Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2515/2022 16.08.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi, Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı ünvan 1 ünvanında yerləşən 300 kvadrat metr torpaq sahəsində inşa olunmuş 3 mərtəbəli 900 kvadrat metr qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı ünvan 1 ünvanında yerləşən 300 kvadrat metr torpaq sahəsində inşa olunmuş 3 mərtəbəli 900 kvadrat metr qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin 16 04.2014-cü il tarixli 91 nömrəli sərəncamı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi ünvanında yerləşən 300 kvadrat metr torpaq sahəsi üzərində 900 kvadrat metr sahəyə malik avtomobillərə texniki xidmət obyektinin tikintisinin layihələndiriməsinə icazə verilmişdir. Həmin sərəncam əsasında Sumqayıt Memarlıq və Şəhərsalma İdarəsi ilə razılaşma əsasında eskiz layihə tərtib edilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2014-cü il tarixli məktubu ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi ünvanında yerləşən 300 kvadrat metr sahədə inşa olunan qeyri-yaşayış sahəsinin təyinatının dəyişdirilərək əhaliyə xidmət obyekti kimi istifadə olunmasına razılıq verilmişdir Həmçinin qeyd edilməlidir ki, bir tərəfdən icarəyəverən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini E.Yusubovun şəxsində və digər tərəfdən icarəçi- İddiaçı arasında "Hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə” 1066 nömrəli, 29 noyabr 2021-ci il tarixli müqavilə imzalanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən icarəyəverənin icarəyə verdiyi Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 300 kv.m torpaq sahəsi icarəçi tərəfindən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi ünvanında yerləşən 900 kv m qeyri-yaşayış sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsini xahiş etmişdi. Lakin Daşınmaz Əmlakın Reyestri Xidmətinin 2 saylı Sumqayıt ərazi İdarəsi **********54 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ilə müvafiq sənədlərin əlavə edilmədiyini əsas gətirərək iddiaçının müraciətindən imtina etmişdir. Həmin imtina qanunsuz və əsassızdır. Belə ki, iddiaçı tərəfindən bütün hüquqmüəyyənedici sənədlər Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 300 kv m torpaq sahəsinə dair icarə müqaviləsi, Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin razılıq məktubu, Sumqayıt şəhər İcra Hakimiyyətinin 18.04 2014-cü il tarixli sərəncamı, "xxxx" ASC tərəfindən verilmiş texniki şərt, "xxxx" ASC tərəfindən verilmiş texniki şərt, həmçinin Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsinin Dövlət Memarlıq-Tikinti Nəzarəti Müfəttişliyinin icazə sənədi cavabdeh orqana təqdim edilsə də, həmin qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq reyestrdən çıxarışın və texniki pasportun verilməsindən cavabdeh tərəfindən əsassız olaraq imtina edilmişdir. Həmçinin imtinada qaz boru xəttinin torpaq sahəsinin sərhəddindən 7 metr aralı keçdiyi qeyd edilsə də “Azəriqaz” İB tərəfindən verilmiş arayışdan da görünür ki, torpaq sahəsinin ərazisindən qaz kəməri keçmir. Cavabdeh tam əsassız olaraq müraciətdən imtina etmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək onunla əsaslandırmışdır ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov Ziya Vaqif oğlu Sumqayıt şəhəri, Çerkassi küçəsi, 11-ci mikrorayon ərazisində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, çıxarış və texniki pasportun verilməsi barədə xx.xx.2021-ci il tarixli ərizə ilə Cavabdeh publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov Ziya Vaqif oğluna bildirilmişdir ki, idarənin mütəxəssisi tərəfindən sözügedən qeyri-yaşayış binasına müayinə baxışı keçirilən zaman müəyyən olunmuşdur ki, zirzəminin giriş hissəsində layihədən kənar sahəsi 25.7 kv.m olan yüngül konstruksiyadan tikili quraşdırılıb və torpaq sahəsinin sərhəddindən 7 metr aralı məsafədən diametri 530 mm olan qaz boru xətti keçir. Lakin kommunikasiya xəttinin mülkiyyətçisinin daşınmaz əmlakın mühafizə zonasına düşməməsi barədə arayışı ərizəyə əlavə olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, sözügedən qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqları müəyyən edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti obyektinin istismarına icazə sənədi ərizəyə əlavə edilməmişdir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.10-cu və 8.0.10.1-ci maddələrinə əsasən Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi və tikinti obyektinin istismarına icazə sənədi hüquqların dövlət qeydiyyatı üçün əsaslardır. Göründüyü kimi, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçıın nümayəndəsi və vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etirazla eyniməzmunlu izahat verərək iddianın mümkünsüz sayılmasını xahiş etmiş, sonuncu məhkəmə iclası barədə cavabdehə bildiriş göndərilməsinə baxmayaraq məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara daxildir: • İşdə olan cavabdehin 23 noyabr 2021-ci il tarixli, **********54 saylı daşımaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişlə iddiaçının ərizəsinin icrasından imtina edilmişdir. • Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin xx.xx.2014-cü il tarixdə iddiaçıya ünvanlanmış məktubunda Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının 91 nömrəli, 18 aprel 2014-cü il tarixli sərəncamı ilə iddiaçıya 11-ci mikrorayon, Çerkassi küçəsində avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinin layihələndərilməsinə icazə verilmiş 300 kvadrat metr sahədə inşa olunmuş qeyri-yaşayış sahəsinin təyinatının dəyişdirilərək əhaliyə xidmət obyekti kimi istifadə olunmasına razılıq verilmişdir. • İşdə olan hüquqi və fiziki şəxsələrin istifadəsinə verilmiş torpaq sahəsinin icarəyə verilməsi barədə 29 noyabr 2021-ci il tarixli, 1066 nömrəli müqaviləyə əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi ünvanındakı qeyri-yaşayış binasının yerləşdiyi 300 kvadrat metr torpaq sahəsi iddiaçı tərəfdən icarə şərtləri əsasında müvəqqəti istifadəyə qəbul edilmişdi. • Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının avtomobillərə texniki xidmət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilməsi haqqında xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamı ilə iddiaçıya 11-ci mikrorayon, Çerkassi küçəsində 300 kvadrat metr torpaq sahəsində avtomobillərə texniki xidmət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. • İş materiallarına Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi Dövlət Memarlıq-Tikinti Nəzarəti Müfəttişliyinin icazəsi, iddiaçıya məxsus avtomobillərə texniki xidmət məntəqəsinin tikintisinin eskiz layihəsi də əlavə edilmmişdir. • İşdə olan "xxxx" ASC "xxxx" MMC-nin xx.xx.2014-cü il tarixli arayışına əsasən iddiaçıya Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində avtomobillərə texniki xidmət obyektinin tikintisi məqsədilə ayrılması nəzərdə tutulan torpaq sahəsindən Sumqayıt Elektrik Şəbəkəsinə məxsus 35-10-6-0,4 kv-luq kabel və havva xətti keçmir və obyekt mühafizə zolağına düşmür. • “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt X1 xx.xx.2014-cü il tarixli rəsmi sənədə əsasən iddiaçıya tikinti üçün ayrılmış torpaq sahəsindən qaz kəmərinin keçməməsi müəyyən edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə ilkin olaraq iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət İPM-in 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir. İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddiaçı hazırki tələblə əvvəlcədən cavabdeh inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırki mübahisə yaranmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Həmin qanunun 8-ci maddəsinə əsasən, Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar bunlardır: .....8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd və s. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Məmmədov Ziya Vaqif oğlu xx.xx.2021-ci ildə Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində yerləşən qeyri-yaşayış binası üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdeh orqana müraciət etmişdir. Həmin müraciət cavabdeh təşkilat tərəfindən qeydiyyata alınmışdır. Cavabdeh orqan qeyd olunan müraciətə qeyri-yaşayış binasına dair müvafiq sənədlərin əlavə edilmədiyini, torpaq sahəsinin sərhəddindən 7 metr aralı məsafədən qaz boru xəttinin keçdiyini və layihədən kənar tikilinin quraşdırıldığını bildirmiş və qeyri-yaşayış binasına dair mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etmişdir. Bundan sonra iddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, sözügedən qeyriyaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması öhdəliyinin cavabdeh Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində qeyri-yaşayış binasının inşa edilməsinə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən icazə verilmiş, həmin tikiliyə dair eskiz layihə hazırlanmışdır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Həmin Məcəllənin 14.2.2-ci maddəsinə əsasən dövlət orqanlarının və yerli özünüidarə orqanlarının qanunvericilikdə mülki hüquqların əmələ gəlməsi əsası kimi nəzərdə tutulmuş aktları mülki hüquqların əmələ gəlməsinə səbəb olur. Daha ətraflı formada qeyd etmək olar ki, cavabdeh təşkilatın etiraz ərizəsində qeyriyaşayış binasının üzərində mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün gətirdiyi arqumentlər aşağıdakılardan ibarətdir: 1) Həmin qeyri-yaşayış binasının yerləşdiyi torpaq sahəsinə dair hüquqmüəyyənedici sənədlərin, tikintiyə icazə verilməsi barədə qərarın, tikinti obyektinin istismarına icazə sənədinin olmaması; 2) Torpaq sahəsinin sərhəddindən 7 metr aralı məsafədən qaz boru xəttinin keçməsi; 3) Layihədən kənar tikilinin quraşdırılması. Məhkəmə cavabdeh tərəfindən gətirilən imtinaları araşdıraraq hesab edir ki, tikilinin qeydiyyata alınmasından imtina üçün cavabdeh təşkilatın gətirdiyi arqumentlər əsassızdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Cavabdeh tərəfindən irəli sürülən birinci imtina ilə bağlı məhkəmə aşağıdakıları müəyyən edir. Nəzərə alınmalıdır ki, İddiaçı iddia tələbi öhdəliyin icrası haqqındadır və İnzibati Prosessual Məcəllənin 14.2-ci maddəsinə əssasən müdaxilədən müdafiəyə dair iddialar üzrə müdaxiləni zəruri edən faktiki şərtlərinin mövcudluğunu sübut etmək yükü cavabdehin üzərinə düşür. Göründüyü kimi, Sumqayıt şəhər İcra Hakimiyyətinin xx.xx.2014-cü il tarixli, 91 nömrəli sərəncamına əsasən Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsində iddiaçıya məxsus 300 kvadrat metr torpaq sahəsində avtomobillərə texniki xidmət obyektinin tikintisinin layihələndirilməsinə icazə verilmişdir. Eyni zamanda Dövlət Memarlıq-Tikinti Nəzarəti Müfəttişliyinin icazəsi də mövcud olmuş, habelə qeyriyaşayış obyktinin eskiz layihəsi işə əlavə edilmişdir. Lakin cavabdeh müvafiq qeyri-yaşayış sahəsinə dair hüquqmüəyyənedici sənədlərin olmamasını bildirməsinə baxmayaraq, buna dair hər hansı bir dəlili məhkəməyə təqdim etməmişdir. Halbuki İPM-in 14.2-ci maddəsinə əsasən cavabdeh təşkilat qeyri-yaşayış binasınının hüquqmüəyyənedici sənədlərinin olmaması ilə bağlı istinad etdiyi dəlillərini məhkəməyə təqdim etməli idi. Belə olduğu tədqirdə cavabdeh təşkilatın ilkin imtinası əsassız olur. Bundan əlavə, cavabdeh tərəfindən təqdim olunan ikinci imtina ilə bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Azəriqaz” İstehsalat Birliyi Sumqayıt X1 xx.xx.2014-cü il tarixli rəsmi sənədinə əsasən iddiaçıya tikinti üçün ayrılmış torpaq sahəsindən qaz kəməri keçmir. Ona görə məhkəmə hesab edir ki, etiraz həmin hissədə də əsassızdır. Cavabdeh təşkilat qeydiyyat orqanı kimi üzərinə düşən əsas vəzifələri yerinə yetirmək əvəzinə əsasız yerə formal tələb irəli sürməklə qanunla ona verilmiş hüququdan sui-istifadə edir. Halbuki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hüquqlardan sui-istifadə qadağandır. Bundan başqa nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hərəkətləri “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə ziddir. Belə ki, Həmin Qanunun 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Cavabdeh təşkilatın etirazda göstərdiyi imtina əsaslarını araşdıraraq məhkəmə hesab edir ki, qeyd olunan əsaslar iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasından imtina üçün əsas hesab edilə bilməz. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının bütün tələblərə cavab verdiyi tikilinin qeydiyyatının aparılmasından imtinası yolverilməzdir. Əvvəla nəzərə alınmalıdır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu 8-ci, 10-cu və 11-ci maddələrində daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı barədə əsaslar, həmin hüquqların dövlət qeydiyyatına alınması üçün tələb edilən sənədlərin siyahısı və təqdim edilən sənədlərə dair tələblər öz əksini tapmışdır. Qeyd olunan müddəalarda maraqlı şəxslərin hüquqlarına və mənafelərinə təsir etməyən və mühüm nəticələrə səbəb olmayan qeydlərin olmaması səbəbindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyil. Nəzərə alınmalıdır ki, hüquqların qeydiyyata alınması zamanı hüquqi əsasların olması mütləq amillərdən biridir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 11-ci mikrorayon, Çerkassi küçəsi ünvanında yerləşən 300 kvadrat metr torpaq sahəsində inşa olunmuş 3 mərtəbəli 900 kvadrat metr qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev
Məhkəmə qərarları › İş №2-1(118)-2515/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2515/2022
16.08.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver