Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2555/2023 10.07.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X6 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X4 övladlığa götürülməsi ilə bağlı müsbət rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə müraciət edərək, nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X7 övladlığa götürə bilməyi üçün cavabdehdən ona göndərilmiş 3-17-3/2-1-4492/2023 saylı, 03 fevral 2023-cü il tarixli imtina qərarının (aktın) əsassız olmasına və nəvəsini övladlığa götürmə tələbinə cavabdeh tərəfindən düzgün əsaslandırılmış rəy verilməsi və onun cavabdehə belə müraciətinə hüququnun cavabdeh tərəfindən məhdudlaşdırılaraq bir il müddətində uçotdan çıxarılmağına dair qəbul edilmiş qərarın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X4 övladlığa götürülməsi ilə bağlı müsbət rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı yeganə nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X7 övladlığa götürmək üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 345.1 və 120.1-ci maddələri əsasında Şamaxı Rayon Məhkəməsinə müraciət etmiş, Şamaxı Rayon Məhkəməsinin 2(074)-641/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə övladlığa götürmənin övladlığa götürülən uşağın mənafəyinə uyğunluğu barədə Sosial Xidmətlər Agentliyindən rəy verilməli olması səbəbindən ərizəsi məhkəmə icraatına qəbul edilməmişdir. Odur ki, cavabdeh Sosial Xidmətlər Agentliyinə aşağıdakı sənədlər əsasında müraciət etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Belə ki, qızı X14 uzun müddətdir ki, ağır xəstədir.Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Sumqayıt şəhər X1 Rəna Əsgər qızına verilmiş 133/500 saylı, xx.xx.2021-ci il tarixli həkim-psixiatr komissiyasının rəyinin və qərarının, o cümlədən Epiqrizin surətlərindən görünür ki, qızı “baş beynin xəstəliyi (travması) nəticəsində əmələ gələn üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları” diaqnozu ilə ağır xəstədir. Bundan əlavə, kürəkəni X15 isə işsizdir və o, Oğuz rayonunun Sincan kəndində yaşayır. X20 ilə kürəkəni Nəsib Musayevin ailə münasibətləri kağız üzərində davam etsə də faktiki olaraq yoxdur. Belə ki, qızı sağalmaz xəstəliyə düçar olduğundan onun bütün günü Tibb Müəssisələrində keçir. Beləliklə, qızı Rəna Musayevanın sağlamlığı çox pis olduğundan onun öz övladı X3, uşağa valideyn kimi qayğı göstərməyə və təlim- tərbiyyəsi və uşağın təhsili ilə məşğul olmağa imkanı yoxdur. Bu səbəbdən onlar nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X2 onun himayəsindədir. Övladlığa götürmək istədiyi xx.xx.2015-ci il təvəllüdlü X4 valideynləri X8 və X9 **********220 saylı, xx.xx.2022-ci il tarixli notarial təsdiqli ərizəsindən görünür ki, onlar X7 onun övladlığa götürməyinə razı olmuşlar. Bu ərizəyə daxil etdiyim 574 saylı, xx.xx.2022-ci il tarixli arayışın əsilindən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində qızı Rəna onun himayəsindədir. Şamaxı rayon X11 Hüquqi Şəxsi tərəfindən verilmiş 382 saylı, xx.xx.2022ci il tarixli arayışın əsilindən görünür ki, o Şamaxı rayon X5 şöbəsində xadimə işləyir və aylıq əmək haqqısı 365 (üç yüz altmış beş) manatdır. X4 övladlığa götürməyini rəsmiləşdirərkən ilk olaraq Şamaxı rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş, lakin Şamaxı rayon İcra Hakimiyyətinin məsul şəxsləri uşağın övladlığa götürülməsi məsələsini məhkəmənin qərarı ilə həll edildiyini bildirmişlər və onu X10 qəyyum təyin etmişlər. Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 33 saylı, 04 mart 2022-ci il tarixli Sərəncamının surətindən görünür ki, o 19 yanvar 2015-ci il təvəllüdlü X10 qəyyum təyin edilmişdir. Onun özünə məxsus fərdi yaşayış evim var və nəvəsinin yaşaması üçün hər cür şəraiti vardır. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsi qanunvericilik baxımından tam əsassızdır və təmin olunmamalıdır. Belə ki, xx.xx.1969-cu il təvəllüdlü İddiaçı xx.xx.2022-ci il tarixində nəvəsinin övladlığa götürülməsi üçün müvafiq altsistem üzərindən müraciət edərək, övladlığagötürən şəxs kimi uçota alınması üçün zəruri sənədləri təqdim etmişdir. Bununla əlaqədar Agentlik tərəfindən xx.xx.2022-ci il tarixində övladlığa götürmənin məqsədləri, övladlığa götürmək istəyən şəxsin (şəxslərin) həyat şəraiti, ailə tərkibi, ailə üzvlərinin övladlığa götürməyə münasibətini öyrənmək məqsədilə iddiaçı ilə müsahibə aparılmışdır. Müsahibə zamanı müəyyən edilmişdir ki, övladlığa götürülən uşaq xx.xx.2015-ci il təvəllüdlü X13 və bioloji ana X14 İddiaçı ilə birlikdə yaşayır. Uşağın bioloji atası xx.xx.1992-ci il təvəllüdlü X15 uşağın övladlığa verilməsinin səbəbini bioloji anadan ayrıldığını, uşağın ehtiyaclarını qarşılaya bilməməsini, uşaqla əlaqəsinin olmamasını və ona qayğı göstərmək istməməsi olduğunu qeyd etmişdir. Həmçinin müsahibə zamanı uşağın bioloji valideynlərini tanıdığı, İddiaçı özünü uşağa əsas qayğı göstərən şəxs kimi təqdim etməsinə baxmayaraq ünsiyyətinin nənə-nəvə münasibətlərinə əsaslandığı müəyyən edilmişdir. Əlavə olaraq bildirilir ki, İddiaçı övladlığa götürməkdə əsas məqsədin hazırda yaşadığı evin(mülkün) vərəsəsinin nəvəsi olması istədiyini bildirmişdir. Belə ki, İddiaçı ata mülkü hesab edilən yaşayış yeri üzərində gələcəkdə qardaş, bacıları tərəfindən iddiaların yarana biləcəyini qeyd etmişdir. Habelə iddiaçı gələcəkdə digər ailə üzvlərinin mülkə münasibətdə hər hansı bir hüquq əldə edə bilməməsini və uşağın övladlığa götürülməsi yolu ilə qeyd edilən problemin həll edilməsini istəyini bildirmişdir. Övladlığa götürmənin əsas motivinin mülk məsələsi hesab edildiyi səbəbdən övladlığagötürmə müəyyən maddi və sair maraqlar naminə həyata keçirilməklə formal övladlığagötürmə ilə nəticələnə bilər. . Qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 3-17-3/2-İ-4492/2023 saylı, 03 fevral 2023-cü il tarixli nömrəli imtina məktubu, etiraz ərizəsi, 133/500 saylı, xx.xx.2021-ci il tarixli həkim-psixiatr komissiyasının rəyi nin surəti, notarial qaydada təsdiqlənmiş razılıq ərizələri, arayışlar, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 33 saylı, 04 mart 2022-ci il tarixli Sərəncamının surəti, 461656 nömrəli Doğum haqqında şəhadətnamənin surəti, 004367 nömrəli Nikah haqqında şəhadətnamənin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ Şamaxı Rayon İcra Hakimiyyəti başçısının 33 saylı, 04 mart 2022-ci il tarixli Sərəncamının verildiyi, yəni uşağın qəyyumu elan edildiyi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsi iddia tələbi üzrə həmin iddiaya cavab veribverməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Agentlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, övladlığa götürmə ilə bağlı rəyin verilməsi Agentliyin səlahiyyətlərinə aiddir. Ona görə də məhkəmə hesab edir ki, Sosial Xidmətlər Agentliyi hazırkı iddia tələbi üzrə cavab verməli olan orqandır. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Agentliyin yuxarı orqanına müraciət etmiş, inzibati orqan 03-17-3/2-İ-4492/2023 saylı, 03 fevral 2023cü il tarixli məktubla onun müraciətinə müsbət cavab verməmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən digəri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilmişdir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Şamaxı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə görə uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 117.1-ci maddəsinə əsasən övladlığa götürməyə yetkinlik yaşına çatmayanlar barəsində və yalnız onların mənafeyi naminə uşağın doğumu müvafiq icra hakimiyyəti orqanında qeydə alındıqdan sonra yol verilir. Həmin Məcəllənin 188.1 -ci maddəsində göstərilir ki, övladlığa götürmə üç mərhələdə həyata keçirilir: övladlığa götürmək istəyən şəxsin (şəxslərin) uçota alınması; övladlığa götürmənin uşağın mənafeyinə uyğunluğunun müəyyən edilməsi; övladlığa götürmə barədə məhkəmə qərarının qəbul edilməsi. “Uşaq hüquqları” haqqında 1998-ci il 19 may tarixli Azərbaycan Respublikası Qanunun 5ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır.Həmin Qanunun 17-ci maddəsinə əsasən uşağın ailədə valideynləri ilə birgə yaşamaq, onlardan qayğı görmək hüququ vardır. Bundan başqa sözügedən Qanunun 32-ci maddəsinə əsasən uşağın övladlığa götürülməsinə onun mənafeyi naminə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yol verilir. Övladlığa götürən şəxs uşağın normal inkişafı və tərbiyəsi üçün müvafiq imkanlara malik olmalıdır. Şəxsi mənfəət əldə etmək məqsədilə uşağın övladlığa götürülməsi qadağandır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Övladlığa götürmə və övladlığa götürmənin ləğvi ilə əlaqədar mülki işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2009-cu il 29 oktyabr tarixli, 01/2009 nömrəli qərarınım 24-cü maddəsinə əsasən valideyn qayğısı ilə əhatə olunmuş, valideynlərin, qardaş və bacılarının, doğmalarının əhatəsində olan uşaqların övladlığa götürülməsi ilə bağlı müraciətlərə baxılarkən ərizəçinin və uşağın valideynlərinin əsil məqsədinin aşkar edilməsinə xüsusi diqqət yetirilməlidir. Övladlığa götürülən arasında münasibətlər Ailə Məcəlləsi ilə tənzimlənildiyi (məsələn, baba və nənələrin nəvələrlə qarşılıqlı münasibətləri) hallarda müraciətləri təmin edərkən övladlığa götürmənin formal xarakter daşımadığı, müəyyən maddi və sair maraqlar naminə həyata keçirilmədiyinə əmin olmalı, məhkəmə qətnaməsində məhkəmənin gəldiyi nəticə əsaslandırılmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X4 övladlığa götürülməsi ilə bağlı müsbət rəyin verilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh onun müraciətinin icrasından imtina etmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslıdır. Belə ki, övladlığa götürülən uşağın valideyinləri valideyinlik hüququndan məhrum edilməyiblər və uşağın valideyinlərinin bir-birindən ayrı yaşaması nənəyə nəvəsini övladlığa götürülməsi üçün əsas vermir. Habelə uşağın gələcəyinin daha yaxşı təmin edilməsi, mirasın ona qalması ilə bağlı istəklərini nənə tərəfindən nəvəsinə lazımi qayğı göstərilə bilər bunun üçün övladlığa götürülməsi mütləq deyil. Başqa sözlə desək iddiaçının istəklərinin həyata keçirilməsi ilə bağlı övladlığa götürmə yeganə həll deyil, bunun üçün digər hüquqi tənzimləmələr də, mövcuddur. Bu səbəbdən də iddiaçının tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi publik hüquqi şəxsinə qarşı “nəvəsi xx.xx.2015-ci il təvəllüdlü X4 övladlığa götürülməsi ilə bağlı müsbət rəyin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2555/2023
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2555/2023
10.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver