Məhkəmə qərarları › İş №2-1(118)-2518/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2518/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2518/2023 28.04.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “ona və ailə üzvlərinə məcburi köçkün qismində vahid aylıq müavinətin ödənilməsinin siyahıya alınıb bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq “ona və ailə üzvlərinə məcburi köçkün qismində vahid aylıq müavinətin ödənilməsinin siyahıya alınıb bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-504/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərardadı ilə iddia tələbi təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 510/2022 saylı, 31 avqust 2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-504/2022 saylı, 12 aprel 2022-ci il tarixli qərardadı ləğv edilmiş, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inziabti iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3610/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərardadı ilə iddia tələbi mümkün sayılmamışdır. Qərardaddan narazı olan tərəflər apellyasiya şikayəti etmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-181/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 3610/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilərək, işə yenidən baxılması və sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsi üçün inziabti iş Sumqayıt İnzibati Məhkəməsinə qaytarılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-181/2023 nömrəli, 16 fevral 2023-cü il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3610/2022 nömrəli, 15 dekabr 2022-ci il tarixli qərardadı ləğv edilməsi üçün əsas Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin həll edilməli məsələ üzrə münasibətinin aydınlaşdırılmaması və mövqeyinin öyrənilməməsi olmuşdur. Məhz bu səbəbdən Sumqayıt Apellyasiya Məhkəməsi qeyd olunan iddia tələbi 3-cü şəxsin nümayəndəsinin iştirakı ilə keçirilməsini zəruri bilmişdir. İddia tələbi Sumqayıt İnzibati Məhkəməsinə qeri qaytarıldıqdan sonra icraatıma verilmiş, məhkəmə iclası xx.xx.2023-cü il tarixinə təyin edilmiş və sonuncu məhkəmə iclası xx.xx.2023-cü ildə keçirilmişdir. Məhkəmədə iddiaçı iddia tələbinə uyğun izahat verərək, bildirmişdir ki, o, 1993-cü ilin oktyabrın 29-dan Zəngilan rayonundan məcburi köçkün düşmüşdür. Hazırda ünvan 1 ünvanında məcburi köçkünlər üçün salınmış yeni yaşayış massivində yaşayır. Hər ay ona və övladlarına ehtiyaclarını qarşılamaq məqsədilə 60 manat məbləğində vahid aylıq müavinət verilirdi. 2017-ci ilin noyabr ayında aylıq müavinətin verilməsi dayandırılmşdır. Səbəb kimi bildirilmişdir ki, adına şəxsi mənzil olduğu üçün ona aylıq müavinət ödənilməyəcəkdir. Lakin adına heç bir daşınmaz əmlak mövcud deyildir. Ona ödənilən müavinət dayandırıldıqdan sonra Daşınmaz Əmlakın Dövət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, onlara təqdim edilmiş arayışla bildirilmişdir ki, onun adına hər hansı bir daşınmaz əmlak qeydə alınmamışdır. Həmin arayışı Cavabdehnə təqdim etsə də yenə də ona müvinət verilməsindən imtina edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş 05 avqust 2021-ci il tarixli 664 saylı imtina məktubunda bildirilmişdir ki, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin verdiyi arayışa əsasən Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin göndərdiyi siyahıda onun mülkiyyətində şəxsi mənzili olduğu üçün ona və ailə üzvlərinə ödənilən vahid aylıq müavinət qaydanın tələbinə uyğun olaraq dayandırılmışdır. Məcburi köçkün ailəsi kimi onların hüquqları tapdalanır, onlar öz hüquqlarını həyata keçirə bilmirlər.Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, işə mahiyyəti üzrə baxıb, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, məcburi köçkünlərə dövlət qayğısının real təzahürlərindən biri də onlara vahid aylıq müavinətin verilməsidir. Məhz bu amil məcburi köçkünlərə və onlara bərabər tutulan şəxslərə dövlətin maddi dəstəyinin ən optimal forması kimi qəbul olunur. Ona görə də, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi Qaydası” təsdiq edilmişdir. Qaydaların icrasına nəzarəti Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsində yaradılmış Komissiya həyata keçirir. Komissiyanın elektron məlumat bazası artıq müxtəlif qurumlara inteqrasiya olunmuşdur. İddiaçı və ailə üzvləri barəsində məlumat da həmin komissiya tərəfindən elektron baza vasitəsi ilə qeydiyyatda olduğu Cavabdeh başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə göndərilmiş, 2017-ci il noyabr ayında onlara ödəniləcək vahid aylıq müavinət dayandırılmışdır. Onu da qeyd edirlər ki, İddiaçı Qarabağ müharibəsi veteranı olması, maddi durumu, müəyyən imtiyazlar daşıması, ehtiyac meyarları nəzərə alınmış, Cavabdeh başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən onun və ailə üzvlərinin adı 2020-ci ilin yanvar ayında vahid aylıq müavinətin verilməsinə dair hesabata daxil edilərək Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə göndərilmişdir. Lakin, Komitədə fəaliyyət göstərən vahid aylıq müavinətin verilməsinə dair komissiya tərəfindən İddiaçı və onun ailə üzvlərinə vahid aylıq müavinətin verilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Vahid aylıq müavinət təyin edilərkən məcburi köçkünlərin sosial müdafiəyə ehtiyacının olub-olmaması əsas götürülür. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, təmsili etdiyi qurumun üzərinə düşən vəzifələrin yerinə yetirildiyini bildirərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən üçüncü Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nümayəndəsi X4 izahat verərək bildirdi ki, məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi Azerbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 24 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydasına əsasən həyata keçirilir. Həmin Qaydanın 3.4-cü bəndinə əsasən, vahid aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar. Həmin Qaydanın 3.1-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə, elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər. Qaydanın 3.5-ci bəndinə əsasən, əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi Qaydası”nın tələblərinə əsasən, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi məcburi köçkünlərə vahid aylıq müavinətin verilməsi ilə bağlı işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən hazırlanan adlı siyahıların hazırlanmasına, həmçinin həmin siyahıların dəqiqliyinə və düzgünlüyünə görə heç bir cavabdehlik daşımır. Qaydanın tələblərindən göründüyü kimi vahid aylıq müavinətin verilməsi ilə bağlı hazırlanan siyahıların dəqiqliyinə və düzgünlüyünə, müavinət almalı olan şəxslərin həmin siyahılara daxil edilməsi və ya çıxarılmasına görə işğal olunmuş rayonların icra hakimiyyətləri cavabdehlik daşıyırlar. Həmçinin bildirirlər ki, müvafiq iddia tələbi üzrə cavabdeh qismində Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi deyil, aidiyyəti rayon icra hakimiyyəti çıxış edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-392/2022 nömrəli, xx.xx.2021-ci il tarixli “məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin verilməsi” barədə qərarında da qeyd olunmuşdur ki, “bundan başqa, istinad edilən “Qayda”nın 3-cü bəndi məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən müavinətin ödənilməsinin ümumi qaydalarını müəyyən edir. Həmin bəndin müddəaları baxımından, işin məhkəmələr tərəfindən müəyyən edilən hallarına əsasən, Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi hazırki iddiaya cavab verməli orqan olması öz təsdiqini tapmır.” Odur ki, mövcud iddia tələbi ilə bağlı inzibati işdə cavabdeh qismində rayon icra hakimiyyəti çıxış etməlidir. Məhkəmə hesab edir ki, iddiaçının hüquqlarının bərpasına səlahiyyətli olan inzibati orqanın müəyyən edilməsini aşağıda qeyd edilən hüquq normaları müəyyən edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi” Qaydasına əsasən: Bu Qayda “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir.Aylıq müavinət aşağıdakı məcburi köçkün statusu olan şəxslərə şamil edilmir:2.12. dövlət qulluğunun xüsusi növündə xidmət (qulluq) edən məcburi köçkünlərə;

3. Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün verilən aylıq müavinətin ödənilməsinin ümumi qaydaları aşağıdakılardır: 3.1. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları aylıq müavinət alan məcburi köçkünlərin hər il yanvarın 1-nə ümumi adlı siyahısını və azalmadan asılı olaraq, hər ay dəqiqləşdirilmiş hesabatı hazırlayıb təsdiq edir, həm kağız formatında, həm də elektron daşıyıcı variantında Azərbaycan Respublikasınin Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə (bundan sonra - Komitə), elektron daşıyıcı variantında isə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edirlər;3.2. əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanları və Komitə aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahısından ibarət informasiya sisteminin “Elektron hökumət” portalında yerləşdirilməsini və müntəzəm olaraq yeniləşdirilməsini təmin edirlər;3.3. aylıq müavinət alan məcburi köçkünlərin illik adlı siyahıları təsərrüfatbaşına uçot sənədlərinə əsasən təqdim olunmuş şəxsiyyəti təsdiq edən sənədlər əsasında həyata keçirilir;3.4. aylıq müavinət alan məcburi köçkünlərin adlı siyahılarının dəqiqliyi və düzgünlüyünə görə həmin siyahıları tərtib edən məsul şəxslər və siyahıları təsdiq edən əraziləri işğal olunmuş rayonların icra hakimiyyətlərinin başçıları cavabdehlik daşıyırlar; 3.5. əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi aylıq müavinət barədə sifariş aldıqdan sonra bu məqsəd üçün vəsait ayırır və həmin vəsaitin müəyyən edilmiş qaydada əraziləri işğal olunmuş rayonların icra hakimiyyəti orqanlarının xəzinə hesablarına köçürülməsini təmin edir;... Göründüyü kimi Bu Qaydalar “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanının 2.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır və məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin (bundan sonra – aylıq müavinət) ödənilməsi qaydalarını müəyyən edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqan olan Cavabdeh qanunsuz hərəkətləri müəyyən edilmir. Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, hazırkı tələb üzrə həmin orqan öz öhdəliklərini yerinə yetirmiş, iddiaçı və ailə üzvlərinin adlarını 2020-ci ilin yanvar ayı üzrə hesabatına daxil edərək Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə təqdim etsədə, sonuncu dürüstləşdirmə zamanı iddiaçı və ailə üzvləri ilə bağlı Maliyyə Nazirliyinə müvafiq sifariş verməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçıda onun və ailə üzvlərinin hüquqlarının pozulduğunu, aylıq müavinətin bərpa edilməsini isdədiyini bildirdiyi zaman, cavabdeh inzibati orqanın nümayəndəsi iddia ərizəsinə təqdim edilmiş yazılı münasibətinə uyğun izahat verərək, iddiaçının hüquqlarının bərpa edilməsini istədiklərini bildirmişdir. Lakin göründüyü kimi iddiaçının hüquqlarının tam bərpa edilməsi Cavabdeh səlahiyyətlərinə aid edilmir. Cavabdeh onun səlahiyyətlərinə aid edilən hissədə öz öhdəliklərini yerinə yetirmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarındada qeyd edilir ki, “Əraziləri işğal olunmuş rayonların icra hakimiyyətləri tərəfindən təqdim olunan aylıq müavinət alan məcburi köçkünlərin sayı barədə aylıq hesabatlar Komitə tərəfindən dürüstləşdirildikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müvafiq sifariş təqdim edilir. Yəni, mübahisə edilən müavinəti almaq hüququ olan şəxslərin yekun tərkibinin və dairəsinin müəyyən edilməsi, eləcə də həmin hesabat (siyahı) üzrə ödənişin aparılması məqsədi ilə aidiyyəti quruma sifarişin verilməsi Komitənin səlahiyyət dairəsinə aid edilmişdir............. İş materiallarında olan sənədlərdən görünür ki, (iş vərəqə səh. 44-45) Cavabdeh Başçısının Hacallı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən “Əhalinin 2020-ci ilin yanvar ayı üçün hərəkəti cədvəli” ni tərtib edilmiş və cədvəldə İddiaçı, iddiaçının anası X5, arvadı X6, oğlu X12, oğlu X2, qızı X3 adları qeyd olunmuşdur. “Beləliklə, işdə olan sübutlarla müəyyən edildi ki, iddiaçı və ailə üzvlərinin adları 2020-ci ilin yanvar ayı üzrə hesabatına daxil edilərək Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə təqdim edilsə də, sonuncu dürüstləşdirmə zamanı iddiaçı və ailə üzvləri ilə bağlı Maliyyə Nazirliyinə müvafiq sifariş verməmişdir. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, Cavabdeh onun səlahiyyətinə və məsuliyyət sferasına aid olan vəzifəni yerinə yetirmiş, bununla bağlı üzərinə düşən öhdəliklərini icra etmişdir. İstinad olunan normaların mənasına görə, mübahisə edilən müavinəti almaq hüququ olan şəxslərin yekun tərkibinin və dairəsinin müəyyən edilməsi, eləcə də həmin hesabat (siyahı) üzrə ödənişin aparılması məqsədi ilə aidiyyəti quruma sifarişin verilməsi Komitənin səlahiyyət dairəsinə aid edilmişdir. Bu mənada Cavabdeh tərəfindən iddiaçı və ailə üzvlərinin adlarının daxil edildiyi müvafiq hesabatın Komitəyə təqdim olunduğunu nəzərə aldıqda, iddiaçı və ailə üzvlərinin adlarının Komitə tərəfindən dürüstləşdirilmiş hesabatda və həmin hesabat (siyahı) üzrə ödənişin aparılması məqsədi ilə aidiyyəti quruma verilmiş sifarişdə əksini tapmaması Komitənin məsuliyyət sferasına aid olunmalıdır.” Göründüyü kimi Cavabdeh öz səlahiyyətləri çərçivəsində öhdəliklərini yetirmiş, iddiaçı və ailə üzvlərinin adlarını 2020-ci ilin yanvar ayı üzrə hesabatına daxil edərək Qaçqınların və X7 üzrə Dövlət Komitəsinə təqdim etsədə, sonuncu dürüstləşdirmə zamanı iddiaçı və ailə üzvləri ilə bağlı Maliyyə Nazirliyinə müvafiq sifariş verməmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edisin ki, Sumqayıt İnzibati Məhkəməsinin və Sumqayıt Apellyasiya Məhkəməsinin hüquqi mövqelərini Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin nəzərinə çatdıraraq, iddiaçı və onun ailə üzvlərinin adlarının aylıq müavinət almaq hüququ olan, Cavabdeh tərəfindən təqdim edilmiş sıyahı üzrə Maliyyə Nazirliyinə müvafiq sifariş verməsini X7 üzrə Dövlət Komitəsindən tələb edə bilər. Qaçqınların və X7 üzrə Dövlət Komitəsi imtina və ya hərəkətsizlik edərsə qanunvericilikdə nəzərdə tutlmuş müddətdə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı:

İddiaçı Cavabdehnə qarşı “ona və ailə üzvlərinə məcburi köçkün qismində vahid aylıq müavinətin ödənilməsinin siyahıya alınıb bərpa edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada təqdim edildikdən sonra, ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər.

Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar