Məhkəmə qərarları › İş №2-1(118)-2559/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2559/2024

16.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2559/2024 16.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X4 oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Siyəzən rayon Polis Şöbəsinə qarşı “Nemətova (Talıblı) Sevil Rasim qızının ünvan 1 ünvanında yerləşən 88 saylı evin 55-ci mənzilindən pasport qeydiyyatından çıxarılması öhdəliyinin cavabehin üzərinə qoyulmasına” dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən, ev 88, mənzil 55 mülkiyyət hüququ ilə mərhum həyat yoldaşı X5 məxsusdur. Bunu mərhum həyal yoldaşının adına verilmiş Qeydiyyat vəsiqəsi təsdiq edir. Mərhum həyat yoldaşı xx.xx.2009-cu ildə vəfat etmişdir (AZ-İ 339073№-li Ölüm haqqında şəhadətnamə). Nemətova (Talıblı) Sevil Rasim qızı onun keçmiş gəlinidir (X1 həyat yoldaşı olmuşdur). Siyəzən rayon Məhkəməsinin 2(059)- 375/2017 saylı qətnaməsi ilə X2 mülkiyyətimdə olan Siyəzən şəhəri, M.Zəkiyev küçəsi 27. bina 44-də yerləşən 10 saylı mənzildə istifadə hüququ tanınmışdır. Sevil Nemətova sözügedən mənzildə 10 ildən artıqdır ki yaşamır. Onun mənzildə qeydiyyatda olması iddiaçının mənzil hüququnun həyata keçirilməsinə mane olur, əlavə xərclər çəkilməsinə səbəb olur. Nemətova (Talıblı) Sevil Rasim qızının qeydiyyatı formal xarakter daşıyır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X6 iştirak etmiş, izahatında bildirmişdir ki, Nemətova (Talıblı) Sevil Rasim qızı 20 ildən artıq həmin ünvanda yaşamır. Mənzili yanvar ayında anasının adına keçirmişdirlər. Üçüncü şəxsə 1 otaqlı mənzil verilmiş, öz yetkinlik yaşına çatmayan övladı ilə birlikdə hal-hazırda 1 otaqlı mənzildə yaşayır. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» xx.xx.2020-ci il tarixli Qərarına əsasən:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir.

2. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir.

3. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı, keçmiş gəlininin mənzilindən qeydiyyatdan çıxarılmasını istəyir, lakin üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapmamışdır. Cavabdeh inzibati orqanın mülkiyyətçinin ərizəsi əsasında onun keçmiş gəlininin istifadə hüququnun itirilməsini sübut edilmədən yaşayış yeri üzrə qeydiyyatdan çıxarmaq səlahiyyəti olmadığına görə məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Formalaşmış məhkəmə təcrübəsindədə yaxın qohumun yaşayış yeri üzrə qeydiyyatı ilə bağlı mübahisələrə üçüncü şəxsin istifadə hüququna dair məsələnin həlli mülki məhkəmə icraatı qaydasında həllini tapdıqdan sonra baxılır. İddiaçıya izah edilsin ki, üçüncü şəxsin yaşayış sahəsinə istifadə hüququnun itirilməsi ilə bağlı müvafiq ümumi məhkəməyə müraciət edə və bunun nəticəsinə uyğun olaraq təkrar inzibati orqana müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar