Məhkəmə qərarları › İş №2-1(118)-2573/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2573/2024

13.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2573/2024 13.05.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “ona xx.xx.2023-cü il tarixindən ünvanlı sosial yardım təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib cavabdehin imtinasının qanunsuz hesab edilməklə ona ünvanlı dövlət sosial yardımın təyin edilməsi və pensiya məbləğinin hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən etibarən hesablanaraq ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən vediyi iddia tələbi təmin edilməmişdir. Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, iddia tələbi düzügün verilməmişdir. Odur ki, ilkin tələbini “Ünvanlı dövlət sosial yardımın təyin edilməsi və hüququnun yarandığı xx.xx.2023cü il tarixdən etibarən hesablanaraq, ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi ilə əvəz edilməklə yenidən məhkəməyə müraciət edir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun xx.xx.2023-cü il tarixli SMS məlumatına əsasən ona ünvanlı sosial yardımın təyin olunmasından imtina olunmuşdur. Aşağıdakılara əsasən cavabdehin imtinasını qanunsuz əsassız və ədalətsiz hesab edir.Belə ki, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, guya o su abonent kodu barədə məlumatı gizlətdiyindən ona imtina olunur.Halbuki, o heç nə gizlətməmiş və yaşadığı evin suyu yoxdur, o suyu qonşuda xahişlə alır və onun abonent kodu ümumiyyətlə yoxdur. Qeyd edir ki, ona daha əvvəllər bütün zəruri sənədlər təqdim etmiş, ÜSY təyin olunmuş və iddiaçı 2022-ci ilin oktyabr ayınadək almış, lakin müddət bitdikdən sonra noyabrda təkrar müraciət etmişdir. Buna baxmayaraq, cavabdeh ona dəfələrlə müxtəlif bəhanələr gətirilməklə imtinalar emtişdir. Bildirir ki, o üç azyaşlı övladına tək baxır və çox ağır vəziyyətdədir. Bu səbəbdən məhkəməyə müraciət etməyə məcbur olmuşdur.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş edilmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı ünvanlı dövlət sosial yardımın təyin edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixli **********39901 nömrəli ərizə ilə müraciət etmişdir. Daxil olan müraciətin araşdırılması zamanı keçirilmiş maddiməişət şəraitinin müayinəsində təmsilçinin ərizə-bəyannaməni doldurarkən daxil etdiyi məlumatlarda yanlışlıq aşkar edilmişdir. Belə ki, təmsilçi tərəfindən işıq, qaz sayğacları qeyd edilsə də, su sayğacı qeyd edilməmişdir. Lakin maddi-məişət şəraitinin müayinəsi zamanı təmsilçi İddiaçı qonşusunun su sayğacını təqdim edərək birgə olaraq həmin sayğacdan istifadə etdiklərini bildirmişdir. Məlum olduğu kimi belə olan halda həmin sayğacın məlumatları ərizə-bəyannamə doldurularkən VEMTAS-a daxil edilməli idi. Lakin K.Tağıveva tərəfindən sayğac məlumatları daxil edilməyib və müayinə zamanı isə su sayğacının mövcudluğu və həmin sayğacdan istifadə olunduğu bildirilmişdir. Bununla bağlı olaraq bildirilir ki, sayğacın təmsilçinin özünün adına qeydiyyatda olmaması və ya digər mənzildə yerləşərək ümumi istifadədə olması onun ərizə- bəyannaməyə daxil edilməsini istisna etmir. Belə ki, hazırkı vəziyyətdə təmsilçi tərəfindən istifadədə olan sayğac məlumatları VEMTAS-a daxil edilməli olduğu halda və sayğac məlumatlarının ərizəbəyannamədə qeyd edilməli olduğu, qeyd edilməmənin nəticələri barədə təmsilçiyə məlumat verilməsinə baxmayaraq K.Tağıyevə tərəfindən hər hansı səbəblərə görə mütəmadi olaraq həmin sayğacın məlumatları VEMTAS-a daxil edilməmiş, müavinə zamanı isə sayğacın mövcudluğu bildirilmişdir. Beləliklə mövcud vəziyyətdə təmsilçinin gəlirlərinin tam olaraq müəyyən edilməsi və ünvanlı sosial yardımın təyin edilməsi qanunvericiliklə mümkün deyildir. Eyni zamanda onu da qeyd edək ki, sosial yardımın təyin edilməsi zamanı hüquqi və faktiki məlumatlarla bərabər birbaşa təmsilçinin şifahi olaraq bildirdiyi məlumatlara da istinad olunur və müvafiq qərarın çıxarılmasında həmin məlumatlardan istifadə edilir. Bundan əlvə təmsilçinin xx.xx.2023-cü il tarixli **********14201 nömrəli müraciətində yenidən maddi-məişət şəraitinin müayinəsi həyata keçirilmiş və daxil olan müraciətə 3 əsasla imtina verilmişdir. Ailə tərkibinin düzgün göstərilməməsi; Abonent kodu barədə məlumatın gizlədilməsi; Ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş maddiməişət şəraitinin müayinəsi zamanı tərtib olunmuş akta ilkin olaraq təmsilçinin yenidən su abonent kodunu ərizə- bəyannamə doldurularkən daxil etmədiyi Lakin faktiki olaraq qonşusu kimi təqdim etdiyi şəxsin sayğacından istifadə etdiyi məlum olmuşdur. Yuxarıda ətraflı qeyd olunduğu kimi sözügedən hal qanunvericiliklə birbaşa imtina əsasıdır və abonent kodunun gizlədilməsi kimi qiymətləndirilir. İkinci imtina əsası şəxsin ailə tərkibini ərizə-bəyannaməyə düzgün daxil etməməsi olmuşdur. Belə ki, müayinəyə gələn əməkdaşlar təmsilçinin bacısı oğlu kimi təqdim etdiyi şəxs dərhal həyətdən digər evə keçmişdir.Təmsilçi tərəfindən həmin şəxsin mənzilə dəvət edilərək kimliyinin və harada yaşadığının müəyyən edilməsi təklif olunsa da, təmsilçi K.Tağıveva şəxsi tapa bilmədiyini bildirmişdir. Belə olan halda şəxsin kimliyi və maddi-məişət şəraitinin müayinəsinə gəlmiş əməkdaşları görərək dərhal ünvanı tərk etməsi təmsilçinin ailə tərkibinin düzgün göstərilməməsi və ailədə əlavə şəxsin olması kimi qiymətləndirilir. Bununla bağlı qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli. 37 saylı Qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi Qaydalarının 3.7.1-ci bəndinə əsasən “Ərizə-bəyannamə”də qeyd edilmiş məlumatların yoxlanılması zamanı məlumatlarda uyğunsuzluq aşkar olunduqda sosial yardımın təyin olunmasından imtina edilir. Üçüncü imtina əsası isə ailənin son 12 ayda olan gəlirləri ilə bağlıdır. Belə ki, təmsilçinin yaşadığı ev ona keçmiş həyat yoldaşı tərəfindən 2023-cü ilin fevralında vermişdir. “Ünvanlı dövlət sosial vardım haqqında “Qanun”un 1.0.3-cü maddəsinə əsasən ailənin gəlirləri - ailə üzvlərinin bütün növ gəlirləri, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusu kimi qeyd edilmişdir. Göründüyü kimi qanunvericilikdə ailəyə bağışlanmış hədiyyələr onların gəliri kimi qiymətləndirilmişdir. Lakin Təmsilçi K.Tağıvevə tərəfindən ərizə-bəyannamə doldurularkən müvafiq olaraq yaşadığı ev onun əvvəlki 12 ayda olan gəliri kimi daxil edilməli olduğu halda daxil edilməmiş və haqlı olaraq sözügedən hal imtina əsası kimi qiymətləndirilmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlərə - iddiaçıya aid pensiya işinin təsdiqlənmiş surəti, Abşeron rayon Məmmədli kənd İƏD Nümayəndəliyi tərəfindən verilmiş 2285 nömrəli, xx.xx.2023-cü il tarixli arayış, **********30-10301 reyestr nömrəli çıxarışın surəti və digər sənədlər. Həmin materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ ailə-məişət şəraitinin qənaətbəxş olmaması vaxtından yaranmış olur. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq nazirlik hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçı Nazirliyin xidmət göstərdiyi ərazinin sakinidir və ünvanlı sosial yardımın vətəndaşlara verilməsi nazirliyin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin struktur bölmələrinə müraciət etmiş və müvafiq imtina cavabını almışdır. Məhkəmə iddianın mümkünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına nəzər saldıqda hazırkı iddianın öhdəliyin icrası ilə bağlı olması və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. İddiaçının rəsmi ünvanının Şabran rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbi əsaslı olduğundan və aşağıda göstərilənlərə əsasən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Ünvanlı dövlət sosial yardımı haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması, ailənin əmək qabiliyyətli üzvünün birinci dərəcə əlilliyi olan şəxsə, 8 yaşına çatmamış uşağa və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa qulluq etməsi, 23 yaşınadək əyani təhsil alması, müvafiq icra hakimiyyəti orqanında dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərin sayı və ya ştatların ixtisar edilməsi ilə əlaqədar işsiz kimi qeydə alınması, vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud ölmüş hesab edilməsi, azadlıqdan məhrum edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması) hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdirlər. Həmin Qanunun 7.1 -ci maddəsinə əsasən sosial yardımın məbləği ailənin orta aylıq gəliri ilə hər bir ailə üzvü üçün ehtiyac meyarının məcmusu arasında yaranan fərq məbləğində hesablanır. Həmin Qanunun 7.2-ci maddəsinə əsasən ehtiyac meyarı mərhələlərlə ölkə üzrə yaşayış minimumuna çatdırılır. Həmin Qanunun 7.3-cü maddəsinə əsasən ailənin orta aylıq gəlirinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən sosial yardım onu almaq üçün müraciət edilən ayın 1-dən etibarən 2 il müddətinə təyin olunur. “Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilmişdir (maddə 1.). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 37 nömrəli qərarı ilə təsdiq edilmiş “Ünvanlı dövlət sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması, verilməsi və verilməsindən imtina edilməsi” Qaydalarının: 2.1-ci bəndinə əsasən ailəni təmsil edən yetkinlik yaşına çatmış və əmək qabiliyyətli şəxs (belə şəxs olmadıqda ailə üzvü olmayan qəyyum (himayəçi), patron (köməkçi) və ya vəkil edilmiş şəxs) sosial yardımın alınması üçün müraciət edə bilər. Bu barədə ərizə (1 nömrəli əlavə) yaşayış yeri üzrə rayon (şəhər) icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin ailə tərkibi haqqında arayışına əsasən notariat orqanı tərəfindən təsdiq edilir. 2.3-cü bəndinə əsasən sosial yardımın alınması üçün elektron formada müraciət edən Təmsilçi fərdi kommunikasiya vasitələrindən (kompüterlərdən, mobil telefonlardan və s.), habelə bu məqsədlər üçün xüsusi olaraq quraşdırılmış infoköşklərdən istifadə etməklə müraciət edir. Təmsilçi elektron formada müraciətin qeydiyyata alınması məqsədi ilə “Elektron hökumət” və ya Nazirliyin “e-sosial” internet portallarında yerləşdirilmiş “Ünvanlı sosial yardımla bağlı müraciətin edilməsi” elektron xidmətdən istifadə etməklə “Ərizəbəyannamə”ni dolduraraq Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Ünvanlı yardım” (VEMTAS) altsisteminə (bundan sonra VEMTAS) göndərir. 3.1-ci bəndinə əsasən sosial yardımın alınması üçün müraciətlər VEMTAS tərəfindən 15 (on beş) iş günü müddətində araşdırılır və müvafiq qərar qəbul edilir. 3.2-ci bəndinə əsasən VEMTAS tərəfindən “Ərizəbəyannamə”də qeyd edilmiş məlumatların “Elektron hökumət” portalı üzərindən bu Qaydaların 1.3-cü bəndində göstərilən qurumların informasiya sistemləri və ehtiyatları ilə xüsusi proqram təminatı vasitəsilə uzlaşdırılaraq yoxlanılması həyata keçirilir. 3.3-cü bəndinə əsasən bununla yanaşı, müraciətin qəbul olunduğu gün VEMTAS tərəfindən seçilmiş Şöbənin ünvanlı sosial yardım üzrə işçisinə bu Qaydaların 3.7-ci bəndində göstərilən hallar istisna olmaqla, ailənin maddi-məişət şəraitinin müayinəsinin aparılması barədə tapşırıq göndərilir. 3.4-cü bəndinə əsasən şöbənin ünvanlı sosial yardım üzrə işçisi “Ailənin maddiməişət şəraitinin müayinəsi"ni (4 nömrəli əlavə) müvafiq proqram təminatı ilə təchiz edilmiş xüsusi kompüter avadanlıqları vasitəsilə həyata keçirir və nəticələrini gücləndirilmiş elektron imza ilə təsdiqləyərək real vaxt rejimində VEMTAS-a ötürür. 5.1-ci bəndinə əsasən sosial yardımın təyin olunması üçün əsas şərtlərdən biri ailənin gəlirinin düzgün hesablanmasıdır. Ailənin gəlirləri ailə üzvlərinin müraciətdən əvvəlki ardıcıl gələn 12 (on iki) ay müddətinə bütün növ gəlirlərinin, o cümlədən ailə üzvlərinə bağışlanmış hədiyyələr, mülkiyyətdən, ailə üzvlərinə məxsus əmlakdan, şəxsi yardımçı təsərrüfatdan əldə olunan və yaxud əldə oluna biləcək pul və natural formada gəlirlərinin toplusundan ibarətdir. 5.2-ci bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı pul və natura formasında bütün növ gəlirlər, o cümlədən həm Azərbaycan Respublikasının ərazisində, həm də onun hüdudlarından kənarda istənilən mənbədən daxil olan milli və xarici valyutanın məbləği nəzərə alınır. 5.3-cü bəndinə əsasən ailənin gəlirinin hesablanması zamanı ailə üzvlərinin gəlirləri haqqında məlumatların düzgünlüyünü təsdiq edə biləcək bütün rəsmi və mənbəyi bəlli olan digər mənbələrdən (o cümlədən bilavasitə yerində araşdırmaqla) istifadə edilir. 5.4-cü bəndinə əsasən ailə üzvlərinin gəlirləri muzdlu işlə əlaqədar gəlirlərə, muzdlu işlə əlaqədar olmayan gəlirlərə, alınmış cari transfertlərə və digər gəlirlərə bölünür. 5.5-ci bəndinə əsasən muzdlu işlə əlaqədar gəlirlərə aşağıdakılar aiddir: -əsas iş yeri və əvəzçilik üzrə pul və ya natural formada ödənilən əməkhaqqı (tarif (vəzifə) maaşı, tarif (vəzifə) maaşına və ya əməkhaqqına əlavələr, əməyin ödənilməsi sistemləri üzrə ödənilən mükafatlar, birdəfəlik ödənclər, maddi yardımlar (5.24.2-ci yarımbənddə göstərilən hallar istisna olmaqla),qanunvericiliklə işçinin iş yeri və əməkhaqqının saxlanıldığı dövr üçün ödənilən əməkhaqqı, haqqı ödənilən ictimai işlərə görə əməkhaqqı, o cümlədən əmək qabiliyyətinin müvəqqəti itirilməsi dövrü də daxil edilməklə); istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığın pozulmasına görə ödənclər; işəgötürən tərəfindən ödənilən müavinətlər (5.24.3-cü yarımbənddə göstərilən hallar istisna olmaqla). Həmin Qaydaların 5.6-cı bəndinə əsasən ailə üzvünün muzdlu işə aid olmayan fəaliyyətdən gəlirləri sahibkarlıq və qeyri-sahibkarlıq fəaliyyətindən gəlirlərdən ibarətdir. 5.8-ci bəndinə əsasən qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirlərə əmanətlər, depozitlər və onlara görə faiz gəliri, qiymətli kağızlardan əldə olunan gəlirlər, daşınar (avtomobil, avadanlıq və s.) və daşınmaz (ev, mənzil, bağ, torpaq sahəsi və digər daşınmaz əmlak) əmlakın icarəyə verilməsindən gəlir, royalti, qonorar, sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin (ev, mənzil, bağ, torpaq sahəsi, avtomobil, mal-qara və s.) satışından gəlir, kənd təsərrüfatı məhsullarının satışından gəlir, podrat, tapşırıq, komisyon, müəlliflik və digər mülki-hüquqi xarakterli müqavilələr əsasında qazanılmış gəlir, ailə kəndli təsərrüfatında məşğulluqdan gəlir, şəxsi yardımçı təsərrüfatdan əldə olunan gəlir daxildir. 5.11 -ci bəndinə əsasən natura formasında əldə olunan gəlirlər ailənin gəlirlərində bazar qiymətləri ilə nəzərə alınır. Bazar qiyməti mal (iş, xidmət) satılan anadək, lakin malın (işin, xidmətin) satıldığı andan çoxu 30 (otuz) gün keçənədək (əvvəl və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal (iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı təşəkkül tapan Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin dərc etdiyi qiymətlərə əsasən müəyyənləşdirilir. 5.14-cü bəndinə əsasən torpaq payından əldə olunan gəlirlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 23 iyul tarixli 158 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında torpaqların normativ qiymətinin müəyyən edilməsi barədə Əsasnamə”yə uyğun olaraq hesablanır. Həmin Əsasnaməyə uyğun təyin edilmiş kadastr-qiymət rayonunda və ya yarımrayonunda yerləşən torpaq payından əldə olunan gəlir torpağın keyfiyyət qrupunun nömrəsinə müvafiq normativ qiymətinin onun sahəsinə vurulması yolu ilə hesablanır. Bu zaman qeyd olunan qərarla müəyyən edilmiş normativ qiymət 1998-ci ildən sonrakı dövr üzrə istehlak qiymətlərinin indeksinə uyğun indeksləşdirilir. Vətəndaşın torpaq payı müxtəlif keyfiyyət qrupuna aid torpaq paylarından ibarət olduğu hallarda ümumi torpaq payından əldə olunan gəliri tapmaq üçün bütün torpaq payları üzrə gəlirlər hesablanıb cəmlənir. 6.1-ci bəndinə əsasən sosial yardımın təyin olunmasına, verilməsinə və ödənişinə nəzarət Nazirlik tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin 2011 -ci il 16 fevral tarixli 386 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə”nin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra - Nazirlik) əmək münasibətləri, əməyin mühafizəsi, əmək ehtiyatlarından istifadə, əhalinin sosial müdafiəsi, o cümlədən əmək pensiyaları və sosial sığorta, əhalinin məşğulluğu, işsizlikdən sığorta, demoqrafiya, tibbi-sosial ekspertiza, əlilliyi olan şəxslərin, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların reabilitasiyası sahələrində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. 3.1.31 -ci bəndinə əsasən qanunvericiliyə uyğun olaraq aztəminatlı ailələrə ünvanlı dövlət sosial yardımının göstərilməsini təmin etmək vəzifəsi həmin Nazirliyə həvalə edilmişdir. Məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edildi ki, iddiaçı azyaşlı uşaqları ilə birlikdə Abşeron rayon Məmmədli kəndində qeydiyyatsız olaraq kirayədə yaşayır.Ailəyə ünvanlı sosial yardımın təyin edilməsi ilə əlaqədar cavabdehə dəfələrlə müraciət etməsinə baxmayaraq, müsbət nəticə əldə edə bilməmişdir. Cavabdeh təşkilat imtinasını iddiaçı tərəfindən ailə tərkibinin düzgün göstərilməməsi, Abonent kodu barədə məlumatın gizlədilməsi, və ailənin gəlirləri barədə məlumatın düzgün göstərilməməsi kimi əsaslandırmağa çalışmışdır. Cavabdeh təşkilatın gətirdiyi 1-ci arqumentə, yəni ailə tərkibinin düzgün göstərilməməsinə münasibətdə məhkəmə cavabdeh təşkilatın gətirdiyi arqumenti əsasız hesab edir. Belə ki, ailə tərkibi deyilərkən şəxsin övladları və əri (arvadı) nəzərdə tutulmasına baxmayaraq, cavabdeh təşkilat iddiaçının yaşadığı evə baxış keçiriərkən oradan başqa bir yetkinlik yaşına çatmayan uşağın olmasını və həmin uşağın iddiaçının ailə üzvün ola biləcəyi ehtimalı ilə məsələyə yanaşmasını məhkəmə qəbul etmir. Nəzərə alınmalıdır ki, şəxsin övladlarının sayını müəyyən etmək üçün cavabdeh təşkilatdan müvafiq portala daxil olmaqla və ya VVAQ şöbəsinə sorğu göndərməklə ailə üzvlərinin sayını müəyyən etmək mümükündür. Lakin cavabdeh təşkilat tərəfindən premetiv üsullarla mənzilə baxış keçirilərkən orada kənar şəxsin (uşağın) aşkar edilməsini ailə üzvünün gizlədilməsi kimi qəbul edilməsi yolverilməzdir. Cavabdeh təşkilat inzibati orqan “İnzibati İcraat haqqında” Qanunun 19.1-ci maddəsində qeyd olunmuş Mötəbərlik prezumpsiyası prinsipinə uyğun olaraq həmin şəxsin kimliyini müəyyən etməli, onun ailəyə hər hansı bir aidiyyətinin olmasını müəyyən etmə, əksi sübuta yetirilməyincə iddiaçı tərəfindən təqdim edilmiş sübutları əsaslı hesab etməlidir. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi birinci arqument əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi 2-ci arqumentə, yəni abonent kodu barədə məlumatın gizlədilməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, tərəflərin hər ikisinin ifadəsindən məlum oldu ki, iddiaçının yaşadığı fərdi yaşayış evinin içməli su ilə təhciz edilməyib və müvafiq sayğac evə quraşdırılmayıb. Belə ki, iddiaçı içməli suyu qonşusundan əldə edir və qonşusu buna görə ondan hər hansı bir təmənna güdmür. İçməli su ilə təhciz olunmadığına görə su sayğacı quraşdırılmamış fərdi yaşayış evinə görə iddiaçı tərəfindən abonent kodunun gizlədilməsinin nədən ibarət olmasını cavabdeh təşkilat əsaslandıra bilməmişdir. Başqa sözlə desək mövcud olmayan sayğacın kodunun gizlədilməsi mümkün deyil. Qeyd olunanlara əsasən cavabdehin təqdin etdiyi ikinci arqumentidə məhkəmə əsassız hesab edir. Cavabdeh təşkilatın gətirdiyi 3-cü arqumentə, yəni ailənin gəlirləri, yəni iddiaçının fərdi yaşayış evinin olması barədə məlumatın düzgün göstərilməməsinə münasibətdə məhkəmə qeyd etməyi zəruri bilir ki, Azərbaycan Respublikası Konstitusiyasında və Mülki Məcəlləsində mülkiyyət hüququnun anlayışına və onun yaranmasının əsasları geniş şəkildə öz əksini tapıb.Tərəflərin məhkəmədə verdiyi ifadədən məlum oldu ki, iddiaçının yaşadığı fərdi yaşayış evi ona keçmiş əri tərəfindən aliment məbləğinin əvəzi olaraq qeyrirəsmi şəkildə verilib. Yəni qeyd olunan fərdi yaşayış evi mülkiyyət hüququ əsasında tamam başqa şəxsin adına qeydiyyata alınıb və keçmiş ərinə həmin evlə bağlı ümumi etibarnamə verilib. Göründüyü kimi iddiaçının hal-hazırda qaldığı fərdi yaşyış evi ilə hər hansı bir hüquqi bağlılığı yoxdur. Belə olan halda ailə gəlirləri ilə bağlı cavabdehin iddia elədiyi hallar öz əksini tapmamış olur. Ona görə də məhkəmə hesab edir ki, cavabdeh təşkilatın gətirdiyi hər üç arqument əsassız olmaqla yanaşı onun şəxsi mülahizələrinə əsaslanıb. Beləliklə, cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iddiaçının ailəsinin müraciətdə qeyd edilənlərdən başqa gəlirləri olması barədə hər hansı bir sübut məhkəməsinə təqdim edə bilməmişdir. Məhkəmədə işə baxılan zaman da iddiaçının ailəsinin yuxarıda qeyd edilənlərdən başqa gəlirlərinin olması müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və İPM-in 68, 69, 81.1, 85.1,110.1-ci maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı ailəsinə xx.xx.2023-cü il tarixdən ünvanlı sosial yardımın təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar