Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2553/2024 14.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Kamal qızının katibliyi, İddiaçı Meşədi oğlunun iştirakı ilə, İddiaçı Meşədi oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı Meşədi oğlu cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlarınını və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya qarşı Bakı İnzibati Məhkəməsinə müraciət edərək, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan “Vətən müharibəsi” dövründə cəbhədə iştirak etməs nəzərə alınaraq ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)-15255/2023 saylı qərardadı ilə inzibati işin baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Abşeron rayonu, Xırdalan şəhəri, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ailə üzvləri ilə birlikdə həmin ünvanda yaşayır. Erməni işğalçıları tərəfindən işğal edilmiş torpaqların azad edilməsi ilə əlaqədar 2020-ci ilin sentyabr ayının 27-də Azərbaycan Ordusu tərəfindən əks-hücum əməliyyatları başlandıqdan sonra həmin döyüşlərdə iştirak etmək üçün müxtəlif dövlət orqanlarına müraciət etsə də, yaşının çoxluğu nəzərə alınmaqla iddiaçının döyüş əməliyyatlarında iştirak etməsinə şərait yaradılmamış, zəruri olduqda çağırılacağı barədə məlumat verilmişdir. Onun döyüş əməliyyatlarında iştirak etməsi mümkün olmasa da, orduya mülki şəxs qismində kömək etmək məqsədilə dostu X1 ilə birlikdə onun mülkiyyətində olan “Kamaz 6520 yük” markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2020-ci il tarixdə döyüş gedən əraziyə getmiş və həmin vaxtdan xx.xx.2020-ci il tarixədək Beyləqan rayonunda yerləşən “037” nömrəli hərbi briqadanın tərkibində Cəbrayıl və Qubadlı rayonu ərazisində sürücü qismində hərbi əməliyyatların aparılması ilə əlaqədar olaraq hərbi yüklərin və sursatların daşınmasında, həmçinin digər işlərin görülməsində iştirak etmişdir. xx.xx.2020-ci il tarixdə orada olarkən maşının alışması nəticəsində əli və bədəninin müxtəlif nahiyyələri yanmışdır. Bununla bağlı o, Sanqaçalda yerləşən hospitala gətirilmiş, lakin sonra özü oradan çıxıb özəl müalicə müəssisənə getmişdir. Həmin müddətdə və qeyd olunan ərazilərdə iddiaçının “037” nömrəli hərbi briqadanın tərkibində sürücü qismində iştirak etməsi və orduya köməklik etməsini orada olan şəxslər (döyüşçülər, mülki şəxslər və s.) təsdiq edirlər. Göründüyü kimi iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsi dövründə cəbhədə iştirak etməyi öz təsdiqini tapır. O, xx.xx.2023-cü il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinə müraciət edərək iddiaçının xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan Vətən müharibəsi dövründə cəbhədə iştirak etməyini təsdiq edən arayış verilməsini xahiş etmişdir. Həmin ərizəsinə cavab olaraq Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-431/2-474/2023 nömrəli cavab məktubunda N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında onun Vətən müharibəsində iştirak etməsi barədə heç bir məlumatın qeyd olunmadığının göstərildiyi qeyd edilmiş və buna görə də, iddiaçının vətən müharibəsində iştirak etməyinə dair arayışla təmin olunmasının mümkün olmadığı göstərilmişdir. İddiaçı könüllü olaraq xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək döyüş əməliyyatlarında iştirak etdiyinə görə onun adı rəsmi olaraq qeydiyyata alınmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Müharibə veteranı adı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları verdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X5 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. Qeyd: Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Belə ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyi bu inzibati işdə cavabdeh kimi göstərilə bilməz. İddiaçı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasında hər-hası rəsmi əmək (xidməti) münasibəti olmadığına görə Müdafiə Nazirliyinin Aparatı nəzdində fəaliyyət göstərən “Veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiya” tərəfindən iddiaçıya Müharibə veteranı adı və müvafiq veteran vəsiqəsinin verilməsi üçün sənədləri Azərbaycan Respublikası Nazirlər Kabinetinə göndərilməmişdir. İş materiallarına əlavə edilmiş: - Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsi tərəfindən verimiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, N nömrəli hərbi hissəyə müvafiq sorğu göndərilmiş, lakin N nömrəli hərbi hissənin nizami hissə üzrə əmrlər kitabında xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək Vətən müharibəsində iştirak etməyi barədə heç bir məlumat qeyd olunmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. «Veteranlar haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 3cü abzasının tələblərinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Həmin Qanunun 7-ci maddəsinə əsasən müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir…. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: 1-ci hissə. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X5 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası Müdafiə nazirinin 6 yanvar 1998-ci il tarixli 4 nömrəli əmri ilə təsdiq edilmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı və Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silah Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimatın 1.6-cı bəndinə əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq zaqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. Təlimatın qeyd hissəsində döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrdən çıxarış mütləq təqdim edilməlidir. Məhkəmə hesab edir ki, müharibə veteranı adının verilə bilməsi üçün şəxsin döyüş əməliyyatları aparan hərbi hissədə xidmət aparması və həmin hərbi hissədən qanunla müəyyən edilmiş qaydada təxris olunması faktı sübuta yetirilməlidir. İndiki halda iddiaçı iddia tələbinin əsası kimi aparılmış hərbi hissənin tərkibində döyüş əməliyyatlarında iştirak etdiyini əsas gətirərək, belə bir iddia tələbini irəli sürsə də, həmin hallar məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Göründüyü kimi, hazırki iddia tələbi qanunvericiliyin qeyd olunan dispozitiv şərtləri ilə uzlaşmır. Ona görə də məhkəmə hesab edir ki, hazırki halda iddiaçı ona müharibə veteranı adı verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh inzibati orqan imtina cavabı verməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İPM-nin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Meşədi oğlunun cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı ona müharibə veteranı adının verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiası təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti, 70 (Sumqayıt Məhkəmə Kompleksi) ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-2553/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2553/2024
14.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver