Məhkəmə qərarları › İş №2-1(118)-2579/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2579/2025

09.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2579/2025 09.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzində Qeydiyyat Şöbəsinə qarşı iş üzrə (Açar sözlər: soyadın dəyişdirilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Əzimova Pəri Mübariz qızının katibliyi ilə, İddiaçı cavabdeh 2 saylı Sumqayıt Regional Asan Xidmət X5rşı “soyadının dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 9 sentyabr 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. İddiaçı məxsus AA******* nömrəli “Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsi”.

2. AZ-İİ seriyalı, 552951 nömrəli “Nikah haqqında şəhadətnamə”dən görünür ki, İddiaçı və X6 5 yanvar 2023-cü il tarixdə nikahlarını bağlamışlar.

3. AZ-İV seriyalı, 951782 nömrəli “Doğum haqqında şəhadətnamə”dən görünür ki, 18 dekabr 2023-cü il təvəllüdlü X9 anası – X7, atası İddiaçıdur.

4. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 11 may 2024-cü il tarixli, ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışından görünür ki, İddiaçı ünvan 3 ünvanda qeydiyyatdadır.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Qeydiyyat Şöbəsinin 23 iyul 2024-cü il tarixli, 3-16-5/8-15/2754/2024 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, 18 dekabr 2023-cü il təvəllüdlü qızınız X1 “İbrahimli”dən “Rasimli”yə dəyişdirilməsi barədə ərizəyə cavab olaraq bildirilmişdir ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən soyadın dəyişdirilməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Uşaqlarının yetkinlik yaşına çatmadığını nəzərə alaraq ərizənin təmin edilməsi mümkün deyildir.

Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

6. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin 25 iyun 2025-ci il tarixli, 02/10586/di nömrəli məktubundan görünür ki, 18 dekabr 2023-cü il təvəllüdlü X9 digər ölkələrdən deportasiya olunması barədə Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyildir.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin 24 iyun 2025-ci il tarixli, 18/2-17239 nömrəli məktubundan görünür ki, 18 dekabr 2023-cü il təvəllüdlü X9 Azərbaycan Respublikası ərazisində qeydiyyatı və sənədləşdirilməsi barədə məlumat müəyyən edilməmişdir.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia ərizəsinin dəlilləri:

8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh 2 saylı Sumqayıt Regional Asan Xidmət Mərkəzinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulan 18 dekabr 2023-cü il təvəllüdlü X1 dəyişdirilərək X4 verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X7 ilə 5 yanvar 2023-cü il tarixdə, 4 nömrə ilə qeydiyyata alınmaqla cavabdehə rəsmi nikah münasibətlərinə daxil olmaqla evlənmişdirlər. Birgə nikahdan övladları 18 dekabr 2023-cü il təvəllüdlü X12 doğulmuşdur. İddiaçı və arvadı X2 dəyişdirilərək, X4 verilməsi üçün cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdırlar.

10. İddia tələbinin prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.3, 34.1-cü maddəsinə istinad olunmuşdur.

11. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

12. Məhkəmənin 11 iyul 2025-ci il tarixli, 2-1(118)-2579/2025 nömrəli qərardadı ilə iddiaçının cavabdehə qarşı “soyadın dəyişdirilməsi” tələbinə dair iş üzrə X3 (bundan sonra – “üçüncü şəxs”) üçüncü şəxs qismində (zəruri cəlbetmə) cəlb edilməsi qərara alınmışdır.

13. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri:

14. Etiraz daxil olunmamışdır.

c) Tərəflərin iştirakı və izahatları:

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş tərəflər və üçüncü şəxs məhkəmə iclasında iştirsk etməmişdirlər.

16. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.

17. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

18. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.

19. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə proses iştirakçıların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

20. Məhkəmənin əvvəlki iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, tələbin təmin edilməsini xahiş etmişdir.

21. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Şahid ifadə verərək bildirmişdir ki, iddiaçının övladı, yəni onun nəvəsinin soyadı babasının adı ilə qeydiyyata alınması təqdirəlayiq təşəbbüsdür, çünki nəvəsi onun adını yaşadacaqdır.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

22. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

23. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

24. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

25. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

26. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

27. Məhkəmə iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.

28. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən: Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. ...

29. “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”:

6. Adın, ata adının və soyadın dəyişdirilməsi 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. ... 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. ... 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir. ...

30. Bundan əlavə, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 31 iyul 2025-ci il tarixli, 2-1(102)-1414/2025 nömrəli qərarında qeyd edilmişdir ki, “qüvvədə olan qanunvericilik 18 yaşına çatdıqdan sonra Azərbaycan Respublikası vətəndaşlarının öz soyadını dəyişdirməsinə olan hüququnu tanıyır. Bununla belə, yuxarıda geniş şərh olunduğu kimi, bu hüquq da mütləq deyil, müəyyən məhdudiyyətlərə tabedir. Beynəlxalq təcrübədə də soyadların dəyişdirilməsi zamanı fərdin şəxsi, sosial və hüquqi vəziyyətinə təsir edən əsaslı səbəblərin təqdim edilməsi zəruri hesab edilir və bu məsələlərdə şəxsi istəklə ictimai maraqlar arasında balansın qorunması vacibdir.

57. Soyad şəxsin kimliyinin, xüsusilə, onun ailə mənsubiyyəti və nəsil əlaqələrinin müəyyənləşdirilməsinin əsas elementidir. ...

59. Məhkəmə Kollegiyası nəzərə alır ki, iddiaçının fərdi marağı onun şəxsi kimliyinin, emosional və psixoloji rahatlığının təmin olunmasına yönəlib və cavabdeh imtinası ilə onun şəxsi həyatına müdaxilə etmişdir. Lakin cavabdehin imtinası zəruri və legitim ictimai maraqlara mütənasib olmuşdur.

60. Belə ki, soyadın sabitliyinin təmin edilməsi ictimai mənafeyə, təhlükəsizliyə və digər şəxslərin hüquq və azadlıqlarının qorunmasına xidmət edir. Ona görə də əhalinin qeydiyyat sisteminə xələl gətirən üsullarla edilən və qeyri-müəyyənlik yarada biləcək soyad dəyişikliklərinə dövlət tərəfindən məhdudiyyətlər qoyula bilər. Müvafiq qanunvericilik soyadın dəyişməzliyi ilə bağlı ictimai mənafeyə əsaslanır ki, bu da hüquqi müəyyənliyin və vətəndaşlıq vəziyyətinin sabitliyinin mühüm elementi sayılır. Məhkəmə Kollegiyası bir daha təkrarlayır ki, bir şəxsin soyadının dəyişdirməyə sövq edən gerçək səbəblər olsa da, bu, ictimai maraqlar baxımından, o cümlədən, əhalinin qeydiyyatının dəqiq şəkildə aparılması və ya şəxsin kimliyinin müəyyən olunması və hər hansı bir soyadın daşıyıcısının müəyyən bir ailə ilə əlaqələndirilməsi vasitələrinin qorunması məqsədi ilə məhdudlaşdırıla bilər. ...

62. İctimai maraqların qorunması qanuni məqsəddir və sözügedən qanuni məqsədə çatmaq üçün cavabdeh orqan tərəfindən edilmiş müdaxilə iddiaçı üçün müəyyən narahatlıq törətsə də, qeyri-mütənasib hesab ediləcək, yaxud da qanunvericiliyin, o cümlədən Avropa İnsan Hüquqları Konvensiyasının pozulması kimi qiymətləndiriləcək həddə deyil (AİHM-in İsmayılzadə Azərbaycana qarşı və Stjerna Finlandiyaya qarşı işləri). Odur ki, cavabdeh inzibati orqan tərəfindən belə halda müdaxiləyə yol verilməsi iddiaçının hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz.

31. İddiaçı hazırkı tələbi qaldıraraq, qanunvericiliyinin müddəlarına əsasən soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən halların (“Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın 6.24-6.28-ci maddələri) mövcud olduğunu əsaslandırmamışdır.

32. Məhkəmə yuxarıda istinad edilmiş müvafiq qanunvericiliyin tələblərinə əsasən, həmçinin hazırkı işin halları, iddiaçının verdiyi izahatı və şahidin ifadəsinin məzmunu baxımından iddiaçının sadəcə simvolik və emosional motivasiyalara əsaslanan soyadını dəyişməkdən ibarət olan fərdi marağı ictimai maraqlardan üstün tutulması üçün yetərli olmadığı üçün iddia tələbini əsassız hesab edir.

33. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

34. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur: Maddə 58. Sübutların araşdırılması qaydası (-) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-) Maddə 68. Məhkəmə qərarının əsası 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. (-)

35. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “adın dəyişdirilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.

NƏTİCƏVİ HİSSƏ

36. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar