Məhkəmə qərarları › İş №2-1(118)-2526/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2526/2023

24.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2526/2023 24.06.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi vəziyyəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Ünvanlı Sosial yardımın təyinindən imtina barədə qərarının ləğv edilib sosial yardımın tam məbləğdə, gecikdirilən aylar da daxil olmaqla verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023 tarixində dörd körpəsi olan aztəminatlı ailə olaraq Ünvanlı Dövlət Sosial Yardım almaq üçün Vemtas vasitəsilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fonduna elektron müraciət etmiş, keçən il təyin olunmuş Ünvanlı Sosial Yardımı xx.xx.2023-cü il tarixində maddi vəziyyətinin ağırlığı, keçən il təyin olunmuş məbləğin bu il, yəni 2023-cü ildəki, minimal xərcləri qarşılamadığı səbəbindən təkrar müraciət etmək üçün bilərəkdən özü dayandırmış, İlkin olaraq o 2010-cu ildən davamlı şəkildə Sadələşdirilmiş Vergi və DSMF ödəyicisiyəm (VÖEN:**********). Davamlı şəkildə vergi və DSMF ödənişləri ilə bağlı öhdəliyinə düşən ödənişləri vaxtı-vaxtmda dövlətimizin büdcəsinə keçirmiş, hal-hazırda ailə üzvlərinin sayının artması və maddi çətinliklər səbəbindən son iki ildə ÜSY yardım üçün müraciət etmək məcburiyyətində qalmışdır. Lakin Dövlət Sosial Müdafiə Fondu xx.xx.2023 tarixli **********01 nömrəli ərizəsinə xx.xx.2023 tarixində, düz 40 gündən sonra xx.xx.2023 tarixində heç bir konkret səbəb olmadan, ümumiləşmiş şəkildə “X2 yoxlanışı aparılmış, kənarlaşma aşkar edilmişdir" deyə cavab verilmişdir. Sadələşdirilmiş vergi ödəyicisi olaraq Sosial yardıma müraciət edərkən Vemtas tərəfindən ailənin gəlirləri son 365 gün ərzində sahibkar olaraq ödənilən vergilərə olaraq sistemdə göstərilir və ona hansısa müdaxilə etmək mümkün deyil. Əlavə olaraq Vemtas portalında ailənin digər gəlirlər bölməsi mövcuddur. Yəni orda mal-qara və ev quşları varsa onlar göstərilməli, xarici ölkələrdən sosial yardım üçün müraciət etmiş ailəyə göndərilmiş hansısa vəsaitlərin sistemdə göstərilməsi tələb olunur. Bu qeyd elədiyi şərtlərin heç birisi olmadığı Vemtas tərəfindən təsdiqləndiyi üçün DSMF ailənin X2 yoxlanılması üçün yaşadığı ünvana əməkdaşlar göndərmiş və bütün proses videoçəkilişlə həyata keçirilmiş, həyət, ev və otaqlara baxış keçirilmişdir. Ən sonda isə elektron formada Vemtas portalında göstərilmiş məlumatlarla, faktiki yoxlanış zamanı şahidi olunmuş faktlar arasında uyğunsuzluq aşkar edilmədiyi, bunun haqqında müvafiq yoxlamanı həyata keçirən qurumun əməkdaşları ilə və mənim razılığımla həmim vaxt evdə olan həyat yoldaşı X1 arasında akt imzalanmışdır. Bütün bunlara baxmayaraq 40 gündən sonra, (halbuki vətəndaş müraciətlərinə cavab 15 iş günü, əgər xüsusi araşdırma labüddürsə uzağı 30 günə cavablandırılmalıdır) konkret səbəb göstərilmədən “Ailənim maddi-məişət şəraiti yoxlanılmış və ailənin gəlirlərində kənarlaşma aşkarlanmışdır” deyə cavab verilmişdir. Bildirir ki, ailənin gəlirləri dedikdə mən tək işləyir, öhdəliyində ən böyük övladının 4 yaşı olduğu 4 körpə var. Həyat yoldaşı işləmir, evdar xanımdır. Evin tək övladı olmuş, valideynləri dünyalarını dəyişmişlər. Dolayısı ilə qıraqdan heç bir əlavə gəlir yoxdur. Sumqayıt şəhərində balaca obyekt icarəyə götürüb orda kserokopiya (surətçıxarma) işinə baxır. Davamlı olaraqda 2010-cu ildən aralıqsız olaraq, vergi ödəyicisidir. Aylıq gəlir isə müştəridən asılı olaraq 150-200 AZN civarındadı. Hal-hazırda Dövlət Sosial Müdafiə Fondunun verdiyi haqsız cavab onun ailə büdcəsinə, və 4 körpə övladının təminatı ilə bağlı hədsiz dərəcədə maddi sıxıntıya səbəb olmuşdur. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, cavabdeh qismində nazirliyin tanınması və bildirirmişdir ki, xx.xx.2023 tarixində 2-1(118)-2526/2023 nömrəli ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə Ünvanlı Sosial Yardımın təyini ilə bağlı müracət etmişdir. Məhkəməyə müracət müddətində təyinatla bağlı DSMF-yə ikinci dəfə müracət etmiş, İlk dəfə etdiyi müracətdən fərqli olaraq birbaşa Fondun İnzibati binasında haqqını tələb etməyə getdikdən sonra 4 dənə körpə olan 6 nəfərdən ibarət olan ailəsinə 755.07 AZN Ünvanlı Sosial Yardımın təyini mümkün olmuşdur. Lakin bu dəfə təyin olunan məbləğ Azərbaycan Respublikasının Prezidenti tərəfindən 9 dekabr 2022-ci tarixli Ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2023-cü il üçün ehtiyac meyarmınm məbləğinə uyğunlaşdırılmamışdır.Məbləğin təyinatı əmək qabiliyyətli ailə üzvlərinin qazancından asılı olaraq dəyişir. Aylıq gəlirim VEMTAS tərəfindən hesablama zamanı illik 3413.33 manat olduğu, aylara böldükdə adambaşına düşən aylıq 47.41 AZN olduğu halda, təyin olunmuş 755.07 AZN məbləğ Prezidentin Fərmanına uyğunlaşdırılmamışdır. Həmin sərəncamda göstərilən məbləğ adambaşına 246 AZN qeyd edilsədə təyin edilmiş adambaşına məbləğ 755.07 / 6 = 125.85 AZN olmuşdur.Aylıq gəlirn maksimum 200 AZN civarında olduğunu nəzərə almadan DSMF tərəfindən təyin olunmuş 755.07 AZN sosial yardım məbləğinin dəyişdirilərək, 2023-cü il üçün ehtiyac meyarı məbləğinə uyğunlaşdırılaraq 246x6- 200=1276 AZN olaraq təyin edilməsi və 27 yanvar tarixində ilk etdiyi müraciətinə əməkdaşlarının haqsız, qərəzli şəkildə, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ÜDSY təyinini gecikdirdiyi üçün DSMF-nun əvvəlki iki ayın ödənişini də etməyinə dair qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********68401 nömrəli ərizə ilə müraciət etmişdir. VEMTAS tərəfindən İddiaçı xx.xx.2023-cü il tarixli **********68401 nömrəli müraciətinə ərizəçi tərəfindən ailə gəlirləri barədə məlumatın düzgün göstərilməməsi səbəbi ilə (ailənin gəlirlərində 6816 manat məbləğində fərq yarandığından) ünvanlı dövlət sosial yardımın təyin edilməsindən imtina edilmişdir. Bildirilir ki, VEMTAS heç bir kənar müdaxilə olmadan yalnız təmsilçinin daxil etdiyi məlumatların digər mərkəzi icra hakimiyyəti orqanlarının sərəncamında olan məlumatlarla uzlaşdırılaraq düzgünlüyünün yoxlanılmasını həyata keçirən sistemdir və daxil edilən məlumatların düzgünlüyünə görə məsuliyyət təmsilçinin üzərinə düşür. Göründüyü kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olması barədə məlumatı təmsilçi özü ərizə bəyannaməyə daxil etmiş və VEMTAS tərəfindən daxil edilən məlumatın uyğunluğunun müəyyən edilməsi zamanı təmsilçinin gəliri kimi daxil etdiyi məlumatlarla qurumlardan əldə olunan məlumatlar əsasında onun gəlirlərində 6816 manat məbləğində fərq yarandığı müəyyən edilmişdir. İddiaçı təqdim etdiyi “Ərizə-bəyannamə”də ailənin gəlirləri kimi göstərdiyi məlumatlar araşdırma zamanı təsdiqini tapmamış, iddiaçının təqdim etdiyi məlumatlarla yoxlama zamanı müəyyən edilən məlumatlar arasında uyğunsuzluq müəyyən edilmişdir. Qaydalara görə “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduğu halda sosial yardımın təyin olunmasından imtina edilir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə - Cavabdehin etirazı, iddiaçıya verilmiş imtinaların surəti və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ ailə-məişət şəraitinin qənaətbəxş olmaması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq nazirlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Nazirliyin xidmət göstərdiyi ərazinin sakinidir və ünvanlı sosial yardımın vətəndaşlara verilməsi nazirliyin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin struktur bölmələrinə müraciət etmiş və müvafiq imtina cavablarını almışdır. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Abşeron rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Cavabdehin 3-1-17-1/2-94392/2023 nömrəli, xx.xx.2023-cü il tarixli ərizəsinə məhkəmənin mövqeyi qərarın mümünlük şərtlərində qeyd edilmişdir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbi əsasız olduğuna görə təmin edilməmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinə əsasən: -10.1 Sosial yardım almaq üçün müraciət edilən zaman ailə sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) tam və düzgün məlumat verməlidir. -10.2.Sosial yardım təyin edildikdən sonra ailənin gəlirlərində dəyişiklik baş verdikdə, sosial yardım alan ailə bu barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) 15 (on beş) iş günü müddətində məlumat (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar istisna olmaqla) verməlidir. -10.3. Bu Qanunun 10.2-ci maddəsində göstərilən halda, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya ehtiyatlarından və sistemlərindən əldə olunan məlumatlar (müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsis etdiyi təqaüdlərin, sosial müavinətlərin məbləğinin, əmək pensiyasının minimum məbləğinin və minimum aylıq əməkhaqqının məbləğinin artırılması, əmək pensiyalarının indeksləşdirilməsi və seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün verilmiş əmlak barədə məlumatlar istisna olmaqla) əsasında sosial yardımın dayandırılmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar aşkarlandıqda, sosial yardımın ödənişi dayandırılır və ailənin sosial yardım almaq hüququna yenidən baxılır. -10.4. Ailənin sosial yardım almaq hüququna baxılma zamanı sosial yardımın təyin olunmasına və ya məbləğinin dəyişdirilməsinə səbəb ola biləcək hallar barədə (ailənin tərkibi, əmlakı və gəliri haqqında) düzgün olmayan və ya natamam məlumat verildiyi aşkar olunduqda və yaxud bu Qanunun 10.2-ci maddəsinin tələbi pozulduqda, həmin ailə 1 (bir) il müddətinə sosial yardım almaq hüququnu itirir. -10.5. Aztəminatlı ailənin üzvü “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq özünüməşğulluğa cəlb edildiyi hallarda, həmin ailənin sosial yardım almaq üçün müraciət etmək hüququ seçilmiş özünüməşğulluq istiqaməti üzrə əmlakın verilməsi barədə müqavilənin qüvvədə olduğu müddət ərzində məhdudlaşdırılır. -10.6. Sosial yardımın təyinatı zamanı ailə tərəfindən bilərəkdən tam və ya düzgün olmayan məlumatın verilməsi, eləcə də sosial yardımın ödənildiyi müddətdə ailənin gəlirlərində baş vermiş dəyişikliklər barədə məlumatın (bu Qanunun 10.3-cü maddəsində qeyd olunanlar istisna olmaqla) verilməməsi səbəbindən artıq vəsait ödənildiyi zaman sosial yardım alan ailə artıq ödənilmiş sosial yardımın məbləğini könüllü qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) qaytarmalıdır. Bundan imtina edilərsə, bu barədə mübahisəyə məhkəmə qaydasında baxılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 1.2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazisində yaşayan və müraciətdən əvvəlki son 12 (on iki) ay ərzində orta aylıq gəliri əmək qabiliyyətli olan ailə üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi səbəblərindən hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr ehtiyac meyarının məcmusu ilə orta aylıq gəlirinin arasındakı fərq məbləğində sosial yardım almaq hüququna malikdirlər. Sözügedən Qaydaların 3.1-ci maddəsinə əsasən, sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və sosial yardımın təyin olunması və ya təyin olunmasından imtina edilməsi barədə müvafiq qərar çıxarılır. Qaydaların 3.3-cü maddəsinə əsasən, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun struktur bölmələrinin (bundan sonra - Bölmə) və ya “DOST” mərkəzlərinin (bundan sonra - Mərkəz) ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. Qaydaların 3.4.2-ci maddəsinə əsasən, məlumatlarda uyğunsuzluq aşkar olunmadığı hallarda, VEMTAS tərəfindən ailəyə sosial yardımın təyin olunması barədə (5 nömrəli əlavə), uyğunsuzluq aşkar olunduğu hallarda isə sosial yardımın təyin olunmasından imtina edilməsi barədə (6 nömrəli əlavə) qərar çıxarılır.Qaydaların 5-ci maddəsində ailənin orta aylıq gəlirinin mənbələri və hesablanması metodologiyası qeyd edilmişdir. 5.22-ci maddəyə əsasən, ailənin bəyan etdiyi adambaşına düşən orta aylıq gəliri aşağıda qeyd olunan hesablama qaydası üzrə müəyyənləşdirilən məbləğdən az olduqda (ailə başçısını itirməyə görə əmək pensiyası və ya sosial müavinət alan ailələr, həmçinin 2 və daha çox sağlamlıq imkanları məhdud və ya İ və İİ qrup əlil üzvü olan ailələr istisna olmaqla) ailənin adambaşına düşən orta aylıq gəliri bu Qaydalarla müəyyən edilmiş məbləğdə götürülür: YM (30%+11.7%+6.1 %)+R+RM Burada: YM – yaşayış minimumunun ölkə üzrə məbləği; R - ev telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği; RM - mobil telefonu üçün ailənin adambaşına son 12 (on iki) ay ərzində xərcinin orta aylıq məbləği. Ailənin orta aylıq gəliri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay ərzindəki ümumi gəlirlərinin 12-yə bölünməsi yolu ilə hesablanır. “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının 09 dekabr 2022-ci il tarixli Qanunu ilə 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat məbləğində müəyyən edilmişdir. İşin araşdırlan hallarından müəyyən olundu ki, iddiaçıya cavabdeh tərəfindən ilkin olaraq məbləğində ünvanlı sosial yardım təyin edilməmiş və iddiaçının ikinci müraciəti əsasında VEMTAS sisteminə daxil edilmiş düzgün məlumatlar əsasında iddiaçıya ailə üzvlərini sayı nəzərə alınmaqla 755,07 manat məbləğində ünvanlı sosial yardım təyin edilmişdir. İddiaçı cavabdeh tərəfindən ailəyə təyin edilmiş sosial yardımın ödənişini düzgün təyin etmədiyi qənaətinə gələrək, Prezidentin Fərmanına uyğun təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə hesab edir ki, cavabdeh təşkilatın yuxarıda qeyd olunan hesablama qaydalarına uyğun hesablama aparmış və iddiaçının bildirdiyi fikirlər onun şəxsi mülahizələrinə əsaslanmışdır. Bu səbəbdən də cavabdehin imtinası əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “maddi vəziyyəti ilə əlaqədar xx.xx.2023-cü il tarixli müraciətinə Dövlət Sosial Müdafiə Fondunun Ünvanlı Sosial yardımın təyinindən imtina barədə qərarının ləğv edilib sosial yardımın tam məbləğdə, gecikdirilən aylar da daxil olmaqla verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar