Məhkəmə qərarları › İş №2-1(118)-256/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-256/2024

30.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-256/2024 30.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Aqrar İslahat Komissiyasının 10 noyabr 1998-ci il tarixli 21 nömrəli Qərarı ilə iddiaçıya Abşeron rayonu, Mehdiabad qəsəbə ərazisində 0.14 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi mülkiyyətinə verilmiş, müvafiq sənədlər əsasında xx.xx.1998-ci il tarixdə Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı (JN 755, KOD ********) dövlət aktları qeydiyyat kitabında 3646 nömrə ilə qeydiyyata alınmışdır. 2019-cu il tarixdə sözügedən torpaq sahəsinə dair dövlət reyestrindən təkrar çıxarış almaq üçün müraciət etmiş, lakin 4 saylı Abşeron Ərazi idarəsi əsassız və qanunsuz olaraq imtina etmişdir. Bir neçə dəfə imtina aldıqdan sonra məcbur olub aidiyyəti üzrə şikayət etmişdir. Etdiyi şikayətlər nəticə vermiş, Mehdiabad qəsəbə ərazisində 0.135824 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən qeydiyata alınmış və ona çıxarış verilmişdir. Lakin, Mehdiabad qəsəbə ərazisində 0.135824 ha kənd təsərrüfatlı təyinatlı torpaq sahəsinə dair torpaq sahəsinin plan ölçüsü verilməmişdir. Hal-hazırda elektron çıxarışla müraciət edir ki, Mehdiabad qəsəbə ərazisində 0.135824 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin plan ölçüsün alsın, lakin 4 saylı Abşeron Ərazi idarəsi bu dəfə şifahi olaraq imtina edir. Bir sözlə, cavabdeh orqan daha rəsmi müraciəti qəbul etmir, baxmayaraq ki, dəfələrlə cavabdehə və digər orqanlara müraciətlər göndərmiş. Qeyd olunan fakt iddia ərizəsinə əlavə edilmiş sənədlərlə tam subuta yetirilir. Cavabdehin hərəkətləri qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, aparılanaraşdırma zamanı Abşeron rayonu, Mehdiabad qəsəbəsi ərazisində yerləşən 0.135824 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair plan və ölçü sənədinin verilməsi barədə iddiaçının müraciəti aşkar olunmamışdır.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lakin, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş cavabdehin imtina məktubunda bildirilmişdir ki, “Abşeron rayonu Mehdiabad qəsəbəsində mülkiyyətinizdə olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü” sənədinin əldə edilməsində qarşılaşdığınız çətinliklər barədə xx.xx.2022-ci il tarixli müraciətinizə 4 saylı Abşeron Ərazi İdarəsində baxılmışdır.Bildiririk ki, mülkiyyətinizdə olan 0,1358 ha torpaq sahəsinə mütəxəssisimiz tərəfindən texniki baxış keçirilərək döngə nöqtələrinin koordinatları dəqiqləşdirilmiş və əldə edilmiş məlumatlar elektron kadastr xəritəsində araşdırılmışdır.Araşdırma zamanı məlum olmuşdur ki, torpaq sahəsinin elektron bazadakı sənəd üzrə yerləşməsi ilə yerdə (naturada) yerləşməsi arasında fərq mövcuddur. Bundan əlavə faktiki torpaq sahəsi digər fiziki şəxslərin mülkiyyətində olan sənəd üzrə torpaq sahələri ilə üst-üstə düşür. Həmçinin istifadənizdə olan torpaq sahəsinin faktiki ölçüsü 0,0959 hektardır.Nəzərinizə çatdırırıq ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 mart tarixli 818 nömrəli Fərmanının tələblərinə əsasən uyğunsuzluqların aradan qaldırılması ilə bağlı torpaq islahatı zamanı verilmiş pay torpaqlarında hüquqi və texniki sənədlərdəki məkan göstəriciləri ilə torpaqlardan faktiki istifadə vəziyyətinin məkan göstəriciləri arasında mövcud olan uyğunsuzluqların Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 43-cü maddəsinə uyğun olaraq yerquruluşu qaydasında aradan qaldırılması işləri aparılmışdır. Aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatların təhlil edilərək dürüstləşdirilməsi və elektron kadastr məlumat bazasına daxil edilməsi üçün müvafiq tədbirlər görülməkdədir”. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən cavabdehin qeyd etdiyi anlaşılmazlıqların aradan qaldırılması məqsədilə dəfələrlə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və mütəxəssis rəyinin verilməsi cavabdeh təşkilata həvalə edilmişdir. Cavabdeh təşkilat hər dəfəsində mütəxəsis rəyinin verilməsindən əsassız bəhanələrlə imtina etmişdir. Mütəxəssisin qarşısında məhkəmə tərəfindən qoyulmuş İddiaçı mülkiyyətində olan **********37 reyestr nömrəli torpaq sahəsinin koordinatları ilə X3 məxsus **********09 reyestr nömrəli və X1 məxsus **********00 reyestr nömrəli çıxarışlara aid torpaq sahələrinin koordinatları üst-üstə düşürmü, əgər düşürsə hansı ölçülərdə düşür? Suallarına aşağıdakı kimi cavab vermişdir. “Araşdırmanın nəticəsi olaraq aşağıda qeyd edilənlər müəyyən edildi:.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş **********37 reyestr nömrəli çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəsəbi ərazisində yerləşən 0,1358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad kəndi “Mehdiabad” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün məhkəmə tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olmamışdır.Bildiririk ki, “Azərbaycan Respublikasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 07 mart tarixli 818 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılması və rəqəmsal kadastr xəritəsinin tərtib olunması Qaydaları”na, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 28 aprel tarixli 250 nömrəli Sərəncamı ilə “Dövlət və bələdiyyə mülkiyyətində, habelə xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə torpaqların elektron kadastr uçotu informasiya sisteminin yaradılmasının və rəqəmsal kadastr xəritəsinin tərtib edilməsinin təmin olunmasına dair Tədbirlər Planı” hazırlanmışdır.Nəzərinizə çatdırırıq ki, ərazidə aparılmış yerquruluşu işləri ilə bağlı əldə edilmiş məlumatlar sistemləşdirildikdən və elektron kadastr məlumat bazasına daxil edildikdən sonra, Sumqayıt inzibati Məhkəməsi tərəfindən qoyulmuş sualların cavablandırılması mümkün olacaqdır”. Bu səbəbdən də məhkəmə iddia tələbinə mahiyyəti üzrə baxıb qərar qəbul edilməsini məqsədəmüvafiq hesab etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli imtina məktubu, etirazı, **********37 reyestr nömrəli çıxarışın surəti, cavabdehin təqdim etdiyi mütəxəssis rəyləri və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə mülkiyyət hüququnun tanındığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2023-cü il tarixli, **********49 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Abşeron rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnaməsinin 3.0.24. bəndinə əsasən tikililərin, o cümlədən binaların, qurğuların, yaşayış və qeyri-yaşayış sahələrinin, fərdi yaşayış və bağ evlərinin, müəssisələrin inventarlaşdırılması həyata keçirilməli, invertarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün tələb olan texniki sənədlərin tərtib edilməsi təmin edilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, hazırkı iddia tələbi üzrə iddiaçı mülkiyyətində Abşeron rayonu, Mehdiabad qəsəsəbi ərazisində yerləşən 0,1358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin mülkiyyətçisidir. Həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2021-ci il tarixli, **********37 nömrəli çıxarış əsasında qeydiyyata alınmışdır.Torpaq sahəsinə dair mülkiyyət hüquqları DƏDKR-in 4 saylı Ərazi İdarəsində qeydiyyata alınarkən həmin idarə tərəfindən torpaq sahəsinə plan və ölçü sənədi verilməmişdir. Hazırkı iddia tələbi üzrə iddiaçı cavabdeh təşkilata ərizə ilə müraciət edərək, həmin torpaq sahələrinin plan və ölçüsü sənədini tələb edir. Belə ki, həmin torpaq sahəsinin plan və ölçüsünün verilməməsi gələcəkdə mülkiyyətində olan torpaq sahəsinin üzərində maneəsiz qanuni hərəkətlərin yerinə yetirilməsinə maaneələr yarada bilər. Lakin cavabdeh təşkilat iddiaçının müraciətləri yerinə yetirməkdən imtina edir. Cavabdeh təşkilat imtinasının əsası kimi iddiaçının mülkiyyətdə olan 0,1358 ha torpaq sahəsinin döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Mehdiabad kəndi “Mehdiabad” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığı üçün həmin sənədin verilməsinin mümkün oladığı qeyd etmişdir. Cavabdeh təşkilatın etirazında qeyd etdiyi tələbin mümkünlük məsələsinə hazırkı qərarın mümkünlük hissəsində məhkəmə özünün hüquqi mövqeyini bildirilmişdir. Məhkəmə aşağıdakıları da qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F- 144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.20-ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatlarının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarda müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud uyğunsuzluqlar aradan qaldırılmaqla, onların mülkiyyətinə verilməsini rəsmiləşdirmək DƏDKR-nin vəzifələri hesab edilir. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən yerquruluşu — torpaq münasibətlərinin nizama salınması və torpaqdan səmərəli istifadə olunması məsələlərinin həlli üzrə müvafiq tədbirlər sistemidir. Həmin Qanunun 8-ci maddəsinə əsasən torpaqların texniki uçotu Azərbaycan Respublikasının hər bir inzibati-ərazi vahidi üzrə kompleks ölçmələr əsasında bütün torpaq sahələrinin və yaşayış məntəqələrinin yerləşməsini, həndəsi ölçülərini, sərhədlərini və konfiqurasiyasını müəyyən etmək məqsədilə həyata keçirilir.Torpaqların texniki uçotunun nəticələri torpaq-kadastr sənədlərində əks olunur. Torpaqların texniki uçotunun aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Qanunun 10-cu maddəsinə əsasən torpaq-kadastr sənədlərinin dəqiqliyini təmin etmək üçün Azərbaycan Respublikasının bütün inzibati-ərazi vahidləri üzrə torpaq sahələrinin yerdə (naturada) tədqiqi aparılır və kadastr sənədləri ilə müqayisə olunaraq sənədlərdə düzəlişlər edilir. Həmin Qanunun 12-ci maddəsinə əsasən dövlət torpaq kadastrı fonduna Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən torpaqların məqsədli təyinatı, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu və torpaq sahələrinin digər kəmiyyət və keyfiyyət göstəriciləri üzrə kadastr məlumatları və materialları daxil edilir. Dövlət torpaq kadastrı fondu müvafiq icra hakimiyyəti orqanının sərəncamında olur. Dövlət torpaq kadastrı fondunun yaradılması, istifadəsi və mühafizəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş əsasnaməyə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 17-ci maddəsinə əsasən torpaqların istifadəsində mövcud uyğunsuzluqların və çatışmazlıqların aradan qaldırılması məqsədilə torpaq sahələrinin dəqiqləşdirilməsi və qaydaya salınması layihələrinin tərtib edilməsi, yerdə (naturada) ayrılması, qanunvericiliklə müəyyən edilmiş formada sənədlərin hazırlanması yerquluşu işləri hesab olunur. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin görə DƏDKR fəaliyyət istiqamətləri, hüquq və vəzifələri öz əksini tapmış və həmin Nizamnamənin tələbləri çərçivəsində DƏDKR vəzifə səlahiyyətlərindən irəli gələn funksiyaları həyata keçirir. Belə ki, DƏDKR torpaq sahələrinə plan və ölçü sənədinin verilməsi, torpaq sahələrində mərzçəkmə işlərinin, vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsi üçün yerquruluşu işləri aparılmaq kimi vəzifələri var. Göründüyü kimi xüsusi mülkiyyət hüququ ilə qeydə alınmış torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi kimi vəzifənin olması DƏDKR Nizamnaməsində birbaşa göstərilmişdir. Nəzərə alınmalıdır ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi öz xidməti vəzifəsinə görə torpaq sahəsinin plan və ölçüsünün verilməsi torpaq sahəsi üzərində hüquqların qeydə alınması üçün tələb edilir. Bu isə cavabdeh təşkilatın torpaq sahəsinin ilkin mülkiyyətçisinin mülkiyyət hüquqları qeydə alınan zamana plan və öçü sənədlərinin verilmədiyinə dair gətirdyi arqumenti əsassız edir. Hesab olunur ki, cavabdeh təşkilat sonradan qanunla üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsindən boyun qaçırmaqda haqlı olmadığına görə yaranmış çatışmamazlığı aradan qaldırmalıdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyesteri Xidməti haqqında Qanunun 23.1-cü maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Həmçinin, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsinin 3.1.47-ci bəndinə əsasən müvafiq sahədə qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək səlahiyyəti verildiyi halda yoxlamalar aparmaq, icrası məcburi olan göstərişlər vermək və fəaliyyət istiqamətləri üzrə aşkar olunan qanun pozuntuları ilə bağlı tədbirlər görülməsini təmin etmək DƏDKR-in vəzifələrinə aid edilmişdir. Göründüyü kimi qeyd olunan hərəkətlər cavabdeh təşkilatın özü tərəfindən edilə bildiyi tədqirdə cavabdeh təşkilat tərəfindən imtina üçün əsassız bəhanələr gətirilir. Halbuki, “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.1358 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə plan və ölçü sənədinin verilməsi öhdəliyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar