Məhkəmə qərarları › İş №2-1(118)-2522/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2522/2024

10.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2522/2024 10.09.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızı Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə, üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyanın təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına (bundan sonra - “cavabdeh”) qarşı iddiaçının “mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi 2013-2014-cü illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmənin 23 fevral 2024-cü il tarixli, 2-1(118)-2522/2024 nömrəli qərardadı ilə Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı hazırkı iddia tələbi üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi məhkəməyə ərizəsini təqdim edərək, 3 sentyabr 2024-cü il tarixli əmək pensiyasının təyin edilməsi barədə qərara əsasən iddiaçıya əmək pensiyası hüququ yarandığı 5 may 2023-cü il tarixdən aylıq 311,36 manat məbləğində yaşa görə əmək pensiyasının təyin edilməsini bildirmiş, hazırkı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili, üçüncü şəxsin səlahiyyətli nümayəndəsi cavabdehin xitam verilməsi barədə ərizəsinə dair etirazlarını bildirməmişdirlər. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. İPM-in: 67.1-ci maddəsinə əsasən, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər; 67.2-ci maddəsinə əsasən, sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər; 67.3-cü maddəsinə əsasən, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçının tələbi təmin edildiyindən və işin mahiyyəti üzrə artıq mübahisə mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 67, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddiaçının “mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxs” kimi 2013-2014-cü illərdə ödədiyi məcburi dövlət sosial sığorta haqlarının sığorta stajına daxil edilməklə ona əmək pensiyası təyin edilməsi öhdəliyinin cavabdehə həvalə olunması tələbinə dair inzibati iş üzrə icraata xitam verilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar