Məhkəmə qərarları › İş №2-1(118)-2514/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2514/2022

14.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2514/2022 14.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehin imtinasını qanunsuz hesab edilməklə, 24690 reyestr və 777 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport əsasında mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 17,3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evinin yerləşdiyi və mülkiyyətində olan 4002,0 kv.m torpaq sahəsi ilə birlikdə vahid əmlak kimi adına mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastri İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən ünvan 1 ünvanında yerləşən 17,3 kv.m yaşayış sahəsindən ibarət 1 otaqlı yaşayış evi xususi mülkiyyət hüququ ilə ona məxsusdur. Qeydiyyat vəsiqəsinin yeni nəsi çıxarışla əvəzləmək məqsədi ilə 04 oktyabr 2021-ci il tarixində DƏDRX-in Abşeron 4 saylı Ərazi idarəsinə sənədləri təqdim edərək ərizə ilə müraciət etmiş, lakin İnzibati orqan 28 oktyabr 2021-ci il tarixli **********73 nömrəli cavab məktubu ilə ərizənin icrasindan imtina etmişdir, imtinaya əsas olaraq qeyd edilən fərdi yaşayış evinin söküldüyünü və eyni zamanda tərəfindən normadan artıq, yəni 0,40 ha torpaq sahəsinin əldə edildiyini göstərmişdir. Hesab edir ki, cavabdehin imtinası sadəcə məqsədli şəkildə qanunsuz verilən imtinadir. Çünki onun mülkiyyət hüququnu təsdiq edən sənəd var və həmin qeydiyyat vəsiqəsi halhazırda da qüvvədədir. Qanunla da 2006 ci ilə qədər, yəni Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Qanun qüvvəyə minənə qədər verilmiş qeydiyyat vəsiqələri hazırkı çıxarışlarla eyni hüquqi qüvvədədir. Eyni zamanda bildirir ki, qeyd edilən torpaq sahəsi 02 yanvar 2002-ci il tarixli Bilgəh Bələdiyyəsinin 14 saylı qərarına əsasən alqı—satqı ilə onun mülkiyyətinə verilmişdir. Həmin eyni qərarla da qonşu torpaqlar hər biri 0,40 ha olmaqla mərhum atası X5, ona, bacılarımın həyat yoldaşları X2 və X3 alqı-satqı yolu ilə mülkiyyətlərininə verilimişdir. Bildirir bu 4(dörd) torpaq sahələri vahid hasarın daxilində yerləşməklə yanaşı cəmi bir giriş qapisi mövcuddur. 2019-cü ildə hazırkı iddia ila eynilik təşkil edən iddialarla X9 oglu və X4 oglu Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişlər.Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 21 oktyabr 2019-ci il tarixli qərarı ilə X3 iddiası təmin edilmiş və 23 aprel 2020-ci il tarixində DƏDRX-in Abşeron 4 saylı Ərazi idarəsi tərəfindən məhkəmə qərarı icra edilərək iddiaçıya çıxarış verdimişdir. Sumqayit İnzibati Məhkəməsinin 24 sentyabr 2020-ci tarixli qərarı ilə X1 da iddiası təmin edilmişdir, həmin qərardan inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin 02 mart 2021-ci il tarixli 2-1(105)- 102/2021 saylı qərarı ilə təmin edilməmişdir. İnzibati orqan qərardan kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 21 sentyabr 2021-ci il tarixli 2-1(102)- 1135/2021 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyasının qərarı ləgv edilərək, işə yenidən baxılması üçün Sumqayıt Apellyasiya məhkəməsinə göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 29 mart 2022-ci il tarixli 2-1(105)-121/2022 saylı qərarı ilə cavabdeh orqanın apellyasiya şikayəti təmin edilməmişdir. Bu qərardan da inzibati orqan narazı qalaraq növbəti dəfə kassasiya şikayəti vermişdir. Ali Məhkəmənin İnzibati Kollegiyasının 15 iyul 2022-ci il tarixli 2(102)-1290/2022 saylı qərarı ilə cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edimədən, Apellyasiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Göründüyü kimi bir vahid hüquqmüəyyənedici sənəd əsasında 4(dörd ) vətəndaşa eyni ünvanda bir hasarin daxilində və bir giriş qapısı olmaqla eyni tarixdə torpaq sahəsi ayrılır. İki torpaq sahəsi ilə bağlı məhkəmə iddiaları təmin edib və bu baxımdan hazırkı iddiada qeyd etdiyi iddialarla eynilik təşkil etdiyində məhkəmədən xahiş edir ki, iddianın təmin edliməsi barədə qərar qəbul edəsiz. Hesab edir, Azərbaycan Respublikası Prezidentinin 03 aprel 2019-ci il tarixli məhkəmə sistemində islahatların dərinləşdirilməsi barədə fərmanında məhkəmə praktikasının eyniləşdirilməsi barədə bəndidə məhz belə qərarın qəbul edilməsini əsaslandırır və zəruri edir.Əlavə olaraq bildirir ki, inzibati orqanın imtinasında qeyd edilən nüans, yəni normadan artıq torpaq sahəsinin (0,40 ha) ona satılması heç bir formada onun mülkiyyət hüquqlarını məhdudlaşdıran amil kimi hesab edilə bilməz. X6 torpağın mülkiyyətçisi olaraq ona 0,40 ha torpaq satıb və o torpağın dəyərini tam ödəmiş, bu alqı-satqıdan 20 ildən artıq zaman keçib və müddət ərzində və bu gündək həmin alqı-satqı müqaviləsi heç bir təşkilat və ya bələdiyyə tərəfindən mübahisələndirilməyib. Hesab edir ki, cavabdeh təşkilatın hərəkəti qanunsuzdur və qanunvericiliyə əsasən torpaq sahəsi və fərdi yaşayış evi reyestr qeydiyyatına alınmalı idi. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçının nümayəndəsi və vəkili iddia tələbinə dəqiqləşdirmə verərək, ünvan 2 ünvanında yerləşən,yaşayış sahəsi 17,3 m2 ibarət olan 12 nömrəli fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi Bilgəh bələdiyyəsinin 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ayrılmış 0,40 ha ölçüdə olan torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 3 ünvanında (Bilgəh Zəfəran sovxozunun ərazisində) yerləşən İddiaçı məxsus 12 nömrəli fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması (əvvəllər tanınmış hüquqların qeydiyyatı) ilə bağlı iddiaçının nümayəndəsinin 04 oktyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. X7 İnventarlaşdırma və Mülkiyyət hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastrı İdarəsi tərəfindən 24690 reyestr və 777 inventar nömrəli qeydiyyat vəsiqəsi və texniki pasport ilə qeydiyyata alınmış fərdi yaşayış evinin söküldüyü (aşkarlanmadığı) müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən müraciətin icrasından imtina edilmişdir. Belə ki, Bilgəh Bələdiyyəsi tərəfindən İddiaçı sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0.40 ha torpaq sahəsinin 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi, 0.40 ha torpaq sahəsinin İddiaçı oglu tərəfindən normadan artıq əldə edildiyi müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, təqdim edilmiş sənədlərdə sözügedən torpaq sahəsinin müvafiq bələdiyyənin qərarı ilə ayrıldığı göstərilsə də, Bilgəh Zəfəran sovxozunun ərazisində yerləşdiyi müəyyən edilmişdir. İddiaçının nümayəndəsinin 4 saylı Abşeron Ərazi İdarəsinə sadəcə ünvan 4 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evi üzərində hüquqların qeydə alınması ilə bağlı olmuşdur. Lakin iddiaçı tərəfindən evin yerləşdiyi torpaq sahəsi üzərində də hüquqların qeydə alınması barədə iddia tələbi ilə məhkəməyə müraciət edildiyi aşkar edilmişdir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasıın vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh təşkilat məhkəmədə nümayəndəsinin iştrakının təmin etməmişdir.Qanunvericiliyin tələbləri baxımından məhkəmə iddia tələbinə cavabdeh təşkilatın nümayəndəsinin iştrakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2021-ci il tarixli, **********73 nömrəli imtina məktubu, etirazı, alğı-satqı müqaviləsinin surəti, **********04 reyestr nömrəli çıxarışın surəti, Qeydiyyat vəsiqəsinin surəti, Bilgəh Bələdiyyəsinin 14 noyabr 2022-ci il tarixli, 72 nömrəli məktubu, Torpaq sahəsinin planının surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə və fərdi yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi və fərdi yaşayış evi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. Məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin xx.xx.2022-ci il tarixli məktubuna münasibətdə bildirir ki, daşınmaz əmlakların yerləşdiyi ərazi Bakı Şəhəri Sabunçu Rayonu inzibati ərazisinə aid edilməsi göstərilsə də, iş materiallarına əlavə edilmiş mübahisəli torpaq sahəsinə bitişik torpaq sahəsinə verilmiş **********04 reyestr nömrəli çıxarış və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qərarının qüvvədə saxlanılması ilə bağlı Ali məhkəmənin xx.xx.2022-ci il tarixli 2-1(102)-1290/2022 saylı qərarı, o cümlədən DƏDRXin 1 saylı Bakı Ərazi Dairəsinin xx.xx.2019-cu il tarixli məktubu torpaq sahəsinin Abşeron rayonu ərazisində yerləşməsinə dəlalət edir. Belə ki, sözügedən daşınmaz əmlakın qonşuluğunda olan bir neçə şəxsə DƏDRX-in 4 saylı Ərazi İdarəsi tərəfindən daşınmaz əmlaklar dövlət qeydiyyatına alınmış və həmin əmlakların yerləşdiyi ərazi, Abşeron rayonu, Xırdalan şəhəri, Bilgəh Zəfəran sovxozu ərazisi kimi qeyd edilmişdir. Belə olan halda müvafiq mübahisəyə Sumqayıt İnzibati Məhkəməsində baxılmasına heç bir maneə mövcud deyildir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********73 nömrəli məktubu ilə imtina cavabını almışdır.Cavabdeh təşkilat tərəfindən iddia tələbinə verilən etirazda və iddiaçıya verilmiş imtina məktubunda müraciətin torpaq sahəsi ilə bağlı deyil fərdi yaşayış evi ilə əlaqədar olması və buna görədə iddia tələbinin mümkünsüz hesab edilməsinə dair gətirdiyi arqumentə münasibətdə, məhkəmə qeyd etməyi zəruri bilir ki, həm iddia tələbinə dair verilmiş etirazda, həmdə pretenziya qaydasında verilmiş müraciətə dair olan imtina məktubunda torpaq sahəsinin ayrılması haqqında Bilgəh bələdiyyəsinin 02 yanvar 2022-ci il tarixli 14 nömrəli qərarında qeyd olunan sahənin normadan artıq olması, alqı-satqı aktının və digər sənədlərin təqdim edilməməsinin qeyd olunması cavabdeh təşkilatın torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün gətirdiyi əsasa bərabər tutulmalıdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat ümumilkdə iddiaçının tələbini yerinə yetirməkdən imtina etmişdir. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonunun idarəçiliyində saxlanılmış keçmiş Bilgəh Zəfəran sovxozunun hüdudları daxilində yerləşdiyinə görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır.“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı Əlizadə X8 rayonu, Bilgəh Zəfəran sovxozu ərazisi, A.Salahzadə küçəsi, döngə 9, dalan 3 ünvanında yerləşən 12 nömrəli fərdi yaşayış evini əldə etmiş, həmin ev Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastri İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin fərdi yaşayış sahəsinin sənədlərini yenisi ilə əvəz etmək üçün cavabdehə müraciət etmiş lakin müraciəti müsbət həll edilməmişdir. Həmin fərdi yaşayış evinin texniki pasportuna və Bilgəh Bələdiyyəsinin qərarına əsasən torpaq sahəsi 0,40 ha təşkil edir. İddiaçı DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edərək həyətyanı torpaq sahəsinin və fərdi yaşayış evi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdehə müraciət etmiş, lakin cavabdeh təşkilat həmin hüquqların qeydə alınmasından imtina edir. Cavabdeh təşkilat tərəfindən gətirilən arqument aşağıdakılardan ibarətdir: 1) iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin sökülməsi 2) 0.40 ha torpaq sahəsinin İddiaçı tərəfindən normadan artıq əldə edildiyi 3) İddiaçının cavabdehə sadəcə ünvan 4 ünvanında yerləşən 12 saylı fərdi yaşayış evi üzərində hüquqların qeydə alınması ilə bağlı olması, yəni iddiaçı tərəfindən evin yerləşdiyi torpaq sahəsi üzərində də hüquqların qeydə alınması ilə bağlı cavabdehə müraciət edilməməsi 4) sözügedən torpaq sahəsinin müvafiq bələdiyyənin qərarı ilə ayrıldığı göstərilsə də, Bilgəh Zəfəran sovxozunun ərazisində yerləşdiyi, 5) Bilgəh Bələdiyyəsi tərəfindən İddiaçı sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0.40 ha torpaq sahəsinin 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilmədiyi, Məhkəmə cavabdeh təşkilat tərəfindən gətirilən 1-ci arqumenti araşdıraraq hesab edir ki, fərdi yaşayış sahəsinin dövlət reyestrində qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilat tərəfindən gətirilən arqument əsassız olduğundan iddia tələbi təmin edilməlidir. Belə ki, iddiaçı fərdi yaşayış evini Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastri İdarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsinə əsasən dövlət reyestrində qeydiyyatdan keçmişdir. Həmin fərdi yaşayış sahəsinin sənədlərini yenisi ilə əvəz etmək üçün fərdi yaşayış evinin qeydiyyat vəsiqəsini və texniki pasportunun cavabdehə təqdim etməsinə baxmayaraq, cavabdeh əsassız olaraq fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsini dövlət qeydiyyatına almaqdan imtina etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150.1-ci maddəsinə əsasən əgər daşınmaz əmlak tam məhv olarsa və bunun nəticəsində onun qeydiyyatı hər cür hüquqi mənasını itirərsə, maraqlı şəxs məhkəmə qaydasında qeydiyatın ləğvini tələb edə bilər. Daşınmaz əmlakın məhv olması daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 18.1-ci maddəsinə əsasən məhv olunmuş daşınmaz əmlakın qeydiyyatının ləğvi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 150-ci maddəsinə uyğun olaraq aparılır. Həmin Qanunun 18.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququ yüklü deyildirsə və bu cür əmlak mülkiyyətçinin iradəsi ilə sökülüb tam məhv edilmişdirsə, onun ərizəsi əsasında qeydiyyat orqanı mülkiyyət hüququnun qeydiyyatını ləğv edir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Sadalanan maddi hüquq normalarından məlum olur ki, məhv olmuş və ya sökülmüş daşınmaz əmlakı üzərində olan mülkiyyət hüququ qeydinin ləğvi birbaşa qeydiyyat orqanın təşəbbüsü əsasında həyata keçirilir. Hazırkı iddia tələbi üzrə cavabdeh təşkilat torpaq sahəsinin üzərində olan fərdi yaşayış evinin sökülməsini bildirməsinə baxmayaraq bununla bağlı məhkəməyə əsaslı dəlil təqdim etməmişdir. Halbuki, qanunvericiliyin tələbləri baxımından daşınmaz əmlakın məhv olması və ya sökülməsi daşınmaz əmlakın dövlət reyestrini tərtib edən müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsi tərəfindən təsdiqlənməli idi. Hal-hazırda torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin üzərində mülkiyyət hüququ qeydi qüvvədədir və buna görə də məhkəmə cavabdeh təşkilat tərəfindən bu səpkidə gətirilən arqumenti əsassız hesab edir. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni 0.40 ha torpaq sahəsinin İddiaçı tərəfindən normadan artıq əldə edilməsi iddiaçının sahibliyinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz.Nəzərə alınmalıdır ki, 12 saylı fərdi yaşayış evinə Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsi, Baş dövlət Texniki İnventarlaşdırma, Mülkiyyət Hüquqlarının Qeydiyyatı və Şəhərsalma Kadastri İdarəsi tərəfindən verilmiş texniki pasportda fərdi yaşayış evinin həyatyanı sahəsinin 4002,0 m2 (0,40 ha) olması göstərilmiş və qeyd olunan torpaq sahəsinin Bilgəh bələdiyəsinin qərarı əsasında ayrılması öz təstiqini tapmışdır. Belə ki, məhkəmənin sorğusuna əsasın Bilgəh bələdiyyəsi tərəfindən verilmiş cavab məktubundan görünür ki, bələdiyyənin 2000-2008-ci illər üzrə verilən sənədləri məhv edildiyinə görə qərarın əslini təqdim etmək olmur, lakin bələdiyyənin elektron baza məlumatlarına əsasən həmin qərarın qüvvədədir və qeyd olunan ərazi bələdiyyənin inzibati ərazisinə aid edilmişdir. Torpaq sahəsinin normadan artıq ayrılmasına münasibətdə məhkəmə hesab edir ki, Bilgəh Bələdiyyəsinin 02 yanvar 2002-ci il tarixli qərarının preyudisiallığı cavabdeh gətirdiyi arqumenti əsassız edir. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə, yəni torpaq sahəsinin qeydiyyata alınması üçün cavabdehə müraciət edilməməsinə dair gətirdiyi arqumentə məhkəmə tərəfindən hazırkı qərarının mümkünlük hissəsində münasibət bildirmişdir. Cavabdeh təşkilatın gətirdiyi 4-cü arqumentə, yəni sözügedən torpaq sahəsinin müvafiq bələdiyyənin qərarı ilə ayrıldığı göstərilsə də, Bilgəh Zəfəran sovxozunun ərazisində yerləşməsinə münasibətdə məhkəmə qeyd edir ki, hal hazırda Bilgəh Zəfəran sovxozu mövcud deyil və onun idarəçiliyi Abşeron Rayon İcra Hakimiyyətində saxlanılır. Ölkə ərazisində torpaqların aqrar islahatı aparılan zaman bələdiyyələrin inzibati əraziləri müəyyən edilmiş və aqrar islahatdan öncə həmin torpağın dövlət mülkiyyətində olması sonrdan həmin torpaq sahəsinin Bilgəh Bələdiyyəsinin inzibati ərazisinə keçməsini istisna edə bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə də gətirdiyi arqument əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 5-ci arqumentə, yəni Bilgəh Bələdiyyəsi tərəfindən İddiaçı sözügedən fərdi yaşayış evinin yerləşdiyi 0.40 ha torpaq sahəsinin 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ilə ayrıldığı halda, alqı-satqı aktının, ləğv edilmiş DT və XK-nın Abşeron rayon şöbəsinin rəyinin, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin ərizəyə əlavə edilməməsi ddiaçının sahibliyinə verilmiş torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqumenti əsassızdır. Nəzərə alınmalıdır ki, DTXK və memarlıq şöbəsi tərəfindən verilən rəylərin inzibati aktı qüvvəsinə malik olmaması Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli qərarında qeyd olunmuşdur. Bundan başqa o da nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, bələdiyələrin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iddia tələbi üzrə məhkəməninin göstərdiyi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında da öz əksini tapmışdır. Belə ki, X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarında qeyd edilmişdir ki, “torpaq sahəsinin xüsusiyyətinə və ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyinin alınması bələdiyyə tərəfindən torpaq sahəsinin ayrılması ilə bağlı aparılan inzibati icraatın tərkib hissəsi olmaqla, ictimai maraqlara xələl gətirməyən, qanunauyğun inzibati aktın qəbul edilməsinə xidmət edir. Lakin belə rəylər və razılaşdırmalar maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Qeyd edilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, qüvvədə olan inzibati aktın qəbul edilməsi zamanı iştirak xarakterli sənədlərin olmadığı hallarda məsələ inzibati icraatın qanunçuluq və etimadın qorunması prinsipləri baxımından qiymətləndirilməlidir.” İnzibati İcraat haqqında Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.Həmin Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. ünvan 2 ünvanında yerləşən, yaşayış sahəsi 17,3 m2 ibarət olan 12 nömrəli fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi Bilgəh bələdiyyəsinin 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarı ayrılmış 0,40 ha ölçüdə olan torpaq sahəsinin üzərində İddiaçı mülkiyyət hüquqlarının vahid əmlak kimi dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar