Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2526/2024 04.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçılar İddiaçı2 və İddiaçı1 iştirakı ilə, İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Quba rayon Küpçal-Dağlı bələdiyyəsinə qarşı “Quba rayon Küpçaİ - Dağlı Bələdiyyəsi tərəfindən rəsmi bələdiyyə sənədlərinin təsdiqlənmiş sürətlərini aydiyyati üzrə, iddiaçılara təqdim edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması” na dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Quba rayon Küpçal-Dağlı bələdiyyəsinə qarşı “Quba rayon Küpçaİ - Dağlı Bələdiyyəsi tərəfindən rəsmi bələdiyyə sənədlərinin təsdiqlənmiş sürətlərini aydiyyati üzrə, iddiaçılara təqdim edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçılar məhkəmə iclasında dinlənilmiş və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə uyğun olaraq onların tələbi aydınlaşdırılmış və ona hüquqi yardım edilmişdir. Həmin normaya əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Məhkəmə iclasında iddiaçıların iddia tələbi aydınlaşdırılmış, iclasda iştirak edən İddiaçı2 və İddiaçı1 tələblərinin “onlara torpaq sahəsinin ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənəd olan Quba rayon Aqrar İslahat komissiyasının qərarının təqdim edilməsi”ndən ibarət olduğunu bildirmişlər. Məhkəmə iddiaçıları dinləyib, iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qanunun tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəldilməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmçinin, qeyd olunmalıdır ki, məhkəmə iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu tərəflərin bunu tələb edib-etməməsindən asılı olmayaraq, öz xidməti vəzifəsinə görə yoxlamalıdır. Bu halda iddianın mümkünlüyü şərtlərinin mövcudluğunu sübutetmə vəzifəsi isə məhz, iddiaçının üzərinə düşür. Hazır ki iş üzrə iddiaçılar ilk öncə bələdiyyə sənədlərinin təqdim edilməsindən imtinanın qanunsuz hesab edilməsi və müvafiq inzibati aktın qəbul edilməsi vəzifəsinin Quba rayon Küpçal Dağlı bələdiyyəsinin üzərinə vəzifə olaraq qoyulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra isə məhkəmə iclasında onların tələbləri aydınlaşdırılmış və məlum olmuşdur ki, əslində iddiaçılar onlara torpaq ayrılmasına dair ilkin hüquqmüəyyənedici sənəd olan Quba rayon Aqrar İslahat komissiyasının qərarının təqdim edilməsini istəyirlər. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı iddia tələbini səlahiyyəti olmayan inzibati orqana yönəltdiyindən onun iddiasına inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddiaçıların tələbinə münasibətdə qanunvericiliklə hazırki cavabdehə keçmiş Aqrar İslahat Komissiyasının qərarının təqdim edilməsi ilə bağlı hər hansı bir səlahiyyət verilməmişdir. Eyni zamanda məhkəmə iclasında iştirak edən iddiaçılara hüquqi yardım edilərək, izah edilmişdir ki, sonuncu tələblə bağlı cavabdeh əsl cavabdehlə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə) əvəz edilsə belə, bu zamanda öhdəliyin icrasına dair iddiaların mümkünlük şərtlərindən biri olan qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması şərtinə riayət edilmədiyi üçün iddia tələbi mümkün sayılmaya bilər. İddiaçıya izah olunsun ki, aqrar islahat komissiyasnın qərarının təqdim edilməsi ilə bağlı ilk öncə səlahiyyətli inzibati orqana müraciət etməli, bundan sonra səlahiyyətli inzibati orqan tərəfindən hər hansı hərəkətsizlik edildiyi və ya müraciətinin təmin olunmasından imtina olunduğu təqdirdə, iddia tələbi ilə bağlı aidiyyatı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçılar İddiaçı2, İddiaçı1, İddiaçı3, İddiaçı4 və İddiaçı5 cavabdeh Quba rayon Küpçal-Dağlı bələdiyyəsinə qarşı “Quba rayon Küpçaİ - Dağlı Bələdiyyəsi tərəfindən rəsmi bələdiyyə sənədlərinin təsdiqlənmiş sürətlərini aydiyyati üzrə, iddiaçılara təqdim edilməsindən imtina edilməsinin qanunsuz hesab edilməsi və inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-2526/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2526/2024
04.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver