Məhkəmə qərarları › İş №2-1(118)-2516/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2516/2024

07.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2516/2024 07.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “17 may 2023-cü il tarixli, 2V-535 reyestr qeydiyyat nömrəli, 17 may 2023-cü il tarixli, 2V-536 reyestr qeydiyyat nömrəli və 17 may 2023-cü il tarixli, 2V-537 reyestr qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr əsasında onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin qeyddən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib JN: 102 nömrəli, KOD 30318018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”, JN: 103 nömrəli, KOD 30318018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”, 17 may 2023-cü il tarixli, 2V-535 reyestr qeydiyyatı nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə, 17 may 2023cü il tarixli, 2V-536 reyestr qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə və 17 may 2023-cü il tarixli, 2V-537 reyestr qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə əsasında onun mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin qeyddən çıxarışın və texniki paspotun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, JN: 102 nömrəli, KOD 30318018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktından göründüyü kimi, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə Quba rayon Küpçal kənd ərazisində yerləşən 1.24 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X3 və X1 mülkiyyət hüququ 28 dekabr 1999-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində Dövlət aktı qeydiyyat kitabında 102 nömrə ilə qeydə alınmış və həmin qeyd əsasında onların adına JN: 102 nömrəli, KOD 30318018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir. X6 onun anası, X4 onun bacısıdır. JN: 103 nömrəli, KOD 30318018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”-nın əslindən göründüyü kimi, Quba rayon Aqrar İslahat Komissiyasının 18 noyabr 1998-ci il tarixli, 15 nömrəli qərarı ilə Quba rayon Küpçal kənd ərazisində yerləşən 0.62 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə X2 mülkiyyət hüququ 28 dekabr 1999-cu il tarixdə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsində Dövlət aktı qeydiyyat kitabında 103 nömrə ilə qeydə alınmış və həmin qeyd əsasında onun adıma JN: 103 nömrəli, KOD 30318018 kodlu “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” verilmişdir.X5 onun bacısıdır. 17 may 2023-cü il tarixli, 2V-535 reyestr qeydiyyatı nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən göründüyü kimi o, xx.xx.2013cü il tarixdə vəfat etmiş X3 vərəsəsidir və miras əmlakın tam hissəsindən paya malikdir. 17 may 2023-cü il tarixli, 2V-536 reyestr qeydiyyatı nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən göründüyü Şəhadətnamənin əslindən göründüyü kimi mən, xx.xx.2004-cü il tarixdəı vəfat etmiş X2 vərəsəsi xx.xx.2013-cü il tarixdə vəfat etmiş X3 vərəsəsidir və miras əmlakın tam hissəsindən paya malikdir. 17 may 2023-cü il tarixli, 2V- 537 reyestr qeydiyyatı nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamədən göründüyü kimi mən, xx.xx.2009-cü il tarixdəı vəfat etmiş X1 vərəsəsidir və miras əmlakın tam hissəsindən paya malikdir. İddiaçı, ümumilikdə 1.86 hektar olan həmin torpaq sahələrindən ibarət miras əmlakları qəbul etdikdən dərhal sonra torpaq sahələrinə faktiki sahiblik edərək torpaq sahəslərinə öz mülkiyyətim kimi aqrar qulluq edərək əkib becərərək kənd təsərrüfatı məhsulları istehsal etmişdir. Mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin qeyddən çıxarışın verilməsi üçün cavabdeh təşkilata müraciət etmiş, lakin onun müraciəti xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2- 14801/2023 nömrəli məktub ilə müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı Quba rayonu, Küpçal kəndi arazisində yerləşən 1.86 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı müraciət etdiyiniz, 1.86 ha torpaq sahəsinin naturada faktiki istifadəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan torpaq sahəsinə-uyğun deyil fərqlidir. Bundan əlavə, torpaq sahəsinin bir hissəsi digər şəxsin istifadəsindədir. Yuxarıda qeyd olunanları nəzərə alaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan. Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından xx.xx.2023-ciüil tarixli, 3-21-3-34/2-14801/2023 nömrəli məktubla imtina olunmuşdur. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-14801/2023 nömrəli imtina məktubu, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş JN-102 nömrəli, KOD 30318018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktın surəti, JN-103 nömrəli, KOD 30318018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktın surəti, 17 may 2023-cü il tarixli, 2V-535 reyestr qeydiyyat nömrəli, 17 may 2023-cü il tarixli, 2V-536 reyestr qeydiyyat nömrəli və 17 may 2023-cü il tarixli, 2V-537 reyestr qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı oğlu DƏDKR-in 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, 3-21-3-34/2-14801/2023 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Quba rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, JN: 102 nömrəli və JN-103 nömrəli KOD 30318018 kodlu “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktlarına əsasən iddiaçının anası Gültavar Poladova və iddiaçının bacısı Familə Poladovaya ümumilikdə 1.86 ha torpaq sahəsi ayrılmışdır. Gültavar, Familə Poladovalar vəfat etdikdən sonra iddiaçı onların qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında vərəsəsi sayılmış və 1.86 ha torpaq sahəsi onun faktiki sahibliyindədir. İddiaçı qanun üzrə vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququna dair daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və reyestrdən çıxarışın verilməsi barədə cavabdehə müraciət etmiş, lakin cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir. Məhkəmə qeyd edir ki, “Hüquqların dövlət qeydiyyatından imtina”nın əsasları “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15ci maddəsində öz əksini tapmışdır. Araşdırma zamanı iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtina olunması üçün həmin maddədə qeyd olunan hallardan heç biri müəyyən olunmamışdır. Belə ki, daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində öz əksini tapmışdır.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün həmin maddədə göstərilən əsaslardan biri 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hesab olunur ki, Quba rayonu, Küpçatal kəndi ərazisində yerləşən, 1.86 ha torpaq sahəsinə iddiaçının anası və bacısının mülkiyyət hüququ qeydə alınmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı qanun üzrə vərəsəlik hüququ əsasında torpaq sahəsi üzərində mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmalıdır. Cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumentlər, iddiaçının 1.86 ha torpaq sahəsinin naturada faktiki istifadəsindəki torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan torpaq sahəsinə uyğun olmaması və torpaq sahəsinin bir hissəsi digər şəxsin istifadəsində olmasının bildirilməsidir. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentə, yəni iddiaçının 1.86 ha torpaq sahəsinin naturada faktiki istifadəsindəki torpaqların elektron kadastr uçotu informasiya sistemində (TEKUİS) olan torpaq sahəsinə uyğun olmamasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçının istifadəsində olan torpaq sahələri iddiaçıya və onu hüquqi sələflərinə Quba rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında verilmiş torpaq sahələrinin faktiki yerləşmə yerinin TEKUİS-də uyğun gəlməməsi ilə bağlı gətirdiyi dəlil öz təsdiqini tapmır. Belə ki, İddiaçı mülkiyyətində olan 0.4198 ha torpaq sahəsinə dair DƏDRX-in 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş plan və ölçü sənədinın kadastr göstəriciləri qrafasında əks olunmuş rəqəmli (elektron) kadastr xəritəsindən çıxarışda göstərilən sxem ilə DTXK-nın Quba rayon şöbəsi tərəfindən tərtib etdiyi dövlət aktlarının cizgisində əks olunmuş fotogörüntü müqayisə olunarkən məlum olur ki, mübahisə predmeti olan torpaq sahələrinin konfiqurasiyası və yerləşmə yerləri ilə bağlı hər hansı bir fərq mövcud deyil. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi birinci arqument əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni torpaq sahəsinin bir hissəsi digər şəxsin istifadəsində olmasına münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, qeyd olunan torpaq sahələrinin başqa şəxs tərəfindən istifadə olunması həmin torpaq sahəsinin üzərində istifadə etdiyi iddia olunan şəxsin mülkiyyət hüququnun yaranması üçün əsas deyil. Belə ki, Qanunvericilikdə mülkiyyət hüququnun, əmlakdan istifadə və sahiblik hüququnun yaranmasının əsasları geniş şəkildə öz əksini tapmışdır. Qeyd olunan normaların tələbləri baxımından hər hansı bir hüquqi əsas olmadan torpaq sahəsindən istifadə nəticəsində mülkiyyət hüququnun yaranması nəzərdə tutulmayıb. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın bu səpkidə gətirdiyi arqument də əsassızdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Belə olan halda cavabdeh təşkilat mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququna dair çıxarış və plan ölçü sənədi verməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 13.11-ci maddəsinə əsasən Dövlət reyestri kağız üzərində və elektron formada aparılır. Dövlət reyestrinin kağız üzərində və elektron formada yazılar bir-birinə uyğun gəlmədikdə kağız üzərindəki məlumata üstünlük verilir. Dövlət reyestrindəki yazılarla hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər arasında uyğunsuzluq olduqda sənədlərə üstünlük verilir. Torpaq mülkiyyət və istifadə hüququna dair sənədlərin hazırlanması, qeydiyyatı və verilməsi həmin dövrdə qüvvədə olmuş xx.xx.1997-ci il tarixli 534 nömrəli Fərmanla təsdiq edilmiş eyniadlı Əsasnamə ilə tənzimlənir. Həmin Əsasnamənin 4, 10, 11-ci bəndlərinə görə, torpağa mülkiyyət və daimi istifadə hüquqlarına dair dövlət aktları, torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə 2 nüsxədən ibarət hazırlanır. Dövlət aktlarının və şəhadətnamələrin ilkin torpaqayırma sənədləri Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Yerqurluşu Lahiyə İnstitunun arxivində müddətsiz olaraq saxlanır. Dövlət aktı və şəhadətnamənin verilməsi xüsusi qeydiyyat kitabında əks etdirilir. Qeydiyyat kitabında qeydə almanın rayon (şəhər) torpaq şöbələri həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. 17 may 2023-cü il tarixli, 2V-535 reyestr qeydiyyat nömrəli, 17 may 2023-cü il tarixli, 2V-536 reyestr qeydiyyat nömrəli və 17 may 2023-cü il tarixli, 2V-537 reyestr qeydiyyat nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamələr əsasında İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq həmin qeyddən çıxarışın və texniki pasportun verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar