Məhkəmə qərarları › İş №2-1(118)-2554/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2554/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2554/2022 15.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 6/173 saylı, xx.xx.2022-ci il tarixli razılığı ilə mülkiyyətində olan torpaq sahəsində inşa edilən 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin mərtəbələrinin sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsi, bununla bağlı sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, DƏDRX-in 4 saylı Abşeron rayon Ərazi İdarəsinin xx.xx.2019-cu il tarixli, ********** saylı qeydiyyatına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Eyni zamanda DƏDRX-in 4 saylı Abşeron rayon Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, ********** saylı qeydiyyatına əsasən Abşeron rayonu, Masazır kəndində yerləşən 0,10 ha torpaq sahəsinin mülkiyyətçisidir. Bununla yanaşı onun torpaq sahəsinə bitişik 0,22 ha torpaq sahəsi atası X1 məxsusdur və həmin torpaq sahəsini də o, istifadə etmək üçün iddiaçıya verib, ərazidə hər hansı iş görməyinə etiraz etmir. Bütün bunları nəzərə alıb, mülkiyyətində olan həmin torpaq sahəsində tikinti işlərinin aparılması üçün Cavabdehnə müraciət etmiş, cavabdehin 1/6/659 saylı, xx.xx.2021-ci il tarixli razılığı ilə mülkiyyətində olan sahədə 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir. Bundan sonra iddiaçı tikinti işlərinə başlamış və qeyd edilən 3 mərtəbəni inşa etmişdir. Daha sonra iddiaçı rayon İcra Hakimiyyətinə müraciət edərək 3 mərtəbəli yaşayış evinin mərtəbə sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsini xahiş etmişdir. Cavabdehin 6/173 saylı, xx.xx.2022-ci il tarixli cavabında göstərilmişdir ki, “qaldırdığı məsələ rayon İcra Hakimiyyətinin səlahiyyətləri xaricindədir və tikintisi nəzərdə tutulan binanın Arxitektura və Şəhərsalma Komitəsindən uyğunluq rəyi rayon İcra Hakimiyyətinə daxil olduqdan sonra müraciətimə baxılacaqdır”. cavabdehin 6/173 saylı, xx.xx.2022-ci il tarixli cavabını əsassız hesab edir. Belə ki, başqa bir bəhanə tapılmadığı üçün imtina cavabında hər hansı tutarlı səbəb göstərilməmişdir. Yuxarıda qeyd edilən və istifadəsində olan ərazi kifayət qədər geniş olduğu, şəhərsalma tələblərinə cavab verdiyi üçün orada standartlara uyğun infrastruktur və şəraitin yaradılması mümkündür. Şəhərsalma qanunvericiliyinə əsasən həmin ərazi hətta 16 mərtəbəli yaşayış evinin tikintisinə imkan verir. Bu səbəbdən cavabdehin imtina cavabı absurddur. Rayon İcra Hakimiyyəti qaldırdığı məsələnin onun səlahiyyətləri xaricində olması ilə bağlı hər hansı mötəbər sənədə və məsələnin Arxitektura və Şəhərsalma Komitəsi ilə hansı əlaqəsinin olmasını mötəbər sənədə istinad etməmişdir.Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Yerli İcra hakimiyyətləri haqqında” Əsasnamənin və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən yerli icra hakimiyyətlərinin səlahiyyətlərinə mərtəbələrinin sayı 3 dən artıq olan, hündürlüyü 12 metrdən artıq olan tikintilərin inşa olunmasına icazə verilməsi nəzərdə tutulmur. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-pianlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. 80.2.Barəsində məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektlərinin tikintisinə icazənin alınması tələb olunmur. 80.3. Barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektlərinin tikinti iayihəsinin memarlıqpianlaşdırma və tikinti ərazisinin baş planı bölmələri müvafiq ərazidə qüvvədə olan müfəssəl planın tələblərinə uyğun tərtib edilməlidir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, barəsində məlumatlandırma icraatı nəzərdə tutulan tikinti obyektinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə uyğunluğu yoxlanılır.80.4. Sifarişçi tikintiyə başlamazdan əvvəl tikinti niyyəti barədə müvafiq icra hakimiyyəti orqanına və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı quruma məlumat verir və bu Məcəllənin 80.1-ch—80.1-1-ci və 80.3-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğunluğunun yoxlanılması üçün tikinti obyektlərinin layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surətini həmin orqana təqdim edir. Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən bu Məcəllənin 80.1-ci maddəsində nəzərdə tutulmuş tikinti obyektlərinə münasibətdə 10 gün müddətində layihəyə dair irad sifarişçiyə təqdim edilmədikdə, sifarişçi tikinti işlərinə başlaya bilər. İradlar olduqda, həmin iradlar normativ hüquqi aktlara istinad olunmaqla və onların pozulan tələbləri dəqiq göstərilməklə əsaslandırılmalıdır. 80.5. Barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektlərinin tikinti layihəsinin memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinə uyğun tikilməsinə nəzarəti müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. 80.6 Müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum bu Məcəllənin 80.4-cü maddəsinin ikinci cümləsində müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin Dövlət reyestrinə təqdim edir. Həmin məlumatlar 3 iş günü ərzində Tikintilərin Dövlət reyestrinin internet səhifəsində yerləşdirilir. Göründüyü kimi rayon İcra Hakimiyyətinin yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “ 0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin tikintisinə razılıq verə bilər. Həmçinin, iddiaçının iddia tələbində qeyd etdiyi tikili tikilib tamamlanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə eyni məzmunlu izahat verərək, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 6/173 nömrəli, xx.xx.2022-ci il tarixli imtina məktubu, etiraz ərizəsi, **********442, **********41 reyestr nömrəli çıxarışların surəti surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin 4 sentyabr 2012-ci il № 695 saylı Fərmanının 4.7ci bəndinə əsasən Şəhərsalma və Tikinti Məcəlləsinin 80.4-cü maddəsinin birinci cümləsində qeyd olunan müvafiq icra hakimiyyətinin səlahiyyətlərini Bakı şəhəri istisna olunmaqla digər inzibati ərazilərdə yerli icra hakimiyyətləri həyata keçirirlər. Azərbaycan Respublikası Prezidentinin 9 noyabr 2007-ci il tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş və 19 mart 2019-cu il tarixli 597 nömrəli Fərmanı ilə dəyişikliklər edilmiş Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında Əsanamənin 8.20-3-cü maddəsinə əsasən Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək Komitənin vəzifəsidir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. 75.3. Sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (yerli icra hakimiyyəti orqanı) (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: 75.3.1. torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; 75.3.2. tikinti layihəsi; 75.3.3. sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; 75.3.4. “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. 75.4. Müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) (qurum) tikintiyə dair ərizənin və tikinti layihəsinin təqdim edildiyi vaxtdan 3 iş günü, ekspertizadan keçirilməsi tələb olunmayan tikinti layihələrinə münasibətdə isə 2 iş günü ərzində bu Məcəllənin 75.3-cü maddəsində nəzərdə tutulmuş sənədlərin tamlığını yoxlayır. Sənədlər tam təqdim olunmadıqda, müvafiq icra hakimiyyəti orqanı (qurum) onların tamamlanması üçün zəruri hərəkətlər barədə ərizəçiyə dərhal məlumat verir və bu məqsədlə 10 gün müddət təyin edir.Sənədlərin tamlığının təmin edilməməsinin hüquqi nəticələri ərizəçiyə izah olunur. Bütün natamamlıqlar ərizəçiyə eyni zamanda bildirilməlidir. Ərizəçi sənədlərin tamlığını məlumatı aldığı tarixdən ən geci 10 gün müddətində təmin etməlidir. Bu zaman tikintiyə icazə icraatı üçün nəzərdə tutulmuş müddətin axımı dayandırılır. Sənədlərin tamlığının təmin edilməsi barədə ərizəçinin müraciətindən sonra müddətin axımı bərpa olunur. 75.5. Tikintiyə dair sənədlərin tamlığı təmin edildikdən sonra, müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyəti orqanı) (qurum) aşağıdakıları təmin edir: 75.5.1. tikinti layihəsinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğun olub-olmaması barədə rəy verilməsini; 75.5.2. bu Məcəllənin 75.5.1-ci maddəsinə müvafiq olaraq tikinti layihəsinin şəhərsalma sənədlərinə uyğunluğu barədə rəy müsbət olduğu təqdirdə — bu Məcəllənin 75.6-cı maddəsində qeyd edilən tikintiyə icazə ilə fəaliyyət sferasına (maraqlarına) toxunulan digər aidiyyəti qurumlara rəy bildirilməsi üçün sorğu göndərilməsini. (-). 78.1. təhlükə potensiallı və ya dövlət əhəmiyyətli tikinti obyektlərinin tikintisinə icazə ilə bağlı əlavə tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-İVQ nömrəli Qanununun tətbiqi barədə 4 sentyabr 2012-ci il tarixli, 695 nömrəli Azərbaycan Respublikası Prezidentinin fərmanının 4.7-1-ci bəndinə əsasən, Məcəllənin 75.1-ci, 75.2-ci və 75.3-cü maddələrinin birinci cümlələrində, 75.4-cü maddəsinin birinci və ikinci cümlələrində, 75.5-ci maddəsində, 75.7ci maddəsinin ikinci cümləsində, 75.8-ci maddəsində, 75.9-cu maddəsində, 75.10-cu maddəsinin birinci cümləsində, 75.13-cü maddəsində, 75.14-cü maddəsinin birinci cümləsində, 76.1-ci (birinci halda), 76.2-ci (birinci halda), 82.1-ci (birinci halda) maddələrində, 84.1-ci maddəsinin birinci cümləsində (birinci halda), 84.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 86.1.1-ci maddəsində (birinci halda), 86.3-cü maddəsinin birinci cümləsində (birinci halda), 101.2-ci maddəsində (birinci halda), 102.2-ci maddəsinin birinci cümləsində (birinci halda), 102.3-cü maddəsinin birinci (birinci halda) və üçüncü (birinci halda) cümlələrində, 102.4-cü (birinci halda), 102.4-1-ci maddəsinin birinci (birinci halda) və ikinci (birinci halda) cümlələrində və 102.4-2-ci maddəsinin ikinci (birinci halda) cümləsində, 102.4-3-cü maddəsinin üçüncü (birinci halda) cümləsində, 102.5-ci (birinci halda) maddələrində, 102.7-ci maddəsinin birinci cümləsində (birinci halda), 103.2-ci maddəsinin birinci cümləsində (birinci halda) nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini aşağıdakı orqanlar həyata keçirirlər: 4.7-1.1. həmin Məcəllənin 78.2-ci maddəsində nəzərdə tutulmuş dövlət əhəmiyyətli tikinti obyektləri, habelə bir neçə şəhər və (və ya) rayon (şəhər rayonu istisna olmaqla) inzibati ərazi vahidi ərazisində yerləşən tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Nazirlər Kabineti; 4.7-1.2. digər tikinti obyektlərinə münasibətdə (dövlət mühafizəsində olan daşınmaz tarix və mədəniyyət abidələrinin mühafizə zonalarına münasibətdə – həmin Məcəllənin 75.1-ci maddəsinin birinci cümləsinə əsasən, tikintiyə icazə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, tabeliyindəki dövlət qoruqlarının ərazilərində Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin razılığı ilə verilməklə): Həmin Məcəllənin 47.4.2-ci maddəsinə əsasən sifarişçi tikinti layihəsinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun hazırlanmasını, layihədə dəyişikliklərin edilməsini, razılaşdırılmasını və təsdiqlənməsini təmin edir.4.7-1.2.1. Bakı şəhərinin inzibati ərazisində və “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanının 1.6-cı və 1.13-cü bəndləri ilə müəyyən edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının əhatə etdiyi şəhər və rayonların inzibati ərazilərində tikinti obyektlərinə münasibətdə – Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi; 4.7-1.2.2. digər inzibati ərazi vahidlərində tikinti obyektlərinə münasibətdə – yerli icra hakimiyyəti orqanları həyata keçirirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 12 yanvar tarixli 6 nömrəli qərarı ilə təstiq edilmiş “Müfəssəl plan olmadığı və ya onun müddəti bitdiyi hallarda tikintiyə icazə verilməsi və ya məlumatlandırma icraatı məqsədləri üçün tikinti layihələrinin onların həyata keçiriləcəkləri ərazinin planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), habelə müfəssəl planın hazırlanması zamanı nəzərə alınan tələblərə uyğunluğunun müəyyənləşdirilməsi” Qaydalarının 1.3-cü bəndinə əsasən tikintiyə icazə icraatı ilə bağlı layihələrin tələblərə uyğunluğunun müəyyənləşdirilməsi şəhərsalma əsaslandırılmasının tərtib edilməsi, məlumatlandırma icraatının şamil olunduğu layihələrin uyğunluğunun müəyyənləşdirilməsi isə bu Qaydaların 4-cü hissəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 1.4-cü bəndinə əsasən şəhərsalma əsaslandırılması tikintiyə icazə ilə bağlı icraata başlanması üçün əsasdır. Qaydaların 1.5-ci bəndinə əsasən layihələrin uyğunluğunun müəyyənləşdirilməsi zamanı müvafiq ərazinin ərazi planlaşdırılması sənədlərinə (baş planlara və (və ya) ümumi planlara), həmçinin müfəssəl planın hazırlanması zamanı nəzərdə tutulan tələblərə riayət olunur . Həmin Qaydaların 1.8-ci bəndinə əsasən tikintiyə icazə icraatı ilə bağlı layihələr üzrə şəhərsalma əsaslandırılması proseduruna başlanılması üçün sifarişçi tikinti obyektinin Məcəllənin 75.3.1-ci, 75.3.3-cü maddələrində göstərilən sənədləri, habelə Məcəllənin 75.3.2-ci maddəsində nəzərdə tutulan tikinti layihəsinin tikinti ərazisinin baş planı və tikinti layihəsinin memarlıq-planlaşdırma bölmələrini tikintiyə icazə verən orqana (quruma) təqdim edir. Cavabdehin 6/173 nömrəli, xx.xx.2022-ci il tarixli nömrəli məktubundan görünür ki, cavabdeh 10 mərtəbəli mansardlı yaşayış binasının tikintisinə razılıq verilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya müvafiq razılığın verilməməsi qanuni olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 47.4.2-ci maddəsinin tələblərinə əsasən şəhərsalma əsaslandırmasını cavabdeh təşkilata təqdim etməmiş və buna görə də cavabdeh təşkilat haqlı olaraq iddiaçının tələbini yerinə yetirməmişdir. Nəzərə alınmalıdır ki, yuxarıda qeyd olunan maddi hüquq normalarına əsasən yerli icra hakimiyyəti tərəfindən tikiliyə icazə verilməsi Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilən rəyin əsasında həyata keçirilir və həmin rəyin alınması üçün inşa ediləcək tikilinin memarlıq şəhərsalma bölməsindən başqa həmçinin şəhərsalma əsaslandırması təqdim edilməlidir. Qeyd olunan şəhərsalma əsaslandırması isə tikilini inşa etdirmək istəyən şəxs ilə müvafiq təşkilat arasında bağlanmış müqavilə əsasında tərtib edilərək Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim ediləsi sənədlərə əlavə edilməsi üçün yerli icra hakimiyyətinə verilməlidir. Göründüyü kimi iddiaçı sənədləri tam şəkildə yerli icra hakimiyyətinə təqdim etməmiş və buna görə də cavabdeh təşkilat onun tələbini yerinə yetirməkdən imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdehnə qarşı “Cavabdeh 6/173 saylı, xx.xx.2022-ci il tarixli razılığı ilə mülkiyyətində olan torpaq sahəsində inşa edilən 3 mərtəbəli, mansardlı fərdi yaşayış evinin mərtəbələrinin sayının artırılması və 10 mərtəbəli, mansardlı yaşayış evinin tikintisinə icazə verilməsi, bununla bağlı sənədlərin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar