Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2575/2022 30.11.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinə qarşı “xx.xx.2017-ci il təvəllüdlü övladı X2 adının “Məhəmməd”dən “Muhamməd” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu Məhəmməd İsazadə 14 iyul 2017-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Sumqayıt Cavabdeh2 qeydiyyat şöbəsi tərəfindən AZ-İİİ 987115 nömrəli doğum haqqında şəhadətnamə verilmişdir. Oğlunun doğum haqqında şəhadətnaməsində adı “Məhəmməd” yazılmışdır. Əslində isə Allah rəsulunun adının Muhəmməd olması səbəbindən onlar oğlunun adının “Muhəmməd” kimi yazılmasını istəmişlər. “Muhamməd”-bəyənilən, bəyənilmiş, mədh edilmiş deməkdir. Uşağın adında düzəliş edilməsi ilə bağlı sərəncam verilməsi üçün Şamaxı rayon İcra Hakimiyyətinə müraciət etsə də 28 iyun 2022-ci il tarixli məktubla imtina verilmişdir. İmtinada uşağa Muhamməd adının verilməsinin qeydiyyat orqanları tərəfindən tövsiyyə edilmədiyi göstərilmişdir. Bundan əvvəl Sumqayıt Cavabdeh2 qeydiyyat şöbəsinə də müraciət etsə də 28 iyun 2022-ci il tarixli məktubla imtina verilmişdir. Hər iki imtinada qeyd edilənlər Azərbaycan Respublikası qanunvericiliyin tələblərinə ziddir və əsassızdır. Belə ki, baxılan məsələ onun Konstitusiya ilə təminat verilən şəxsi və ailə həyatı hüququ ilə bağlıdır. “Muhamməd” adının Azərbaycan dilinin ədəbi dil normalarına uyğun olmadığına görə düzgün yazılış forması kimi qəbul edilməməsinin hüquqi əsası yoxdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları ”nın 1.4-cü bəndinə müvafiq olaraq uşağın mənafeyinə xələl sətirə biləcək, habelə şəxsin cinsinə uyğun nəlməyən və ya gülünc adın verilməsinə yol verilmir. Göründüyü kimi qərarda qeyd edilmiş qadağalar tərəfindən seçilmiş “Muhəmməd” adma şamil edilə bilməz. Ona görə də hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbininə dəqiqləşdirmə verərək, xx.xx.2017-ci il təvəllüdlü övladı X2 adının “Məhəmməd”dən “Muhamməd” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Cavabdeh2ndə Qeydiyyat şöbəsinin üçüncü şəxs qismində tanınmasını məhkəmədən xahiş etmişdir. Məhəkəmə prosesində iştirak edən iddiaçının nümyəndəsi və vəkili eyniməzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh inzibati orqanın nümayəndəsi X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, yerli icra hakimiyyəti orqanlarının doğum haqqında şəhadətnamədə uşağın adında düzəliş etmək səlahiyyəti olmasa da, uşağın mənafeyini nəzərə alaraq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə icazə verə bilər.Bununla yanaşı bildiririk ki, uşaqlara Muhəmməd adının verilməsi qeydiyyat orqanları tərəfindən tövsiyə edilmir. Ona görə də iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Cavabdeh2ndə Qeydiyyat şöbəsi iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə əsasən uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Eyni zamanda Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli “Dövlət dili haqqında” qanununun 1-ci maddəsinə və Azərbaycan Respublikası Konstitusiyasının 21-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. “Dövlət dili haqqında” Azərbaycan Reşpublikası Qanununun 8-ci maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının ad, soyadı və ata adı dövlət dilində yazılır. Yuxarıda göstərilənlərə əsasən X2 adının "Muhamməd” ə dəyişdirilməsi “Dövlət dili haqqında” qanununun 8-ci maddəsinə zidd olduğu üçün adın dəyişdirilməsi ilə bağlı müraciətin təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. Həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutu tərəfindən tərtib edilmiş adlar siyahısında ad “Məhəmməd” kimi göstərilmişdir.Üçüncü şəxs məhkəmədən xahiş etmişdir ki, iş yükünün çoxluğu ilə əlaqədar məhkəmə iclaslarına onların nümayəndəsinin iştirakı olmadan baxılsın. Qanunvericiliyin tələbləri baxımından məhkəmə inzibati işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəməyə mübahisə predmetinə dair sənədlər təqdim edilmişdir. Həmin sənədlərə: Cavabdeh tərəfindən verilmiş 21 iyul 2022-ci il tarixli, Ş-06-1289 nömrəli imtina məktubu, Üçüncü şəxsin imtinası, etiraz ərizəsi, AZ-İİİ 987115 nömrəli doğum haqqında şəhadətnamənin surəti, AZ-İİ 164360 nömrəli Nikah haqqında şəhadətnamənin surəti, Şəxsiyyət vəsiqələrinin surəti, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 01 iyun 2022-ci il tarixli qərarının surəti, digər valideynin razılıq ərizəsi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi” Qaydalarının 2.1-ci bəndinə görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.2-ci maddəsinə müvafiq olaraq uşağa ad valideynlərin razılığı ilə verilir. Həmin Qaydaların 6.1-ci bəndinə görə Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Sadalanan qanunvericilik normalarından göründüyü kimi uşağın adının dəyişdirilməsinə razılıq verilməsi yerli icra hakimiyyəti orqanının səlahiyyətlərinə aiddir, yəni həmin orqan uşağın mənafeyini nəzərə alaraq adının dəyişdirilməsinə razılıq verə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı övladı xx.xx.2017-ci il təvəllüdlü Məhəmməd İsazadənin adının “Muhəmməd” kimi yazılmasına razılıq verilməsini istəmiş, lakin cavabdeh təşkilat dəyişikliyə razılıq verilməsinin mümkün olmadığını bildirərək tələbin təmin edilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanuni olmamışdır. Belə ki, L.Ramazanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli Qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 1 iyun 2022-ci il tarixli qərarında göstərilmişdir ki, “Muhammed” adı 2015-ci ildə 26, 2016-cı ildə 15, 2017-ci ildə 2, 2018-ci ildə 3, 2019-cu ildə 4 və 2020-ci ildə isə 6 Azərbaycan vətəndaşına verilmiş və cavabdeh inzibati orqan tərəfindən qeydə alınmışdır. Qərara əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 aprel 2021-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsinin İ hissəsinə və 60-cı maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmayan hesab edilmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri bilir ki, iddiaçının övladının adının dəyişdirilməsini istisna edəcək hər hansı bir hal müəyyən edilmədiyinə görə, xx.xx.2017-ci il təvəllüdlü Məhəmmədin adının Məhəmməddən – Muhammədə dəyişdirilməsinə icazə verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. xx.xx.2017-ci il təvəllüdlü X2 adının “Məhəmməd”dən “Muhamməd” adına dəyişdirilməsinə icazə verilməsi öhdəliyi cavabdeh Şamaxı Rayon İcra Hakimiyyətinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2575/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2575/2022
30.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver