Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2585/2022 17.10.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı ünvan 1 ünvanda yerləşən 17 saylı mənzilə dair onun mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi olunla əsaslandırılmışdır ki, iddiaçı xx xxx 1956-cı il tarixdə Ağdam rayonunda anadan olmuş, anadan gəlmə gözdən əlildir. 1975-1992-ci illərdə Gözdən Əlillər Cəmiyyətinin Bakı şəhər şöbəsində işləmişəm. Mənə gözdən əlil olduğuma görə iş yerimdən mənzil verilmişdir. Belə ki, Azərbaycan SSR, X5 Bakı şəhər İcraiyyə komitəsi tərəfindən verilmiş 27 oktyabr 1985-ci il tarixli 230640 saylı order əsasında ünvan 2 ünvanında yerləşən 17 saylı mənzil ona verilmişdir. İddiaçı vaxtdan indiyədək sözü gedən ünvanda ailəsi ilə birlikdə yaşayır. Azərbaycan X5 İcraiyyə kommitəsinin 11 oktyabr 1985ci il tarixli 19/1 saylı qərara əsasən Abşeron rayon, Xırdalan qəsəbəsi, məhəllə 28, ev 24 ünvanında yerləşən 2 otaqlı, 28.82 kv metr sahəsi olan 17 saylı mənzil 3 nəfər ailə üzvünə-həyat yoldaşı, oğlu ilə birlikdə İddiaçı verilmişdir. İddiaçı mənzilin onun adına özəlləşdirilməsi üçün cavabdehə rəsmi qaydada müraciət etmiş, lakin DƏDKR-in 4 saylı Abşeron Ərazi İdarəsinin 05 iyul 2022-ci il tarixli cavab məktubu ilə ona bildirilmişdir ki, Abşeron rayon, Xırdalan qəsəbəsi, məhəllə 28, ev 24 ünvanında yerləşən 17 saylı mənzilə dair təqdim edilmiş 27 oktyabr 1985-ci il tarixli 230640 saylı orderin verilməsinə əsas olmuş arxiv əsaslarının təsdiq edilmiş surətinin əldə edilməsi məqsədi ilə Abşeron rayon Dövlət Arxivinə rəsmi sorğu ünvanlanmışdır. Lakin sözügedən sorğuya cavab olaraq Abşeron rayon XDS İK- nin 11 oktyabr 1985-ci il 19\1 nömrəli qərarında İddiaçı adına heç bir məlumat aşkar edilmədiyi, həmçinin Abşeron rayon arxivində order saxlanılmadığı bildirilmişdir. Buna əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. Hesab edir ki, imtinanın heç bir hüquqi əsası yoxdur. Əvvəla sözü gedən mənzilə verilmiş orderin tarixi 1985-ci ilə təsadüf edir. Həmin dövrə aid sənədlərin Abşeron rayon Dövlət Arxivindən tələb edilməsi absurddur. Belə ki, sözü gedən illərə təsadüf edən sənədlər Azərbaycan Respublikası Milli Arxiv İdarəsində saxlanılır. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə rəsmi sorğu əsasında Abşeron rayon, Xırdalan qəsəbəsi, məhəllə 28, ev 24 ünvanında yerləşən 2 otaqlı, 28.82 kv metr sahəsi olan 17 saylı mənzil ona verilmişdir. Göründüyü kimi, 4 saylı Abşeron Ərazi İdarəsinin bu baxımından mövqeyi qanunsuz və əsassızdır. Digər tərəfdən də qeyd etdi ki, orderdə adları qeyd edilən həyat yoldaşı X2 və oğlu X3 notarila qaydada ərizə verərək mənzilin onun adına özəlləşməsinə və Dövlət reyetsrindən çıxarış alınmasına etiraz etmədiklərini bildirmişlər. Cavabdeh imtinası qanunsuzdur və ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, ünvan 5 ünvanında yerləşən 17 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 27 aprel 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı ünvan 5 ünvanında yerləşən 17 saylı mənzilə dair təqdim edilmiş 27 oktyabr 1985-ci il tarixli, 230640 nömrəli orderin verilməsinə əsas olmuş arxiv əsaslarının təsdiq edilmiş surətinin eldə edilməsi məqsədilə Abşeron rayon Dövlət Arxivinə rəsmi sorğu ünvanlanmışdır. Lakin sözügedən sorğuya cavab olaraq Abşeron rayon XDS İK-nin 11 oktyabr 1985-ci il tarixli. 19/1 nömrəli qərarında vətəndaş İddiaçı adına heç bir məlumat aşkar edilmədiyi, həmçinin Abşeron rayon arxivində order saxlanılmadığı bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2022-ci il tarixli, **********40 nömrəli imtina məktubu, etirazı, razılıq ərizələrinin surəti, Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BA-01529-2022 nömrəli məktub, 230640 nömrəli Orderin notarial qaydada təsdiqlənmiş surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ mübahisə predmeti olan yaşayış sahəsinə istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 4 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan yaşayış sahəsi DƏDRX-in 4 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 4 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 4 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 4 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2022-ci il tarixli, **********40 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlak Abşeron rayonu ərazisində olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Akimova Azərbaycan”a qarşı iş üzrə 27 sentyabr 2007-ci il tarixli qərarında iddiaçının mənzilə dair yaşayış orderinin mövcud olması, vətəndaşın mənzilin qanuni sahibi olması faktını və bu fakta əsasən onun gələcəkdə “sosial kirayə müqaviləsi” bağlamağa, daha sonra isə qanunvericiliyə uyğun olaraq onu xüsusi mülkiyyətinə keçirməyə dair hüquqi gözləntilərini mənzilin iddiaçının “mülkiyyət”i hesab edilməsi üçün kifayət qədər əsaslar kimi qiymətləndirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı Azərbaycan SSR, X5 Bakı şəhər İcraiyyə komitəsi tərəfindən verilmiş 27 oktyabr 1985-ci il tarixli 230640 saylı order əsasında ünvan 7 ünvanında yerləşən 17 saylı mənzil üzərində mülkiyyət hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata almaq üçün cavabdehə müraciət etmiş lakin, cavabdeh təşkilat həmin hüququn qeydə alınmasından imtina edir. Cavabdeh təşkilatın imtinasında və etirazında gətirdiyi yeganə arqument arxiv məlumatlarında həmin orderin aşkar olunmamasıdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hazırkı işdə də aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən həmin vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 9-cu maddəsinin 2ci bəndində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. İş materiallarına əlavə edilmiş 230640 nömrəli Orderin notarial qaydada təsdiqlənmiş surətindən və Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinin Bakı Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, BA-01529-2022 nömrəli məktubundan təsdiq olunur ki, Azərbaycan SSR, X5 Bakı şəhər İcraiyyə komitəsi tərəfindən verilmiş 27 oktyabr 1985-ci il tarixli 230640 saylı order əsasında ünvan 7 ünvanında yerləşən 17 saylı mənzil İddiaçı verilmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayon, Xırdalan qəsəbəsi, məhəllə 28, ev 24 ünvanda yerləşən 17 saylı mənzilə dair İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə reyestrdən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə həvalə olunsun. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-2585/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2585/2022
17.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver