Məhkəmə qərarları › İş №2-1(118)-2571/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2571/2024

06.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2571/2024 06.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Kamal qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbayan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı cavabdehin “Əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61839/2023 saylı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-611836/2023 saylı qərarlarının ləğv edilməsi və güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən pensiyasının dayandırılması haqqında qəbul edilmiş inzibatii aktın ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonar iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, cavabdehin “Əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61839/2023 saylı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-611836/2023 saylı qərarlarının ləğv edilməsi və güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Əmək fəaliyyətinə 1975-ci ildə başlamış, xx.xx.1975-xx.xx.1976-cı il tarixlərdə Sumqayıt Tədris Kombinatında təhsil almışdır. xx.xx.1976-xx.xx.1992-ci illərdə 1-ci "Sumqayıt Tikinti Quraşdırma” MMC-də (əvvəlki adı “Azneftkimyaquraşdırma" Trestinin l-ci Sumqayıt Mexaniki- Quraşdırma İdarəsi) əl ilə qaynaq aparan elektrik qaynaqçısı peşəsində işləmişdir. xx.xx.1992-ci ildə köçürmə yolu ilə "Sumqayıt Kauçuk zavodunda işləməyə başlamış və xx.xx.1993-cü ilə qədər orada işləmişdir. xx.xx.1993-cü ildə köçürmə yolu ilə "Azərkimyatəmir” Trestinə köçürülmüşdür. xx.xx.1993-cü ildə “SK” zavoduna köçürmə yolu ilə işə qəbul edilmişdir. Fasiləsiz olaraq xx.xx.2023-cü ilə qədər həmin müəssisədə işləmişdir. Ümumi iş stajı 48 il təşkil edir. İddiaçıya 50 yaşı tamam olan tarixdə, yəni xx.xx.2008-ci ildə Azərbayan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahıya əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya təyin edilmiş əmək pensiyası 2023-cü ilin iyul ayından dayandırılmışdır. 2023-cü ilin sentyabr ayından iddiaçıya yaşa görə pensiya təyin edilmişdir. Məsələ ilə əlaqədar olaraq cavabdehə müraciət edərək pensiyasından tutulan məbləğə etiraz etmişdir. Cavabdeh 07.011.2023-cü il tarixli "Əmək pensiyasının dayandırılması haqqında” məktubla iddiaçıya bildirmişdir ki, "xx.xx.1976-xx.xx.1992-ci il tarixlər arasındakı dövr ərzində 1-ci "Sumqayıt Tikinti Quraşdırma” MMC-də işlədiyi müəyyən edilmişdir. Lakin həmin müəssisənin xx.xx.2009-cu il tarixli, 12 №-li güzəştli arayışında həmin dövr ərzində "SK” zavodunda (hazırkı adı Sumqayıt Etilen-Polietilen” zavodu) elektrik qaynaqçısı və quraşdırıcı-çilingər vəzifələrində işlədiyi göstərilib, Yoxlama zamanı həmin dövr ərzində Etilen-Polietilen zavodunda elektrik qaynaqçısı və quraşdırıcıçilingər vəzifələrində işlədiyi göstərilib. Lakin həmin dövrdə “Etilen- Polietilen" zavodunda işlədiyini təsdiq edən sənəd aşkar olunmamışdır. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Belə ki, ona məxsus NT-İ №0187756 saylı əmək kitabçasında xx.xx.1976xx.xx.1992-ci illərdə “Azneftkimyaquraşdırma” Trestinin 1-ci Sumqayıt Mexanikləşdirilmiş İdarədə işlədiyi qeyd edilib. İddiaçının idarədə göstərilən dövrdə Podratçı idarə kimi “Sumqayıt Sintez Kauçuk zavodunda ("xxxx" zavodu) işləri yerinə yetirmişdir. Bunu 1-ci STQ MMC-nin 04/09 saylı xx.xx.2023-cü il tarixli arayışı təsdiq edir. İdarənin xx.xx.2009-cu il tarixli, 12 saylı arayışı həmin dövrdə (xx.xx.1976-xx.xx.1992) işlədiyi idarənin "SK” zavodunda Podrat əsasında işləməyini təsdiq edir. Bir daha bildirir ki, 1-ci "Sumqayıt Tikinti Quraşdırma” MMC sözügedən dövrdə “SK“ zavodunda Podrat müqaviləsi əsasında işləmişdir. Beləliklə, cavabdehin imtinası əsassızdır. Həmçinin əlavə olaraq bildirir ki, xx.xx.1993-cü ilə qədər qüvvədə olmuş SSRİ Nazirlər Sovetinin xx.xx.1956-ci il tarixli 1173 saylı qərarının 13-cü bəndinə görə 1-ci və 2-ci siyahı əsasında fəaliyyət göstərən müəssisələrdə işləyən fəhlə və mühəndis-texniki işçilər təmir texnoloji işləri apardığı dövrdə güzəştli şərtlərlə pensiya hüququ əldə etmiş olurlar. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə etdi və iddia tələbinin dəlillərinə uyğun izahat verərək iddianın təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddianı qəbul etmədi və izah etdi ki, mütəmadi olaraq aparılan araşdırmalar nəticəsində vətəndaşların pensiya hüquqlarının təsbiti ilə bağlı əsaslı şübhələr yarandıqda, həmçinin əmək pensiyası və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar aşkar edildikdə təyin edilmiş əmək pensiyasının ödənişi “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 37.8.3-cü maddəsinin tələblərinə uyğun olaraq dayandırılır. Araşdırma zamanı, vaxtilə iddiaçıya pensiya təyin edilərkən təqdim olunmuş əmək kitabçasının surətində qeyd olunan məlumatlara əsasən xx.xx.1976-xx.xx.1992-ci il tarixləri arasındakı dövr ərzində “1ci Sumqayıt Tikinti-Quraşdırma" MMC-də işlədiyi müəyyən edilmişdir. Lakin sözügedən müəssisənin ona dair 29 iyul 2009-cu il tarixli 12 nömrəli güzəştli arayışında həmin dövr ərzində “Sintezkauçuk” (indiki "xxxx") zavodunda elektrik qaynaqçısı və quraşdırıcı-çilingər vəzifələrində işlədiyi göstərilmişdir. Yuxarıda qeyd olunan məlumatların Mərkəzi Filialın mütəxəssisləri tərəfindən yerində dəqiqləşdirilməsi zamanı həmin dövr ərzində "xxxx" zavodunda işlədiyini təsdiq edən hər hansı sənəd aşkar olunmamışdır. Qeyd edilən fakt “Azərkimya” İB-nin "xxxx" zavodu tərəfindən 19 iyul 2023-cü il tarixli birgə aktı ilə təsdiq edilmişdir. Həmçinin SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin "xxxx" zavodunun xx.xx.2023-cü il tarixli 14-2-3-1/2-72/2023 nömrəli arayışında qeyd olunan məlumatlara əsasən işlədiyi "xxxx" MMC-nin "xxxx" zavodunun sifariş əsasında vaxtilə podratçı təşkilat kimi zavodun ərazisində təmir-tikinti və quraşdırma işləri apardığı fəaliyyət sahəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş siyahılarda nəzərdə tutulan Kimya istehsalatı sahəsinə aid olmadığı müəyyən edilib. Buna görə də iddiaçının güzəştli iş stajını 12 il 6 aydan az (1 il 2 ay 27 gün (xx.xx.1976- xx.xx.1977-ci il tarixləri arasındakı dövr) təşkil edir. Göstərilən uyğunsuzluqlara baxmayaraq, ona xx.xx.2008-ci il tarixindən Fondun Sumqayıt şəhər şöbəsi tərəfindən qanunvericiliyə zidd olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınaraq iddiaçıya xx.xx.2020-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 25050,99 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Bununla əlaqədar olaraq, iddiaçıya əmək pensiyasının təyin olunmasında yol verilmiş, yuxarıda qeyd olunan qanunauyğun olmayan hallarla bağlı cavabdeh tərəfindən inzibati icraata başlanılmışdır. Həmin icraat çərçivəsində “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun qaydada iddiaçının mülahizələrinin dinlənilməsi üçün ona xx.xx.2023-cü il tarixli 3-17-1/2-M-212369/2023 nömrəli məktub göndərilmiş və Mərkəzi Filiala dəvət olunmuşdur. xx.xx.2023-cü il tarixində iddiaçı Mərkəzi Filiala gəlmiş, aidiyyəti vəzifəli şəxslər tərəfindən qəbul edilərək, ona pensiyasının qanunazidd hesablanması, bununla əlaqədar artıq ödənilmiş vəsaitin büdcəyə bərpası ilə bağlı ətraflı məlumat verilmiş, eləcə də onun mülahizələri dinlənilmişdir. Yekun olaraq Mərkəzi Filial tərfindən iddiaçıya dair əmək pensiyasının dayandırılmasına dair xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-61836/2023 nömrəli və əmək pensiyasının ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 61839/2023 nömrəli qərarlar qəbul edilmişdir. İş materiallarında olan: - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 61839/2023 saylı qərarından görünür ki, əmək pensiyasının ləğv edilməsi qərara alınmışdır. - Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61836/2023 saylı qərarından görünür ki, İddiaçı təyin edilmiş əmək pensiyasının dayandırılması qərara alınmışdır. - xx.xx.2023-cü il tarixli aktdan görünür ki, İddiaçı qeyd edilən arayışda kimya sənayesi müəssisələrində işlədiyinə dair Etilen-Polietilen zavodunun arxivində 1992-1993-cü illərə məlumatlar müəyyən olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Maddə 71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. (-) Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Qanun: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Faktiki xarakterli hərəkətlərin qanuniliyinin yoxlanılması inzibati aktların qəbulu, dəyişdirilməsi, ləğvi, icrasının qanuniliyinin yoxlanılması ilə bağlı olduğu kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun müəyyən etdiyi şərtlər çərçivəsində həyata keçirilməlidir. Qərar əlverişli inzibati aktların və ya inzibati orqanın əlverişli xarakter daşıyan hərəkətlərinin iddiaçıya ehtimal olunan artıq pul ödənişinin həyata keçirilməsi ilə nəticələnən hüquqi nəticəsinin aradan qaldırılmasına yönəldiyindən, əlverişli inzibati aktın isə hazırkı işin faktiki halları nəzərə alınmaqla hüquqi nəticələrinin aradan qaldırılmasına yol verilmir. Beləliklə, əmək pensiyasının növünün dəyişdirilməsi və ya hesablanması barədə qərar qanunsuz hesab edilsə belə, məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin iddiaçının hesabına düzəldilməsi yol verilməzdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya əmək pensiyasının təyin edilməsini düzgün olmadığını müəyyən etsə belə, qanunvericilikdə təsbit edilmiş qaydada inzibati icraatı aparmadan, yəni iddiaçının iştirakı olmadan, məlumat verilmədən ona təyin olunmuş əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, “Əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61839/2023 saylı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 611836/2023 saylı qərarlarını ləğv etməklə ona güzəştli şərtlərlə yaşa görə təyin edilmiş əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş İddiaçı “Əmək pensiyasının təyin edilməsi haqqında Qərarın ləğv edilməsi barədə” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-61839/2023 saylı və “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-611836/2023 saylı qərarları ləğv edilsin. İddiaçı təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırıldığı vaxtdan bərpa edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti , 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar