Məhkəmə qərarları › İş №2-1(118)-2566/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2566/2022

15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2566/2022 15.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “onun əmək qabiliyyətinin itirdiyi və əlilliyinin başlandığı 02 avqust 2002-ci il tarixdən, əmək pensiyası üçün müraciət etdiyi 02 dekabr 2014-cü il tarixədək ötmüş dövr üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, 02.7.2002-ci il tarixdən 02.8.2002-ci il tarixədək Rusiya Federasiyası Perm vilayət klinik xəstəxanasının Neyrocərrahiyə şöbəsində “2-ci dərəcəli Arnold-Kiari sindromu, onurğanın boyun nahiyəsinin sirinqomeliyası, okklüzion hidrosefaliya” diaqnozu ilə stasionar müalicədə olmuşam. Müalicə zamanı 12.7.2002-ci il tarixdə “siringomelitik kistin drenajlanması” və 23.7.2002-ci il tarixdə “sağdan Ventrikulo- peritoneal şuntlama” neyrocərrahiyə əməliyyatları keçirmişdir. 2014-cü ildə əlilliyin müəyyən edilib qiymətləndirilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) 38 saylı (hal-hazırda 11 saylı) Tibbi Sosial Ekspert Komissiyasına müraciət edərək tələb olunan sənədləri təqdim etmiş, TESK-nın (“Amoldkiari 2 malformasiyası, okkulyuzion hidrosefaliya, siringomeliya” diaqnozu) xx.xx.2014-cü il tarixli SER TSE -01 N- 080994 saylı qərarı ilə ona 1-ci qrup əlillik dərəcəsi müəyyən edilmiş və əmək pensiyası (hal-hazırda 248 (iki yüz qırx səkkiz) manat) təyin edilmişdir. Qeyd edir ki, keçirdiyi xəstəlik və neyrocərrahiyə əməliyyatları ilə əlaqədar 2002-ci ildən əlilliyə görə pensiya almaq hüququ əmələ gəlmişdir, ancaq öz iradəsindən asılı olmayan səbəblərdən 2014-cü ildə əlilliyin müəyyən olunması üçün müracət etmişdir. Azərbaycan Respublikası Konstitusiyası və mövcud Qanunvericiliyə əsaslanaraq hesab edir ki, ona müraciət etdiyi tarixdən deyil əmək qabiliyyətini itirdiyi və əlilliyin yarandığı tarixdən pensiya təyin edilməlidir. Əmək pensiyasının xx.xx.2002-ci il tarixdən 02 dekabr 2014-cü il tarixədək ötən dövr üçün hesablanaraq ödənilməsi ilə əlaqədar etdiyi müracətə cavabdeh imtina etmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçının nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı iddia edir ki, keçirdiyi xəstəlik və neyrocərrahiyə əməliyyatları ilə əlaqədar 2002-ci ildən əliiliyə görə əmək pensiyası almaq hüququ yaranmışdır, lakin öz iradəsindən aslı olmayan səbəblərdən 2014-cü ildə əlilliyi müəyyən edilmişdir. Qanunvericilik aktlarının əlaqəli təhlilinə əsasən şəxsə əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün ilkin və mütləq şərt şəxsin əlilliyinin qanunvericiliyin tələblərinə müvafiq olaraq müəyyən edilməsidir. Bununla yanaşı təyin edilmiş əlilliyin dərəcəsinə uyğun olaraq sığorta stajı və pensiya kapitalı ilə bağlı tələblər vardır. Belə ki, İddiaçı xx.xx.2014-cü il tarixindən birinci qrup əlillik təyin edilmiş, 15 nömrəli xx.xx.2015-ci il tarixli qərar ilə ona xx.xx.2014-cü il tarixdən pensiya təyin edilmişdir. Eyni zamanda xx.xx.2014-cü il tarixinə qədər əlilliyin hansı səbəblərdən təyin edilməməsi ilə bağlı hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddianın tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli ********* nömrəli imtina məktubu, DSMF-nin etiraz ərizəsi, TESK-in xx.xx.2014-cü il tarixli SER TSE-01 080994 nömrəli qərarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin iddiaçının tələbinin təmin olunmasından imtinası əsaslı, iddia tələbi isə əsassız olduğundan iddia təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun 3.3-cü maddəsinə əsasən, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin Tibbi-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. Şəxslərin əlilliyinin qiymətləndirilməsi əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyaları tərəfindən rəsmiləşdirərək “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş göndərişlər əsasında aparılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 N-li Əlavədə nəzərdə tutulmuş “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı” nın 2.5.1-ci maddəsinə əsasən, əlilliyə görə pensiya təyin edilməsi üçün şəxsin əlilliyini, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı təqdim edilməlidir. Cavabdehin xx.xx.2022-ci il tarixli ********* nömrəli məktubundan görünür ki, iddiaçıya əvvəlki illərə görə ödənilməmiş pensiyanın verilməsindən imtina edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçıya müvafiq pensiya məbləğinin ödənilməməsi qanuni olmuşdur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı TESK-in xx.xx.2014-cü il tarixli SER TSE-01 080994 nömrəli qərarı ilə xx.xx.2014-cü il tarixindən birinci qrup əlillik təyin edilmiş, 15 nömrəli xx.xx.2015-ci il tarixli qərar ilə ona xx.xx.2014-cü il tarixdən əlilliyə görə pensiya təyin edilmişdir. Qanunverici imperativ norma olaraq göstərib ki, şəxsə ilk öncə əllilik təyin edildikdən sonra, müvafiq qaydada DSMF-yə müraciət edib əlilliyə görə əmək pensiyası almalıdır. Bu səbəbdən də iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 81.1, 85.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsə qarşı “onun əmək qabiliyyətinin itirdiyi və əlilliyinin başlandığı 02 avqust 2002-ci il tarixdən, əmək pensiyası üçün müraciət etdiyi 02 dekabr 2014-cü il tarixədək ötmüş dövr üçün ödənilməmiş əmək pensiyası məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar