Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2511/2024 05.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinə qarşı “iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzilindən üçüncü şəxslər xx.xx.1973-cü il təvəllüdlü X2, xx.xx.1995-ci il təvəllüdlü X3, xx.xx.1994cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-2511/2024 saylı Qərardadı ilə X2, X3, X4 zəruri qaydada inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, Siyəzən şəhər,H.Talıbov küçəsi,ev l,mən.40 küçəsində yerləşən ümuni sahəsi 55.02 kv.m olan yaşayış evi, tam mülkiyyət hüququ əsasında 12 mart 1998-ci il tarixli alğı-satqı müqaviləsi əsasında İddiaçı adına qeydiyyata alınmışdır Üçüncü şəxslərin bu mənzildə yalnız formal pasport qeydiyyatları vardır,istifadə hüquqları isə mövcud deyil. Belə ki, o və ailəsi əvvəl Siyəzən şəhəri,T.İsmayılov küçəsi,ev 48, mənzili 1-də yaşamışdırlar. Bu mənzil təxminən 1994-1995-ci ildə satılaraq, hazırki mənzili aldıqdan sonrada özəlləşdirmişdirlər. Üçüncü şəxslər isə əsasən ailənin başçısı X2,ailə qurduğdan sonra təxminən 1996-ci illərdə, ünvan 2 ünvanında qaynatasıgildə yaşamış, habelə eyni zamanda Siyəzən şəhəri Şamil Başxiyev küçəsində fərdi yaşayış evi tikməyə başlamışdır.Hal-hazırda o.vaxtdan üçüncü şəxslər qeyd edilən ünvanda onlara məxsus fərdi yaşayış evində daimi yaşayırlar. Hesab edirəm ki, üçüncü şəxslərin yeni tikilmiş evə dair tam mülkiyyət sənədləri olmadığından faktiki yaşadıqları yaşayış yeri üzrə pasport qeydiyyatına düşə bilməyiblər və bundan sonra da səhlənkarlıq edərək evlərinə mülkiyyət sənədi almadıqlarına görə ona məxuss mənzilidə formal olaraq qeydiyyatda qalmağa məcbur olublar. Beləliklə hazırda məlum olur ki, mənzilimdə uzun müddət, yəni təxminən 1995-ci il tarixdən yaşamayanlar, o, cümlədənm əsasən xx.xx.1973-cü il təvəllüdlü X2, xx.xx.1995-ci il təvəllüdlü X5, xx.xx.1994-cü il təvəllüdlü X4, xx.xx.2022-ci il təvəllüdlü QafarovaNilay Ədalət qızı əsassız olaraq pasport qeydiyyatdadırlar. Dəfələrlə xatırladısına, habelə təkid etməsinə baxmayaraq, adları göstərilənlər mənzildən könüllü sürətdə pasport qeydiyyatından çıxmaq və onlara məxsus evlərinə, başqa sözlə daimi yaşayış yerləri üzrə qeydiyyata düşmək istəmədikləri, başqa sözlə boyun qaçırtdıqları üçün yuxarıda qeyd edilən tələbin faktiki halları əsasında Siyəzən rayon Məhkəməsinə üçüncü şəxslərə qarşı “ Formal qeydiyyatda olanların Siyəzən şəhər, H.Talıbov küçəsi,ev 1,mən.40 ünvanında yerləşən mənzilindən istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarası” xahişi ilə iddia irəli sürülmşdür. Siyəzən rayon Məhkəməsi 2(059)-694/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi üzrə mülki işin icraatına xitam verərək, ona inzibati məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Bundan sonra təkrarən ikinci dəfə şəxslərin qeydiyyatdan çıxarılmaları üçün Siyəzən RPŞ-yə Siyəzən rayon Məhkəməsinin 2(059)-694/2023 nömrəli, xx.xx.2023-cü tarixli qərardadının icra edilməsi üçün təqdim edilsədə, Siyəzən RPŞ ikinci dəfə də qeydiyyatdan çıxarılması barədə iddiaçının müracətini rədd edərək, mahiyyəti üzrə həll etməmişdir Hesab edir ki, cavabdeh inzibati orqanın, Siyəzən rayon Məhkəməsinin 2(059)- 694/2023 nömrəli. 15.1 1.2023-cü il tarixli qərardadı əsasında iddia üzrə üçüncü şəxslərin qeydiyyatdan çıxarılmasından ikici dəfə də imtinası qanunsuz olmuşdur. Bununla da,üçüncü şəxslərin mülkiyyətindəki mənzildə formal, habelə qanunsuz qeydiyyatda qalmaları səbəbindən, mənim “İnsan hüquqları və,əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konveksiyasının 8-ci maddəsində təsbit olunmuş, şəxsi və ailə həyatına hörmət hüquqları pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin şifahi məhkəmə baxışı iclası xx.xx.2024-cü il tarixə təyin edilmiş və bu barədə tərəflərə iclasın vaxtı və yeri barədə məlumat verilmişdir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişlər, cavabdeh tərəfindən iddiaya yazılı münasibət bildirilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: Siyəzən rayon Polis Şöbəsinin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktub, “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı, xx.xx.2023-cü il tarixli arayış, xx.xx.1998-ci il tarixli 866 inventar işi nömrəli qeydiyyat vəsiqəsi və digər sənədlər daxildirlər.
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə ilk növbədə qeyd edir ki, hazırki iddia inzibati iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğundan məhkəmə aidiyyəti baxımından düüzgün verilmiş və inzibati-prosessual qanunverciliyə əsasən öhdəliyin icrası haqqında iddiadır. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. 5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iddiaçını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibti iş materiallarını araşdırıb hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, ünvan 1 xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Həmin mənzildə üçüncü şəxslər X6, X3, X4 və X7 qeydiyyatdadırlar. Hazırki iş üzrə iddiaçı həmin şəxslərin ona məxsus mənzildən qeydiyyatdan çıxarılmaları ilə bağlı Siyəzən rayon Polis Şöbəsinə müraciət etmiş, lakin həmin orqan iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi sözügedən mənzil iddiaçıya məxsusdur. İş materiallarından görünür ki, həmin mənzildə qeydiyyatda olan üçüncü şəxslər X6, X3, X4 və X1 mənzildə qeydiyyatı formal xarakter daşıyır və onlar faktiki olaraq həmin mənzildə yaşamırlar. Üçüncü şəxslər məhkəmə iclasına dəvət olunmalarına baxmayaraq, məhkəməyə gəlməmiş, qeyd edilən halları təkzib edəcək hər hansı bir sübutu məhkəməyə təqdim etməmişlər. Qeyd olunan hala, yəni mənzildə qeydiyyatda olan, lakin həmin mənzilə əmlak hüquqları olmayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsinə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarı ilə münasibət bildirilmişdir. Həmin qərarda qeyd olunan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, mülkiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsədə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Konstitusiya Məhkəməsinin sözügedən qərarı ilə o nəticəyə gəlinmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Konstitusiya Məhkəməsinin qeyd olunan qərarındakı mövqeyindən göründüyü kimi şəxsin yaşayış sahəsinə əmlak hüququ mövcud olmadıqda, faktiki olaraq həmin yaşayış sahəsində yaşamadıqda həmin şəxsin qeydiyyatdan çıxarılması üçün onun yaşayış sahəsindən çıxarılmasına dair və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsinə dair məhkəmə qətnaməsinin olması tələb olunmur. Bu halda şəxs mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarıla bilər. Məhkəmə eyni zamanda qeyd edir ki, üçüncü şəxslər iddiaçıya məxsus mənzildə qeydiyyatda qalmaqla onun mülkiyyət hüququnun tam həyata keçirilməsinə maneələr yaradırlar. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət hüququ toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideyinlik hüquqlarını itirməmiş valideyinlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin - müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, üçüncü şəxslər xx.xx.1973-cü il təvəllüdlü X2, xx.xx.1995-ci il təvəllüdlü X3, xx.xx.1994-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Üçüncü şəxslər xx.xx.1973-cü il təvəllüdlü X2, xx.xx.1995-ci il təvəllüdlü X3, xx.xx.1994-cü il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Siyəzən rayon Polis Şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva