Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2553/2023 06.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “ yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 01 noyabr 2022-ci il tarixli **********8 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılır ki, iddiaçı xx xxxxxxxx 1956-ci il tarixdə anadan olmuşdur. 2021-ci ilin sentyabr ayında 65 yaşı tamam olmuşdur. 1973-cü ildən 2009-cu il tarixə qədər ayrı-ayrı yerlərdə çalışmışdır. Hərbi xidmət illərini daxil olmaqla 33 ildən artıq əmək stajı var. Əmək stajını nəzərə alaraq əmək pensiyasının təyin edilməsi məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala müraciət etmişdir. Cavabdeh orqan iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina etmişdir. xx.xx.2022-ci il tarixli imtina məktubunda qeyd edilir ki, “Təqdim edilən sənədlərin surətlərinə əsasən İddiaçı sığorta stajı (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixinədək hərbi hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 17 il 8 ay 1 gün təşkil edir. Həmçinin bildiririr ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixinədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Əlavə olaraq bildirirlər ki, təqdim edilən xx.xx.2022- ci il tarixli **********33 saylı arxiv arayışına əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixinədək Yasamal rayonu Ticarət və İçtimai İaşə İdarəsinin (Sevinc kafesi) əmək haqqı cədvəlləri Mərkəzi Arxivə təhvil verilməmişdir. Bu səbəbdən vətəndaşın həmin müəssisədən əmək haqqı alıb-almadığını müəyyən etmək mümkün olmadığı üçün sözügedən dövrlər sosial sığorta stajına daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir”. Hesab edir ki, cavabdehin imtinası əsassız və qanunsuzdur. Belə ki, “X7” Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixdən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. AR Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi Qaydaları” nın 1.1-ci bəndinə görə, əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsasə sənəddir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “X7” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarına əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajını müəyyən edən sənədlərdən biri də əmək kitabçasıdır. Bundan əlavə tərəfindən X1 və X5 Hüquqi Şəxsinə verilmiş sorğuya 07 oktyabr 2022-ci il tarixli cavab məktubu ilə bir daha təsdiq edilir ki, o, xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixə qədər “Sevinc” kafesində çalışmışdır. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd etmişdir ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin 6 saylı DOST Mərkəzinə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Ərizəçinin müraciətinə mərkəzi filialda baxılaraq xx.xx.2022-ci il tarixli **********8 nömrəli imtina məktubu ilə bildirilmişdir ki, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulan müddətdən (25 il) az olduğu üçün yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün deyil. Bundan narazı qalan iddiaçı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. “X7” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən müvafiq yaşa çatmış şəxslərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. xx.xx.2020-ci il tarixindən pensiya yaş həddi kişilər üçün 65 yaş müəyyən edilmişdir. Sözügedən Qanunun 1.0.2-ci maddəsinə uyğun olaraq, sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qeyd olunan Qanunun 22-1.1-ci maddəsinə uyğun olaraq, əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə pensiya təyin edilərkən, 2006-cı il yanvarın 1-dək sığorta stajı 25 il hesablanır. Mərkəzi filialın məktubunda İddiaçı sığorta stajının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən (10.11,1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 17 il 8 ay 1 gün təşkil etdiyi qeyd olunmuşdur. Həmçinin mərkəzi filial tərəfindən ərizəçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı da aşkar olunmuşdur. Əlavə olaraq bildirirlər ki, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********33 saylı arxiv arayışına əsasən xx.xx.1993-cü il tarixdən 16.01,2009-cu il tarixədək Yasamal rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Sevinc kafesi) əməkhaqqı cədvəlləri Mərkəzi Arxivə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun 7.0.2-ci maddəsinə əsasən əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda və işləmədikdə yaşa görə müavinət almaq hüququ vardır. İddiaçı xx.xx.2021-ci il tarixdə 130 manat məbləğində yaşa görə sosial müavinət təyin edilmiş, xx.xx.2022-ci il tarixdən 180 manata çatdırılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X6 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir və iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi vacib sayır. İddiaçı ona 65 yaşdan yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh inzibati orqan isə qeyd edir ki, İddiaçı sığorta stajının təqdim etdiyi əmək kitabçasının surətinə əsasən (xx.xx.1974-cü il tarixdən xx.xx.1976-cı il tarixədək hərbi xidmətdə olduğu dövr nəzərə alınmaqla) 17 il 8 ay 1 gün təşkil etdiyi qeyd olunmuşdur. Həmçinin mərkəzi filial tərəfindən ərizəçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək fərdi hesabının sığorta hissəsində pensiya kapitalının qeydə alınmadığı da aşkar olunmuşdur. Əlavə olaraq bildirirlər ki, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********33 saylı arxiv arayışına əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Yasamal rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Sevinc kafesi) əməkhaqqı cədvəlləri Mərkəzi Arxivə təhvil verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün ona yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmamışdır. Belə ki, X7 Qanuna əsasən: 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur M a d d ə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. İş materiallarına əlavə edilmiş X2 və X5 Hüquqi Şəxsin 07 oktyabr 2022-ci il tarixli, **********33 saylı Arxiv Arayışında qeyd edilmişdir ki, İddiaçı Bakı şəhəri Yasamal rayonu X9 (İİT): xx.xx.1993-cü il tarixli 38 №-li əmri ilə xx.xx.1993-cü il tarixdən “Sevinc" yeməkxanasının müdiri vəzifəsinə qəbul edilmişdir. Bakı şəhəri Yasamal rayonu Ticarət və İctimai İaşə idarəsinin (Tİİİ) (keçmiş İİT-nin bazasında): xx.xx.1998-ci il tarixli 23 №-li əmri ilə “Sevinc” kafesinin müdiri vəzifəsindən həmin tarixdən inzibatçı vəzifəsinə keçirilmişdir. Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin (DƏK) xx.xx.1999-cu il tarixli 230 №-li sərəncamı və xx.xx.1999-cu il tarixli 24 №-li əmrinə əsasən Bakı şəhəri Yasamal rayonu Tİİİ ləğv edilərək, onun arxiv sənədləri DƏK-in “İstehsalat və Təsərrüfat” İdarəsinə (İTİ) verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1999-cu il tarixli 229 №-li Fərmanı ilə DƏK ləğv edilərək, Dövlət Əmlakı Nazirliyi (DƏN) yaradılmışdır. DƏN-in xx.xx.1999-cu il tarixli 01 №-li əmri ilə İTİ ləğv edilərək, 14.01,2000-ci il tarixli 05 №-li əmri ilə onun bazasında Ticarət və xidmət müəssisə və obyektlərin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXMOFƏM) yaradılmışdır, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 475 Ns-li Fərmanı ilə Mərkəzin təsisçisi - DƏN-in və bir sıra keçmiş dövlət təşkilatlarının bazasında İqtisadi İnkişaf Nazirliyi (İİN) yaradılmışdır. İİN-in xx.xx.2004-cü il tarixli 03 №-li əmri ilə TXMOFƏM-nin bazasında Ticarət, xidmət və istehsalat müəssisə və obyektlərinin fəaliyyətinin əlaqələndirilməsi Mərkəzi (TXİMOFƏM) yaradılmışdır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2005-ci il tarixli, 313 №-li Fərmanı ilə yaradılmış Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin (DƏİEDK) tabeliyinə verilmiş TXİMOFƏM-nin 06.12,2005-ci il tarixli 11 №-li əmri ilə adı dəyişdirilərək İstehsal və Xidmət Müəssisələrinin İdarəetmə Mərkəzi (İXMİM) olmuşdur. DƏlEDK-nin İXMİM-nin : xx.xx.2009-cu il tarixli 01M №-li əmri ilə Yasamal rayonunda yerləşən “Sevinc” kafesinin inzibatçısı həmin tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68- ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) işdən azad edilmişdir. DƏİEDK-nin İXMİM-nin hüquqi varisi İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “X2 və Koordinasiya Mərkəzi” X10. Arayış kadr əmri və şəxsi iş əsasında tərtib edilərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Abşeron rayon şöbəsinə təqdim etmək üçün verilmişdir. Qeyd : mərkəzin arxivində İddiaçı 1993-2009-cu illər üzrə əməkhaqqı cədvəlləri yoxdur. Cavabdeh imtinasının əsası kimi qeyd edir ki, iddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli **********33 saylı arxiv arayışına əsasən xx.xx.1993-cü il tarixdən xx.xx.2009-cu il tarixədək Yasamal rayonu Ticarət və İctimai İaşə İdarəsinin (Sevinc kafesi) əməkhaqqı cədvəlləri Mərkəzi Arxivə təhvil verilməmişdir. Bu əsasla cavabdeh həmin dövrlərin nəzərə alınmasından imtina edir. Bununla bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X7” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə, bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə, qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. Göründüyü kimi, qanunvericilik əmək kitabçasını sosial sığorta stajının müəyyən edilməsində mötəbər sübut kimi qəbul edir. Qaydaların 3.2.1-ci maddəsində "X7" Qanun qüvvəyə minən günədək, yəni xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün sosial sığorta stajının əmək kitabçasına əsasən müəyyən edildiyi, xx.xx.2006-cı il tarixdən sonrakı dövr üçün isə sosial sığorta stajının sığortaolunanın fərdi uçot məlumatları əsasında, yəni yalnız məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə sosial sığorta stajına daxil edilməsinin mümkünlüyü təsbit edilmişdir. Qeyd olunmalıdır ki, inzibati orqanın verilmiş səlahiyyətlər çərçivəsində sosial sığorta haqlarının ödənilməsini təmin etməli olduğu halda, bu vəzifəsini icra etməməsi, “X7” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların işlədiyi müddətin iş stajı kimi nəzərə alınmasından imtina və sosial sığorta olunan şəxsin pensiya hüququndan məhrum edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçının əmək kitabçasında qeyd edilən mübahisəli dövrlərdə işləməsi arxiv arayışı ilədə təsdiq edilməsi xx.xx.2006-cı il tarixə kimi olan dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmalı olması əsası yaradır. Cavabdeh orqan tərəfindən xx.xx.2006-cı ildən sonrakı dövrlər qanunvericiliyə uyğun olaraq nəzərə alınmasa da, X2 və X5 Hüquqi Şəxsin 07 oktyabr 2022-ci il tarixli, **********33 saylı Arxiv Arayışından göründüyü kimi iddiaçının xx.xx.1993-cü il tarixdən xx.xx.2006-cı il tarixə kimi 12 il 07 ay 7 gün stajı vardır. Arayışda qeyd edilmiş dövrlər iddiaçının əmək kitabçasında da qeyd edilmişdir. Bu baxımdan həmin dövrlərin sosial sığorta stajı kimi nəzərə alınmaması qanunvericiliyin tələblərinə zidd olmaqla əsaslı olmamışdır. Göründüyü kimi həmin dövrlər və cavabdeh orqanın nəzərə aldığı digər dövrlərlə (17 il 8 ay 1 gün) birlikdə iddiaçının 25 ildən artıq sosial sığorta stajı mövcuddur. Beləliklə iddiaçı pensiya yaşına çatdığına (65 yaşı xx.xx.2021-ci il tarixində tamam olmuşdur) və 25 ildən artıq sığorta stajı olduğuna görə məhkəmə hesab edir ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilməlidir. X7 Qanuna 32.1-1 maddəsinə əsasən “Əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir.” İddiaçı hüququ yarandığı tarixdən sonrakı üç il ərzində müvafiq müraciəti olduğu üçün qanunvericiliyin tələbinə uyğun olaraq, onun pensiyası 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən hesablanmalı, ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 65 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi (əmək pensiyası xx.xx.2021-ci il tarixdən hesablanmalı, X7 Qanuna 32.1-1 maddəsinə uyğun olaraq ödənilməlidir) öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına həvalə edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-2553/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2553/2023
06.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver