Məhkəmə qərarları › İş №2-1(118)-2517/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2517/2023

18.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2517/2023 18.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X2 Mövlətxan oğlunun katibliyi ilə İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı Xaçmaz Bələdiyyəsinin Cavabdeh qarşı “Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılmasına dair Xaçmaz rayon Xaçmaz Bələdiyyəsi ilə Camalova (Cavadova) Rəna Telman qızı arasında bağlanmış 15 iyul 2003cü il tarixli alqı-satqı aktının etibarsız hesab edilməsi, həmin 0.30 ha torpaq sahəsinə dair cavabdeh X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2007-ci il tarixli **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestr qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasına” dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Xaçmaz Bələdiyyəsi Cavabdeh qarşı iddia qaldıraraq “Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılmasına dair Xaçmaz rayon Xaçmaz Bələdiyyəsi ilə Camalova (Cavadova) Rəna Telman qızı arasında bağlanmış 15 iyul 2003-cü il tarixli alqı-satqı aktının etibarsız hesab edilməsi, həmin 0.30 ha torpaq sahəsinə dair cavabdeh X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2007-ci il tarixli **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestr qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsində qeyd edilir ki, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarı ilə Cavabdeh ictimai iaşə obyektlərinin tikintisi üçün Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan parkdan 0,30 ha torpaq sahəsinin satılması qərara alınmışdır. Həmin qərar əsasında 15 iyul 2003-cü il tarixdə Xaçmaz bələdiyyəsi ilə cavabdeh Camalova (Cavadova) Rəna Telman qızı arasında göstərilən 0,30 ha torpaq sahəsinin satılması barədə alqı-satqı aktı tərtib edilmiş və xx.xx.2007-ci il tarixdə DƏDRXnin 5 saylı Xaçmaz Ərazi İdarəsindən cavabdeh Camalova (Cavadova) Rəna Telman qızının adına 0,30 ha torpaq sahəsinə mülkiyyət hüququna dair MH seriyalı, ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli Hüquqların dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilmişdir. Xaçmaz bələdiyyəsinin xx.xx.2020-ci il tarixli, 10 nömrəli qərarı ilə Xaçmaz bələdiyyəsinin mülkiyyətində olan parkdan 0,30 ha torpaq sahəsinin Camalova (Cavadova) Rəna Telman qızına satılmasına dair 10 aprel 2003-cü il tarixli 05 saylı qərarı ləğv edilmişdir. Bundan sonra Xaçmaz rayon Xaçmaz bələdiyyəsi cavabdeh Camalova (Cavadova) Rəna Telman qızına qarşı Xaçmaz Rayon Məhkəməsində “Bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əsasən cavabdehə 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatının ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” tələbinə dair iddia qaldırmış, Xaçmaz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(067)- 272/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Xaçmaz bələdiyyəsinin Camalova (Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması barədə (15 iyul 2003-cü il tarixli) alqısatqı aktı və Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş MU seriyalı ******* nömrəli, **********26 reyestr nömrəli, ********* qeydiyyat nömrəli, xx.xx.2007-ci il qeydiyyat tarixli reyestr qeydinin ləğv edilməsi, həmin alqı-satqı aktına əsasən Camalova (Cavadova) Rəna Telman qızının istifadəsində olan 0,2454 ha torpaq sahəsinin boşaldılması qət edilmişdir (X6). Həmin qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 22 iyul 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətini təmin edilmədən, iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsini dəyişdirilmədən saxlanılmışdır (sədrlik edən və məruzəçi hakim L.M.Məmmədova, hakimlər T.O.Quliyev və G.F.Tağızadə). Cavabdehin kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 15 dekabr 2021-ci il tarixli qərarı ilə kassasiya şikayətini qismən təmin edərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasını 22 iyul 2021-ci il tarixli qətnaməsini ləğv edib mülki işi yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarmışdır (sədrlik edən və məruzəçi hakim İ.R.Xələfov, hakimlər O.G.Nurməmmədov və Z.Ə.Əliyev). Yenidən apellyasiya qaydasında işə baxmış Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 06 may 2022-ci il tarixli qətnaməsi ilə Apellyasiya şikayətini qismən təmin edərək iş üzrə Xaçmaz Rayon Məhkəməsinin 23 aprel 2021-ci il tarixli qətnaməsini iddianın təmin olunan hissəsində ləğv edib, həmin hissədə iddianı rədd etmişdir (sədrlik edən və məruzəçi hakim T.Q.Məmmədov, hakimlər Ş.T.Abasov və S.A.Qafari). Kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 13 dekabr 2022-ci il tarixli, 2( İO2)-5228/2O22 saylı qərarı ilə kassasiya şikayətini qismən təmin edərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 06 may 2022-ci il tarixli, 2(105)- 781/2022 saylı qətnaməsini ləğv edib iddiaçı Xaçmaz bələdiyyəsinin cavabdeh Camalova(Cavadova) Rəna Telman qızına qarşı “bələdiyyənin 10 aprel 2003-cü il tarixli, 05 saylı qərarına əsasən cavabdeh Camalova(Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” iddiasına dair mülki iş üzrə icraata xitam verilmişdir. Həmin qərarda qeyd olunur ki, “İnzibati və mülk hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatına dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 04 saylı Qərarının 6.1-ci bəndinə görə torpaq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyatı müəyyən edilərkən, nəzərə alınmalıdır ki, dövlətin və bələdiyyənin mülkiyyətində olan torpaqların fiziki və hüquqi şəxslərin mülkiyyətinə, istifadəsinə və icarəsinə verilməsi dövlət orqanının və ya bələdiyyənin qərarı ilə həyala keçirildiyindən fiziki və hüquqi şəxslərlə hakimiyyət səlahiyyətlərinin subyektləri olan həmin orqanlar arasında onların torpaqla bağlı qərarlarından, hərəkətlərindən (hərəkətsizliklərindən) verilən iddialara inzibati məhkəmə İcraatında baxılır. Apellyasiya instansiyası məhkəməsi sadalanan maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iddiaçının cavabdehə qarşı “bələdiyyənin 10 aprel 2003cü il tarixli 05 saylı qərarına əsasən cavabdeh Camalova(Cavadova) Rəna Telman qızına 0,30 ha torpaq sahəsinin satılması haqqında alqı-satqı aktının, həmin torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydin ləğv edilməsi və torpaq sahəsinin boşaldılması” barədə tələblərinə məhkəmə aidiyyatı üzrə İnzibati məhkəmədə baxılmalı olmasını nəzərə almayıb. Göründüyü kimi Apellyasiya instansiyası məhkəməsi məhkəmə aidiyyatı qaydalarını pozub və qüvvədə olan prosessual normalara görə inzibati icraat qaydasında baxılmalı olan tələblərə mülki məhkəmə icraatı qaydasında baxıb. Kassasiya instansiyası məhkəməsi sadalanan prosessual normaların tələblərini əsas tutub hesab edir ki, hazırki işə mülki mühakimə icraatı qaydasında baxılmalı olmadığından, iddiaçının kassasiya şikayəti qismən təmin edilməsi, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməli və iddiaçıya yuxarıda göstərilən tələblər üzrə aidiyyatı İnzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. İddiaçı tərəf hüquqi yardım edilməsi üçün məhkəməyə dəvət edilmiş, məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iştirak etmiş, ona hüquqi yardım edilmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat vermiş, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı, Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılmasına dair Xaçmaz rayon Xaçmaz Bələdiyyəsi ilə Camalova (Cavadova) Rəna Telman qızı arasında bağlanmış 15 iyul 2003-cü il tarixli alqı-satqı aktının etibarsız hesab edilməsini, həmin 0.30 ha torpaq sahəsinə dair cavabdeh X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2007-ci il tarixli **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestr qeydinin ləğv edilməsi və həmin torpaq sahəsinin cavabdeh tərəfindən boşaldılmasını istəyir. İddia tələbi aşağıdakı əsaslara görə mümkün sayıla bilməz:

1. Cavabdeh qismində fiziki şəxsin göstərilməsi, cavab verməli olmayan şəxsə tələb irəli sürülməsi.

2. Alqı-satqı müqaviləsinin müqavilə öhdəliklərinə aid olması, inzibati məhkəmə icraatı qaydasında baxıla bilməməsi

3. Hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair Çıxarışın ləğv edilməsi tələbi ilə səlahiyyətli inzibati orqana müraciətin olmaması

4. Torpaq sahəsinin boşaldılması tələbinin mülki məhkəmə icraatının predmetinə aid olması İlkin olaraq məhkəmə qeyd edir ki, iddiaçı Xaçmaz bələdiyyəsi tərəfindən cavabdeh qismində Camalova (Cavadova) Rəna Telman qızı qeyd edilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1-ci maddəsinə əsasən həmin qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Məhkəmə təcrübəsindəndə bilindiyi kimi inzibati məhkəmə icraatı qaydasında baxılan işlərdə əsasən inzibati orqanların qərar və hərəkətləri mübahisələndirilir bu zaman cavabdeh kimi inzibati orqanlar iştirak edir. Hazırkı halda fiziki şəxsin cavabdeh kimi göstərilməsi iddianın mümkünsüzlük əsasını təşkil edir. Bundan əlavə iddiaçı eyni zamanda Camalova (Cavadova) Rəna Telman qızına 0.30 ha torpaq sahəsinin satılmasına dair Xaçmaz rayon Xaçmaz Bələdiyyəsi ilə Camalova (Cavadova) Rəna Telman qızı arasında bağlanmış 15 iyul 2003-cü il tarixli alqısatqı aktının etibarsız hesab edilməsini xahiş edir. Göründüyü kimi bu mübahisə torpağın alqı-satqı müqaviləsi yolu ilə satılması ilə bağlıdır və bu mübahisələr inzibati məhkəmə icraatının araşdırma predmetinə daxil deyil. İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 04 saylı qərarının 6.2-ci bəndindədə qeyd olunmuşdur ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, alqı-satqı müqaviləsi əsasında verilmiş çıxarış inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi kimi yox, hüquqi aktın qəbul edilməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda adı qeyd olunan qərarında qeyd olunmuşdur ki, DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi “passiv legitimləşdirmə” fəaliyyətini nəzərdə tutur. Həmin qərarda qeyd olunur ki, daşınmaz əmlakın alqı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.” Göründüyü kimi müvafiq mübahisələrə hansı hallarda inzibati məhkəmə icraatı qaydasında, hansı hallarda mülki məhkəmə icraatı qaydasında baxılmalı olması meyarları müəyyən edilmiş və məhkəmə təcrübəsidə bu meyarlar əsasında formalaşmışdır. Torpaq sahəsinin alğı-satqı müqaviləsi inzibati akt hesab olunmadığına görə bu müqavilələrin ləğvinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Həmçinin məhkəmə qeyd edir ki, bələdiyyə qərarı ləğv olunmuşdursa, müvafiq alğı-satqı aktı mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair 19 may 2014-cü il tarixli qərarındakı hüquqi mövqeyə əsasən həmin alğı-satqı əsasında aparılmış qeydlərin ləğvini də mülki məhkəmə icraatı qaydasında tələb edilə bilər. İddiaçıya izah olunsun ki, alqı-satqı müqaviləsinin ləğv edilməsinə dair iddia tələbi mülki hüquq münasibətlərinə aid olduğundan mülki hüquqi müdafiə vasitələrindən istifadə etmə hüququna malikdir. Məhkəmə eyni zamanda qeyd edir ki, əmlakla bağlı hüquqların qeydiyyatını aparan inzibati orqanın hərəkətlərində qanun pozuntusu olduğu halda iddiaçı 0.30 ha torpaq sahəsinə dair hazırkı iş üzrə cavabdeh X1 hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2007-ci il tarixli **********6 reyestr nömrəli, ********* qeydiyyat nömrəli reyestr qeydinin ləğv edilməsi tələbi ilə səlahiyyətli inzibati orqana müraciət etmək, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən inzibati məhkəmə icraatı qaydasında iddia qaldırmaq hüququna malikdir. Eyni zamanda torpaq sahəsinin fiziki şəxs tərəfindən boşaldılması tələbinin inzibati məhkəmə icraatı qaydasında baxıla bilməsinin heç bir hüquqi əsası yoxdur. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar