Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2577/2022 15.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Prezidentinə və Quba Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində, məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında, inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Prezidentinə və Quba Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Konstitusiyasının 7, 14, 24, 26, 35, 38, 57, 71-ci maddələrinə əsasən Azərbaycan Respublikası hüquqi dövlətdir, təbii sərvətlərdən xalqın rihafı üçün istifadə olunmalıdır, hər kəsin doğulduğu andan pozulmaz və ayrılmaz hüquq və azadlıqları, əmək, sosial təminat, müraciət etmək hüququ vardır, hüquqların müdafiəsinə dövlət təminat verir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqları vardır, qanun qarşısında hamı bərabərdir, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, azadlıq, mülkiyyət, təhlükəsiz yaşamaq, şəxs toxunulmazlıq, mənzil toxunulmazlığı, əmək, mənzil, şərəf və ləyaqətinin qorunması, seçki, müraciət hüququ vardır, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir, heç kəs qanunsuz təqib edilə bilməz, cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqları qanunla qorunur, zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödnilməsini tələb etmək hüququ vardır, konstitusiyada təsbit edilmiş insan hüquq və vətəndaş hüquqlarının və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur, lakin bunların heç birinə əməl olunmur. Belə ki, onların müraciətlərinə AR prezident administrasiyası, Müdafiə nazirliyi, ƏƏSMN-yi, Quba rayon icra hakimiyyəti konstitusiyanın maddələrənə məhəl qoymur, onları pozur, onlara qarşı ərizə ilə məhkəməyə müracət etmiş, onların hərəkətlərinə qanuni qiymət verilmir, onların nəticəsində əmələ gəlmiş qanunsuzluqlar qəbul edilmiş qərarların ləğv etməyinin onların üzərinə qoyulmalı, qanunsuz hərəkətləri nəticəsində onlara dəymiş maddi və mənəvi ziyanın ödənilməsini barədə qərar qəbul olunmalıdır. Hüquqlarımın müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər iddia tələbinə münasibət bildirməmişlər. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia tələbi mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarında göstərilmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.... subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibat Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini prosessual həmiştirakçılığın yol verənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü həmin məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı iddia tələbi cavabdehlərdən maddi və mənəvi ziyana görə 4.242.000 manat məbləğində pulun onun xeyrinə tutulması ilə əlaqədardır. Nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbi nəzərdə tutulub. Göründüyü kimi hazırkı iddia tələbi kompensasiya ilə bağlı deyil, vurulmuş maddi və mənəvi tələb ilə əlaqədar olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Qeyd olunan maddənin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür. Qeyd olunan maddənin şərhindən bəlli olur ki, maddi zərər dedikdə əmlak hüquqları ilə bağlı hüququ pozulmuş şəxsin pozulmuş hüquqlarının bərpa edilməsi üçün çəkdiyi və çəkməli olduğu xərclər mövcud olmalıdır. Mənəvi zərər isə adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Göründüyü kimi, iddiaçıya Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti və Quba Rayon İcra Hakimiyyəti tərəfindən maddi və mənəvi zərərin vurulması, yəni iddiaçıya məxsus əmlakın məhv edilməsi nəticəsində maddi zərərə düşməsi, o cümlədən əmlakın məhv edilməsi ilə bağlı mənəvi istirabların çəkməsi öz təsdiqini tapmamış, cavabdeh təşkilatların hərəkət və hərəkətsizliyinin nədən ibarət olması göstərilməmişdir. Bundan başqa oda nəzərə alınmalıdır ki, iddia tələbində bir neçə cavabdeh təşkilata qarşı iddia qaldırılmışdır. Hüquqi yardımla bağlı iddiaçıya keiriləcək iclas barədə məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə qeyd olunan kompensasiya tələbi isə iddiaçıya vurulmuş ziyandan irəli gəlməlidir. Başqa sözlə desək, inzibati orqandan kompensasiya tələbi o halda tələb edilə bilər ki, inzibati orqanının şəxsə əmlak ilə bağlı vurduğu maddi ziyan mövcud olmuş olsun. Mənəvi zərərin şəxsin qeyri-əmlak hüquqlarından irəli gələ biləcəyini nəzərə alınaraq, iddiaçının mənəvi zərərlə bağlı mülki mübahisə qaydasında ümumi rayon (şəhər) məhkəmələrinə cavabdeh qarşı iddia qaldırmaq hüququnun olması diqqətinə çatdırılmalıdır. Məhkəmə qeyd edir ki, inzibati prosessual qanunvericiliyin tələblərinə görə iddiaçı iddia ilə məhkəməyə ancaq hər hansı bir hüququnun pozulmasının ehtimalı halında müraciət edə bilər. İddia qaldıran şəxsin subyektiv hüququnun pozulması iddianın mümkünlüyu şərtlərindən biridir və bu pozulmanın olmaması iddianın mümkünsüz hesab edilməsinə əsas verir. Digər tərəfdən o da nəzərə alınmalıdır ki, iddiaçı tərəfindən bir iddia ərizəsində bir necə inzibati orqana qarşı iddia tələbinin qaldırılması yolverilməzdir. Bu səbəbdən də müvafiq iddiaya mahiyyəti üzrə baxılması üçün mümkünlük şərtləri yerinə yetirilmədiyindən iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 22-ci, 35-ci, 38-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyinə, Azərbaycan Respublikasının Prezidentinə və Quba Rayon İcra Hakimiyyətinə qarşı “cavabdehlərin hərəkət və hərəkətsizliyinin aradan qaldırılması, dövlət orqanlarının onlara qarşı təzyiqlərin dayandırılması, pozulmuş hüquqlarının təmin olunması və onlara 4.242.000 manat dəyərində dəymiş maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyinin cavabdehlərin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan tərəflərə təqdim olunduğu vaxtdan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya məhkəməsinə şikayət verilə bilər. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2577/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2577/2022
15.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver