ndən görünür ki, M1-8703 kateqoriyalı, benzin mühərrikli, 1498 kub.sm, 2010 buraxılış ili, C11354879 şassi nömrəli, “Nissan Tiida” markalı, AZS ***-**** avtonəqliyyat vasitəsinin normativ sənədlərin tələbinə uyğundur.

7. Azərbaycan Respublikası Cavabdeh 23 yanvar 2023-cü il tarixli, 2100-012/0xxxx/000041 nömrəli İddiaçı1 göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – “GM”) 149.3-cü maddəsinin tələbinə görə gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi, həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 gündən gec olmayaraq verilməlidir. Eyni zamanda bildirilmişdir ki, GM-in 243.3-cü maddəsinin tələbinə görə gömrük bəyannaməsinin verilməsi gecikdirildikdə, gömrük borcunun ödənilməsi müddəti gömrük bəyannaməsinin verilməsi üçün müəyyən edilən müddətin başa çatdığı gündən və bəmin Məcəllənin 247.3-cü maddəsinin tələbinə görə dəbbə pulu hər gecikdirilən günə görə gömrük borcu məbləğinin 0,1 faizi miqdarında hesablanır. Dəbbə pulu gömrük borcu üzrə bütün ötmüş müddətə, lakin bir ildən çox olmamaq şərti ilə tətbiq edilir. Avtodayanacaqla bağlı ödənişlərə görə avtodayanacağın rəhbərliyinə müraciət edilməsi tövsiyə olunmuşdur. Belə ki, yuxarıda qeyd olunan müəssisə Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin tabeçiliyində olmayan, qiymət siyasətini müstəqil formada həyata keçirən təsərrüfat subyektidir.

MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:

İddia ərizəsinin dəlilləri

8. İddiaçılar İddiaçı1 (bundan sonra – “iddiaçı”) və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Cavabdehnə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin qəbul etdiyi 23 yanvar 2023-cü il tarixli inzibati aktın ləğv edilməsi, sözügedən avtomobilin idxalı üzrə gömrük bəyannaməsinin verilməsinin gecikdirildiyi bütün müddət ərzində yaranmış gömrük borcuna görə hesablanmış dəbbə pulunun silinməsi, eləcə də məhkəmənin qərarı qüvvəyə minəcəyi günədək hesablanacaq avtodayanacaqda saxlanc haqqının və avtomobilə dəymiş 4.275 manat məbləğində maddi zərərin əvəzinin cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, 29 iyul 2021-ci il tarixdə Yaponiyadan həmin ölkədə istehsal edilən “Nissan Tiida” markalı, 2010-cu il istehsalı olan avtomobil ölkəyə gətirilmiş və gömrük rəsmiləşdirilməsinin aparılması üçün müvafiq gömrük orqanına təqdim edilmişdir. Gömrük orqanı rəsmiləşməni aparmaqdan imtina etmiş, səbəb kimi isə avtomobilin “Avro-4” ekoloji standartının tələblərinə cavab vermədiyini göstərmişdir. Bildirdiyinə görə, bununla bağlı gömrük ekspertizası aparılmış, ekspertiza zamanı müvafiq markalı avtomobillərin ölkədə rəsmi satış təmsilçisi olan "xxxx" MMC-dən yazılı rəy də alınmış və yekunda avtomobilin adıçəkilən tələblərə cavab vermədiyinə görə gömrük rəsmiləşməsinin aparılmasından imtina edilmişdir. Həmin vaxt iddiaçı ilə birgə digər şəxslər də eyni ildə istehsal olunmuş eyni markalı çoxsaylı avtomobillər gətirmiş və onların da aqibəti eyni olmuşdur - hər biri ilə bağlı gömrük rəsmiləşməsinin aparılmasından cavabdeh tərəfindən eyni əsasla imtina edilmişdir. Cavabdehin göstərdiyi imtina əsası tamamilə qanunsuzdur. Cavabdehin imtinasından sonra yuxarıda qeyd edilən digər idxalçılar bununla bağlı məhkəməyə müraciət etmiş və iş üzrə məhkəmənin qərarına əsasən cavabdehin yanlış inzibati araşdırma apardığı, avtomobillərin “Avro-4” ekoloji standartının tələbinə cavab verib-vermədiyi məsələsinin düzgün araşdırılmadığı müəyyən edilmiş və cavabdehin üzərinə yeni inzibati araşdırma aparılması vəzifəsi qoyulmuşdur. Müvafiq qərardan sonra cavabdeh sözügedən idxalçının gətirdiyi 7 ədəd eyni avtomobilin gömrük rəsmiləşməsini apamışdır - yəni, təkrar inzibati araşdırma aparmaqla əvvəlki qərarının yanlış olması qənaətinə gəlmişdir. Həmin məhkəmə qərarından sonra cavabdeh iddiaçının da avtomobilinin idxal rəsmiləşməsinin aparılmasına icazə vermiş və o, 30 dekabr 2022-ci il tarixdə gömrük bəyannaməsi təqdim etməklə, avtomobilin gömrük rəsmiləşməsini həyata keçirmiş, lakin tələb edilən dəbbə pulu və dayanacaq haqqı avtomobili oradan götürməyini qeyri-mümkün etmişdir – vətəndaşa dəymiş zərəri və bütün xərcləri qarşılamaqla, ondan sırf öz səhvlərinə görə yaranmış penya və saxlanc haqqını tələb etmək isə ağlabatan deyildir. Halbuki, dəbbə pulunun və saxlanc haqqının silinməsi ilə bağlı iddiaçı Dövlət Gömrük Komitəsinə daha əvvəl yazılı müraciət etmiş, o isə xahişini təmin etmiş və heç bir ödəniş etmədən (gömrük rüsumları istisna olmaqla) avtomobilin buraxılması barədə göstəriş vermişdir. Göründüyü kimi, bu göstəriş sadəcə vəziyyəti müvəqqəti olaraq yoluna qoymaq üçün edilmişdir və bütün bunlardan sonra iddiaçı mübahisənin inzibati qaydada həll edilməsi üçün təkrar olaraq cavabdehə 5 yanvar 2023-cü il tarixli məktubla müraciət etmiş, cavabdehdən daxil olmuş 23 yanvar 2023-cü il tarixli cavab məktubu ilə isə dəbbə pulunun silinməsi tələbinin təmin edilməsindən imtina edilmiş, eləcə də saxlanc haqqının sərbəst şəkildə avtodayanacaqların özləri tərəfindən müəyyən edildiyi və buna görə də onlara ayrıca müraciət etməli olduğu bildirilmişdir. Göründüyü kimi, 30 dekabr 2022-ci il tarixdə avtomobilin gömrük rəsmiləşməsini aparmaqla cavabdeh daha əvvəl vermiş olduğu qərarın yanlış olduğunu hüquqi və faktiki olaraq qəbul etmiş, lakin həmin yanlış qərarın nəticəsində dəymiş ziyanın onun tərəfindən ödənilməli olduğunu qəbul etmir. Cavabdeh avtomobilə dəymiş maddi zərərin və avtodayanacaqda saxlama haqqının da əvəzini ödəməlidir. Belə ki, bir avtomobilin 17 ay sürülmədən açıq hava şəraitində saxlanılması (avtomobil hazırda da həmin dayanacaqda saxlanılır) onun həm mexaniki hərəkət hissəsinə, həm də rəng örtüyünə təsirsiz ötüşə bilməz və bu hissədə dəymiş ziyanla bağlı müstəqil qiymətləndirici tərəfindən qüsur aktı da əldə edilmişdir. Eyni zamanda, avtomobil ölkəyə sırf kommersiya məqsədilə idxal edilmişdi və məqsəd onun təkrar satışından mənfəət əldə etmək idi, istehsal ili köhnəldikcə avtomobillərin qiymətlərinin də aşağı düşməsi isə mübahisələndirilməyən adi bir məntiqi nəticədir. Avtodayanacaqların isə gömrük orqanlarına aidiyyəti olmayan müstəqil təsərrüfat subyekti olduqlarını nəzərə alaraq, onların xidmət haqqını da birmənalı şəkildə cavabdeh ödəməlidir, çünki bu borc məhz onun qanunsuz qərarı nəticəsində yaranmışdır.

10. Bakı İnzibati Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 2-1(112)-6818/2023 nömrəli qərardadı ilə iddiaçıların cavabdehə qarşı “dəbbə pulunun silinməsi, saxlanc haqqının və dəymiş zərərin ödənilməsi” tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir.

11. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

13. İddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi ilə əvəz edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

14. Daha sonra iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək, Azərbaycan Respublikası Cavabdeh (hazırkı cavabdeh) cavabdeh qismində məhkəmə icraatına cəlb edilməsini xahiş etmişdir. Ərizə məhkəmənin protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

15. İddiaçı tərəf məhkəməyə yenidən ərizə ilə müraciət edərək, İddiaçı2 və cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin iş üzrə iştirakına xitam verilməsini xahiş etmişdir. Ərizə məhkəmənin 28 noyabr 2024-cü il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.

16. İddiaçı tərəf daha sonra iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiaçıya məxsus gömrük ərazisində saxlanılan “Nissan Tiida” markalı, 1 yanvar 2010-cu il Yaponiya istehsalı, mühərrik həcmi 1498 kub.sm, şassi/ban C11354879 nömrəli olan minik nəqliyyat vasitəsinin avtomobil idxalı üzrə gömrük bəyannaməsinin verilməsinin gecikdirilməsinə görə 12 avqust 2022-ci tarixədək olan müddət üçün gömrük borcuna hesablanmış dəbbə pulu silinməklə həmin nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

İddia tələbinə qarşı etirazın dəlilləri:

17. Cavabdeh iddia ərizəsinə qarşı etiraz təqdim edərək, iddia tələbinin “avtomobilin idxalı üzrə gömrük bəyannaməsinin verilməsinin gecikdirildiyi bütün müddət ərzində yaranmış gömrük borcuna görə hesablanmış dəbbə pulunun silinməsi” hissəsində rədd edilməsi və “məhkəmənin qərarı qüvvəyə minəcəyi günədək hesablanacaq avtodayanacaqda saxlanc haqqının və avtomobilə dəymiş 4.275 manat məbləğində maddi zərərin əvəzinin cavabdehdən tutulması” hissəsində isə mümkün sayılmamasını xahiş etmiş, onunla əsaslandırmışdır ki, iddiaçı iddia ərizəsində 29 iyul 2021-ci il tarixdə Yaponiyadan həmin ölkədə istehsal edilən “Nissan Tiida” markalı, istehsal ili 2010-cu il olan avtonəqliyyat vasitəsini ölkəyə gətirdiyini, gömrük rəsmiləşdiriməsi ilə bağlı gömrük orqanına müraciət etdiyini, gömrük orqanının rəsmiləşdirmədən imtina etdiyni, səbəb olaraq isə “Avro-4” ekoloji standartının tələblərinə uyğun olmadığını əsas göstərməsini bildirmişdir. Bildirilmişdir ki, cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən hansı qanunvericiliyin imperativ normasına əməl olunmadığı, iddiaçının hüquqlarına qarşı hansı qanunsuz hərəkətlərə yol verildiyi iddia ərizəsində öz əksini tapmamış və eyni zamanda əsaslandırılmamışdır. Belə ki, avtonəqliyyat vasitələrinin X1nin verilməsi cavabdeh tərəfindən həyata keçirilmir. Rəsmiləşdirilmə üçün bəyanetmə avtonəqliyyat vasitələrinin “Avro-4” ekoloji normalarının tələblərinə uyğun olması barədə “X1” alındıqdan sonra avtonəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi üzrə ixtisaslaşmış gömrük orqanı Aksizli Mallar üzrə Baş Gömrük İdarəsində (hazırkı cavabdeh) mümkün olur. İddia ərizəsində qeyd edilmiş gecikmə ilə əlaqədar yaranmış dəbbə pulu ilə bağlı bildirilmişdir ki, iddiaçı qeyd edilən avtonəqliyyat vasitəsini 29 iyul 2021-ci il tarixdə ölkəyə idxal etmiş, 12 avqust 2022-ci il tarixdə X1ni əldə etmiş, 30 dekabr 2022-ci il tarixdə isə cavabdehə müraciət etmişdir. Baş Gömrük İdarəsində araşdırma zamanı gecikmə ilə əlaqədar 142 manat dəbbə pulu aşkarlanmışdır. Daha sonra bəyannaməçi bununla razılaşmayaraq 5 yanvar 2023-cü il tarixdə Dövlət Gömrük Komitəsinə müraciət etmiş və müraciəti 23 yanvar 2023-cü il tarixdə cavablandırılmışdır.

TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:

18. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraz dəlillərini müdafiə edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

20. Məhkəmə iddia ərizəsini və digər sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır.

21. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”

22. Göründüyü kimi, İPM-in 12.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur.

23. İPM-in 12.1-ci maddəsinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

24. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

25. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.

26. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.

27. İddiaçının hazırkı iddia tələbi iki hissədən ibarətdir: - iddiaçıya məxsus gömrük ərazisində saxlanılan “Nissan Tiida” markalı, 1 yanvar 2010cu il Yaponiya istehsalı, mühərrik həcmi 1498 kub.sm, şassi/ban C11354879 nömrəli olan minik nəqliyyat vasitəsinin avtomobil idxalı üzrə gömrük bəyannaməsinin verilməsinin gecikdirilməsinə görə 12 avqust 2022-ci tarixədək olan müddət üçün gömrük borcuna hesablanmış dəbbə pulunun silinməsi; - nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması.

28. İddia tələbinin ilk hissəsi ilə bağlı məhkəmə bildirir ki, məhkəmə icraatı gedişatında aparılmış araşdırma nəticəsində cavabdeh tərəfin verdiyi məlumata əsasən avtonəqliyyat vasitəsinin rəsmiləşdirilməsi ilə əlaqədar olan ilkin müraciətindən ekoloji standartının tələblərinə cavab verməməsi səbəbi imtina edilsə də, daha sonra inzibati icraat qaydasında müraciətinə yenidən baxılaraq müvafiq rəsmiləşdirilmənin aparılması, nəqliyyat vasitəsinin dayanacaqda saxlanılma müddətindən hazıradək hər hansı borcun olmadığı, yalnız iddiaçının 12 avqust 2022-ci il tarixdə texniki eyniləşdirmə şəhadətnamənin aldığından sonra cavabdeh orqana gömrük rəsmiləşdirilməsi ilə əlaqədar 30 dekabr 2022-ci il tarixdə müraciət etdiyindən həmin müddət üçün cəmi 142 manat dəbbə pulunun hesablandığı və məhkəmə iclasında iddiaçı tərəfin qeyd edilən məbləğinin ödənilməsinə etiraz etmədiyi müəyyən edilmişdir.

29. Qeyd edilməlidir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 6.1-ci bəndində əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

30. Göründüyü kimi, iddiaçının qeyd edilən tələbi cavabdeh tərəfindən aparılmış inzibati icraat nəticəsində qəbul edilərək icra olunmuş, mövcud olan borcu silinmiş və hal-hazırda qalan borcməbləğinə dair isə mübahisənin artıq mövcud olmadığı müəyyən edilmişdir. Bununla da, iddiaçı tərəfin tələbin bu hissəsinə münasibətdə hüquqi müdafiəyə ehtiyacının olmadığı müəyyən olunur.

31. İddia tələbinin digər hissəsi ilə bağlı – cavabdeh orqanın səlahiyyətli nümayəndəsi məhkəmədə izahatı zamanı bildirmişdir ki, iddiaçıya məxsus avtonəqliyyat vasitəsinin saxlandığı avtodayanacağın cavabdeh orqanın tabeliyinə və nəzarət zonasına aid deyildir. Bu səbəbdən bu hissə ilə bağlı müvafiq sənədlər məhkəməyə təqdim olunmamışdır. İddiaçı tərəf də iddia tələbinin bu hissəsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

32. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin müvafiq müddəalarına əsasən: Maddə 180. Müvəqqəti saxlancda olan mallarla bağlı əməliyyatlar (-) 180.2. Müvəqqəti saxlanc bu Məcəllənin 180.3-cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən müvəqqəti saxlanc anbarlarında həyata keçirilir. 180.3. Müvəqqəti saxlanc anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. M a d d ə 181. Gömrük anbarlarında saxlanc 181.1. Xarici mallar gömrük anbarı xüsusi gömrük proseduru altında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş lisenziyası olan şəxslərin gömrük anbarlarında gömrük orqanlarının nəzarəti ilə yerləşdirilə və saxlanıla bilər. 181.2. Gömrük anbarı istənilən şəxs tərəfindən istifadə edilə bilən açıq tipli və ya müəyyən malların saxlanılması üçün nəzərdə tutulan qapalı tipli ola bilər. 181.3. Başqa mallara ziyan vura bilən və ya xüsusi saxlanc şəraiti tələb olunan mallar anbarın xüsusi avadanlıqla təchiz edilmiş yerlərində saxlanmalıdır. (-) 181.5. Gömrük anbarlarının tiplərinə, quruluşuna, təchizatına, orada yerləşdirilən mallarla əlaqədar əməliyyatlara, uçot və hesabatın aparılmasına, gömrük nəzarətinin həyata keçirilməsinə, anbar sahibinə dair tələbləri müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

33. Sadalanmış normaların məzmunundan müəyyən olunur ki, müvəqqəti saxlanc anbarları müəyyən edilmiş tələblərə cavab verən hüquqi və fiziki şəxslər tərəfindən də təsis edilə bilər.

34. Məhkəmə, İPM-in 13-cü maddəsinin tələbinə istinadən yuxarıda qeyd edilənlərə əsasən iddiaçı tərəfə izah edir ki, avtodayanacaq (müvəqqəti saxlanc yeri) cavabdeh orqanın tabeliyində olmadığından və əksinə dair sübut da təqdim edilmədiyindən, hazırki vəziyyətdə nəqliyyat vasitəsinin iddiaçıya geri qaytarılması, yəni saxlandığı avtodayanacaqdan çıxarılması tələbi ilə bağlı konkret olaraq nəqliyyat vasitəsi hansı dayanacaqda saxlanılırsa, ona qarşı iddia qaldırılmalıdır.

35. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

36. Göstərilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar