Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-256/2022 21.01.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mustafayeva Vəfa Zavrulla qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Abşeron rayon qeydiyyat şöbəsinə qarşı AZ-İ 019433 saylı ölüm haqqında şəhadətnamədə qeyd edilən soyadın “Soltanov”, adının “Əbdülağa”, atasının adının isə “Əbilfəz” kimi dəyişiklik edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon qeydiyyat şöbəsinə həvalə edilməsi tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Abşeron rayon qeydiyyat şöbəsinə qarşı iddia qaldıraraq AZ-İ 019433 saylı ölüm haqqında şəhadətnamədə qeyd edilən soyadın “Soltanov”, adının “Əbdülağa”, atasının adının isə “Əbilfəz” kimi dəyişiklik edilməsi öhdəliyinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon qeydiyyat şöbəsinə həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxx 1980-ci ildə anadan olmuşdur. Bunu 29 aprel 1980-ci ildə verilmiş “Doğum haqqında şəhadətnamə” və Asan-Sumqayıt tərəfindən 01.08.2015-ci ildə verilmiş AZE 0******* saylı şəxsiyyət vəsiqəsi təsdiq edir. X2 onun atasıdır. Mərhum atası 22.09.2003-cü ildə vəfat etmişdir. Mərhum atasının adına verilmiş 02 oktyabr 2003-cü il tarixli, 019433 nömrəli ölüm haqqında şəhadətnamədə atasının adı səhvən “Abdulağa” kimi qeyd edilmişdir. Mərhum atasının adı doğum haqqında şəhadətnamədə “Əbdilağa”, atasının adı isə “Əbilfəz” kimi göstərilmişdir. Əslində isə atasının adı “Əbdülağa”, onun atasının adı isə “Əbilfəz”dir. O bu adda və soyadda olan problemləri yeni öyrənmişdir. Çünki atasının vəfatından sonra mirası qəbul etmək üçün sənədlər toplayan zaman atasının adında və soyadında uyğunsuzluq olduğu məlum olmuşdur. Belə ki, ona məxsus şəxsiyyət vəsiqəsində və mərhum atasına məxsus ölüm haqqında şəhadətnamədə atasının adı müxtəlif yazıldığından bu hüququ əldə edə bilməmişdir. O, maraqlı tərəf olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon qeydiyyat şöbəsinə müraciət etmişdir. Abşeron rayon qeydiyyat şöbəsi özünün 03.07.2021-ci il tarixli cavab məktubu ilə onun xahişindən rəsmi şəkildə imtina etmiş və məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Hesab edir ki, Abşeron rayonu, Fatmayı kənd üzrə nümayəndəliyi tərəfindən qeydə alınmış 02 oktyabr 2003-cü il tarixli 09 saylı Ölüm haqqında akt qeydində düzəliş edilərək atasının soyadının “Soltanov”, adının “Əbdülağa”, atasının adının isə “Əbilfəz” kimi yazılması barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin məhkəməyə daxil olmuş iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, İddiaçı atasının ölüm haqqında akt qeydinin ölən şəxs bəndində adının “Abdulağa”dan “Əbdülağa”ya düzəliş edilməsi ilə bağlı şöbəyə müraciət edilmişdir. Abşeron rayon Fatmayi kənd icra nümayəndəliyi tərəfindən tərtib edilmiş 40 nömrəli doğum haqqında akt qeydində uşaq bəndində adı “Əbilağa”, atasının adı “Əbdilfəz” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğvi qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda ərizə verən şəxslərin daimi yaşayış yerində qeydiyyat şöbələri tərəfindən həyata keçirilir. Qeydiyyat şöbəsi vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsindən imtina edir. Düzəliş üçün kifayət qədər əsaslar olmadığı üçün vətəndaşa aidiyiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon qeydiyyat şöbəsinin iddiaçıya ünvanladığı 03.07.2021-ci il tarixli məktubundan görünür ki, cavabdeh tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. - İddiaçının atasına məxsus 13 noyabr 1941-ci il tarixli doğum haqqında akt qeydində, habelə Vİİ-ЖГ seriyalı №268993 saylı doğum haqqında şəhadətnamədə iddiaçının atasının adı “Əbdülağa” kimi qeyd edilmişdir. - 02 oktyabr 2003-cü il tarixli, 09 saylı ölüm haqqında akt qeydində və AZ-İ seriyalı 019433 saylı ölüm haqqında şəhadətnamədə iddiaçının atasının adı “Abdulağa” kimi qeyd olunmuşdur. - İddiaçıya məxsus AZE seriyalı, 0******* saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçının ata adı kimi “Əbdülağa” qeyd edilmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, iddiaçı atasının ölüm haqqında şəhadətnaməsində adına düzəliş edilərək “Əbdülağa” kimi qeyd edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin cavabdeh tərəfindən onun müraciətinin təmin edilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 1.4-cü bəndinə görə qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. Qaydanın 1.14-cü bəndinə görə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr və təkrar şəhadətnamələr barəsində müvafiq vətəndaşlıq vəziyyəti aktının qeydi tərtib olunmuş şəxslərin özlərinə verilir. Şəhadətnamələr notariat qaydasında təsdiq olunmuş etibarnamə əsasında digər şəxslərə verilə bilər. Qaydanın 9.2-ci bəndinə görə təkrar şəhadətnamələrin verilməsi haqqında ərizələri maraqlı şəxslər vətəndaşlıq vəziyyəti akt qeydinin olduğu qeydiyyat şöbəsinə, konsulluq idarəsinə və ya Azərbaycan Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə, Naxçıvan Muxtar Respublikası vətəndaşlıq vəziyyəti aktlarının arxivinə təqdim edirlər. Həmin qaydaların 8.1-ci maddəsinə əsasən ölümün qeydə alınması ölmüş şəxsin yaşamış olduğu yerdə və ya ölümün baş verdiyi yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Həmin qaydaların 8.14-cü maddəsinə əsasən ölüm haqqında məlumatlar akt kitablarında qeydə alındıqdan sonra ölüm haqqında şəhadətnamə yazılır. Ölüm haqqında şəhadətnamənin tarixi və nömrəsi barədə məlumatlar ölüm haqqında akt qeydinin 16-cı qrafasına əlavə edilir. Həmin 8.15-ci maddəsinə görə ölüm haqqında şəhadətnamə ölən şəxsin müraciət etmiş yaxın qohumlarına təqdim olunur. Həmin qaydaların 10.2-ci bəndinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında şəhadətnamədə göstərilən məlumatlar vətəndaşlıq vəziyyəti akt qeydlərində göstərilən məlumatlara uyğun olmalıdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2016-cı il 12 fevral tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarının tərtibatı qaydalarına dair 9.0 və 9.1-ci bəndinə əsasən ölüm haqqında akt qeydi (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş 8 nömrəli əlavə) tərtib edilərkən 1-5.2-ci qrafalarda ölən şəxs haqqında məlumatlar tibbi sənədə, ölüm faktı məhkəmə qaydasında müəyyən edildikdə məhkəmə qətnaməsinə və şəxsiyyətini təsdiq edən sənədə uyğun olaraq 1-3-cü qrafalarda soyadı, adı, ata adı yazılır. Həmin qaydaların 3.22 və 3.23-cü bənlərinə əsasən şəhadətnamələr vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şəhadətnamələrinin blanklarının istifadə olunması haqqında mədaxil və məxaric qeydiyyat kitabında qeydə alınır (13-14 №-li əlavələr). Qeydiyyat kitabları dəqiq və aydın doldurulur, buraxılmış səhvlər müvafiq qeydlərdə düzəldilir. Vətəndaşlara təqdim olunması üçün göndərilmiş və 6 ay ərzində onlar tərəfindən alınmamış, vətəndaşlıq vəziyyəti aktlarının qeydlərində düzəlişlər edilməsi ilə əlaqədar dəyişdirilmək üçün təhvil verilmiş, həmçinin korlanmış şəhadətnamələr məhv edilməlidir. İcra hakimiyyətinin nümayəndəliyində bu məqsədlə yaradılmış komissiya məhv etməni qeydiyyat şöbəsinin rəisinin iştirakı ilə ildə bir dəfədən az olmayaraq akt bağlamaqla yandırmaq yolu ilə həyata keçirir. Hazırki işdə cavabdeh inzibati orqan ölüm haqqında şəhadətnamədə iddiaçının atasının adına düzəliş edilməsindən imtina etsə də, həmin şəhadətnamədə ölən şəxsin adının hansı sənəddəki qeydə əsasən və hansı əsasla “Abdulağa” kimi yazılmasının səbəbini göstərməmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iddiaya qarşı yazılı münasibətində də qeyd olunan məsələyə dair hər hansı bir münasibət bildirməmişdir. Əksinə işə əlavə olunmuş, yuxarıda adları qeyd olunmuş sənədlərdə iddiaçının mərhum atasının adı “Əbdülağa” kimi qeyd edilmişdir. İddiaçının mərhum atasının adının “Abdulağa” kimi qeyd olunduğunu təsdiq edən hər hansı bir sənəd məhkəməyə təqdim olunmamışdır. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdeh Abşeron rayon qeydiyyat şöbəsinin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı mərhum atası X1 verilmiş 02.10.2003-cü il tarixli AZ-İ 019433 saylı ölüm haqqında şəhadətnamədə adına düzəliş edilərək, “Əbdülağa” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Abşeron rayon qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı mərhum atası X1 verilmiş 02.10.2003-cü il tarixli AZ-İ 019433 saylı ölüm haqqında şəhadətnamədə adına düzəliş edilərək, “Əbdülağa” kimi qeyd edilməsi öhdəliyi cavabdeh Abşeron rayon qeydiyyat şöbəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-256/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-256/2022
21.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver