Məhkəmə qərarları › İş №2-1(118)-253/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-253/2022

11.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-253/2022 11.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, İddiaçı nümayndəsi X3, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 11 saylı Regional Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin 18.08.2021-ci il tarixli imtinasının əsassız hesab olunması və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilməsini və ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-(118)-253/2022 saylı, 10.01.2022-ci il tarixli Qərardadı ilə cavabdeh əsl olan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, onun 62 yaşı var. Yaşa görə əmək pensiyası təyin olunması üçün sənədlərini toplayıb DSMF-nin 11 saylı Regional Ərazi İdarəsinə təqdim etmişdir. Ərazi idarəsi ərizəsini baxılması üçün DSMF-nin Sosial ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına göndərmişdir. 1974-1979-cu illərdə Kürdəmic kənd “Moskva” kolxozunda işlədiyi dövrlər əmək kitabçasında qeyd olunmadığı üçün həmin dövrlər sığorta stajına daxil edilməmiş və bu səbəbdən DSMF-nin 11 saylı Reqional Ərazi İdarəsi 18.08.2021-ci il tarixdə **********9 saylı məktubla ona əmək pensiyası təyin olunmasından imtina etmişdir. DSMF-nin 11 saylı Reqional Ərazi idarəsinin ona yaşa görə əmək pensiyası təyin etməkdən imtina etməsi əsassızdır. O, xx.xx.1959-cu il tarixdə ünvan 1ində anadan olmuşdur. 8-ci sinfi bitirib 1974-cü ilin iyun ayının 1-də Kürdəmic kənd “Moskva” kolxozuna işə qəbul olunmuş və əmək fəaliyyətinə başlamışdır. 1978-ci ilin sonuna kimi orada işləmişdir. Sonra ailə qurub Şamaxı şəhərinə köçmüşdür. Bir neçə il işləməmiş, 1989-cu ildən başlayaraq Şamaxı şəhər istehlak cəmiyyətində “Pirqulu” ticarət müəssisəsində, Şamaxı şəhər İncəsənət təhsili müəssisəsində işləmişdir. Bu dövrlərə aid həm əmək haqqı sənədləri var, həm də həmin dövrlər əmək kitabçasında qeyd olunmuşdur. Cavabdeh həmin illər üzrə onun 22 il 6 ay 20 gün sığorta stajının olmasını qəbul edir. Yalnız 1974- 1978-ci illərdə Kürdəmic kənd “Moskva” kolxozunda işlədiyi 4 il 7 ayı sığorta stajına qəbul etmir . Amma təqdim etdiyi arxiv arayışlarından görünür ki, o, həqiqətəndə həmin illərdə Kürdəmic kənd “Moskva” kolxozunda işləmişdir. Əmək haqqı almış və sosial sığorta fonduna pul ödəmişdir. Buna görə də həmin illər onun sığorta stajına hesablanmalı və ona yaşa görə əmək pensiyası hesablanmalıdır. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X5 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı iddia ərizəsində 1974-1978-ci il tarixlərdə ünvan 1 “Moskva” kolxozunda işlədiyi dövrlərin sosial sığorta stajına daxil edilərək yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən tələb edir. İddiaçının iddia tələbi tam əsassızdır və aşağıda qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, iş materiallarında olan İT ******* nömrəli 01.11.1989-cu il tarixli əmək kitabçasının surətindən məlum olur ki, İddiaçı 01.11.1989-01.03.1996-cı il tarixlərdə Şamaxı Kooperativ Cəmiyyətində (06 il 03 ay), 11.11.1996-28.02.1997-ci il tarixlərdə Şamaxı rayon “Pirqulu” ticarət müəssisəsində (03 ay 17 gün), 01.07.1997- 01.07.2013-cü il tarixlərdə Şamaxı rayon mədəniyyət şöbəsində (16 il) əmək fəaliyyəti ilə məşğul olmuşdur. İddiaçının Fondun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına ünvanlanan müraciətinə verilmiş imtina cavabının əsasını iddiaçının ünvan 1i “Moskva” kolxozunda işlədiyi illərin əmək kitabçasında qeyd edilməməsi təşkil edir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının 27 may 2021 -ci il tarixli 161 nömrəli arayışından məlum olur ki, İddiaçı 11.11.1996-cı il tarixdə 36 nömrəli əmrlə Şamaxı rayon “Pirqulu” ticarət müəssisəsində işə qəbul edilmiş, 28.02.1997-ci il tarixdə isə işdən azad edilmişdir. (03 ay 17 gün) İş materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Dövlət Arxivinin Şamaxı filialının 27 may 2021ci il tarixli 161 nömrəli arayışından məlum olur ki, İddiaçı Şamaxı rayon mədəniyyət şöbəsində 1997, 1999, 2000, 2001, 2002, 2003-cü illərin bütün ayları üzrə, 1998-ci ilin 10 ayı, 2004-cü ilin 11 ayı, 2005-ci ilin isə 7 ayı üzrə əməkhaqqı almışdır. İddiaçı Şamaxı rayon mədəniyyət şöbəsində yalnız əmək haqqı ödənilən iş stajı illəri nəzərə alınsa 01.01.2006-cı il tarixədək olan sosial sığorta stajı 07 il 04 ay təşkil edir. İddiaçı 01.01.2006cı il tarixdən 01.04.2013-cü il tarixədək Şamaxı rayon mədəniyyət şöbəsində olan sosial sığorta stajı 07 il 03 ayı (məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi dövrlər) təşkil edir. İddiaçı yalnız əmək haqqı və məcburi dövlət sosial sığorta haqları ödənilən iş stajı illəri nəzərə alınarsa Şamaxı rayon mədəniyyət şöbəsində olan ümumi sosial sığorta stajı 14 il 07 ayı təşkil edir. İş materiallarında olan Şamaxı Kooperativ Cəmiyyəti tərəfindən təqdim edilmiş əməkhaqqı və digər gəlirlər barədə 21 aprel 2021-ci il tarixli arayışdan məlum olur ki, İddiaçı 1991, 1992, 1993, 1994-cü illərin bütün ayları üzrə, 1995-ci ilin isə 10 ayı üzrə əmək haqqı almışdır. Beləliklə R.S.X1 Cəmiyyətində yalnız əməkhaqqı aldığı dövlər nəzərə alınsa da sosial sığorta stajı 04 il 10 ay təşkil edir. Belə ki, İddiaçı əmək kitabçasında qeyd edilən müəssisələrdə yalnız əmək haqqı ödənilən dövrlər nəzərə alınarsa onun sosial sığorta stajı 19 il 08 ay 17 gün təşkil edir. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixədək olan sosial sığorta stajı 12 il 05 ay 17 gün təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində 01.01.2006-01.03.2013-cü il tarixlərdə toplanmış pensiya kapitalı 2454,42 manat təşkil edir. İddiaçının mübahisələndirilməyən 01.01.2006-cı il tarixədək olan 12 il 05 ay 17 gün sosial sığorta stajının nəzərə alındığı təqdirdə pensiya kapitalı aşağıdakı qaydada hesablanır. 12 il 05 ay 17 gün x306=3797 manat, 2007-ci il üzrə: 3797+8,3%=4112 manat, 2008-ci il üzrə: 4112+16,7%=4799 manat, 2009-cu il üzrə: 4799 + 20,8% = 5884 manat, 2010-cu il üzrə: 5884 + 1,5% = 5972 manat, 2011-ci il üzrə: 5972+ 5,7% = 6313 manat, 2012-ci il üzrə: 6313 + 7,9% = 6812 manat, 2013-cü il üzrə: 6812+ 1,1% = 6687 manat, 2014-cü il üzrə: 6887 + 2,4% = 7052 manat, 2015-ci il üzrə: 7052+ 1,4% = 7151 manat, 2016-cı il üzrə: 7151+ 4% = 7437 manat, 2017-ci il üzrə: 7437 + 12,4% = 8359 manat, 2018-ci il üzrə: 8359+ 5,7% = 8835 manat, 2019-cu il üzrə: 8835+ 3% = 9100 manat, 2020-ci il üzrə: 9100+ 16.6 %= 10.611 manat, 2021-ci il üzrə: 10.611+ 11 %= 11.779 manat. Beləliklə İddiaçı əmək kitabçasında qeyd edilən bütün dövlər nəzərə alındıqda fərdi hesabının sığorta hissəsində toplanmış ümumi pensiya kapitalı 12.024 manatı təşkil edir. İddiaçı əmək kitabçasında qeyd edilən bütün dövlər (əməkhaqqı ödənilməyən dövrlər də daxil edilməklə) nəzərə alındıqda onun sosial sığorta stajı 22 il 06 ay 20 günü təşkil edir. Belə ki, iddiaçının 01.01.2006-cı il tarixədək olan sosial sığorta stajı 14 il 11 ay 17 günü təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində 01.01.2006- 01.03.2013-cü il tarixlərdə toplanmış pensiya kapitalı 2454.42 manatı təşkil edir. Bu halda İddiaçı ümumi pensiya kapitalı aşağıdakı qaydada hesablanmalıdır. 14 il 11 ay 17 gün x 306= 4590 manat, 2007-ci il üzrə: 4590+ 8,3% = 4970 manat, 2008-ci il üzrə: 4970+ 16,7% = 5801 manat, 2009-cu il üzrə: 5801+ 20,8% = 7007 manat, 2010-cu il üzrə: 7007+ 1,5% = 7077 manat, 2011-ci il üzrə: 7077+ 5,7% = 7481 manat, 2012-ci il üzrə: 7481 + 7,9% = 8072 manat, 2013-cü il üzrə: 8072+ 1,1% = 8161 manat, 2014-cü il üzrə: 8161 + 2,4% = 8324 manat, 2015-ci il üzrə: 8324+ 1,4% = 8440 manat, 2016-cı il üzrə: 8440+ 4% = 8778 manat, 2017-ci il üzrə: 8778+ 12,4% = 9867 manat, 2018-ci il üzrə: 9867+ 5,7% = 10.429 manat, 2019-cu il üzrə: 10.429+ 3% = 10.742 manat, 2020-ci il üzrə: 10.742+ 16.6 %= 12.525 manat, 2021-ci il üzrə: 12.525+ 11 %= 13.902 manat. Beləliklə İddiaçı əmək kitabçasında qeyd edilən bütün dövlər (əməkhaqqı ödənilməyən dövrlər də daxil edilməklə) nəzərə alındıqda fərdi hesabının sığorta hissəsində toplanmış ümumi pensiya kapitalı 16.357 manatı təşkil edir. İddiaçı 25 il sığorta stajına malik olduğu nəzərə alınmaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etsə də, qanunla tələb edilən 25 il sosial sığorta stajına və fərdi hesabının sığorta hissəsində toplanmış tələb olunan pensiya kapitalına malik olmadığından ona cavabdeh inzibati orqan tərəfindən haqlı olaraq imtina cavabı verilmişdir. İş üzrə keçirilmiş şifahi məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 iddia ərizəsinə etiraza uyğun izahat verərək iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materiallarına aşağıdakı sənədlər əlavə olunmuşdur: - AZE seriyalı, ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı xx.xx.1959-cu il tarixdə anadan olmuşdur. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının 18 avqust 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 27 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı 1997-2005-ci illərdə Şamaxı rayonunun Mədəniyyət turizm şöbəsində işlədiyi və həmin müəssisədə işlədiyi dövrlərdə aldığı əmək haqlarının aylar üzrə məbləği qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialında saxlanılan Şamaxı rayon “Pirqulu” ticarət müəssisəsinin 1996-1998-ci ilin əmr kitbalarından arxiv çıxarışından görünür ki, İddiaçı 36 saylı 11 noyabr 1996-cı il tarixli əmrlə müəssisəyə gözətçi təyin edilmiş, 04 saylı, 28 fevral 1997-ci il tarixli əmrlə işdən azad edilmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının Şamaxı şəhər Regional ASAN Xidmət mərkəzinə ünvanladığı 27 may 2021-ci il tarixli məktubundan qeyd olunmuşdur ki, Pirqulu ticarət müəssisəsinin 1996-cı il əmək haqqına aid şəxsi hesab kitabları X6 filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 27 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı 1997-ci illərdə “Pirqulu” ticarət müəssisəsində işlədiyi və onun 1997-ci ilin yanvar-fevral ayları üzrə aldığı əmək haqqının miqdarı qeyd olunmuşdur. - Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 27 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı 1974-1978-ci illərdə Şamaxı rayonu Kürdəmic kənd Moskva adına kolxozda və 1974-cü ildə - 221 , 1975-ci ildə - 365, 1976-cı ildə - 366, 1977-ci ildə - 365, 1978-ci ildə - 105 adam günü işlədiyi qeyd edilmişdir. - İddiaçıya məxsus əmək kitabçasında onun 01.12.1989-cu ildən 01 mart 1996-cı ilədək, 11 noyabr 1996-cı ildən 28 fevral 1997-ci ilədək, 01.07.1997-ci ildən 01 iyul 2013cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olduğu qeyd edilmişdir. - Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 14 mart 2022-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, Şamaxı rayon Kürdəmic kənd “Moskva” kolxozunda minimum əmək iştirak norması qadınlar üçün 110-dur. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia öhdəliyin icrası haqqında iddia növünə daxil olmaqla iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla ona yaşa görə əmək pensiyası təyin edilməsini istəyir. Cavabdeh iddiaçının 25 il sosial sığorta stajına və ya ona pensiya təyin edilməsi üçün zəruri olan pensiya kapitalına malik olmamasını əsas gətirərək ona pensiya təyin edilməsindən imtina edir. Eyni zamanda iddiaçının X6 filialının 27 may 2021-ci il tarixli arayışında qeyd olunmuş 1974-1978-ci illərdə Şamaxı rayonu Kürdəmic kənd Moskva adına kolxozda işlədiyi dövrlər nəzərə alınmamışdır. İddiaçının əmək kitabçasında qeyd olunan dövrlərlə bağlı hər hansı bir mübahisə yoxdur. Məhkəmə hesab edir ki, cavabdehin yuxarıda qeyd olunanları əsas gətirərək iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.2 və 3.2.1 bəndlərinə əsasən 2006-cı il 1 yanvar tarixinədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»yə əsasən əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “İnzibati icraat haqqında” Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Yuxarıda istinad olunan normalardan göründüyü kimi, iddiaçının işlədiyi dövrdə qüvvədə olan qanunvericilik əmək stajının əmək kitabçası ilə yanaşı digər sənədlərə əsasən müəyyən edilməsi qaydasını da təsbit etmişdir. İddiaçının işləmiş olduğu dövrdə qüvvədə olmuş hüquq normalarına görə, arxiv müəssisələri tərəfindən verilmiş arayışlar iş stajının müəyyən edilməsi üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İstinad edilən hüquq normalarının məzmunundan da göründüyü kimi, əmək pensiyasının təyin olunması üçün tələb edilən sənədlərin siyahısında yalnız əmək kitabçası deyil, ümumi iş (sosial sığorta) stajını təsdiq edən sənədlərin tələb olunması nəzərdə tutulmuşdur. Həmçinin yuxarıda qeyd edilən arxiv arayışlarında iddiaçının işlədiyi dövrlərdə əmək haqqı aldığı qeyd edilmişdir ki, buda iddiaçının həmin dövrlər də ödənilən əmək fəaliyyəti ilə məşğul olduğunu təsdiq edir. Cavabdehlə iddiaçı arasında ona məxsus əmək kitabçasında qeyd olunan iş stajı ilə bağlı hər hansı bir mübahisə mövcud deyildir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi X6 filialının 27 may 2021-ci il tarixli arxiv arayışında İddiaçı 1974-1978-ci illərdə Şamaxı rayonu Kürdəmic kənd Moskva adına kolxozda və 1974-cü ildə - 221 , 1975-ci ildə - 365, 1976-cı ildə - 366, 1977-ci ildə - 365, 1978-ci ildə - 105 adam günü işlədiyi qeyd edilmişdir. “SSRİ-də vətəndaşların pensiya təminatı haqqında” 1990-cı il 15 may tarixli SSRİ Qanununun 67-ci maddəsinin birinci hissəsinə və “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun Qanunun 67-ci maddəsinə əsasən kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzrlü səbəb olmadan yerinə yetirmədikdə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İddiaçının 1974-1977-ci illərə dair təqdim etdiyi arayışdakı məlumatlar iddiaçının işlədiyi kolxozlarda müəyyən edilmiş əmək iştirakı (adam günü) minimumuna uyğun tədqiq olunmalıdır. İddiaçının kolxozda işlədiyi bütün müddətlər (minimum əmək iştirakı normasının yerinə yetirilib-yetirilməməsindən asılı olmayaraq) onun iş stajının hesablanmasında nəzərə alınmalıdır. Bununla yanaşı, kolxozlardakı ümumi iş stajının məcmusu müəyyən edilərkən minimum əmək iştirakı normasının yerinə yetirilibyetirilməməsindən asılı olaraq iş vaxtının hansı illər üzrə tam, hansı illər üzrə qismən (faktik müddət üzrə) yerinə yetirildiyi nəzərə alınmalıdır. İddiaçının həmin illərdə faktiki işlədiyi müddət üzrə iş stajı aşağıdakı qaydada müəyyən edilir - (221 + 365 + 366 + 365 + 105) × 12 = 17064/110 = 155,13 (≈12 il 11 ay). Beləliklə, iddiaçının Şamaxı rayonu Kürdəmic kənd Moskva adına kolxozda işlədiyi dövrlər də nəzərə alındıqda ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 25 il iş stajı tamamlanmış olur. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtinası əsassızdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, iddiaçı ona yaşa görə əmək pensiyası təyin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etsə də, cavabdeh bunun əksini sübut edə bilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar