Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-258/2024 14.03.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Üçüncü şəxs Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iştiakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “onun Sumqayıt Kommersiya Məhkəməsinin xx-xx.2020-ci il tarixli e-2-2(119)-339/2020 saylı qətnaməsinə əsasən "xxxx" tərəfindən açıq hərracdan Y-222/21 saylı 05 iyul 2021-ci il tarixli “Hərracın nəticələri haqqında“ yekun protokolu və 05 iyul 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə ilə əldə etdiyi “Sumqayıt Ağac Emalı“Açıq Səhmdar Cəmiyyətinə məxsus sahəsi 13729,15 kv.m olan torpaq sahəsi üzərində yerləşən 15 ədəd tikiliyə dair mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı məhkəməyə ilkin olaraq müraciət edib onun Sumqayıt Kommersiya Məhkəməsinin xx-xx.2020-ci il tarixli e-2-2(119)-339/2020 saylı qətnaməsinə əsasən "xxxx" tərəfindən açıq hərracdan Y-222/21 saylı 05 iyul 2021-ci il tarixli “Hərracın nəticələri haqqında“ yekun protokolu və 05 iyul 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə ilə əldə etdiyi “Sumqayıt Ağac Emalı“ ASC-yə məxsus sahəsi 13729,15 kv m olan 15 ədəd ofis və binalara (daş) dair mülkiyyət hüququnun qeydə alınması və müvafiqin çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.Sonradan iddiaçının nümyəndəsi və vəkili iddia tələbini dəqiqləşdirərək, yuxarıda qeyd edildiyi kimi nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" tərəfindən keçirilmiş hərracda "xxxx" MMC-yə məxsus 13729,15 kv m sahəsi olan 15 ədəd ofis və binaları 213.000 manat ödəyərək açıq hərracdan almışdır. Bu zaman Y-22\21 saylı xx.xx.2021-ci il tarixli “Hərracın nəticələri haqqında” yekun Protokol tərtib edilmiş və həmin Protokolda qeyd edilmişdir ki,bu protokol müqavilə qüvvəsinə malikdir və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.2-ci maddəsinə əsasən, “qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol” daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün əsasdır. Həmin protokolu cavabdeh təşkilata təqdim edərək mülkiyyət hüquqlarının qeydə alınmasını və bunun əsasında çıxarış verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2021-ci il tarixdə ərizənin icrasından imtina etmişdir. halbuki, həmin əmlaklar Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e- 2-2(119)-339\2020 saylı qətanməsi əsasında hərraca çıxarılmışdır. Həmin qətnamə qanuni qüvvəyə minərək icra yönəlmiş və bu barədə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən icra vərəqəsi verilmiş və sumqayıt şəhəri üzrə icra İdarəsinin icra məmuru Ramil babayev tərəfindən hərraca sifariş verilmiş və hərracdan da həmin əmlaklar mənə satılmışdır. Binaların satılması barədə sərəncamı (qətnaməni) məhkəmə vermiş,qətnamə icraya yönəlmiş,icra orqanı hərracı sifariş vermiş, hərrac orqanı da hərracı keçirmişdir. Mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə ərizəsi müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, hərrac vasitəsilə əldə olunmuş əmlak kompleksi kimi müəssisə ilə bağlı daşınmaz əmlakın dövlət qeydiyyatına alınması ilə bağlı, dövlət reyestrində məlumat aşkar olunmamış, buna görə də yaranmış zərurətlə əlaqədar olaraq sözügedən daşınmaz əmlaka dair mülkiyyət hüququ haqqında sənədin verilib-verilməməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə sorğu ünvanlanmışdır. Sorğuya cavab olaraq Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən 13729.15 kv m-dən ibarət 15 ədəd ofis və binalarına dair "xxxx" ASC-nin adına mülkiyyət hüququna dair şəhadətnamə verilmədiyi bildirilmişdir. Bundan əlavə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 146.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Odur ki, sözügedən daşınmaz əmlak üzərində əvvəllər hüquqlar dövlət qeydiyyata alınmadığından, həmin daşınmaz əmlakla bağlı sərəncam verilməsi qanunvericiliyin tələblərinə ziddir. Göstərilən səbəbdən ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin mümkün sayılmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən cavabdehin nümayəndəsi etirazda yazılanlara uyğun izahat verərək iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmçinin, cavabdeh tərəfindən verilmiş vəsatətə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin iş üzrə üçüncü şəxs qismində cəlb edilməsini məhkəmə zəruri hesab etmədi. Belə ki, mübahisənin predmeti hərracla bağlı deyil, hərracdan sonra iddiaçı tərəfindən əldə edilmiş hüququnun DƏDRX-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən həyata keçirilməməsi ilə bağlıdır. Bundan başqa ƏMDX-dən mübahisə ilə bağlı müəyyən sənədlər tələb edilmiş və ƏMDX-nin mübahisənin olmasından xəbərdar olmuş, lakin hər hansı bir mövqeyini məhkəməyə bildirməmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz edərək bildirmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, e-2-2(119)-339/2020 nömrəli qətnaməsi Bankın maraqlarıına toxunduğuna görə həmin qətnamədən bank tərəfindən apellyasiya şikayəti verilmiş və yekun qərar qəbul edilənədək, hazırkı iş üzrə icraatın dayandırılmasını xahiş etdi. Məhkəmə tərəfindən adi cəlbetmə qaydasında işə cəlb edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Mərkəzi Bankının icraatın dayandırılması barədə vəsatətəsini məqsədəmüvafiq hesab etmədi. Belə ki, Mərkəzi Bankın icraatın dayandırılması ilə bağlı vəsatətində göstərdikləri Mərkəzi Bankın gələcəkdə əsas borcluya qarşı iddia irəli sürülməsinə heç bir maneçiliyi yoxdur. Zəruri cəlbetmə qaydasında işə cəlb edilmiş X1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, o, "xxxx" ASC-də 91,23% paya, başqa sözlə desək 26187 adlı səhmdən 23891 ədəd adlı səhmə sahibdir. "xxxx" tərəfindən açıq hərrac yolu İddiaçı satılmış 13729,15 kv.metr ərazi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına dair "xxxx" ASC adından etiraz edir.Bu hərrac "xxxx" ASC-nin məlumatı olmadan aparılmış və qiymətləndirmə zamanı ciddi nöqsanlara yol verilmişdir. Məhz bu səbəbdən hərracın nəticələrinin etibarsız hesab olunmasına dair iddia ərizəsi gələn həftə müvafiq məhkəməyə təqdim olunacaqdır.Həmçinin, ona məxsus olan 23891 ədəd adlı səhm Mərkəzi Bankda girovdadır.Hesab edir ki, İddiaçı iddiası tamamilə əsassızdır. Çünki iddiaçının özünün də qeyd etdiyi kimi 13729,15 kv.m ərazi 213.000 manata satılmışdır. Bu isə bir daha qiymətləndirici şirkətin nə qədər əsassız qiymətləndirmə apardığını göstərir. Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin İddiaçı satılmış 13729,15 kv.metr ərazi üzərində mülkiyyət hüquqlarının qeydiyyatına dair qəbul etdiyi qərar tamamilə qanuna uyğun və əsaslıdır. Qeyd olunanları nəzərə alaraq İddiaçı iddiasının təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxs etirazında yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Adi cəlbetmə qaydasında işə cəlb edilmiş üçüncü şəxs Azərbaycan Əmanətlərin Sığortalanması Fondu iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi əsassız olduğu üçün təmin olunmamalıdır. Belə ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 2(007)-127/2013 saylı qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən, "xxxx" ASC-yə qarşı “kredit borcu və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiamız təmin edilmiş və hal-hazırda “Sumqayıt Ağac Emalı" ASC-nin ləğv prosesində olan "xxxx" ASC-yə 2.257.615,71 manat, 3.448.238,39 avro ve 2.044.351,03 ABŞ dolları borcu vardır. Həmçinin iddiaçının ərizəsi ilə bağlı qeyd etmək istərdik ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən ciddi maddi və prossesual pozuntulara yol verilmişdir. Bildiyimiz kimi, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Məhkəmə qətnaməsində sözügedən əmlakların hər hansı reyestrdə qeydiyyata alınması ilə bağlı heç bir qeyd belə yoxdur. Mülki Məcəllənin 146.2-ci maddəsinə əsasən, daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.Mülki Məcəllənin 178,1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq otaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununun 82.1.2-ci və 82.1.3-cü maddələrinə əsasən müflis elan olunmuş bankın aktivlərr ilk növbədə Əmanətlərin Sığortalanması Fondunun reqress hüququ üzrə tələblərinə' yönəldildiyindən sözügedən iş üzrə mübahisə predmeti olan əmlakların səhmlərinin İRQ "xxxx" ASC-de girovda olduğundan, Fondun həmin Bank qarşısında reqress hüququ üzrə tələblərinin icra olunmasına, yəni dövlət vəsaitlərinin qaytarılmasına mane olmaqla əhəmiyyətli miqdarda ziyan vurur, bununla da dövlət tərəfindən Bank sisteminə etimadın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərin icrasına mane olmaqla milli təhlükəsizlik sisteminin tərkib hissəsi olan dövlətin iqtisadi təhlükəsizliyinin əsaslarını sarsıdır.Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən prosesində iştirak edən üçüncü şəxsin etirazda yazılanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər üçüncü şəxslər məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə digər üçüncü şəxslərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin **********88 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu, etirazı, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli e-2-2(119)-339/2020 saylı qətnaməsinin surəti, Hərracın yekunları barədə Y-222/21 nömrəli protokol, “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 05 iyul 2021-ci il tarixli müqavilə, 13 iyul 2021-ci il tarixli ödəniş qəbzi, Sumqayıt şəhəri üzrə İcra idarəsinin xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının surəti, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli cavab məktubu, "xxxx" ASC-nin xx.xx.2023-cü il tarixli məktubu, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli mütəxəssis rəyi, xx.xx.2015-ci il tarixli Girov müqaviləsinin surəti, Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktub və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan daşınmaz əmlaka istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 2 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 2 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 2 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 2 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 2 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********88 nömrəli, xx.xx.2021-ci il tarixli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Sumqayıt şəhərində yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin qanunun 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, xx.xx.2020-ci il tarixinə DSMF-yə ödənilməmiş 207266,03 manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "xxxx" ASC-yə məxsus siyahıya alınmış cəmi 13729,15 kv m sahəsi olan 15 ofis və binaların ixtisaslaşdırılmış açıq hərracda satılması qət edilmişdir. Hərracın yekunları barədə Y-222/21 nömrəli protokoluna əsasən ipoteka predmetinin mülkiyyətçisi İddiaçı məxsus, dəyəri 355000 manat olan "xxxx" ASC-yə məxsus siyahıya alınmış 15 ofis və binalar Sumqayıt şəhər üzrə İcra və Probasiya Şöbəsinin 73/36 xx.xx.2021-ci il tarixli məktubuna və Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)339/2020 saylı xx.xx.2020-ci il tarixli sifariş məktubuna əsasən hərraca çıxarılmışdır. “Hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” 05 iyul 2021-ci il tarixli müqavilədən görünür ki, həmin müqavilə sifarişçi Sumaqayıt şəhər İcra və Probasiya Şöbəsi hərracın təşkilatçısı "xxxx" MMC və alıcı İddiaçı arasında bağlanmışdır. 