Məhkəmə qərarları › İş №2-1(118)-2587/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2587/2024

26.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2587/2024 26.11.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X8 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi, İddiaçının, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin İQ-40/1 nömrəli 30 may 2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsi və onun 14 mart 2023-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan Respublikasının Pəncab vilayətinin Qucranvala şəhərində anadan olmuş, milliyətcə pəncablı, dini etiqadına görə müsəlmandır (şiə). Ailəsində problemlər yaşandığına görə heç bir təhsil almamış, 2016- 2023-cü illərdə Lahor vilayətinin Faisalabad şəhərində sifarişlə rəqqaslıqla məşğul olmuş, valideynləri 2006-cı ildə, bacısı Sameena 2002-ci ildə qətlə yetirilmiş, bacıları Tanzeela Nazar və Sabeela da Azərbaycan Respublikasına onunla birlikdə qaçqın statusu almaq müraciət etmişlər, qardaşı Sameer onları tərk etdiyindən əlaqəsi yoxdur. İddiaçı valideynlərinin yolunu davam etdirərək 2015-ci ildə Pakistanda “PPP” (Peoples Party of Pakistan) partiyasına qoşulmuş, partiyada insan hüquqlarının müdafiəsi şöbəsinin üzvü olmuş, həm siyasi fəaliyyətinə görə, həm də transgender olduğu üçün müxtəlif “PML-Q” (X6 - Quaid-e-Azam) partiyası tərəfindən təqibə məruz qalmış və bu partiyanın adamları tərəfindən 2008-ci ildə oğurlanaraq döyülmüş, işgəncələrə məruz qalmış, ona xəsarətlər yetrilmiş və həmin adamlar tərəfindən qrup halında zorlanmış, bu səbəbdən də təqiblərdən qaçaraq Azərbaycan Respublikasına gəlmişdir. Qərarda ərizəçinin özünün pasportunu təqdim edərək, adını, vətəndaşlığını, doğulduğu yeri təsdiq etdiyi, PPP partiyasının üzvlük kartı və arayışını da təqim etdiyi bildirilir. Mafiya tərəfindən müxtəlif vaxtlarda təqiblərə məruz qalmışdır. Pakistan Republikasında əhalinin əksər hissəsi sünni təriqətində olması bəllidir. Məhz şiə olduğuna görə müxtəlif təqiblərə də məruz qalmış, əsaslı qorxu keçirmişdir. Ərizəçi həm transgender olduğu, həm də siyasi fəaliyyətlə məşğul olduğuna görə, ona qarşı olan təqiblərdən qaçdığını, bu səbəblə də, hazırda ölkəsinə qayıtmaq istəmədiyi, Azərbaycanda qaçqın statusu alaraq yaşamaq istəyini bildirmişdir. Lakin, cavabdeh onun sığınacaq vəsatətini rədd etmişdir. DMX qərarını onunla əsaslandırıb ki, ərizəçi transgender olduğu üçün öldürüləcəyindən qorxduğu üçün ölkəsini tərk etdiyini bildirsə də, 2016-cı ildən rəqqasə peşəsi ilə məşğul olduğu üçün mafiya üzvlərinə aylıq pul verdiyini bildirsə də, həmin müddət ərzində həyatı üçün ciddi təhlükə yaranmadığı məlum olmuşdur. Cavabdeh orqan qərarında qeyd etmişdir ki, mənşə ölkəsi barədə məlumatlar araşdırılarkən Pakıstanda transgender şəxslərin hüquqlarının qorunması barədə 2018-ci ildə qanun qəbul edildiyindən İddiaçı bu qanundan istifadə etməməsi onun dediklərinin inandırıcılıq baxımından qənaətbəxş olmadığına əsas verir. DMX ərizəçinin 2002-ci ildə ölkədaxili yerdəyişmə alternativindən istifadə edərək Gucranvaladan Lahora köçdüyünü və 2019-cu ilədək burada yaşadığını, ötən müddət ərzində həyatı üçün ciddi təhlükə yaranmadığı, ərizəçinin 2019 və 2020-ci illərdə də 2 dəfə zorlandığı bildirsə də, lakin uzun bir vaxtdan sonra ölkəsini tərk etməsini qənaətbəxş şəkildə izah edə bilmədiyini, buna görə də onun ölkəsini tərk etməsinin səbəbi ilə bağlı dediklərinin inandırıcı qəbul edilmədiyini öz qərannda göstərmişdir. Həmçinin cavabdeh, ərizəçini təqib edən müxalif “PML-Q” partiyasının Pakistanda uzun müddət iqtidarda olmamasını, əksinə onun üzvü olduğu “PPP” partiyasının indiki iqtidarda koalisiya hökumətində təmsil olunmasını əsas gətirərək, hazırda iddiaçıya qarşı Pakistanda iqtidarda olan hakimiyyət tərəfindən təhdidin ola bilməzliyini bildirmişdir. Bundan başqa ərizəçinin və və ailə üzvlərinin təqib halları ilə 2001-ci ildən başlayaraq üzləşdiyini, lakin uzun müddət, yəni 2023-cü ilin fevral ayında Azərbaycana gələnədək öz ölkəsində yaşaması və işləməsini əsas gətirərək ona qarşı təqibin ciddi olmadığını DMX öz qərarında bildirmişdir. Habelə iddiaçının şiə təriqətində olmağına baxmayaraq, onun sünni olduğunu bildimişdir......Hesab edir ki, qərarda göstərilmiş arqumentlər əsassızdır. Belə ki, iddiaçının işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş üzrə müəyyən edilmiş fakt kimi qəbul edilməli, iddiaçı etnik və dini əqidəsinə görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin himayəsindən istifadə edə bilməyən şəxsdir.Göstərilənlərə əsasən iddiaçıya qaçqın statusu verilməsinin maddihüquqi əsasları mövcuddur. Həmçinin, cavabdeh “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 21-ci maddəsini pozaraq iddiaçının dinlənilmə hüququnu təmin etməyib. İddiaçının müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınıb. Bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilib. Lakin iddiaçının həmin Komissiyada iştirakı və dinləniliməsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməyib. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakım nəzərdə tutur. Bu baxımdan iddiaçının mahiyyət üzrə iclasda təmin edilmədiyi və bunun səbəbləri cavabdeh tərəfindən izah edilmədiyi üçün İİQ-nin 21-ci maddəsinin pozuntusu baş verib. Bundan əlavə, cavabdeh İİQ-in 19 və 45-ci maddələrinin pozuntusuna yol verib. Belə ki, cavabdeh iddiaçının izahatlarına qarşı ağlabatan əkssübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasma uyğun qiymətləndirməyiblər. Bununla da İİQ-nin 19-cu maddəsinin pozuntusuna yol veriblər. Bundan əlavə, iddiaçının izahatları İİQ-nin 45-ci maddəsində nəzərdə tutulmuş sübutetmə qaydalarına uyğun qiymətləndirilməyib və araşdırılmayıb. Eləcə də cavabdeh iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməyib.Bununla da İİQnin 10 və 26-cı maddələrinin pozuntusuna yol verib. Həmçinin cavabdeh iddiaçıya lazimi hüquqi məsləhətləri verməyib. Həmçinin qeyd edilməlidir ki, cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq İİQ-nin 61-ci maddəsinə uyğun olaraq əsaslandırılmayıb. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməyib. Yuxarıdakılara əsasən bu nəticə hasil olur ki, cavabdeh iddiaçının dinlənilmək hüququnu, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalannı pozub, eləcə də cavabdehin qərarı əsaslandırılmayıb. Hesab edir ki, sığınacaq verilməsindən imtina edilməklə iddiaçının aşağıdakı hüquqları pozulub: sığınacaq hüququ, pis rəftara məruz qalmamaq hüququ, şəxsi həyata hörmət hüququ, səmərəli vasitələr hüququ. Beləliklə cavabdehin qərarı maddi-hüquqi və prosessual (formal-hüquqi) baxımdan qanuni deyil, ona qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və onun hüquqlarının pozulmasına səbəb olub. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı tərcüməçi vasitəsilə əlavə olaraq bildirmişdir ki, ölkəsində bir çox zorakılıqlara məruz qalmış, əl-qolları bıçaqla kəsilib, dişləri sındırılıb, saçları yonulub və bir çox qeyri-insani rəftara məruz qalmışdır. Qeyd etdiklərini də nəzərə alaraq, ona qaçqın statusunun verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə prosesində iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıdakı əsaslara görə iddia ərizəsinə etiraz edir və hesab edir ki, onun heç bir hüquqi əsası yoxdur. İddiaçı Muhammad ona qaçqın statusunun verilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə Dövlət Miqrasiya Xidmətinə müraciət etmiş, həmin müraciət əsasında araşdırılma aparılmış və şəxsə qaçqın statusunun verilməsindən imtina edilməsi haqqında xx.xx.2023cü il tarixli İQ-40/1 qərar qəbul edilmişdir. Hesab edir ki, DMX sözügedən şəxslə bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, iş materialları ilə müəyyən olunur ki: 1.“Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1.1.1 -ci maddəsində, o cümlədən 1951-ci il Konvensiyasının 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. 2. Mənsub olduğu partiya iqtidar partiyası olduğu üçün təqiblərə məruz qala bilməz; 3. Mənsub olduğu ölkədə transgenderlərin qorunması barədə 2018-ci il tarixli Qanun mövcuddur. Bununla da müəyyən etmək olar ki, iddiaçının Pakistan İslam Respublikası, yəni dövlət tərəfindən yuxarıda sadalanan 5 əsasa görə təqib olunması müəyyən edilməmişdir.Beləliklə, şəxsin barəsində tərtib edilmiş qərar qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edilmişdir. Odur ki, yuxarıda göstərilənlərə əsaslanaraq, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli İQ-40/1 nömrəli Qərarının surəti, cavabdehin etiraz ərizəsi, iddiaçıya aid hüquqmüəyyənedici sənədlərin surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə araşdırması zaman müəyyən edilmişdir ki, cavabdehin xx.xx.2023-cü il tarixli İQ-40/1 nömrəli qərarı ilə iddiaçıya qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı Pakistan İslam Respublikasında təqibə məruz qaldığını əsas gətirərək, ona Azərbaycan Respublikasında qaçqın statusunun verilməsini xahiş etmiş, lakin onun müraciəti müsbət həll edilməmişdir.Bu səbəbdən də məhkəməyə müraciət etmişdir. Məhkəmə ilk növbədə iddia tələbinin mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırkı iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları daşıyır: qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir;...Başqa ölkədəki daimi yaşayış yerini bu maddənin birinci hissəsində göstərilən əsaslara görə tərk etməyə məcbur olub Azərbaycan Respublikasına gəlmiş Azərbaycan Respublikası vətəndaşına müvafiq icra hakimiyyəti orqanının qərarı ilə məcburi köçkün statusu verilə bilər. Həmin Qanunun 13-cü maddəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Barəsində qaçqın statusu verməkdən imtina edilməsi haqqında qərar qəbul edilmiş şəxsin Azərbaycan Respublikasının ərazisindən göndərilməsinin təşkili müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məhkəməyə təqdim edilmiş sübutlardan müəyyən olunur ki, iddiaçının “Qaçqınlar və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilmiş əsaslarda və “Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası”nın 1-ci maddəsinin A hissəsinin 2-ci bəndində nəzərdə tutulmuş 5 amil üzrə (Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi, milli, dini, müəyyən sosial qrupa mənsubluğu və siyasi əqidəsinə) təqib olunmamışdır. Həmçinin, bununla bağlı hər hansı etibarlı dəlil məhkəməyə təqdim etməmişdir. Maddi hüquq normalarının tələblərindən də göründüyü kimi, cavabdeh inzibati orqanın hərəkətlərində hər hansı bir qanun pozuntusu mövcud deyil. Belə olan halda iddia tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin İQ-40/1 nömrəli 30 may 2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsi və onun 14 mart 2023-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar