Məhkəmə qərarları › İş №2-1(118)-2517/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2517/2024

28.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2517/2024 28.06.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə Açar sözlər: daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 28 iyun 2024-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. Abşeron rayonu X14 5 iyul 2012-ci il tarixli, F-414 nömrəli məktubu ilə göndərilmiş Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə nümayəndəliyi üzrə 30 iyun 1998-ci il tarixli, 1 nömrəli Sərəncamından çıxarışdan görünür ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha torpaq sahəsinin 177 saylı ərazisi X4 57.093 manat torpaq vergisi ödənilmək şərti ilə 0,10 ha sahəsinin ayrılması və vətəndaşa fərdi mənzil tikməyə icazə verilməsi qərara alınmışdır.

2. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 21 sentyabr 2012-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi, ev 24 ünvanda yerləşən fərdi yaşayış evi X3 xüsusi mülkiyyətindədir, altında yerləşən 0,013 ha torpaq sahəsi bələdiyyənin mülkiyyətində olaraq, X3 istifadəsindədir.

3. Abşeron rayonu Saray Bələdiyyəsinin “Yerquruluşu planından çıxarış”da ayrılmış 0,0946 ha torpaq sahəsinin planı və ölçüsü göstərilmişdir (miqyas: 1:10.000).

4. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair 21 sentyabr 2012-ci il tarixli, 3796 inventar nömrəsi, **********90-10301 reyestr nömrəli “Daşınmaz əmlakın texniki pasportu” X5 verilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin planı və ölçüsü (miqyas 1:500), situasiya planı, qonşu sərhədləri, tikililərin mərtəbələr üzrə planı (miqyas: 1:100), torpağın faktiki sahəsi 0,0944 ha, tikinti altı sahəsi 0,01494 ha olaraq göstərilmişdir.

5. Abşeron rayonu Saray Bələdiyyəsinin 23 oktyabr 2023-cü il tarixli, 347 nömrəli məktubundan görünür ki, Həşimzadə (Əhmədli) Zərqələm Şükür qızının Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun 15 sentyabr 2004-cü il tarixli, 234870 nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi ev tikintisi üçün aldığı 0,0946 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etməmişdir.

6. 24 oktyabr 2023-cü il tarixli, AZ-İ seriyalı, 467614 nömrəli “Nikahın pozulması haqqında şəhadətnamə”dən görünür ki, X8 və X3 nikahları Sumqayıt Şəhər Məhkəməsinin 11 oktyabr 2011-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.

7. "xxxx" ASC-nin 7 dekabr 2023-cü il tarixli, 13-13/2-2/064-K-10494-5/2023 nömrəli arayışından görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 iyun 2005-ci il tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən İddiaçı məxsus, Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi, ev 24 ünvanında yerləşən torpaq sahəsi 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşir. Yuxarıda qeyd olunan torpaq sahəsi elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi bildirilərək, qeydiyyata alınmasına etiraz edilməmişdir.

8. İddiaçı tərəfindən verilmiş 8 dekabr 2023-cü il tarixli, **********543 nömrəli ərizədən görünür ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin 0,0054 ha hissəsinin azalmasına etirazın olmadığı bildirilmiş və yerdə qalan 0,0946 ha hissəsinə reyestrdən çıxarış və texniki pasportun verilməsi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən xahiş edilmişdir.

9. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin İddiaçı göndərilmiş 4 noyabr 2023-cü il tarixli, 3-21-3-32/2-13432/23 nömrəli məktubundan görünür ki, aparılan araşdırma zaman fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən edilmişdir. Belə ki, Abşeron rayon Saray qəsəbəsi üzrə nümayəndəsinin 30 iyun 1998-ci il tarixli, 1 nömrəli Sərəncamından çıxarışda torpaq sahəsinin ölçüsü 0,10 ha göstərildiyi halda, X1 planından çıxarışda torpaq sahəsinin ölçüsünün 0,0946 ha qeyd edildiyi müəyyən edilmişdir. Həmçinin, sözügedən fərdi yaşayış evindən 6,3 metr məsafədə yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağınının yerləşdiyi müəyyən edilmişdir. Qeyd edilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixdə, 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə əsasən, yerli icra hakimiyyəti başçısının qərarı əsasında onun yerli nümayəndələri tərəfindən yaşayış evinin tikintisi məqsədilə torpaq sahələrinin ayrılması barədə 2001-ci il yanvarın 1-dək verilmiş qərarlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab olunur. Bununla əlaqədar olaraq bildirilmişdir ki, 7 aprel 2022-ci il tarixdə, 1655 nömrəli Fərmanın 3-cü bəndinə uyğun olaraq yerli icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş müddət ərzində Fərmanın icrası ilə əlaqədar zəruri məlumatlar İqtisadiyyat Nazirliyinə təqdim edildikdən sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən, ərizənin icrasından imtina edilmişdir.

Cavabdehin etirazına qoşma şəklində əlavə edilmiş sənədlər:

10. 4 saylı Abşeron Ərazi İdarəsinin 27 oktyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı”ndan görünür ki, torpaq sahəsinə dair verilmiş 21 sentyabr 2012-ci il tarixli, **********90-10301 nömrəli texniki pasport üzrə ölçüsü 0,0944 ha, texniki göstəricilər - 0,0944 ha, faktiki 0,0946 ha olaraq göstərilmişdir. Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

11. "xxxx" ASC-nin 9 yanvar 2024-cü il tarixli, 13-9/2-39/15/24 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi, ev 24 ünvanında yerləşən İddiaçı məxsus 0,0946 ha torpaq sahəsi və fərdi yaşayış evi "xxxx" ASC-yə məxsus elektrik verilişi xətlərinin mühafizə zonasına düşmür.

12. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 17 yanvar 2024-cü il tarixli, 32/332/2- 00004/6 nömrəli məktubundan görünür ki, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşir, lakin həmin torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamış və 0,0944 ha torpaq sahəsi İddiaçı istifadəsindədir. Müraciətdə qeyd olunan ortofoto xəritəsindən çıxarış və torpaq sahəsinə dair bütün hüquqmüəyyənedici sənədlərin təsdiqlənmiş surətləri qoşma ilə göndərilmişdir: - 29 avqust 2012-ci il tarixli “Müayinə aktı”nın nəticə hissəsindən görünür ki, Saray qəsəbəsində yerləşən fərdi evi daş hasar daxilində 0,10 ha torpaq sahəsində yerləşir. - Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair 21 sentyabr 2012-ci il tarixli, 3796 inventar nömrəsi, **********90-10301 reyestr nömrəli “Daşınmaz əmlakın texniki pasportu” (§4); - 27 oktyabr 2023-cü il tarixli “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktı” (§10);

13. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin 6 aprel 2024-cü il tarixli, 32/332/2- 4359/24 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi TEKUİS (X6 X9) məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarına aid edilmişdir.

14. "xxxx" ASC-nin 22 may 2024-cü il tarixli, 13-13/2-1/16-6845/2024 nömrəli məktubundan görünür ki, Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi, ev 24 ünvanında yerləşən torpaq sahəsi "xxxx" ASC-nin balansında olan 6 kV-luq elektrik verilişi xəttinin mühafizə zonasında yerləşir, elektrik xəttinin istismarına maneə törətmədiyi bildirilir və qeydiyyata alınmasına etiraz edilmir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri

15. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi və yerləşdiyi 0,0946 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

16. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi və yerləşdiyi torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı 24 oktyabr 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli ərizə ilə cavabdehə müraciət edilsə də, cavabdeh tərəfindən ərizənin icrasından imtina edilmişdir (§7). İmtina məktubuna münasibətini bildirərək iddiaçı aşağıdakıları qeyd etmişdir: - Abşeron rayon İcra Hakimiyyəti başçısının Saray qəsəbə nümayəndəliyinin vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması haqqında 30 iyun 1998-ci il tarixli Sərəncamı ilə vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədi ilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı Sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha torpaq sahəsinin 177 saylı ərazisinin X4 57.093 manat torpaq vergisi ödəmək şərti ilə 0,10 ha sahə ayrılması və vətəndaşa fərdi mənzil tikməyə icazə verilmişdir. Lakin torpaq sahəsinin faktiki ölçüsü 0,0946 ha qeyd edilmişdir. Belə ki, Abşeron rayonu Saray Bələdiyyəsi tərəfindən iş üzrə cavabdehə ünvanlanmış məktubunda iddiaçının ünvan 5 2004-cü il tarixli, 234870 nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi ev tikintisi üçün aldığı 0,0946 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsinin etiraz etmədiyi bildirilmişdir. Məktubda da torpaq sahəsinin ölçüsü məhz 0,0946 ha olaraq qeyd edilmişdir. Abşeron rayonu X1 Planından çıxarışda da ayrılmış torpaq sahəsinin faktiki ölçüsü 0,0946 ha olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd edilir ki, cavabdeh tərəfindən torpaq sahəsinin ölçüsü ilə bağlı qeyd edilmiş halı aradan qaldırmaq məqsədi ilə torpaq sahəsinin ölçüsünün 0,10 ha torpaq sahəsinin 0,0054 ha hissəsinin azalmasına etirazı olmamasına dair iş üzrə cavabdehə notarial qaydada təsdiqlənmiş ərizə təqdim edilsə də, nəzərə alınmamışdır. - "xxxx" ASC-nin 7 dekabr 2023-cü il tarixli arayışında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 10 iyun tarixli, 103 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gərginliyi 1000 voltdan yuxarı olan elektrik şəbəkələrinin mühafizəsi Qaydaları”nın 5a saylı bəndinə əsasən iddiaçıya məxsus, Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi, ev 24 ünvanında yerləşən torpaq sahəsinin 6 kv-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşdiyi, qeyd olunan torpaq sahəsinin elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi və qeydiyyata alınmasına heç bir etirazlarının olmadığı qeyd edilmişdir.

17. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – “MM”) 139.1, 139.3, 139-1.1.1, 178.6-cı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1, 2.1, 2.2, 3.1, 8.0.1, 10.1, 10.2, 15.1-ci maddələrinə, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanına, prosessual hüquqi əsası kimi isə “İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanununun 17, 19.1, 19.2-ci maddələrinə istinad olunmuşdur.

18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

19. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

20. Cavabdeh iddia ərizəsinə etiraz təqdim edərək, iş üzrə imtinasının qanuni hesab edərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

21. Etirazın əsasları: - Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən 6,3 metr məsafədə yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağı yerləşmişdir; - Müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Belə ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 30 iyun 1998-ci il tarixli, 01 nömrəli sərəncamından çıxarışda torpaq sahəsinin ölçüsü 0,10 ha göstərildiyi halda X1 planından çıxarışında 0,0946 ha qeyd edildiyi aşkarlanmışdır.

22. Etirazın maddi hüquqi əsası kimi MM-in 139, 146, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46, 68-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiqlənməsi barədə Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 nömrəli Fərmanına 7 aprel 2022-ci il tarixdə 1655 nömrəli Fərmanla edilmiş dəyişikliyə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1, 8, 9, 11.1, 15, 23, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddələrinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları

23. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

24. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh öz nümayəndəsi ilə məhkəmə iclasında təmsil olunmamışdır.

25. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

26. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

27. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

28. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

29. 22 fevral 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi X7 etirazı müdafiə edərək, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

a) İddianın mümkünlüyü:

30. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

31. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

32. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

33. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

34. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

b) Tətbiq edilən hüquq:

35. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 13. Mülkiyyət Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. ... Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. ...

36. TM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur: Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri

1. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur.

2. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

“ Maddə 5 5 . Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...”

“Maddə 6 6 . Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər

1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur.

2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.

“Maddə 6 7 . Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi

1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. ...”

“Maddə 6 8 . Torpaq sahələri üzərində hüquqların yaranma vaxtı Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

37. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqlarınməhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-).

Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).

38. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır.

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-)

Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi Hüquqlarındövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir: 10.2. qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; (-)

39. “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” 28 oktyabr 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. X. Bu qanun qüvvəyə minənədək hüquqi və fiziki şəxslərin istifadəsinə verilmiş bələdiyyə torpaqları üzərində istifadə müddəti bitdikdən sonra, həmin torpaqlar yalnız açıq torpaq hərracı və ya müsabiqəsi vasitəsilə icarəyə verilə bilər. Xİ. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir (12 dekabr 2008-ci il tarixdə dərc edilmişdir).

40. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-).

Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər.

41. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.”

42. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

“Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.”

“Maddə 12. Bərabərlik prinsipi 12.1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. 12.4. İnzibati orqan diskresion səlahiyyətləri eyni üsulla və eyni qaydada həyata keçirməyə borcludur. Bu müddəa diskresion səlahiyyətlərin icrası ilə bağlı mövcud inzibati praktikanın dəyişdirilməsini istisna etmir.”

“Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz.”

“Maddə 15. Formal tələblərdən sui-istifadənin qadağan olunması 15.1. Qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; ...”

“Maddə 16. Hüququn tətbiqindən imtinanın qadağan olunması 16.1. Fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur. ...”

Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı (-) 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

43. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:

“Maddə 58. Sübutların araşdırılması qaydası ... 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. …”

“Maddə 68. Məhkəmə qərarının əsası

68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. …”

c) Məhkəmənin mövqeyi

44. Yuxarıda sadalanan normalardan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərdən hər hansı birinin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır.

45. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, vətəndaşların mənzil şəraitini yaxşılaşdırmaq məqsədilə Abşeron rayon İcra Hakimiyyəti başçısının 19 iyun 1998-ci il tarixli, 149 saylı sərəncamı ilə Saray qəsəbə İcra Hakimiyyəti nümayəndəliyinin istifadəsi üçün ayrılmış 24 ha torpaq sahəsinin 177 saylı ərazisi X4 57.093 manat torpaq vergisi ödənilmək şərti ilə 0,10 ha sahəsinin ayrılması və vətəndaşa fərdi mənzil tikməyə icazə verilməsi qərara alınmışdır. Torpaq sahəsi TEKUİS məlumatlarında bələdiyyə mülkiyyətinə verilən torpaqların daxilində yerləşən torpaq sahəsi olaraq qeyd olunmuşdur və kateqoriyasına görə yaşayış məntəqələri torpaqlarına aid edilmişdir.

46. İddiaçının Abşeron rayon 2 saylı Dövlət Notariat Kontorunun 15 sentyabr 2004-cü il tarixli, 234870 nömrəli alqı-satqı müqaviləsinə əsasən fərdi ev tikintisi üçün aldığı 0,0946 ha torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə Saray bələdiyyəsi etiraz etməmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə dair 21 sentyabr 2012-ci il tarixli, 3796 inventar nömrəsi, **********90-10301 reyestr nömrəli “Daşınmaz əmlakın texniki pasportu” iddiaçıya verilmişdir. Həmin texniki pasportda torpaq sahəsinin planı və ölçüsü (miqyas 1:500), situasiya planı, qonşu sərhədləri, tikililərin mərtəbələr üzrə planı (miqyas: 1:100), torpağın faktiki sahəsi 0,0944 ha, tikinti altı sahəsi 0,01494 ha olaraq göstərilmişdir.

47. Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi, ev 24 ünvanda yerləşən fərdi yaşayış evi iddiaçının xüsusi mülkiyyətindədir, altında yerləşən 0,013 ha torpaq sahəsi isə bələdiyyənin onun istifadəsindədir. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi bələdiyyə mülkiyyətinə verilmiş torpaqların daxilində yerləşir və 0,0944 ha torpaq sahəsi iddiaçının istifadəsindədir. 29 avqust 2012-ci il tarixli “Müayinə aktı”nın nəticə hissəsindən görünür ki, Saray qəsəbəsində yerləşən fərdi evi daş hasar daxilində 0,10 ha torpaq sahəsində yerləşir (§ 1-15).

48. Yuxarıda qeyd edilənlər əsasında məhkəmə iddia tələbini əsaslı hesab edir və cavabdehin orqanın iddia tələbinə münasibətdə təqdim etirazında qeyd olunan dəlillərə münasibətdə aşağıdakıları bildirir.

49. Belə ki, etirazda qeyd oluna birinci dəlil Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən fərdi yaşayış evindən 6,3 metr məsafədə yüksək gərginlikli elektrik xəttinin (6 KVT) mühafizə zolağınının yerləşməsi ilə bağlıdır.

50. İş materialında olan "xxxx" ASC-nin 9 yanvar 2024-cü il tarixli, 13-9/2- 39/15/24 nömrəli məktubundan görünür ki, iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsi, Mir Cəlal küçəsi, ev 24 ünvanında yerləşən 0,0946 ha torpaq sahəsi və fərdi yaşayış evi "xxxx" ASC-yə məxsus elektrik verilişi xətlərinin mühafizə zonasına düşmür. "xxxx" ASC-nin tərəfindən verilmiş arayışında qeyd olunmuşdur ki, torpaq sahəsinin 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşirsə də, elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi üçün, qeydiyyata alınmasına etiraz edilmir.

51. Etirazın digər dəlilinə görə müraciət ərizəsinə əlavə edilmiş sənədlərdə sözügedən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ölçüsünə münasibətdə uyğunsuzluq vardır. Etirazda uyğunsuzluq belə əsaslandırılmışdır ki, Abşeron Rayon İcra Hakimiyyəti Başçısının Saray qəsəbəsi üzrə nümayəndəliyinin 30 iyun 1998-ci il tarixli, 1 nömrəli Sərəncamından çıxarışda torpaq sahəsinin ölçüsü 0,10 ha göstərildiyi halda, X1 planından çıxarışında 0,0946 ha qeyd edilmişdir.

52. İş materialına əlavə edilmiş iddiaçı tərəfindən verilmiş ərizədən görünür ki, onun tərəfindən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,10 ha torpaq sahəsinin 0,0054 ha hissəsinin azalmasına etirazının olmadığı bildirilmişdir.

53. Məhkəmə etirazın dəlilləri əsasında araşdırmasını apararaq hesab edir ki, bu dəlillərdə göstərilənlər iddia tələbinin təmin edilməsinə mane deyildir. İddia tələbi mübahisə predmeti olan torpağın 0,0946 ha hissəsinə münasibətdə verilib. Həmçinin, "xxxx" ASC isə torpaq sahəsinin 6 kV-luq elektrik şəbəkəsinin mühafizə zonasında yerləşməsinin elektrik verilişi xəttinin istismarına maneçilik törətmədiyi üçün, qeydiyyata alınmasına etiraz edilmədiyinə dair mövqeyini bildirmişdir.

54. Həmçinin, nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021ci il tarixli Qərarında ifadə olunmuş, etimad hüququnun inzibati icraatın təməl prinsiplərindən biri qismində çıxış etməsi ilə bağlı hüquqi mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda qeyd edilmişdir ki, “... etimadın qorunması prinsipinin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, § 40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, § 49 Qərarlar). ...Torpağın ayrılmasına dair inzibati akt qüvvədə olduğu halda, hüquqların qeydə alınmasından imtina edən inzibati orqan bunu işin hallarına istinadən əsaslandırmalı və bu halın “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində, habelə Konstitusiya Məhkəməsi Plenumunun “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 28 mart tarixli Qərarı ilə nəzərdə tutulmuş hansı əsasla daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı aparmağa maneə törətdiyini göstərməlidir.”

55. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, qanunvericiliyin normalarını nəzərə alaraq (§ 35-43) belə nəticəyə gəlir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, iddiaçının mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmalıdır.

NƏTİCƏVİ HİSSƏ

56. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi 0,0946 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar