Məhkəmə qərarları › İş №2-1(118)-2515/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2515/2023

03.11.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2515/2023 03.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Notariat Kontorunun xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Notariat Kontorunun xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayon AİK-nın 27 noyabr 1998-ci il tarixli 12 saylı qərarı ilə Xaçmaz rayonu, Mürşüd-oba kəndi ərazisindən fərdi yaşayış evinin tikintisi məqsədilə X13, X11, X6, X12, X8 və X4 0.06 ha torpaq sahəsi verilmiş və AR DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən adlarına JN-İ91B Kod 30217048 saylı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib olunmuşdur. Həmin şəhadətnamə əsasında o, X13, X11, X6, X12, X8 və X2 0.06 ha torpaq sahəsini 02 dekabr 2004-cü il tarixdə Xaçmaz rayon notariat kontorunda almış və həmin alqı-satqı reyestrdə 4ə/6-1144 nömrə ilə qeydə alınmışdır. Alqı-satqı zamanı ona 0.06 ha torpaq sahəsi satılmış və həmin ölçüdə torpaq sahəsi də aldığı vaxtdan hal-hazıradək faktiki olaraq istifadəsindədir. Qeyd olunan 0.06 ha torpaq sahəsinə dair çıxarış almaq üçün cavabdeh orqana ərizə ilə müraciət etmişdir. Cavabdehin xx.xx.2022-ci il tarixli **********06 saylı məktubu ilə ona JN-191B KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə” əsasında X13, X14, X6, X12, X8 və X3 adlarına verilmiş və alqı-satqı müqaviləsi əsasında aldığı 0.06 ha həyətyanı torpaq sahəsinə dair hüquqlarının daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir. Həmin məktubda imtinanın əsası kimi JN-191B Kod 30217048 saylı Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamədə torpaq sahəsinin 0.06 ha göstərilməsinə baxmayaraq, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi idarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyat kitablarında və elektron məlumat bazasında olan xəritə üzərində həmin torpaq sahəsinin 0.02 ha ölçüdə öz əksini tapması qeyd edilmişdir. Elektron baza xəritəsi torpaqların faktiki yerquruluşu əsasında formalaşdırılır. Torpaq sahəsinin faktiki yerquruluşu ilə elektron baza xəritəsində fərq ona görədir ki, elektron baza torpağın faktiki yerquruluşuna uyğun tərtib edilməyib. JN-191B KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də torpaq sahəsinin ölçüsü 0.06 ha göstərilmiş və həmin 0.06 ha ölçüdə torpaq sahəsi də ona alqı-satqı qaydasında satılmış, hazırda da 0.06 ha torpaq sahəsi faktiki istiladəsindədir. Ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin qeydiyyatı kitablarında və elektron məlumat bazasında olan xəritə üzərində həmin torpaq sahəsinin 0.02 ha ölçüdə öz əksini tapması hesab edir ki, onun təqsiri deyildir və cavabdeh təşkilat tərəfindən onun müraciətinin təmin edilməsindən əsassız imtina edilmişdir. Hesab edir ki, Xaçmaz rayon Notariat kontorunun xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0,06 ha torpaq sahəsinə hüquqların daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınmasından imtinası əsassızdır və qanunvericiliyin tələblərinə ziddir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, JN-191A, KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə əsasında 0.12 ha torpaq sahəsini X13 və onun ailə üzvlərindən almış və həmin vaxtdan da 0.12 ha torpaq sahəsinin onun istifadəsində olmuşdur. O, hal-hazırda mübahisələndirdiyi 0.06 ha torpaq sahəsinin onun qanuni mülkiyyətində olan 0.12 ha torpaq sahəsinə bitişik olduğundan onu da öz torpaq sahəsinə zəbt etmiş, qanuni yolla əldə edə bilmək üçün Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinə müraciət etmişdir. Lakin o həmin kəndin sakini olmadığı üçün onun adına şəhadətnamənin tərtib edilə bilməyəcəyi bildirilmişdir. Bu səbəbdən o, X1 işlərinin onun adına aparılmasını xahiş etmiş və sonuncu bununla razılaşmışdır. Bundan sonra 0.06 ha zəbt torpaq sahəsi ilə bağlı X7 adına JN-191B, KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə tərtib edilmişdir və həmin şəhadətnamədə torpaq sahəsinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 saylı, 27 noyabr 1998-ci il tarixli qərarına əsasən 0.06 ha ölçüdə X7 və ailə üzvlərinin adına ayrıldığı qeyd edilmişdir. Daha sonra aralarında rəsmi qaydada alqı-satqı etmiş və Xaçmaz rayonu 1-ci dövlət notariat kontorunda 02 dekabr 2004-cü ildə 4Ə/6-1144 reyestr nömrəsi ilə qeydə alınmış müqaviləyə əsasən mübahisələndirilən torpaq sahəsi ona satılmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir və cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı münasibət bildirilməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - JN-191B, KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli qərarı ilə X13, X11, X6, X9, X8, X3 mülkiyyətinə 0.06 ha torpaq sahəsi ayrılmışdır. - JN-191A, KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də qeyd edilmişdir ki, Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli qərarı ilə X13, X11, X6, X9, X8, X3 mülkiyyətinə 0.12 ha torpaq sahəsi ayrılmışdır. - Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunda 02 dekabr 2004-cü ildə 4Ə/6- 1144 reyestr nömrəsi ilə qeydə alınmış satıcılar X11, X6, X9, X8, X10 ilə alıcı İddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsinin surətindən görünür ki, Xaçmaz rayonu, Mürşad-oba kəndində yerləşən 0.06 ha torpaq sahəsi ******* manat qarşılığında alıcıya satılmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli qərarına əlavə edilmiş adlı siyahıdan görünür ki, X13 və ailə üzvlərinə faktiki olaraq 0.11 ha torpaq sahəsi ayrılmışdır. - Məhkəməyə sorğu əsasında Xaçmaz rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli protokolundan və adlı siyahıdan görünür ki, X13 və ailə üzvlərinə 0.11 ha torpaq sahəsi ayrılmışdır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin iddiaçıya ünvanladığı 10 yanvar 2022-ci il tarixli məktubundan görünür ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsi üzərində iddiaçının hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina edilmişdir.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRXin 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDRXin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Xaçmaz rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi

Məhkəmə iddiaçının etirafedici izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı hal-hazırda mübahisə predmeti olan Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli qərarı ilə X13 və onun ailə üzvləri olan X11, X6, X9, X8, X3 mülkiyyətinə ayrılmış və bunun əsasında adlarına tərtib edilmiş 191B, KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmiş 0.06 ha torpaq sahəsini alqı-satqı yolu ilə onlardan aldığını bildirmişdir. İddiaçı qeyd olunan hüquqmüəyyənedici sənəd olan Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunda 02 dekabr 2004-cü ildə 4Ə/6-1144 reyestr nömrəsi ilə qeydə alınmış alqısatqı müqavələsi əsasında cavabdeh orqana müraciət edərək, həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh orqan imtinasının əsası kimi mübahisəli torpaq sahəsinin ölçüləri ilə bağlı uyğunsuzluğun olmasını göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsaslı olmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində qeyd edilmişdir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8-ci maddəsinə əsasən Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. İnzibati işin araşdırılması zamanı müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsi Xaçmaz rayonu 1 saylı dövlət notariat kontorunda 02 dekabr 2004-cü ildə 4Ə/6-1144 reyestr nömrəsi ilə qeydə alınmış alqı-satqı müqaviləsi əsasında satıcılar X11, X6, X9, X8, X10 tərəfindən ******* manat qarşılığında satılmışdır. Qeyd olunan müqavilə ilə əlaqədar notariat işi məhkəə sorğusu əsasında Dövlət Notariat Arxivi tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin notariat işinin tədqiqi zamanı müəyyən edilmişdir ki, iddiaçıya satılmış 0.06 ha torpaq sahəsi JN-191B, KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında satıcıların, yəni X13, X11, X6, X9, X8, X3 mülkiyyətində olmuşdur. Qeyd olunan 191B, KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”də isə mübahisə predmeti olan 0.06 ha torpaq sahəsinin X13, X11, X6, X9, X8, X3 mülkiyyətinə Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli qərarı ilə ayrıldığı qeyd edilmişdir. Məhkəmə tərəfindən şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin araşdırılması zərurəti yarandığından aidiyyatı üzrə müvafiq orqanlara sorğular verilmişdir. Məhkəməyə sorğu əsasında daxil olmuş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli qərarına əlavə edilmiş adlı siyahıdan görünür ki, X13 və ailə üzvlərinə faktiki olaraq 0.11 ha torpaq sahəsi ayrılmışdır. Məhkəməyə sorğu əsasında Xaçmaz rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli protokolundan və adlı siyahıdan görünür ki, X13 və ailə üzvlərinə 0.11 ha torpaq sahəsi ayrılmışdır. Məhkəməyə sorğu əsasında Xaçmaz rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli protokolundan və adlı siyahıdan görünür ki, X13 və ailə üzvlərinə 0.11 ha torpaq sahəsi ayrılmışdır. Qeyd edilən 0.11 ha torpaq sahəsi JN-191A KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında iddiaçıya satılmışdır. Göründüyü kimi məhkəmə araşdırılması zamanı mübahisəli 0.06 torpaq sahəsinin X13 və ailə üzvlərinə ayrılmasına dair heç bir hüquqmüəyyənedici sənədlər aşkar edilməmiş, həmin torpaq sahəsinin Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 12 nömrəli, 27 noyabr 1998-ci il tarixli qərarı ilə sonunculara ayrıldığı müəyyən edilməmişdir. Eyni zamanda 0.06 ha torpaq sahəsinə dair 191B, KOD 30217048 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qanunvericiliyin tələblərinə zidd olaraq əsassız tərtib edilməsi iddiaçının ifadəsi ilə də öz təsdiqini tapmışdır. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olunur ki, inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair öhdəliyin icrası haqqında hazırkı iddia üzrə sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi cavabdehin imtinasını zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir (İPM-14.2), cavabdehə qanunvericiliklə verilmiş səlahiyyətlərin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmur, cavabdehin imtinası qanunazidd olmamış və bu səbəbdən iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun olmaqla, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 13.2 və 17-ci maddələri). İPM-nin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının tələbi qanunun tələblərinə uyğun olmadığından cavabdeh orqan tərəfindən haqlı olaraq müraciətinin təmin edilməsindən imtina edilmişdir. Beləliklə yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Notariat Kontorunun xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Xaçmaz rayon Notariat Kontorunun xx.xx.2004-cü il tarixli alqı-satqı müqaviləsi əsasında əldə etdiyi 0.06 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar