Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-256/2021 26.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X1 və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ləğv edilməsi tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı kənd təsərrüfatı məqsədi ilə X4 saxlanılmış, Abşeron rayon 1 №-li Zeytunçuluq sovxozu ərazisində 7.8 hektar torpaq sahəsi ayrılması üçün Cavabdehnə müraciət etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2000-ci il tarixli 42 №-li qərarı ilə təsdiq edilmiş "Örüş otlaq və biçənək sahələrinin istifadəyə və icarəyə verilməsi, habelə istifadə edilməsi qaydalarına" uyğun olaraq xx xxx 2013-cü il tarixli 348 №-li Cavabdeh sərəncamı ilə Abşeron rayonuna təhkim edilmiş, X4 saxlanılmış Abşeron rayonu 1 N-li Hövsan Zeytunçuluq sovxozu ərazisindən kənd təsərüüfatı məqsədi ilə 7.8 hektar 99 ( doxsan doqquz) il müddətinə torpaq sahəsi icarə qaydasında müraciəti əsasında iddiaçıya verilmişdir. Verilmiş sərəncam əsasında Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsi tərəfindən həmin əraziyə baxış keçirilmiş, xx.xx.2013-cü il tarixdə 103 saylı rəy tərtib edilmişdir. Tərtib edilmiş sənədlərə uyğun xx.xx.2013-cü il tarixli 348 saylı toıpaq sahəsinin icarəyə verilməsi haqqında Cavabdeh ilə onun arasında icarə müqaviləsi bağlanmışdır. İcarə qaydasında kənd təsərrüfatı məqsədi ilə 99 (doxsan doqquz) il müddətinə torpaq sahəsinin seçilməsi barədə akt tərtib edilmiş, həmin akt və toplanmış sənədlərə uyğun xx.xx.2014-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında X5 Reyestri Xidmətinin 4 saylı ərazi idarəsi tərəfindən torpaq sahəsinin plan və ölçüsü barədə № AA018025 saylı şəhadətnamə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin X6 Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqmda daşmmaz əmlakm Dövlət reyestrindən RX seriyalı ******* saylı çıxarış almışdır. Cavabdeh ilə bağladığı torpağın icarə müqaviləsinə əsasən "İcraçı" kimi icarə haqqı və müqavilədə nəzərdə tutulan digər vəzifələri tam olaraq yerinə yetirmişdir. Lakin Cavabdeh "İcarəyə verən" kimi müqavilə şərtlərini birtərəfli qaydada pozaraq Mülki və Torpaq qanunvericiliyinin tələblərinə məhəl qoymadan xx.xx.2013-cü il tarixli 348-saylı Cavabdeh Başçısının sərəncamını ləğv etmişdir. İddiaçı bundan xəbər tutduqdan sonra yenidən İcra Hakimiyyəti başçısına müraciət etdi ki, onun İcarə Müqaviləsini və sərəncamını bərpa etsin. Lakin xx.xx.2019-cu il tarixli 1714 saylı başçının müavini İlham Quliyevin imzası ilə ona cavab gəldi ki, iddiaçının idarədə olan 7.8 ha torpaq sahəsi üzərində icarə hüququna xitam verilmişdir. İddiaçı Cavabdeh bu qərarı ilə razı deyildir, həmin qərarı düzgün hesab etmir. Çünki, həmin toıpaq sahəsini səmərəli istifadə etmək üçün əvvəldən yararlı hala salmaq lazımdır ki, sonradan həmin torpaqdan istifadə etmək mümkün olsun. Həmin müddət ərzində iddiaçı toropağın münbitləşdirilməsi ilə məşğul olmuşdur. Cavabdeh qəbul etdiyi qərar düzgün deyil, ləğv edilmiş sərəncam və buna müvafiq sənədlər bərpa edilməlidir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamının ona aid olan hissədə ləğv edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi və vəkili eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbi əsassızdır və rədd edilməlidir. Belə ki, iddiaçıya icarəyə verilmiş torpaq sahələri kənd təsərrüfatı təyinatlı torpaq sahələri olduğundan təyinatına uyğun istifadə edilməsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmışdır. Lakin torpaq sahələri iddiaçıya ayrıldığı müddətdən bu günə kimi təyinatı üzrə istifadə edilmir, icarə haqqları ödənilmir. Qeyd olunan nöqsanların aradan qaldırılması üçün iddiaçıya edilən xəbərdarlıqlar, yazılı bildirişlər nəticə vermədiyindən Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamına əsasən icarə müqaviləsinə birtərəfli qaydada xitam verilmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 13-cü maddəsinə görə kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. Kənd təsərrüfatı təyinatlı torpaqlarda kənd təsərrüfatının səmərəli təşkil edilməsi üçün vacib olan müvafiq ekoloji və texniki tələblərə uyğun kommunikasiyalar, müvəqqəti tikililər və qurğular quraşdırmaq olar. Kənd təsərrüfatı təyinatlı torpaqlardan başqa məqsədlər üçün istifadə edilməsi bu Məcəllənin 9-cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuş qaydada həyata keçirilir. Həmin Məcəllənin 44-cü maddəsinə görə torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin vəzifələri torpaqlardan səmərəli istifadə edilməsi və onların mühafizəsi məqsədilə torpaq qanunvericiliyinin tələblərinə bütün dövlət orqanlarının, bələdiyyələrin, hüquqi və fiziki şəxslərin əməl etməsini təmin etməkdən ibarətdir. Həmin Məcəllənin 73-cü maddəsinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna aşağıdakı hallarda xitam verilir: torpaq sahəsindən könüllü imtina edildikdə və ya torpaq mülkiyyətçisi onu özgəninkiləşdirdikdə; torpaq sahəsinin istifadəyə və ya icarəyə verildiyi müddət qurtardıqda; hüquqi şəxslərin fəaliyyətinə xitam verildikdə; torpaqdan məqsədli təyinatına görə istifadə edilmədikdə: əmək münasibətləri əsasında müvəqqəti istifadə edilən torpaq sahələri ilə əlaqədar işçilərin fərdi əmək müqavilələrinə xitam verildikdə; istifadə və ya icarə müqaviləsi şərtlərinə əməl edilmədikdə; torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə; kənd təsərrüfatı istehsalı üçün verilmiş torpaq sahəsindən dalbadal 2 il ərzində və qeyri-kənd təsərrüfatı ehtiyacları üçün verilmiş torpaq sahəsindən 1 il ərzində üzürlü səbəb olmadan istifadə edilmədikdə; istifadə zamanı torpağın keyfiyyətinin pisləşməsinə və eroziyasına, kimyəvi və radioaktiv maddələrlə çirklənməsinə, bataqlaşmasına, təkrar şoranlaşmasına, torpaq sahəsində olan meliorasiya və irriqasiya sistemlərinin istismar qaydalarının pozulmasına, ətraf təbii mühitin çirklənməsinə yol verildikdə; dövlət ehtiyacları üçün torpaqların alınması zəruriliyi yarandıqda; torpaq sahəsinin mülkiyyətçisinə mənsub olan və həmin sahədə yerləşən tikili və qurğuya mülkiyyət hüququ keçdikdə; torpaq mülkiyyətçisi, istifadəçisi (icarəçisi) öldükdə və vərəsələr olmadıqda; torpaq sahəsinin girov qoyulması (ipotekası) zamanı girovla təmin edilmiş öhdəlik icra edilmədikdə. 2. Bu maddənin 1-ci bəndinin 5-ci, 8-ci, 9-cu və 10-cu abzaslarında nəzərdə tutulan müddəalar xüsusi mülkiyyətdə olan torpaqlara şamil edilmir.
3. Bu maddənin 1-ci bəndinin 7-ci abzasında nəzərdə tutulan müvəqqəti istifadəyə və icarəyə verilmiş torpaqların geri alınmasına səbəb olan halların müəyyən edilməsi məhkəmə tərəfindən həyata keçirilir (həmin torpaqlar tərəflərin razılığı ilə geri alındıqda bu qayda tətbiq edilmir).4. Qanunvericilikdə torpaq üzərində mülkiyyət, torpaqdan istifadə və icarə hüququna xitam verilməsinin digər əsasları da nəzərdə tutula bilər. Torpaq Məcəlləsinin 75-ci maddəsinə görə Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasmda nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. 2. Qanunvericilikdə başqa hal nəzərdə tutulmamışdırsa, torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnun xitamı bu barədə məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən qərar qəbul edildiyi tarixdən, torpaq mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi torpaqdan və ya onun bir hissəsindən könüllü imtina etdikdə isə müvafiq ərizə verilən tarixdən baş verilir. 3. Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə cutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. 4. Məhkəmə, müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna xitam verilməsi barədə qərar qəbul edərkən, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə torpaqların keyfiyyətinin yaxşılaşdırılmasına çəkdikləri xərclərin ödənilməsi və ya onların torpaqdan səmərəsiz istifadə etməsi nəticəsində vurduqları zərərin ödənilməsi barədə göstərişlər də verə bilərlər. 5. Torpaq sahələri üzərində istifadə və ya icarə hüququna xitam verilməsi barədə məhkəmənin, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarından qanunvericfikdə müəyyən edilmiş qaydada müvafiq məhkəməyə şikayət vermək olar. 6. Torpaq üzərində hüquqlara xitam verilmə qaydası bu Məcəllə ilə nəzərdə tutulmadıqda, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilir.Qeyd olunanlara əsasən cavabdeh təşkilat iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmədə etirazda qeyd olunanlara uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli Sərəncamının surəti, Cavabdeh xx.xx.2019-cu il tarixli, 1714 nömrəli imtina məktubu, DƏDRX tərəfindən verilmiş **********58 reyestr nömrəli xx.xx.2014-cü il tarixli Çıxarış, xx.xx.2013-cü il tarixli torpaq sahəsinin icarə müqaviləsinin, Cavabdeh Başçısının xx.xx.2013-cü il tarixli 348 saylı sərəncamı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər.
Əsaslandırma hissəsi:
Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İddiaçının tələbi mübahisələndirmə haqqında iddia tələbi təşkil edir. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. İddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İşdən göründüyü kimi, iddiaçı dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində icarə hüququnu Cavabdeh xx.xx.2013-cü il tarixli sərəncamı əsasında əldə etmiş, torpaq sahəsini icarə hüququ əsasında istifadə etmişdir. Cavabdeh başçısı xx.xx.2018-ci il tarixdə icarə haqqının ödənilmədiyinə və torpaq sahəsindən uzun müddət istifadə etmədiyinə görə 69 saylı sərəncam qəbul etmişdir. İddiaçı həmin sərəncamın onun torpaq sahəsindən istifadə edilməsi ilə bağlı hüquqlarının pozduğuna görə mübahisələndirərək məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 241.1-ci maddəsinə əsasən torpaq sahəsinin mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər. Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri, habelə torpaq qanunvericiliyi ilə və bu Məcəllə ilə müəyyənləşdirilmiş digər şərtlər nəzərdə tutula bilər (Mülki Məcəllənin 706.1 və 706.3-cü maddələri). Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 51-ci maddəsinin 1 və 6-cı bəndlərinə görə torpaq sahəsi üzərində icarə hüququ müqavilə əsasında əvəzi ödənilməklə torpaqdan müddətli istifadə etməkdir. Dövlət və bələdiyyə torpaqları mənfəət əldə etmək məqsədilə fəaliyyət göstərən hüquqi və fiziki şəxslərin istifadəsinə qanunvericiliklə müəyyən edilmiş qaydada, icarə əsasında verilir. “Torpaq icarəsi haqqında” Qanunun 23-cü maddəsinə əsasən icarəyə götürülmüş torpaqlardan təyinatı üzrə istifadə etmək, icarə müqaviləsinin şərtlərinə və torpaq qanunvericiliyinin tələblərinə riayət etmək, icarəyə götürülmüş kənd təsərrüfatı təyinatlı torpaqların mühafizəsi, keyfiyyətinin qorunması, bərpası və yaxşılaşdırılması üçün müvafiq aqrotexniki tədbirlər görmək, icarəyə götürülmüş torpaq sahələrini müqavilənin müddəti başa çatdıqdan sonra vaxtında geri qaytarmaq, icarəyə götürülmüş torpaq sahəsinə, ətraf mühitə və əhalinin sağlamlığına ziyan vurmamaq, torpaq sahəsindən istifadəyə görə icarə haqqını, digər tədiyələri vaxtında ödəmək və qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri həyata keçirmək icarəçinin vəzifələridir. Həmin Qanunun 15-ci maddəsinin 1-ci bəndinə görə torpaq icarəsi müqaviləsinin dəyişdirilməsi, uzadılması, vaxtından əvvəl ləğv edilməsi və xitamı Azərbaycan Respublikasının qanunvericiliyində və müqavilədə nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir. Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinin 7-ci və 8-ci yarımbəndinə görə torpaq sahəsi və ya onun bir hissəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququna torpaq vergisi və icarə haqqı üzürlü səbəb olmadan 1 il ödənilmədikdə,kənd təsərrüfatı istehsalı üçün verillmiş torpaq sahəsindən dalbadal 2 il ərzində istifadə edilmədikdəicarə hüququna xitam verilir. Torpaq Məcəlləsinin 75-ci maddəsinin 1-ci bəndinə görə Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 6-cı abzasında nəzərdə tutulmuş halda torpaq sahəsindən istifadə hüququna müəssisə, idarə və təşkilatın müdiriyyəti tərəfindən, 11-ci abzasında nəzərdə tutulmuş halda torpaq üzərində mülkiyyət və icarə hüququna müvafiq icra hakimiyyəti orqanı tərəfindən, əvəzsiz istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin vəsatəti üzrə məhkəmə tərəfindən, qalan abzaslarda nəzərdə tutulmuş hallarda isə torpaq üzərində mülkiyyət, istifadə və icarə hüququna məhkəmə, daimi istifadə hüququna isə müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən xitam verir. Həmin maddənin 3-cü bəndinə görə Bu Məcəllənin 73-cü maddəsinin 1-ci bəndinin 5-ci, 7-ci, 10-cu abzaslarında nəzərdə tutulan hallarda torpaq sahələri üzərində istifadə və icarə hüquqlarına xitam verilməsi haqqında qərar, buraxılmış nöqsanların (pozuntuların) müəyyən edilmiş vaxtda aradan qaldırılması barədə xəbərdarlıqdan sonra tədbirlər görülmədikdə qəbul edilir. Mülki Məcəllənin 713-cü maddəsinə əsasən, əgər icarəçinin icarəyə götürdüyü torpaqdan istifadəsi müqavilə şərtlərinə uyğun gəlmirsə və icarəyə verənin xəbərdarlığına baxmayaraq, o, bu cür istifadəni davam etdirirsə, icarəyə verən icarəçinin öz müqavilə vəzifələrini icra etməməsi barədə iddia verə bilər, bunun nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər və (və ya) xəbərdarlıq müddətini gözləmədən müqaviləni ləğv edə bilər. Məhkəmə qeyd edilən maddi hüquq normalarını müqayisəli təhlilini işin faktiki halları üzrə tətbiq edərək qeyd edir ki, iddiaçı İddiaçı dövlət mülkiyyətində olan 7.8 ha torpaq sahəsinin üzərində olan icarə hüququ Cavabdeh xx.xx.2013-cü il tarixli sərəncamı və 348 saylı icarə müqaviləsi əsasında əldə edilmişdir. Lakin Cavabdeh həmin torpaq sahəsinin icarəyə verilməsinə dair müqavilə ilə həmin hüququn əldə edilməsindən (xx.xx.2013-cü il) 4 ildən artıq müddətdən sonra, yəni xx.xx.2018-ci il tarixdə icarə müqaviləsinə xitam verilməsi barədə sərəncam qəbul etmişdir. Halbuki icarə müqaviləsi üzrə İddiaçı tərəfindən müqavilə üzrə öhdəliyin yerinə yetirilməməsi, xüsusən də icarə müqaviləsi üzrə müəyyən edilmiş icarə haqqının ödənilməsinin gecikdirilməsi və ya ödənilməməsinə görə xəbərdarlıq edilməli idi. Əgər icarə müqaviləsi üzrə öhdəliklərin icrası təmin edilmədiyi təqdirdə, icarə müqavilə münasibətlərinə xitam verilməsindən ötrü məhkəməyə müraciət etməli idi. Çünki, torpaq sahəsi üzərində icarə müqaviləsi şərtlərinin dəyişdirilməsinə, onun pozulmasına və ona xitam verilməsinə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında həll olunur. Bundan başqa cavabdeh təşkilat iddiaçının torpaqdan təyinatı üzrə istifadə edilmədiyinə görə icarə hüququna birtərəfli qaydada xitam verməkdə haqlı olmamışdır. Belə ki, Torpaq Məcəlləsinin 73-cü maddəsinin 4-cü bəndinə əsasən torpaqdan təyinatı üzrə istifadə edilmədikdə icarə hüququna məhkəmə tərəfindən xitam verilir. Lakin qeyd olunan normanın tələblərinə Cavabdeh tərəfindən riayət olunmayaraq xx.xx.2018-ci il tarixdə icarə müqaviləsinin ləğv edilməsinə dair sərəncam vermişdir. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsində qanuni inzibati aktın ləğv edilməsinin əsasları göstərilmişdir. Hesab olunur ki, Cavabdeh tərəfindən hazır ki, iddia tələbi üzrə mübahisə predmeti olan torpaq sahəsinə dair verilmiş xx.xx.2013-cü il tarixli Sərəncam və İddiaçı ilə Cavabdeh arasında bağlanmış icarə müqaviləsi üzrə İddiaçı etimad hüququ qanunla qorunur. Belə ki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmun Qanunun 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Həmin Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin qanunun 13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Cavabdeh təşkilatın torpaq sahəsinə dair bağlanmış icarə müqaviləsinin ləğvinə əsas olmuş xx.xx.2018-ci il tarixli sərəncamın qəbul edilməsinə əsas kimi gətirdiyi arqument əsassızdır. Belə ki, cavabdehin məhkəməyə təqdim etdiyi dəlillərdən məlum olur ki, tərəflər arasında torpaq icarə müqaviləsinin bağlandığı torpaq icarəsi müqaviləsi vaxtaşırı ödənilmişdir. Nəzərə alınmalıdır ki, “İnizbati İcraat haqqında” Qanunun 68.2-ci maddəsində olan əsasların möcud olmasına dair cavabdeh təşkilat hər hansı bir əsaslı dəlil təqdim edə bilməmişdir. Bundan başqa, İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi mübahisələndimə haqqında iddia tələbində inzibati orqan onun tərəfindən qəbul edilmiş inzibati aktın ləğv edilməsinə əsas olmuş dəlliləri məhkəmə təqdim etməlidir. Belə olan halda məhkəmə İddiaçı torpaq sahəsinin icarəyə verilməsinə dair müqaviləsinin ləğvinə dair əsas olmuş xx.xx.2018-ci il tarixli sərəncam ona aid olan hissədə qanunsuzdur. Hazırki, inzibati iş üzrə inizbati orqan ona verilmiş hüquqdan sui istifadə edərək, torpaq icarəsinin bağalanmasına əsas olmuş sərəncamın ləğv edilməsinə dair yeni xx.xx.2018-ci il tarixli sərəncamın verilməsində haqsız olmuşdur. Beləliklə məhkəmə qeyd edilənləri üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamı İddiaçı aid olan hissədə ləğv edilməlidir. İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməlidir.
Nəticəvi hissə:
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Cavabdeh başçısının xx.xx.2018-ci il tarixli, 69 nömrəli sərəncamı İddiaçı aid olan hissədə ləğv olunsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Məmmədov