Məhkəmə qərarları › İş №2-1(118)-254/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-254/2022

19.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-254/2022 19.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Burcayev imran Ramazan oğlunun sədrliyi, Muradova Ülkər Taleh qızının katibliyi, İddiaçı1 iştirakı ilə, İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdehnə qarşı (üçüncü şəxs – “Şəhriyar” X20) “Dəvəçi rayon XDS RH-ın 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiasına Sumqayıt Məhkəmə Kompleksinin (Sumqayıt şəhəri, Sülh prospekti 70) binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarı ilə X1 adına verilmiş JN-0761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”na əsasən 4.27 hektar torpaq sahəsi X2, X6, X3, X4, X13, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 ailə üzvləri kimi birgə istifadəyə verilmişdir. Əmlak Məsələləri Dövlət komitəsi yanında DƏDRX-in 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən X2 və iddiaçının ailə üzvlərinin adına JN 761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”na əsasən 22 iyun 2018-ci il tarixli, RX ******* seriyalı, **********04 reyestr nömrəli Çıxarış verilmişdir. Artıq uzun illərdir ki, cavabdeh ümumi mülkiyyətdə olan torpaq sahəsindən təkbaşına istifadə edir. Cavabdeh tərəfindən pozulmuş və pozulmaqda davam edən hüquqların bərpa olunması üçün Şabran Rayon Məhkəməsində cavabdehə və ailə üzvlərinə qarşı torpağa mülkiyyət hüququna dair N-0761 KOD 30401004 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 4,27 ha torpaq sahəsinin bölünməsi və hər birinin payı 1/9 hissə olaraq ayrılması” tələbi ilə iddia qaldırılmışdır. Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı iş üzrə 08.07.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Qətnamədən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət edərək qətnamənin ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-244/2020 saylı iş üzrə 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilərək Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı iş üzrə 08.07.2019-cu İl tarixli qətnaməsi ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilmişdir. Qeyd edilən qətnamədən Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti ilə müraciət etsələr də, şikayətləri təmin edilmədi. Qeyd edilən məhkəmə mübahisəsinə apellyasiya mərhələsində baxılan zaman cavabdeh məhkəməyə B№ 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” təqdim edərək bildirmişdir ki, guya Dəvəçi rayon X22 Rəyasət heyətinin 30 aprel 1994-cü il tarixli 04 nömrəli qərarı ilə onun sahibi olduğu “Şəhriyar” X16 10 hektar torpaq sahəsi verilmişdir və JN 761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” ilə verilmiş torpaq sahəsi B№ 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı” ilə ona verilmiş torpaq sahəsinin sərhədləri daxilində olduğundan həmin torpaq ona məxsusdur və birgə istifadə edilə bilməz. Apellyasiya və kassasiya instansiya məhkəmələri öz qərarlarında yuxarıda göstərilən xüsusatlara hüquqi qiymət verərək, Dəvəçi rayon X22 Rəyasət heyətinin 30 aprel 1994-cü il tarixli 04 nömrəli qərarı ilə “Şəhriyar” X16 10 hektar torpaq sahəsinin ayrılması barədə B№ 005051 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nın mübahisələndirilmədiyini, bu səbəbdən də JN- 0761 KOD 30401004 olan dövlət aktına əsasən ümumi birgə mülkiyyətdə olan 4,27 ha torpaq sahəsinin bölünməsi və hər birinin payı 1/9 hissə olaraq ayrılması” tələbinin əsassız olduğunu qeyd etmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin verdiyi 19.08.2020-ci il tarixli **********46 nömrəli məktubunda qeyd olunur ki, Dəvəçi rayon X22 Rəyasət heyətinin 30 aprel 1994-cü il tarixli 04 nömrəli qərarı əsasında “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna” dair 005051 nömrəli dövlət aktı haqqında heç bir məlumat aşkar edilməmişdir. Bundan sonra Cavabdehnə ərizə ilə müraciət edilərək Dəvəçi rayon X22 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli 04 nömrəli qərarının ləğv edilməsi xahiş edilmişdir ki, cavabdeh müraciətə 04.08.2021-ci il tarixli imtina məktubu ilə cavab verərək aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçı eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi və əlavə olaraq bildirdi ki, onun mərhum qardaşı X5 2021ci ilin iyun ayında vəfat etmiş və onun sağlığında aralarında hər hansı bir razılaşma olmamışdır. Məhkəmə tərəfindən sərəncam qəbul edilərək cavabdeh orqana iddia tələbinə dair münasibət bildirməsi tələb olunmasına baxmayaraq cavabdeh orqan hər hansı bir münasibəti (etirazı) məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış üçüncü şəxs “Şəhriyar” X20 nümayəndəsinin iştirakını məhkəmə iclasında təmin etməmiş, “Şəhriyar” X12 mərhum rəhbəri Nəsrəddin Məmmədovun vərəsəsi X7 isə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməni məhkəməyə təqdim edərək məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi kimi çıxış etmək səlahiyyətində olmamışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: • İş materiallarında olan Cavabdeh başçısının aparatının 04 avqust 2021-ci il tarixli, 772 nömrəli məktubuna əsasən iddiaçıya Şabran (keçmiş Dəvəçi) rayon X17 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarının ləğv edilməsi ilə bağlı olaraq məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. • İşdə olan 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktına əsasən “Şəhriyar” X16 Dəvəçi rayon X17 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı və torpaq sahəsinin alınması barədə notarial qaydasında təsdiq edilmiş müqaviləyə əsasən 10 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsal etmək üçün verilmişdir. • JN-0761 KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarı ilə Dəvəçi şəhər sakinləri - X2, X6, X3, X4, X13, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 cizgidə göstərilən sərhəd daxilində kənd təsərrüfatı məhsulları istehsal etmək üçün 4.27 ha torpaq sahəsi verilmişdir. Həmin akt 12.03.2002-ci il tarixdə qeydiyyata alınmışdır. • İş materiallarına əlavə edilmiş Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı, 08.07.2019-cu il tarixli qətnaməsinə əsasən JN-0761 KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən iddiaçıların ümumi mülkiyyətində olan 4,27 ha torpaq sahəsinin bölünməsi və iddiaçıların hər birinin payının 1/9 hissədə ayrılması qərara alınmışdır. Həmin qətnamədən X5 tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-244/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi ilə təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)-591/2019 saylı, 08.07.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul edilərək iddia tələbi təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-5103/2020 saylı, 27.10.2020-ci il tarixli Qərarı ilə iddiaçıların kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-244/2020 saylı, 16 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. • Həmin şəxslər arasında daha bir məhkəmə mübahisəsi olmuşdur. Belə ki, Şabran Rayon Məhkəməsinin 2(031)-172/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsinə əsasən hazırkı iş üzrə iddiaçıların cavabdeh “Şəhriyar” X9rşı 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktının etibarsız hesab edilməsinə dair iddiası rədd edilmişdir. Həmin qətnamədən iddiaçıların verdiyi apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-2091/2021 saylı, 16 sentyabr 2021-ci il tarixli Qətnaməsinə əsasən qismən təmin edilmiş, Şabran Rayon Məhkəməsinin 2(031)- 172/2021 saylı, 15.04.2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxımalı olmadığına görə xitam verilmişdir. • Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19.03.2020-ci il tarixli ekspert rəyinin nəticəsi ilə müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Kadastr və Yerquruluşu Layihə-X18 LTİ-nin mütəxəssis rəyinə əsasan JN-0761 KOD 30401004 olan Torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən X5, X10, X7, X8, X19, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 mülkiyyətində olan 4,27 ha torpaq sahəsi bütövlükdə 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktına əsasən X1 (“Şəhriyar” X20) mülkiyyətində olan 10 ha torpaq sahəsinin (plan və ölçülərinə uyğun olaraq) sərhədləri daxilində yerləşir. • Məhkəmə sorğusu nəticəsində əldə edilmiş Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30.04.1994-cü il tarixli 04 nömrəli iclas protokolundan çıxarışa əsasən X1 başçılığı altında “Şəhriyar” X20 yaradılmış və həmin təsərrüfatın istehsal-təsərrüfat fəaliyyətini təşkil etmək üçün komissiyanın aktına və yerquruluşu planına uyğun olaraq 10 ha torpaq sahəsi həmin təsərrüfatın mülkiyyətinə verilmişdir. • Şabran rayon Dövlət Arxivinə verilən sorğuya cavab olaraq Dəvəçi rayon XDS Rəyasət Heyətinin 30.04.1994-cü il tarixli 04 nömrəli qərarının ləğv olunması barədə hər hansı bir sənədin mövcud olmadığı qeyd edilmişdir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İddia mümkün iddiadır. Belə ki, iddiaçının tələbini mübahisələndirmə haqqında iddia tələbi təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İşdən göründüyü kimi X2, X6, X3, X4, X13, İddiaçı2, İddiaçı3, İddiaçı1 və İddiaçı4 Dəvəçi rayon Aqrar İslahat Komissiyasının 12 sentyabr 2000-ci il tarixli, 06 saylı qərarı ilə JN- 0761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”na əsasən 4.27 hektar torpaq sahəsi verilmişdir. X25 əsasında daşınmaz əmlakın dövlət reyestrindən 22 iyun 2018-ci il tarixli, RX ******* seriyalı, **********04 reyestr nömrəli Çıxarış verilmişdir. İddiaçılar hazırda Dövlət Aktı əsasında onlara məxsus pay torpağından istifadə edə bilmir. Buna səbəb isə 4,27 ha torpaq sahəsinin bütövlükdə 005051 nömrəli Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktına əsasən “Şəhriyar” X12 mülkiyyətində olan 10 ha torpaq sahəsinin (plan və ölçülərinə uyğun olaraq) sərhədləri daxilində yerləşməsi olmuşdur ki, həmin torpaq sahəsi isə hazırda yalnız “Şəhriyar” X12 istifadəsindədir və həmin torpaq sahəsindən iddiaçıların istifadə edilməsinə şərait yaradılmır. Beləliklə, iddiaçılar həmin qərarı onların torpaq sahəsindən istifadə edilməsi ilə bağlı hüquqlarının pozulduğuna görə mübahisələndirərək məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə iddiaçıların onlara pay torpağı kimi birgə istifadəyə verilmiş torpaq sahələrindən istifadə hüquqları pozulmuşdur. Belə ki, Aqrar islahatın həyata keçirilməsinin hüquqi təminatı Azərbaycan Respublikası Konstitutusiyası, aqrar sahədə islahatların həyata keçirilməsinə dair qəbul edilmiş qanunlar, onların icrasının təmin edilməsinə dair fərmanlar, dövlətin aqrar bölmənin inkişafına dair qəbul etdiyi qərarlar təşkil edir. Bu qanun, fərman və qərarlardan irəli gələn nəzəri və təcrübi əhəmiyyətli göstəriş və qərarlar xüsusi təsərrüfatların yaradılması, sahibkarlığın formalaşması və inkişafının metodoloji əsaslarını müəyyənləşdirir. Aqrar islahatların həyata keçirilməsinin başlıca məqsədi xüsusi təsərrüfat formalarının təşkilinə nail olmaqdan və aqrar bölmənin bütün sahələrində sahibkarlığı hər vasitə ilə inkişaf etdirməkdən ibarətdir. Aqrar islahatları aparmaq məqsədilə X24 komissiyası, yerli və rayon aqrar islahat komissiyaları yaradılmış, onların hüquqları, funksiyaları, vəzifələri və iş qaydaları müvafiq olaraq əsasnamələrdə təsdiq edilmişdir. “Aqrar İslahatın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən islahat torpaqların dövlət və bələdiyyə mülkiyyətinə ayrılmasını, müəyyən edilmiş normalar əsasında torpaqların xüsusi mülkiyyətə əvəzsiz verilməsini, mülkiyyət formasından asılı olmayaraq torpaq istifadəçilərinə təsərrüfat fəaliyyəti üçün bərabər şərait yaradılmasını nəzərdə tutur. Torpaq mülkiyyətçisinin Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq torpağı satmaq, bağışlamaq, dəyişmək, girov qoymaq, icarəyə və vərəsəliyə vermək, əlavə torpaq sahəsi satın almaq hüquqları vardır. Torpaq islahatı zamanı ərazinin təbii-coğrafi şəraiti, əhalinin sıxlığı və kənd təsərrüfatı istehsalında iştirakı, torpaqların keyfiyyəti, torpaqdan istifadənin yerli xüsusiyyətləri nəzərə alınır, torpaqlardan təyinatına görə istifadə olunması və ətraf mühiti mühafizə tələbləri gözlənilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən torpaq paylarının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən torpaqların sahəsindən, keyfiyyətindən və torpaq payı almaq hüququ olan subyektlərin sayından asılı olaraq müəyyən edilir. Hər bir subyektə düşən orta torpaq payının ölçüsü sovxozun və ya kolxozun özəlləşdirilən ümumi torpaq sahəsinin subyektlərin sayına bölünməsi yolu ilə təyin edilir (maddə 13). “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən bu Qanun qüvvəyə mindiyi günədək sovxozun və ya kolxozun ərazisində yaradılmış və təyinatına uyğun fəaliyyət göstərən təsərrüfatlararası müəssisələrin, kooperativlərin, kiçik müəssisələrin, kəndli (fermer) təsərrüfatlarının və digər kənd təsərrüfatı istehsalı müəssisələrinin təsisçiləri və əsas iş yeri həmin müəssisələr olan şəxslər sovxoz və kolxozların özəlləşdirilən torpaqlarından pay almaq hüququ olan subyektlərə aiddirlər. Hazırkı halda məhkəmə hesab edir ki, JN-0761 KOD 30401004 nömrəli “Torpağa mülkiyyət, sahiblik və daimi istifadə hüququna dair Dövlət Aktı”nda adı çəkilən şəxslərə ümumilikdə 4,27 ha torpaq sahəsi verilmişdir ki, bu da adambaşına düşən torpaq payının 47 sot olduğu qənaətinə gəlir, yəni, iddiaçıların hər birinə 47 sot olmaqla, ümumilikdə 1,89 ha torpaq sahəsinin məxsus olmasına əsas verir. Bu qeyd olunanları ümumiləşdirərək məhkəmə hesab edir ki, 10 ha torpaq sahəsinin “Şəhriyar” X12 mülkiyyətinə verilməsinə dair Dəvəçi rayon X17 Rəyasət Heyətinin 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı tam olaraq deyil, iddiaçılara düşən 1,89 ha hissəsində ləğv edilməlidir. Beləliklə, məhkəmə qeyd edilənləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Dəvəçi rayon XDS RH-ın 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı iddiaçılara ümumilikdə məxsus olan 1,89 ha hissədə ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi qismən təmin edilsin. Dəvəçi rayon XDS RH-ın 30 aprel 1994-cü il tarixli, 04 nömrəli qərarı iddiaçılara məxsus 1,89 ha hissədə ləğv olunsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim İmran Burcayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar