Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2568/2024 27.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə qarşı “ona “məcburi köçkün” statusu və onu təsdiq edən müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1973-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, məlum hadisələrlə əlaqədar 03 avqust 1993-cü il tarixdə valideynləri ilə birlikdə məcburi köçkün kimi Sumqayıt şəhərinə gəlmiş, hal-hazırda Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində müvəqqəti məskunlaşmışdır. Vahid aylıq müavinət alır, bu barədə Cəbrayıl rayon İHB-nin Quycaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin xx.xx.2023-cü il tarixli 223 nömrəli arayışı da vardır. Vəsiqənin verilməsi ilə əlaqədar cavabdehə müraciət etsə də, müraciəti müsbət həll edilməmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcuriyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı məcburi köçkün statusunu təsdiq edən vəsiqənin verilməsi ilə bağlı sənədlər Komitənin aidiyyəti struktur bölməsində araşdırılan zaman müəyyən olunmuşdur ki, İddiaçı 1973-cü il 20 aprel tarixində Cəbrayıl rayonunun Nüzgar kəndində anadan olmuşdur. İddiaçı 1995-ci il 19 mart tarixində keçmiş Cəbrayıl RHK-da ilkin hərbi qeydiyyata alınmış, 1991-ci il 20 may tarixində müddətli hərbi xidmətə gömdərilmiş, 1994-cü il N yanvar tarixində hərbi hissəni özbaşına tərk etmişdir.İddiaçı hərbi xidməti başa vurub tərxis olunması ilə bağlı heç bir sənəd təqdim edə bilməmişdir. Azərbaycan Respublikasının Konstitusiyasinın 76-cı maddəsinə əsasən, vətəni müdafiə hər bir vətəndaşın borcudur. 1991-ci il 18 oktyabr tarixli 222-Xİİ nömrəli “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı”nın 29-cu maddəsinə əsasən, Azərbaycan Respublikasını müdafiə etmək Azərbaycan Respublikası vətəndaşının müqəddəs borcudur. Qanunla müəyyən edilmiş hüdudlarda və növlərdə hərbi xidmət məcburidir.Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 334.1ci bəndinə əsasən, fərarilik, yəni hərbi qulluqçunun müddətindən asılı olmayaraq hərbi xidmətdən boyun qaçırmaq məqsədi ilə hərbi hissəni və ya xidmət yerini özbaşına buraxıb getməsi və ya xidmət yerinə qayıtmamasıdır (gəlməməsi).1994-cü il mayın 8-də Azərbaycan-Ermənistan arasında atəşkəsin əldə edilməsi barədə imzalanmış "Bişkek protokolu" elə həmin ilin mayın 12-də qüvvəyə minmiş və cəbhə xəttində aktiv hərbi əməliyyatlar həmin gündən dayandırılmışdır.Göründüyü kimi atəşkəs əldə olunanadək - 1994-cü il mayın 12-dək aktiv hərbi əməliyyatlar davam etmişdir. İddiaçı isə müharibənin davam etməsinə baxmayaraq 1994-cü il N yanvar tarixində hərbi hissəni özbaşına tərk etdiyindən, “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinə əsasən, sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir.Odur ki, iddiaçıya Qaydaların 4.2.4-cü bəndinə əsasən ona məcburi köçkün statusu və onu təsdiq edən məcburi köçkün vəsiqəsinin verilməsindən imtina edilmişdir.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə hazırkı mübahisəyə cavabdeh orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 28 noyabr 2023-cü il tarixli 3-36-3/2-A-100xx-xx/2023/7129 nömrəli imtina məktubu, etiraz ərizəsi, SX-0048452 nömrəli təkrar Hərbi biletin surəti, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-43-14/2-1488/2023 nömrəli məktub, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən verilmiş 5-40/3-4- 1182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayış, Cəbrayıl RİHB-nin Quycaq kənd İƏD üzrə nümayəndəsinin xx.xx.2024-cü il tarixli 72 nömrəli arayışı və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun məcburi köçkün düşdüyü vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq Komitə hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinin xidmət göstərdiyi (məcburi köçkünlərin bir qisminin məskunlaşdığı) ərazinin sakinidir və məcburi köçkün statusunun vətəndaşlara verilməsi Komitənin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmiş və cavabdehin 28 noyabr 2023-cü il tarixli 3-36-3/2-A-100xx-xx/2023/7129 nömrəli məktubu ilə onun müraciətinin təmin olunmasından imtina edilmişdir. Məhkəmə iddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Cəbrayıl rayonu, məskunlaşdığı yerin Sumqayıt şəhəri ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx.xx.1973-cü ildə Cəbrayıl rayonunda anadan olmuş, 1993-cü il tarixdə ailəsi ilə birlikdə məcburi köçkün kimi Sumqayıt şəhərinə gəlmiş və hal-hazırda Sumqayıt şəhəri, Yaşıl dərə yaşayış massivində müvəqqəti məskunlaşmışdır. Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini tərəfindən verilmiş 5-40/3-4-1182/2023 nömrəli, xx.xx.2023-cü il tarixli arayışından görünür ki, iddiaçı vahid aylıq müavinət alır.İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi məqsədilə cavabdeh Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə müraciət etmiş, lakin cavabdeh iddiaçının tələbini müsbət həll etməmişdir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddiaçının tələbinin təmin edilməməsi qənaətinə gələn cavabdehin hərəkətləri qanunsuz olmuşdur. Belə ki, Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən məcburi köçkünlərin miqrasiyası, uçotu və qeydiyyatına dair işlər görür. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 1.1-ci bəndinə əsasən, “Azərbaycan Respublikasının Qaçqınların və X1 üzrə Dövlət Komitəsi haqqında” Əsasnaməyə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və əsaslarla “məcburi köçkün” statusu, onu təsdiq edən vəsiqənin verilməsi və bu statusdan məhrumetmə məsələlərinə dair qərarları Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi qəbul edir. “Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü bəndinə əsasən, sakini olduğu rayon işğal olunan zaman hərbi qeydiyyatdan yayınan, səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxslərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqə verilmir. İşin araşdırılan hallarından məlum olur ki, iddiaçı məcburi köçkün statusuna malik olmasa da, köçkünlər üçün nəzərdə tutulmuş digər imtiyazlardan istifadə edir, qeydiyyat yeri işğaldan azad olunmuş ərazilərdədir. Həmçinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Cəbrayıl rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 3-43-14/2-1488/2023 nömrəli məktubdan da görünür ki, iddiaçı barəsində təqsirləndirici material və barəsində cinayət işi olmadığından 2011-ci ildə hərbi qeydiyyata alınmışdır. Cavabdeh təşkilat tərəfindən iddiaçı barəsində səfərbərlikdən boyun qaçıran və fərariliyə görə barəsində amnistiya aktı tətbiq olunan şəxs kimi olması barədə də əsaslı sübut məhkəməyə təqdim edilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur.Belə olan halda iddiaçıya Qaydaların 4.2.4-cü bəndinin müddəalarını tətbiq edilməsi yolverilməzdir. Məhkəmə cavabdehin mövqeyini əsassız hesab edərək həmçinin onu da bildirir ki, iddiaçıya məcburi köçkün statusunun verilməsindən imtina edilərkən Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydaların 4.2.4-cü bəndinə istinad edilməsi Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik hüququna aid tələblərə ziddir. Belə ki, sözügedən Qaydaların 4.2.4-cü bəndində əsasən, iddiaçının amnistiya aktının tətbiq olunan şəxs olmasına istinad edib, məcburi köçkünlər üçün nəzərdə tutulmuş aylıq müavinət alan şəxsin hüquqlarını məhdudlaşdırılmışdır. Başqa sözlə, iddiaçının “məcburi köçkün”lərə şamil olunan digər imtiyazlara malik olma hüququ olsa da, mənzil hərbi xitmətdən qanunvericiliyə görə tərxis olunmamasına istinad edərək məcburi köçkün olan şəxsin bu hüquqları məhdudlaşdırılmışdır. Azərbaycan Respublikasında məcburi köçkünlərə “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair Qaydalar”ın 4.2.4-cü maddəsinin sonradan qəbul edilməsinə və iddiaçının vəziyyətini ağırlaşdırdığından ona münasibətdə geriyə tətbiq edilə bilməməsinə əsaslanmışdır. Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə, hamı qanun və məhkəmə qarşısında bərabərdir. Demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə həm də eyni kateqoriyaya aid olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. Pensiya təminatı sahəsində hüquq və azadlıqların həyata keçirilməsində bütün növ ayrı-seçkiliyin aradan qaldırılmasına təminat verən hüquq bərabərliyi prinsipi eyni kateqoriyaya aid olan şəxslərin pensiya hüququnun fərqləndirilməməsinə xidmət edir. Əks halda, sosial təminat sahəsində qanunverici tərəfindən müəyyən olunmuş güzəştlərin eyni hüquqi vəziyyətdə olan şəxslərə eyni qaydada tətbiq edilməməsi sosial ədalətin və tarazlığın pozulmasına səbəb ola bilər. Eyni zamanda, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı-seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85- 86).Belə olan halda isə, məhkəmə hesab edir ki, belə fərqli yanaşmalar nəticəsində iddiaçının Konstitusiyada təsbit olunmuş bərabərlik hüququ pozulmuşdur. Eyni zamanda, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin və Konstitusiya Məhkəməsinin qərarları kontekstində mübahisəyə baxan məhkəmə tərkibi hesab edir ki, eyni statusda olan məcburi köçkün şəxslərə (kişilərlə qadınlara) cavabdeh tərəfindən fərqli yanaşmaya yol verildiyinə görə, cavabdehin hərəkəti Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələbinə uyğun olmamışdır. Beləliklə, iddiaçının Cəbrayıl rayonundan məcburi köçkün olduğundan ona münasibətdə müvafiq vəsiqənin verilməməsi iddiaçının konstitusion hüquqlarının pozulmasına səbəb olur ki, bu da iddiaçının məcburi köçkünlərə verilən imtiyazlardan əsassız olaraq məhrum edilməsi ilə nəticələnir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı “məcburi köçkün” statusu və onu təsdiq edən vəsiqənin verilməsi öhdəliyi Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2568/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2568/2024
27.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver