Məhkəmə qərarları › İş №2-1(118)-2572/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2572/2024

15.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2572/2024 15.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7- 16391/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi fililalına qarşı iddia qaldıraraq “2023-cü ilin iyun ayından əvvəlki pensiya ödənişinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi və cavabdeh inzibati orqanın hər ay 10 faiz pensiya məbləğindən tutulma aparılması ilə bağlı hərəkətinin qanunsuz hesab edilməsi və bu müddət ərzində tutduğu pensiyanın geri qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “cavabdeh orqanın əmək pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7- 13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarının ləğv edilərək əvvəlki pensiya məbləğinin bərpa edilməsi, tutulmuş məbləğin iddiaçıya geri qaytarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1970-cı il təvəllüdlü olmaqla, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Orta məktəbi bitirdikdən sonra, xx.xx.1988-ci ildə həqiqi hərbi xidmətə göndərilmiş, hərbi xidmət dövründə, yəni 1991-ci ildə Lomonosov adına Hərbi Texniklər məktəbini bitirmişdir. Sonrakı müddətdə müstəqil Azərbaycan Respublikasının ordusunda hərbi xidmətini davam etdirmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin xx.xx.2012- ci il tarixli 058rt saylı əmri ilə ona “polkovnikleytenant” rütbəsi verilmişdir. Eləcə də, hərbi xidmət dövründə “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991- 2001) yubiley medalı ilə, “Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalla, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley medalı ilə, “Qüsursuz xidmətə görə” 1-ci dərəcəli medalla, həmçinin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin veteranı medalı ilə təltif olunmuşdur. Sonda isə xx.xx.2018-ci ildə yaşa görə hərbi xidmətdən ehtiyata buraxılmışdır. Ehtiyata buraxıldıqdan sonra ona hərbi xidməti ilə bağlı pensiya təyin edilmişdir. Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası və erməni işğalçılarının ərazilərimizdən təmizlənməsi ilə əlaqədar o, yenidən hərbi xidmətə çağırılmış, ərazilərimizin işğaldan azad edilməsində onun də əməyi olmuşdur. Azərbaycan Respublikası müdafiə Nazirinin xx.xx.2021-ci il tarixli əmri ilə mənə “polkovnik” hərbi rütbəsi verilmişdir. Sonda isə 21 06.2023-cü ildə hərbi xidmətimin başa çatması ilə əlaqədar hərbi xidmətini uğurla başa çatdırmışdır. Cavabdeh inzibati orqan ona xx.xx.2023-cü il tarixli məktub göndərərək, əmək pensiyasının yenidən hesablanması ilə əlaqədar Mərkəzi filiala dəvətnamə göndərmişdir. O, cavabdehin hərəkətlərinin qanunsuz olması, eləcə də iddia tələbində qaldırılan tələblə bağlı cavabdeh inzibati orqana müraciət etmişdir. Bundan sonrakı müddətdə isə xx.xx.2023-cü il tarixli məktubla ona cavab verilərək bildirilmişdir ki, “Azərbaycan Respublikası müdafiə nazirliyi tərəfindən təqdim olunmuş xx.xx.2018-ci il tarixli MN-11210 saylı məlumat vərəqinə əsasən Əmək pensiyaları haqqında Qanunun 20.14.1 və 20.15-ci maddələrinə uyğun olaraq sizə xx.xx.2018-ci ildən Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filial tərəfindən 35 il 9 ay 12 gün xidmət müddətinə görə müvafiq təminat xərcliyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib (sonrakı artımlar nəzərə alınmaqla əmək pensiyası 5008,44 manata artırılaraq sizə ödənilib). Qanunun 38.1-ci maddəsinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Aparılan araşdırma zamanı sizin Müdafiə nazirliyində yenidən xidmətə cəlb edildiyiniz müəyyən olunub. Bununla əlaqədar olaraq sizə dair müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2021-xx.xx.2023-cü il tarxiləri arasındakı dövr ərzində yenidən xidmətə cəlb olunduğunuz qeyd edilib. Bununla əlaqədar cari ilin avqust ayında əmək pensiyanız yenodən hesablanaraq təmiant xərcliyinin 3969.60 manat 100 faizi (3969,60 manat) məbləğində müəyyən olunub. Eyni zamanda, xx.xx.2021-ci ildə yenidən hesablanıb. Qeyd olunanlara əsasən, sizə ümumilikdə 76560,73 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 76560, 73 manat vəsaitdən cair ilin iyun və iyul ayları üzrə sizə ümumilikdə ödənilməli olan 4925,78 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 71634,95 manat vəsaiti cari ilin sentyabr ayından etibarən əmk pensiyanızdan hər ay 10 faiz miqdarında tutularaq büdcəyə bərpa edilir.” Hesab edir ki, cavabdeh orqan tərəfindən qəbul edilmiş pensiyasının yenidən hesablanması barədə 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7- 16391/2023 saylı qərarlar tam əsassız olmaqla, onun sosial təminat hüquqlarının pozulmasına səbəb olmuşdur. Bu səbəblə də pozulmuş hüquqlarının bərpa edilməsi məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Cavabdeh orqan tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş 28 sentyabr 2018-ci il tarixli MN-11210 nömrəli məlumat vərəqinə əsasən “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 20.14.1-ci və 20.15- ci maddələrinə uyğun qaydada iddiaçıya 18 sentyabr 2018-ci il tarixindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial tərəfindən 35 il 9 ay 12 gün xidmət müddətinə görə təminat xərci iyinin 100 faizi miqdarında hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilib. Sonrakı artımlar nəzərə alınmaqla iddiaçının əmək pensiyası 5008,44 manata artırılaraq ona ödənilib. Qanunun 37.3.4-cü maddəsinə əsasən Qanunun 20.1.11-ci maddəsində göstərilən şəxslər həmin maddədə sadalanan vəzifələrdə çalışdıqda, onlara qulluq stajına görə əlavənin ödənilməsi dayandırılır və əmək pensiyasının sığorta hissəsi ödənilir. Qanunun 38.1-ci maddəsinə əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin dəyişməsinə və ödənilməsinin dayandırılmasına səbəb ola biləcək hallar yarandıqda, əmək pensiyaçısı və işəgötürən əmək pensiyasını təyin edən orqana məlumat verməyə borcludur. Bununla əlaqədar olaraq, iddiaçıya dair müvafiq məlumatların dəqiqləşdirilməsi ilə bağlı tərəfimizdən aidiyyəti üzrə sorğu göndərilib. Sorğumuza cavab olaraq Müdafiə Nazirliyi tərəfindən təqdim olunmuş məlumatlara əsasən xx.xx.2021-21,06.2023-cü ıl tarixləri arasındakı dövr ərzində iddiaçının yenidən xidmətə cəlb olunduğu qeyd edilib. Bununla əlaqədar, car ilin avqust ayında iddiaçının əmək pensiyası yenidən hesablanaraq təminat xərcliyinin (3969,60 manat) 100 faizi-3969,60 manat məbləğində müəyyən edilib. Qeyd olunanlara əsasən, iddiaçıya ümumilikdə 76560,73 manat artıq pul vəsaiti ödənilib. Həmin artıq ödənilmiş 76560,73 manat vəsaitdən cari ilin iyun və iyul ayları üzrə iddiaçıya ümumumilikdə ödənilməli olan 4925,78 manat vəsait çıxılaraq büdcəyə bərpa edilmişdir. Qalan artıq ödənilmiş 71634,95 manat vəsait cari ilin sentyabr ayından etibarən iddiaçının əmək pensiyasından hər ay 10 faiz miqdarında tutularaq büdcəyə bərpa edilir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya vaxtilə təyin edilmiş hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası məbləğinin qanuna uyğunluğuna baxılması məqsədilə inzibati icraatın keçirilməsi zərurəti yaranıb. Buna görə də “inzibati icraat haqqında” Qanunun 21.2-ci maddəsinə əsasən, iddiaçının pensiya hüququna yenidən baxılmasına əsas olan yuxarıda müəyyən edilmiş faktiki hallarla əlaqədar nəzərdə tutulan tədbirlər haqqında mülahizələrinizin dinlənilməsi üçün 23 iyun 2023-cü il tarixinədək Mərkəzi Filialın ünvan 2 ünvanında yerləşən Qəbul Mərkəzinə dəvət edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir. Bundan sonra iddiaçıya xx.xx.2023- cü il tarixdə əmək pensiyasının yenidən hesablanması ilə bağlı qərarlar qəbul edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:

İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: AA2047227 saylı şəxsiyyət vəsiqəsi; “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarları və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə qeyd edir ki, iddia mümkün iddiadır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.11-ci maddəsinə görə əlverişsiz (yükləyici) inzibati akt – maraqlı şəxsi hüququndan məhrum edən və ya onun hüququnu məhdudlaşdıran, yaxud onun üzərinə müəyyən vəzifə (vəzifələr) qoyan aktdır. İPM-in 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 37-ci maddəsinə görə bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. İPM-in 38.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldıra bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. Qeyd edilməlidir ki, iddiaçının tələbi iki hissədən ibarət olsa da, birinci tələb (“mübahisələndirmə” növündə – “qərarların ləğvi barədə” iddia) əsas, digəri isə, ondan törəmə, asılı tələb kimi çıxış edir. İPM-lə yalnız “mübahisələndirmə” və “məcburetmə” haqqında iddialar üzrə iddia müddətinin tətbiqi nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, mübahisələndirilən “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7- 16391/2023 saylı qərarlar iddiaçıya münasibətdə “əlverişsiz inzibati akt”lar olduğundan, o hazırkı tələb üzrə subyektiv hüquqa malikdir. İddia müddətinə gəldikdə isə, nəzərə alınmalıdır ki, İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş iddia müddəti buraxılmamışdır. Qeyd olunanları və iddianın mümkünlüyünü istisna edən başqa halların olmamasını, o cümlədən hazırkı iddia tələblərinin İPM-in 37-ci maddəsi ilə uzlaşmasını nəzərə alaraq, məhkəmə iddianın mümkün sayılması nəticəsinə gəlir.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə inzibati iş materiallarını tam, hərtərəfli və obyektiv olaraq araşdırıb, belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, İddiaçı xx.xx.1970-ci il təvəllüdlü olmaqla, cavabdeh orqan tərəfindən ona 18 sentyabr 2018-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdeh orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7- 1/3-7-16391/2023 saylı qərarlarla iddiaçıya təyin edilmiş 5008 manat 44 qəpik pensiya məbləği azaldılaraq, ona 275 manat 25 qəpik pensiya təyin edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, cavabeh orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsasız olmuşdur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 39-cu maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Həmin Qanunun 39.1-ci maddəsində göstərilmiş əsaslarla əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ, başqa əsaslara görə tutulan məbləğlər nəzərə alınmadan, hər ay əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az, 20 faizindən artıq ola bilməz (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla). Əmək pensiyasından və əmək pensiyasına əlavədən tutulan məbləğ əmək pensiyaçısına ödənilməli olan məbləğin 10 faizindən az olduqda (bu Qanunun 39.3-cü maddəsi nəzərə alınmaqla) tam məbləğdə tutulur. Bütün hallarda qanunvericiliklə müəyyən edilmiş cəmi tutulan məbləğ əmək pensiyaçısına veriləcək əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin 50 faizindən artıq olmamalıdır. Borc ödənilib qurtarmamış əmək pensiyasının və əmək pensiyasına əlavənin verilməsi qanunvericiliyə əsasən dayandırılarsa, borcun qalan hissəsi könüllü və ya məhkəmə qaydasında qaytarılır. Qeyd olunan hüquq normalarından göründüyü kimi qanunvericilikdə artıq ödənilmiş pensiyanın geri qaytarılmasının yalnız iki qaydası mövcuddur - tərəfin razılığı ilə inzibati orqanın özü tərəfindən qəbul edilmiş qərar və tərəfin razılıq olmadığı tədqirdə həmin vəsaitin qarşı tərəfdən məhkəmə qaydasında tutulması. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ondan artıq ödənilmiş məbləğin geri qaytarılması ilə bağlı razılığı olmamışdır, nə də artıq ödənilmiş məbləğin tutulması ilə bağlı məhkəmə qərarı da mövcud deyildir. İnzibati iş materiallarından görünür ki, cavabdeh orqan iddiaçıya təyin edilmiş pensiya məbləğini dəfələrlə yenidən hesablamışdır, sonra isə öz mülahizəsi əsasında ödənilən artıq pensiya məbləğini iddiaçının əmək pensiyasından tutmağa başlamışdır. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın iddiaçıya ödənilmiş artıq pensiya məbləğini ona təyin edilmiş pensiyadan tutması tamamilə əsassız olmuşdur. Cavabdeh təşkilatın iddia tələbinin rədd edilməsinə dair arqumentinə münasibətdə, məhkəmə hesab edir ki, mübahisənin həlli ilə bağlı birbaşa xüsusi normanın, yəni “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsi mövcud olduğu tədqirdə ümumi norma qismində çıxış edən “İnzibati İcraat haqqında” Qanunun 82.2-ci maddəsinin tətbiq edilməsi yolverilməzdir. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilat iddiaçının müraciətinin təmin edilməsindən imtinada haqsız olmuşdur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İPM-in 12.2-ci maddəsinə görə məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edilə bilər. İPM-in 12.3-cü maddəsinə görə məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə yuxarıda qeyd olunan hüquq normalarının müqayisəli təhlildən göründüyü kimi cavabdeh tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7- 1/3-7-16391/2023 saylı qərarlar iddiaçıya münasibətdə akt əlverişsiz inzibati aktlar olmaqla, iddiaçının konstitusion hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17- 1/3-7-11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarlar ləğv edilməli, əvvəlki pensiya məbləği bərpa edilməli və tutulmuş məbləğ iddiaçıya geri qaytarılmalıdır.

NƏTİCƏVİ HİSSƏ:

Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” 24 iyun 2023-cü il tarixli 3-17-1/3-7- 11410/2023 saylı, 11 avqust 2023-cü il tarixli 3-17-1/3-7-13299/2023 saylı və 07 noyabr 2023-cü il tarixli 3-7-1/3-7-16391/2023 saylı qərarlar ləğv edilsin. İddiaçı əvvəlki pensiya məbləği bərpa edilsin, pensiyasından tutulmuş məbləğ ona geri qaytarılsın. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar