Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2515/2024 18.12.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iş üzrə (“müharibə veteranı” adı və vəsiqəsinin verilməsi) GİRİŞ HİSSƏ: Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Maxsudova Ülkər Taleh qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçıya “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.N2-ci il tarixdə Şamaxı rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə göndərilmişdir. xx.xx.N2-ci il tarixdə N saylı hərbi hissənin (N2-ci ildə tarixdə) komandirinin 4 saylı əmri ilə bütün növ təminatlara daxil edilərək sıravi əsgər kimi sürücü vəzifəsinə təyin edilmiş və 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. Hal-hazırda onda olan sənədlərə görə o vaxtkı N saylı hərbi hissə komandirinin N iyun N2-ci il tarixli 4 saylı əmrinə əsasən şəxsi heyətin siyahısına bütün növ təminatlara daxil edilərək sıravi əsgər kimi sürücü vəzifəsinə təyin edilmişdir. Yekunda sülh dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə isə nizami xidmətdən kənar hərbi xidmətə yararlı hesab olunaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli, 3/5-1517 saylı sərəncamı ilə tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli 72 saylı nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. Hərbi xidməti müddətində hər hansı qanunsuz hərəkəti və cinayəti olmamışdır. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi xx.xx.2023-cü il tarixli imtina aktında onun guya dəfələrlə hərbi hissəni özbaşına tərk etməsi halları yalan və uydurmadır. Əgər belə hallar olsaydı iddiaçı cinayət məsuliyyətinə cəlb olunardı. Lakin o heç vaxt fərariliyə və ya xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməyə görə cinayət məsuliyyətinə (hətta intizam məsuliyyətinə) cəlb olunmamışdır. Amma bu ərizəyə daxil etdiyi cavabdeh tərəfindən verilən sənədlərdə yazılıb ki, guya xidmət etdiyi hərbi hissəni dəfələrlə özbaşına tərk edib sonra yenidən xidmətə qayıtmışdır. Lakin belə hala rast gəlinmir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli. 212-10295 saylı imtina aktında yazılmışdır ki, guya iddiaçı döyüş əməliyyatlarında iştirak etməmişdir. Bu da yalandır. Belə ki, iddiaçı döyüş bölgəsində hərbi xidmət etmişdir. Notarial qaydada təsdiq edilmiş hərbi biletində yazılanlardan görünür ki, iddiaçı N saylı hərbi hissədə xidmətdə olmuşdur. N0 saylı, 27 dekabr N4-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədə yazılanlardan görünür ki, iddiaçı xx.xx.N3-xx.xx.N3-cü illərdə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müayinə və müalicədə olmuşdur. Bu xəstəlik şəhadətnaməsində N3-cü ilin aprel ayında Kəlbəcər rayonunda gedən döyüşlərin iştirakçısı olması faktı da yazılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı ilə həm dinc, həm də müharibə dövründə yararsız hesab olunmuşdur. 2 səhifədən ibarət rus dilində yazılmış N0 saylı, xx.xx.N4-cü il tarixli Xəstəlik haqqında şəhadətnamədə yazılanlar da yuxarıda qeyd edilənləri təsdiq edir. Lakin cavabdehin iddiaçıya göndərdiyi imtina aktında yuxarıda qeyd etdiyi səbəbləri (guya dəfələrlə xidmət etdiyi hərbi hissəni özbaşına tərk etməsi və guya döyüş əməliyyatlarında iştirak etməməsi) göstərməklə ona indiyədək müharibə veteram adı və vəsiqəsi verməmişdir.
2. Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək işin sonuncu şifahi məhkəmə baxışı iclası 11 dekabr 2024 -cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh tərəfindən iddia tələbinə münasibət bildirilmiş və onunla əsaslandırılmışdır ki, iddiaçı N iyun N2-13 mart N5-ci il tarixləri aralığında döyüş əməliyyatları aparılan dövrdə hərbi hissəni dəfələrlə tərk etmiş, habelə iddiaçının xidmət etdiyi hərbi hissə döyüş əməliyyatlarında iştirak etməmişdir. Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.N8-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “ “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndinə əsasən “Müharibə veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Habelə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 №-li qərarı ilə təsdiq edilmiş ““Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə olunmuş qeydində göstərilib ki, Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslər istisna olmaqla, Azərbaycan Respublikası ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə “Müharibə veteranı” adı verilə bilməz. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə qanuna müvafiq qaydada məlumatlandırılmasına baxmayaraq məkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab edir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər
İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materialların məzmununa istinad edilir və onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. İş materiallarında olan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 2/2- 10295 nömrəli 13 noyabr 2023-cü il tarixli məktubu ilə iddiaçı barəsində müsbət qərar qəbul edilməməsi müəyyən olunmuşdur. İşdə olan Kəlbəcər Hərbi Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubuna əsasən iddaçının barəsində cinayət işi istintaq edilməmiş, araşdırma aparılmamışdır. İş materiallarına iddiaçıya məxsus hərbi bilet, xəstəlik haqqında şəhadətnamə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Arxiv arayışı da əlavə edilmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ:
4. İddianın növü və mümkünlüyü
Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini yoxlamalıdırlar. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq müəyyən edilmişdir ki, iddiaçı həmin dövrdə Müdafiə Nazirliyinin şəxsi heyətinə mənsub olduğu üçün bu qəbildən olan iddialar qanunvericiliklə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid edilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı cavabdehə müraciət etmiş, inzibati orqan isə iddiaçının ərizəsinin icrasından sonuncu dəfə xx.xx.2023-cü ildə imtina etmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın(cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İddiaçının yaşayış yeri Qobustan rayonu olduğundan məhkəmə hesab edir ki, aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.
5. Tətbiq edilən hüquq
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu
3-cü maddə: Aşağıdakı şəxslər müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədarəlilliyi müəyyən edilmişşəxslər istisna olmaqla, Azərbaycan Respublikasınınərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmətyerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş(2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və yabarələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.
Maddə 7. Veteran adlarının və vəsiqələrin verilməsi. Müharibə veteranı, Silahlı qüvvələrin veteranı, əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.N5-ci il tarixli 216 saylı qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamə
1. Müharibə veteranları adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevral 1-dən N4-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - Naxçıvan Muxtar Respublikası ( Kərki kəndi də daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın Qubadlı, Zəngilan ( Seyidlər kəndi də daxil olmaqla), Cəbrayıl, Füzuli, ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy ( Qasım İsmayılov və Şaumyan (kənd),Daşkəsən, Göygöl ( keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu , Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünü müdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N4-cü ilin 12 may tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən,bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət ( yaralanma,travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti,Azərbaycan RespublikasıPrezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə vəX1 Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyivə hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd: Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədarəlilliyi müəyyən edilmişşəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 dekabr tarixli 1513 nömrəli Fərmanı:
1. N7-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: ... 1.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat;
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi
Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu
12.2-ci maddə: İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır 12.3-cü maddə: İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 13.1-cü maddə: İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. 19-cu maddə: İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.
6. Məhkəmənin mövqeyi
İşin hallarında göründüyü kimi iddiaçı N2-N5-ci illərdə Azərbaycan Ordusunda hərbi xidmət keçmişdir. 11 mart N5-ci ildə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin xx.xx.2023-cü il tarixli arxiv arayışından da göründüyü kimi (8 noyabr N2-ci il tarixli 100 nömrəli əmr) iddiaçının adı Ağdam döyüş əməliyyatları rayonunda döyüş əməliyyatlarında iştirak edən şəxsi heyətin siyahısında qeyd edilmişdir. İddiaçı barədə xəstəlik haqqında şəhadətnamədən göründüyü kimi onun həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız olması və hərbi xidmət dövründə xəsarət alması qeyd edilmişdir. Arxiv arayışında da qeyd edildiyi kimi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin xx.xx.N5-ci il tarixli 3/5-1517 nömrəli sərəncamı ilə iddiaçı tərxis olunduğu üçün N nömrəli hərbi hissə komandirinin N mart N5-ci il tarixli 72 nömrəli nizami hissə üzrə əmrilə şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılaraq hərbi komissarlığa göndərilmişdir. Həmçinin, iddiaçıya hərbi xidmət dövrü ilə əlaqədar 3-cü dərəcə əlilliyə uyğun olaraq 4400 manat müavinət köçürülmüşdür. Bundan əlavə məhkəmə sorğusu nəticəsində əldə edilmiş Kəlbəcər Hərbi Prokurorluğunun məktubundan da göründüyü kimi iddiaçı barəsində cinayət işi istintaq edilməmiş, araşdırma aparılmamışdır. Qeyd olunan maddi hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçının adının döyüş əməliyyatı aparılan hərbi hissədə qeyd edilməsi, habelə onun hərbi xidmət dövründə əlilliyinin müəyyən edilməsi və Hərbi Həkim Komissiyasının qərarına əsasən hərbi xidmət dövründə alınması, eləcə də hərbi hissə komandirinin əmri ilə şəxsi heyətin siyahısından çıxarılması onun qanuni əsasla ehtiyata buraxılması kimi qiymətləndiirlməlidir. Belə olan halda cavabdehin imtinası əsassız hesab edilməli, iddia tələbi isə təmin edilməlidir.
NƏTİCƏVİ HİSSƏ: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı “müharibə veteranı” adının və vəsiqəsinin verilməsi ödəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən (elektron kabinetdə yerləşdirildiyi vaxtdan) 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim İmran Burcayev