13 iyul 2021-ci il tarixli qəbzdən görünür ki, İddiaçı tərəfindən auksion ödənişi olaraq 207432 manat vəsait ödənilmişdir. Məhkəmənin sorğusuna əsasən Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən verilmiş 02 iyun 2022-ci il tarixli cavab məktubundan görünür ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “siyahıya alınmış əmlakın açıq hərracda satılması" tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2- 2{119)-339/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, 07 fevral 2020-ci il tarixinə Dövlət Sosial Müdafiə Fonduna ödənilməmiş 207266,03 (iki yüz yeddi min iki yüz altmış altı manat 03 qəpik) manat borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə cavabdeh "Sumqayıt Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinə (VÖEN **********) məxsus siyahıya alınmış cəmi 13729,15 m2 sahəsi olan 15 (on beş) ədəd öfis və binaların (daş) ixtisaslaşdırılmış açıq hərracda satılması və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə 10 (on) manat məbləğində dövlət rüsumunun tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsi 30 sentyabr 2020-ci ildə qanuni qüvvəsini aldıqdan sonra verilmiş 30 sentyabr 2020-ci il tarixli icra vərəqəsi icra edilməsi üçün Sumqayıt şəhəri üzrə icra idarəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə Sumqayıt şəhəri üzrə İcra idarəsində 28 oktyabr 2020-ci il tarixli qərarla icraata başlanmış və Sumqayıt şəhəri üzrə İcra İdarəsinin icra məmuru Ramil Babayev tərəfindən qəbul edilmiş 27 avqust 2021-ci il tarixli qərarla Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e-2-2(119)-339/2020 nömrəli qətnaməsi üzrə verilmiş 30 sentyabr 2020-ci tarixli icra sənədinin icraatına xitam verilmişdir. İddiaçı qanuni əsaslarla əldə etdiyi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı cavabdeh təşkilata müraciət etmiş, lakin iddiaçının müraciəti müsbət həll edilməmişdir. Cavabdeh təşkilat imtinasının əsası kimi Sumqayıt şəhəri, Metallurq küçəsində yerləşən 13729.15 kv m-dən ibarət 15 ədəd ofis və binalarına dair "xxxx" ASCnin adına mülkiyyət hüququna dair şəhadətnamə verilmədiyi göstərmişdir. Məhkəmə hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, mübahisə predmeti olan daşınmaz əmlakın üzərində iddiaçının sahiblik hüququnun yaranması üçün əsas olan Bakı Hərrac Mərkəzi MMC-inin keçirdiyi hərracın keçirilməsinə əsas olan Sumqayıt Kommersiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli e- 2-2(119)-339/2020 nömrəli qətnaməsi qanuni qüvvəsini almışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.2-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsi üçün əsas hesab olunur. Göründüyü kimi iddiaçı qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarını həyata keçirmək niyyətində olduğu daşınmaz əmlak ilə bağlı 05 iyul 2021-ci il tarixli “Hərracların yekununa dair” Y-222/21 saylı protokolu cavabdeh təşkilata təqdim etmiş, lakin cavabdeh təşkilat Qanunun 8.0.2-ci maddəsinin tələblərini icra etmək əvəzinə buna dair arqumentlər irəli sürmüşdür. Ona görə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçının Sumqayıt Kommersiya Məhkəməsinin xx-xx.2020-ci il tarixli e-2-2(119)- 339/2020 saylı qətnaməsinə əsasən "xxxx" tərəfindən açıq hərracdan Y-222/21 saylı 05 iyul 2021-ci il tarixli “Hərracın nəticələri haqqında“ yekun protokolu və 05 iyul 2021-ci il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilə ilə əldə etdiyi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məxsus sahəsi 13729,15 kv.m olan torpaq sahəsi üzərində yerləşən 15 ədəd tikiliyə dair İddiaçı mülkiyyət hüququnun qeydə alınması və müvafiq çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-258/2024
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-258/2024
14.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver