Məhkəmə qərarları › İş №2-1(118)-2523/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2523/2022

24.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2523/2022 24.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Burcayev İmran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçının müraciəti ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin hərəkətlər (hərəkətsizlik) nəticəsində vurulmuş maddi zərərə görə 40000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiyanın ödənilməsi və cavabdeh barəsində xüsusi qərardad qəbul edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksində (ünvan: Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçının müraciəti ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin hərəkətlər (hərəkətsizlik) nəticəsində vurulmuş maddi zərərə görə 40000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiyanın ödənilməsi və cavabdeh barəsində xüsusi qərardad qəbul edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 446 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün zəruri plan sənədləri - texniki pasportu, hüququn ölmüş şəxsə məxsus olması barədə arayış verilməsi üçün notariat kontorunun müraciəti əlavə edilmişdir. Ərizə ********** nömrə ilə qeydiyyata düşmüş və müraciətin son icra tarixi xx.xx.2022-ci il qeyd edilməklə ona bildiriş verilmişdir. Əlavə olaraq bildirmişlər ki, sms vasitəsi ilə mesaj gələcək. Həmin tarixdə mesaj gəlməmiş və iddiaçı ancaq xx.xx.2022-ci il tarixində cavabdeh idarəyə yaxınlaşaraq müraciəti əsasında hüququn qeydiyyatı ilə bağlı hazırlanmış sənədi götürmək istəmişdir. Lakin müəyyən olunmuşdur ki, müraciəti təmin olunmayıb. Səbəbini soruşduqda ona bildirmişlər ki, müraciəti əsasında araşdırılma aparıldığından sənədlər hazır deyildir və ərizənin icrasının dayandırılması barədə qərar qəbul edilmişdir. Qeydiyyat şöbəsinin müdiri işdə olmadığından əlavə məlumat verilə bilmir. Bunun əssasız olduğunu bildirməklə yanaşı iddiaçı 195 çağrı mərkəzinə şikayət etmişdir. Oradan da bildirmişlər ki, araşdırılıb cavab veriləcək, o zamandan neçə müddət keçsə də müraciətinin icrası ilə bağlı, bu müraciətinin dayandırılması və yaxud da imtina edilməsi ilə bağlı hər hansı bir rəsmi və ya qeyri-rəsmi məlumat almamışdır. Göründüyü kimi, cavabdehin məlumatı yoxdur ki, müraciətlərin icrası, onların dayandırılması və yaxud müraciətin icrasından imtina edilməsi qaydaları və onların müddətləri qanunvericilklə nizamlanır. Kobud şəkildə bütün tələbləri pozsalar da, rahatlıqla vətəndaşa bunun əsaslandırılmasını verə bilmirlər, çünki belə bir əsaslandırma mövcud deyildir. Cavabdehin hərəkətləri qanunvericiliyə ziddir və bu hərəkətlərə görə məsulliyyətini dərk etmək üçün məhkəməyə edilmiş müraciət təmin olunmalıdır. İddiaçıya maddi və mənəvi ziyan vurulmuşdur. İstifadəsində olan əmlakın bir hissəsini - 0.06 ha-dan ibarət torpaq sahəsinin 0.02 ha-dan ibarət hissəsini qeyri-rəsmi olaraq satmışdır. Həmin torpağı alan adamla sənədləşdirdikdən sonra notarial qaydada alqı-satqını rəsmiləşdirəcəyi barədə razılığa gəlmişlər. Lakin cavabdeh əsassız olaraq müraciətini icra etmək istəmir, hər dəfə qanunsuz hərəkətlərdən istifadə edərək bunu əngəlləyir. Sənədləşdirmə gecikdiyi üçün torpaq sahəsini satdığı şəxslə aralarında mübahisələr yaranmışdır. Əmlakın satılan hissəsinin dəyəri təxminən 40000 manatdır. Hesab olunur ki, cavabdeh məsulliyətini dərk etməli və bu məsulliyətə cəlb olunmalıdır. Aşkar qanunsuz əməllərinə görə qanunun tələbinə görə cavab verməlidir. Onun vəzifəli şəxsləri haqqında xüsusi qərardad qəbul edilməsi üçün kifayət qədər əsaslar olduğundan məhkəmə həmçinin xüsusi qərardad da qəbul etməlidir. Həmçinin qeyd edildiyi kimi cavabdehin qanunsuz qərarları nəticəsində iddiaçıya vurulmuş maddi ziyanın əvəzi olaraq kompensasiya ödənməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh təşkilat iddia tələbinə etiraz edərək bildirmişdir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura qurluşu və ölçülərinin sənədlərə uyğun olubolmamasını təyin etmək üçün əraziyə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların araşdırılması zamanı təqdim edilmiş Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 399 nömrəli texniki pasportda göstərilən ölüçlərlə faktiki vəziyyət arasında uyğunsuzluq və konfiqurasiya fərqinin olduğu müəyyən edilmişdir. Sonuncu məhkəmə iclası barədə məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə iclasında təmsil edilməmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki,"Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə xx.xx.2022-ci ildə müraciət edərək, onun istifadəsində olan daşınmaz əmlakının (Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 446-da yerləşən fərdi yaşayış evi və torpaq sahəsi) dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Qeyd olunan müraciətə əsasən cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya bildirmişlər ki, müraciətin araşdırılması üçün müvafiq orqana müraciət ünvanlanmış və həmin orqandan cavab gələnə kimi iddiaçının müraciətinə baxılması müvəqqqəti dayandırılmışdır. İddiaçı bundan narazı qalaraq yuxarı orqana şikayət etmiş və iddiaçıya eyniməzmunlu cavab göndərilmişdir. İddiaçı cavabdehin hərəkət və hərəkətsizliyi nəticəsində, yəni onun müraciətinin vaxtında cavablandırılmaması səbəbindən məhkəməyə müraciət edərək, maddi zərərə görə 40.000 manat məbləğində, mənəvi zərər görə 5.000 manat məbləğində kompensasiyanın ödənilməsi və cavadeh barəsində xüsusi qərardad qəbul edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Nəzərə alınmalıdır ki, İddiaçı inzibati orqana müraciəti daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınması ilə bağlı olmuş və hazırkı mübahisə həmin hüquqların qeydə alınması zamanı inzibati orqanın hərəkətlərinin Qanunda nəzərdə tutulmuş prosessual müddətlərin pozulması ilə əlaqədardır. Başqa sözlə desək, hazırkı mübahisə daşınmaz əmlakın üzərində hüquqların qeydə alınması üçün inzibati orqanın yekun qərarın qəbul edilməsinə yönəldilən hərəkətlərdən ibarətdir. Bu isə məhkəmə icraatı qaydasında deyil, inzibati orqanın hərəkətlərinə nəzarət prinsipi çərçivəsində yuxarı şikayət orqanı tərəfindən cavabdehin barəsində intizam tənbehinin tətbiq edilməsi üçün əsasdır. İnzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. (İnzibati icraat haqqında Qanun-2.0.2) “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin birinci bəndinə əsasən səlahiyyətli inzibati orqanda ərizənin və ya müraciətin qeydiyyata alındığı vaxtdan ən geci 30 gün müddətində həmin inzibati orqan inzibati aktın qəbul edilməsi və ya onun qəbul edilməsindən imtina olunması haqqında qərar qəbul edir. Azərbaycan Respublikasının müvafiq qanunları ilə bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən az və ya çox müddət müəyyən oluna bilər. İnzibati icraat üzrə əhəmiyyət kəsb edən halların müəyyən olunması üçün bu Qanunun 52.1-ci maddəsində nəzərdə tutulmuş müddətdən daha artıq müddət tələb olunduğu hallarda, inzibati icraatın müddəti inzibati orqan tərəfindən hər dəfə 30 gün olmaqla iki dəfə uzadıla bilər. İnzibati orqan tərəfindən müddətin uzadılması barədə maraqlı şəxsə məlumat verilir. Bu Qanunun 52.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müddətin uzadılmasına səbəb olan hallar inzibati orqan tərəfindən inzibati aktda əsaslandırılmalıdır. İnzibati aktın qəbul edilməsi də daxil olmaqla hər bir halda inzibati icraatın ümumi müddəti 90 gündən çox ola bilməz. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı eyni zamanda cavabdehdən maddi və mənəvi ziyana görə ümumilikdə 45.000 manat məbləğində pulun onun xeyrinə tutulmasını da istəyir. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazırkı iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi və mənəvi tələb ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, iddiaçıya cavabdeh tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya vurulmuş ziyandan irəli gəlməlidir. Başqa sözlə desək, inzibati orqandan kompensasiya tələbi o halda tələb edilə bilər ki, inzibati orqanının şəxsə əmlak ilə bağlı vurduğu maddi ziyan mövcud olmuş olsun. Mənəvi zərərin şəxsin qeyri-əmlak hüquqlarından irəli gələ biləcəyini nəzərə alınaraq, iddiaçının mənəvi zərərlə bağlı mülki mübahisə qaydasında ümumi rayon (şəhər) məhkəmələrinə cavabdehə qarşı iddia qaldırmaq hüququnun olması diqqətinə çatdırılmalıdır. İddiaçının tələbinin cavabdeh təşkilatın vəzifəli şəxsi barəsində xüsusi qərardad qəbul edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, əsas tələb məhkəmədə mümükün sayılmadığına görə bu hissədə iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi və torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə iddiaçının müraciəti ilə bağlı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, həmin hərəkətlər (hərəkətsizlik) nəticəsində vurulmuş maddi zərərə görə 40000 manat məbləğində, mənəvi zərərə görə 5000 manat məbləğində kompensasiyanın ödənilməsi və cavabdeh barəsində xüsusi qərardad qəbul edilməsi barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar