Məhkəmə qərarları › İş №2-1(118)-2587/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-2587/2025

22.10.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-2587/2025 22.10.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X2 Filialına qarşı iş üzrə (Açar sözlər: özünüməşğulluğun təmin edilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 Dağlıq-X1rşı “özünüməşğulluğun təmin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 12.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:

1. “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 26 sentyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən fərdi yaşayış ev və 0,12 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

2. X9 Filialının 8 yanvar 2016-cı il tarixli, 817 nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1996-2000-ci illərin Nağaraxana kəndi üzrə “Qaytanlanmış təsərrüfatbaşına kitabları”nda 215 şəxsi hesab nömrəli olan Nağaraxana kənd sakini İddiaçı adı qeyd edilmişdir.

3. X9 Filialının 3 dekabr 2015-ci il tarixli, 817 nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1986-1990-cı illərin Nağaraxana kəndi üzrə “Qaytanlanmış təsərrüfatbaşına kitabları”nda 326 şəxsi hesab nömrəli olan Nağaraxana kənd sakini İddiaçı adı qeyd edilmişdir.

4. 15 aprel 2024-cü il tarixli “Şəxsin özünüməşğulluğunun təşkili üçün şəraitinin olubolmamasını müəyyən etmək üçün ilkin monitorinq aktı”ndan görünür ki, İddiaçı ünvanı - Nağaraxana, 4 nəfər ailə üzvü, 200 kv.m olan evi, 0,12 ha torpaq sahəsi, İİ qrup əlilliyə görə 360 manat məbləğində rəsmi gəliri, 2003-cü il istehsal illi “Nissan Maxima” markalı nəqliyyat vasitəsi, işığa görə 40 manatdan, qaza görə 40-100 manat məbləğində kommunal ödənişlər, müraciət etdiyi arıçılıq istiqaməti üzrə 0-1 il təcrübəsi mövcuddur.

5. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X2 Filialının 8 avqust 2024-cü il tarixli, 3-17-2/2-B-42170/2024 saylı İddiaçı göndərilmiş məktubundan görünür ki, özünüməşğulluğunun təşkili üçün şəraitinin qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq seçdiyi istiqamət üzrə qeyd etdiyi ünvanda daimi yaşamadığı müəyyən edildiyindən növbəti mərhələ üzrə özünüməşğulluğunun təşkil edilməsinə köməklik göstərilməsi dayandırılmışdır.

6. X9 Filialının 16 avqust 2024-cü il tarixli, 3-48-11F/2-B-151-6-2024 nömrəli arxiv çıxarışından görünür ki, Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 1977-1979-cu illərin təsərrüfatbaşına kitablarında İddiaçı ailə üzvlərinə dair məlumat mövcuddur.

7. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “Yaşayış yeri üzrə qeydiyyat haqqında” 17 avqust 2024-cü il tarixli, ******* nömrəli arayışından görünür ki, İddiaçı Şamaxı rayonu, Astraxanovka kəndində doğulmuş, Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatdadır.

Məhkəmə araşdırması zamanı İPM-in 12.3-cü maddəsinə əsasən verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:

8. Azərbaycan Respublikasının Şamaxı Rayon İcra Hakimiyyətinin 9 sentyabr 2025-ci il tarixli, 5-75/2-502/2025 nömrəli və Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 8 sentyabr 2025-ci il tarixli, 5-75-45/2-86/2025 nömrəli məktublarından görünür ki, 5 yanvar 1964-cü il təvəllüdlü İddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatdadır və 2000-ci ildən Nağaraxana kəndində yaşayır.

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 12 sentyabr 2025-ci il tarixli, 3-17-2/2-39256/2025 saylı məktub ilə qoşma şəklində göndərilmişdir: - 15 aprel 2024-cü il tarixli “Şəxsin özünüməşğulluğunun təşkili üçün şəraitinin olubolmamasını müəyyən etmək üçün ilkin monitorinq aktı” (§4); - monitorinq zamanı çəkilmiş fotoşəkillər və disk - elektron məlumat daşıyıcısı.

10. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinin 10 oktyabr 2025-ci il tarixli, 3-21-3-41/2-3008/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestri”ndən RX seriyalı, ******* nömrəli, 26 sentyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarış (§1); - Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin 11 mart 2008ci il tarixli, A seriyalı, 032032 nömrəli, Şamaxı rayonu X8 Kirovka inzibati ərazi üzrə nümayəndəliyinin 4 may 1996-cı il tarixli, 06 nömrəli sərəncamı ilə İddiaçı verilmiş 1.200,06 kv.m torpaq sahəsinə dair “Torpaq sahəsinin planı və ölçüsü”; - daşınmaz əmlaka dair digər hüquqmüəyyənedici sənədlər.

b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi

İddia tələbinin dəlilləri:

11. İddiaçı (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X2 Filialına (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə müraciət edərək, arıçılıq təsərrüfatı ilə əlaqədar özünüməşğulluğun təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

12. İddia tələbi işin hallarına (§1-7) istinad edilərək onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının Şamaxı rayon, Nağaraxana kəndindəki öz evində daimi yaşamadığı qeyd edilsə də, onun yaşamağa başqa evi yoxdur. İlkin monitorinq aktından göründüyü kimi, iddiaçının 0,12 ha torpaq sahəsi mövcuddur. Digər hər hansı məşğulluğu isə yoxdur. İddiaçı 2-ci qrup əlildir və 360 manat pensiya alır.

13. İddia tələbinin maddi hüquqi əsası kimi “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 5.3, prosessual hüquqi əsası kimi isə İPM-in 2, 32.2.1, 33.1-ci maddələrinə istinad olunmuşdur.

14. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.

15. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.

İddia ərizəsinə qarşı etirazın dəlilləri

16. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddia tələbinin mümkün hesab edilməməsini xahiş etmişdir.

17. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Arıçılıq təsərrüfatı” biznes ideyası üzrə şəraitin olub-olmamasını müəyyən etmək üçün cavabdeh orqanın Mərkəzi Monitorinq və Qiymətləndirmə filialının əməkdaşları tərəfindən 15 aprel 2024-cü il tarixdə faktiki yaşadığı ünvanına ilkin baxış keçirilmiş, foto-video çəkiliş və ilkin monitorinq aktı tərtib olunmuşdur. Video çəkilişdən göründüyü kimi, ilkin monitorinq aktında monitorinq zamanı iddiaçının verdiyi məlumatlar qeyd olunmuşdur və bu aktın əsassız hesab edilməsi barədə iddianın özü mümkünsüz iddiadır. Monitorinq aparılan zaman həmin ünvanda yaşayışın olmadığı müəyyən olunmuş və monitorinqin nəticələrinə əsasən və Agentliyə yanlış məlumat verdiyi səbəbindən iddiaçının özünüməşğulluq proqramı çərçivəsində kənd təsərrüfatı istiqaməti üzrə seçdiyi “Arıçılıq təsərrüfatı” biznes ideyası üzrə özünüməşğulluq proqramına cəlb olunma meyarları rəhbər tutularaq növbəti mərhələyə keçirilməsi uyğun hesab olunmamışdır. Əlavə olaraq bildirilmişdir ki, filial ilkin monitorinqi həyata keçirən və vətəndaşın özünüməşğulluq proqramının növbəti mərhələsinə keçirilməsi barədə qərar qəbul edən qurum olmadığı üçün də iddia mümkünsüz hesab edilməlidir.

18. Etirazın maddi hüquqi əsası kimi “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2020-ci il tarixli, 168 nömrəli Qərarı ilə təsdiq edilmiş “Özünüməşğulluğun təşkili Qaydası”nın 3.3, 5.1, 5.3, 6.1-ci bəndlərinə, “Özünüməşğulluğun təşkili ilə bağlı Təlimat- Prosedur”una, “Kənd təsərrüfatı istiqaməti üzrə özünüməşğulluğa müraciət etmiş şəxslərin seçilmiş istiqamət üzrə şəraitinin uyğunluğunun müəyyən edilməsi ilə bağlı Meyarlar”a, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 1.1, 1.2, 1.3, 1.4, 2.3, 9-cu bəndlərinə istinad olunmuşdur.

c) Tərəflərin iştirakı və izahatları:

19. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.

20. Məhkəmə iclasında iştirak edən cavabdehin səlahiyyətli nümayəndəsi etiraza uyğun izahat verərək, iddianın təmin edilməməsini xahiş etmiş, iş bacarıqları ilə hər hansı nöqsanın mövcud olmadığını, iddiaçı tərəfindən yaşadığı ünvandan fərqli olan ünvanı göstərdiyi üçün tələbinin icrasından imtina edilmişdir.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır. ...

42. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”

22. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).

23. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.

24. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

25. Məhkəmənin əvvəlki iclaslarında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir.

ƏSASLANDİRMA HİSSƏSİ

İddianın mümkünlüyü:

26. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.

27. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.

28. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.

29. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.

30. Etirazda qeyd edilmişdir ki, filial ilkin monitorinqi həyata keçirən və vətəndaşın özünüməşğulluq proqramının növbəti mərhələsinə keçirilməsi barədə qərar qəbul edən qurum olmadığı üçün də iddia mümkünsüz hesab edilməlidir.

31. Lakin iş materialında iddiaçı tərəfindən məhz hazırki cavabdeh orqanın 8 avqust 2024-cü il tarixli məktubu məktubu əlavə olunmuşdur . Məktubda özünüməşğulluğun təşkili üçün şəraitinin qiymətləndirilməsinin nəticələrinə uyğun olaraq iddiaçının seçdiyi istiqamət üzrə qeyd etdiyi ünvanda daimi yaşamadığı müəyyən edildiyindən, növbəti mərhələ üzrə özünüməşğulluğunun təşkil edilməsinə köməklik göstərilməsinin dayandırılması qeyd olunmuşdur. Göründüyü kimi məhz filial tələbdən imtina etmişdir. Həmçinin, son nəticədə filialın özü də Agentliyin tabeliyində olan qurumdur. Habelə, etirazda iddia tələbinin mahiyyəti üzrə də dəlil irəli sürülmüşdür. Bu səbəbdən, məhkəmə hesab edir ki, yalnız bu hal iddianın mümkün sayılmaması üçün kifayət deyildir.

32. İddia ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.

Tətbiq edilən hüquq:

33. Azərbaycan Respublikasının Konstitusiyasının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. (-)

34. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

Maddə 1. Əsas anlayışlar 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: (-) 1.1.15. özünüməşğulluq – şəxsin müstəqil surətdə və yaxud dövlətin dəstəyi ilə özünü işlə təmin etməsi; (-)

Maddə 10. Əmək hüququnun həyata keçirilməsində dövlət təminatları (-) 10.2. Dövlət işaxtaranlara və işsiz şəxslərə aşağıdakı təminatları verir: (-) 10.2.5. özünüməşğulluğa köməklik göstərilməsinə; (-)

Maddə 24. Özünüməşğulluğa kömək göstərilməsi 24.1. İşsiz, habelə bu Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran şəxslərin özünüməşğulluğunun təşkili müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir və aşağıdakı mərhələlərdən ibarətdir: 24.1.1. özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlərin və məlumatların verilməsi; 24.1.1-1. təcrübəsinin, peşəsinin (ixtisasının), məşğulluq tarixçəsinin, maddi rifahının, habelə şəraitinin özünüməşğulluğa cəlb edilməyə uyğunluğunun müəyyən edilməsi məqsədilə ilkin monitorinqin həyata keçirilməsi; 24.1.2. əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsinə və təşkilinə kömək edilməsi; 24.1.3. özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasında yardım edilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi; 24.1.4. seçilmiş özünüməşğulluq istiqamətinin təşkili üçün natura şəklində material, avadanlıq və digər əmlakın (bundan sonra - əmlak) 1 (bir) il müddətinə müqavilə əsasında verilməsi; 24.1.5. özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin bu Qanunun 24.1.4-cü maddəsində göstərilən müddət ərzində monitorinqi. (-) 24.9. Özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. (-) 24.11. Özünüməşğulluğunun təşkili qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. (-)

35. “Özünüməşğulluğun təşkili” Qaydalarının müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

1. Ümumi müddəalar

1.1. Bu Qayda “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 24.11-ci maddəsinə əsasən hazırlanmışdır və işsiz, habelə həmin Qanunun 4.1.3-cü maddəsində nəzərdə tutulan mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olub, digər məşğulluğu olmayan işaxtaran (bundan sonra – işsiz və işaxtaran) şəxslərin özünüməşğulluğunun təşkili qaydasını müəyyən edir. 1.2. Özünüməşğulluğun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslərə, şəhid ailəsinin üzvlərinə, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə, cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. (-)

3. Özünüməşğulluğun təşkilinə dair ümumi tələblər

3.1. Özünəməşğulluğun təşkili Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində X6 (bundan sonra – Agentlik) tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsistemində (bundan sonra – ƏMAS) işsiz və işaxtaran kimi qeydə alınmış şəxsin müraciəti əsasında həyata keçirilir. (-) 3.3. Özünüməşğulluğun maliyyələşdirilməsi “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsaitlər, həmçinin qanunla qadağan edilməyən digər mənbələr hesabına həyata keçirilir. Agentlik işsiz və işaxtaran şəxslərə özünüməşğulluq istiqamətinin seçilməsi və biznes-planların hazırlanmasında yardım göstərilməsi məqsədilə təlimlər keçirir. Təlimlərin keçiriləcəyi yer və vaxt barədə məlumatlar Nazirliyin rəsmi internet saytında yerləşdirilir.

4. Özünüməşğulluğun təşkili sahəsində məsləhətlərin və məlumatların verilməsi

4.1. Özünüməşğulluğun təşkili ilə bağlı məsləhətlər və məlumatlar işsiz və işaxtaran kimi qeydiyyata alınmış şəxslərin iş axtarışı və işlə təmin edilməsi imkanlarının müəyyən olunması məqsədilə Agentliyin müvafiq yerli qurumları və ya DOST mərkəzləri (bundan sonra – Mərkəz) tərəfindən verilir. 4.2. Bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar işsiz kimi qeydiyyata alınmış şəxslərə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 29 dekabr tarixli 619 nömrəli Qərarı ilə təsdiq edilmiş “Fərdi məşğulluq proqramının yerinə yetirilməsi Qaydası və hesabatın forması”na uyğun olaraq, fərdi məşğulluq proqramının hazırlanması üçün aparılan məsləhət xidmətləri zamanı, işaxtaran kimi qeydiyyata alınan zaman verilir.

5. Özünüməşğulluq istiqamətinin seçilməsinə və özünüməşğulluğun təşkilinə kömək edilməsi 5.1. İşsiz və işaxtaran şəxslər özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili məqsədilə bu Qaydanın 3.3-cü bəndinə uyğun olaraq təşkil olunan təlimlərə cəlb olunurlar. 5.2. İşsiz və işaxtaran şəxsə bu Qaydanın 4.2-ci bəndinə uyğun olaraq məsləhət və məlumatlar verildiyi tarixdən etibarən 10 (on) iş günü müddətində təlimə cəlb olunma ilə bağlı bildiriş həmin şəxsin işsiz və iş axtaran kimi ƏMAS-da qeydiyyata alındığı zaman yaradılmış elektron kabinetində (bundan sonra – elektron kabinet) yerləşdirilir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərilir. 5.3. İşsiz və işaxtaran şəxs üçün özünüməşğulluq istiqaməti əmək bazarının təhlili əsasında iqtisadiyyatın ayrı-ayrı sahələri üzrə həmin şəxsin təhsili, peşəsi (ixtisası), məşğulluq tarixçəsi, habelə özünüməşğulluğun təşkili üçün şəraitinin olub-olmaması nəzərə alınmaqla seçilir.

6. Özünüməşğulluğun təşkili üçün biznes-planın hazırlanmasına köməklik göstərilməsi, o cümlədən təlimlərin keçirilməsi və onların nəticələrinin qiymətləndirilməsi

6.1. Bu Qaydanın 3.3-cü bəndində nəzərdə tutulmuş təlim özünüməşğulluq istiqamətinin seçilməsi və özünüməşğulluğun təşkili mövzuları ilə yanaşı işsiz şəxslər üçün biznes-planın tərtib edilməsi, biznes-planın həyata keçirilməsinin mərhələləri, habelə sahibkarlığın əsasları mövzularından ibarət təlim proqramları üzrə keçirilir, habelə seçdiyi özünüməşğulluq istiqamətində biznes-planın hazırlanmasına köməklik göstərilir. 6.2. Şəxsin özünüməşğulluğun təşkilinə hazırlıqlı olmasının qiymətləndirilməsi məqsədilə təlim bitdikdən sonra 5 (beş) iş günü müddətində işsiz və işaxtaran şəxs hazırladığı biznes-planı elektron kabinetində yerləşdirməlidir. 6.3. Bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulmuş qiymətləndirmə Agentliyin müvafiq yerli qurumlarının və ya Mərkəzin müəyyən etdiyi vaxtda və yerdə biznes-planların elektron kabinetə yerləşdirildiyi tarixdən 30 (otuz) iş günü müddətində, Agentliyin 3 nəfərdən ibarət (sədr və iki nəfər üzv) tərkibdə yaratdığı müvafiq yerli komissiyalar (bundan sonra - Komissiya) tərəfindən həyata keçirilir. 6.4. Komissiyanın işinə özünüməşğulluq istiqamətləri üzrə işəgötürənlərin nümayəndələri və ya müstəqil ekspertlər cəlb edilə bilər. 6.5. Komissiya Agentliyin müvafiq yerli qurumunu və ya Mərkəzi məlumatlandırmaqla aşağıdakı qərarlardan birini qəbul edir və 5 (beş) iş günü müddətində həmin qərarı işsiz və işaxtaran şəxsin elektron kabinetində yerləşdirir, poçt ünvanına və SMS-lə mobil telefonuna göndərir: 6.5.1. özünüməşğulluğa cəlb edilir; 6.5.2. özünüməşğulluğa başlamağa hazır deyildir, yenidən təlimlərdə iştirak hüququ vardır. 6.6. Komissiyanın qərarları iclasda iştirak edən komissiya üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Səsvermədə hər bir komissiya üzvü bir səsə malikdir. Komissiya onun üzvlərinin üçdə ikisi iştirak etdikdə səlahiyyətlidir. Səslər bərabər olduqda, komissiya sədrinin səsi həlledici hesab olunur. Komissiya üzvləri səsvermə zamanı bitərəf qala bilməz.

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

(-) 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; (-)

Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər.

37. İPM-in müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulmuşdur:

58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Məhkəmənin mövqeyi:

38. Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları obyektiv, hərtərəfli və tam tədqiq edərək, inzibati iş materiallarını araşdırıb, onlara yuxarıda göstərilən qanunvericilik normaları ilə hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir.

39. İddiaçı tərəf tələbini onunla əsaslandırır ki, cavabdeh orqan tərəfindən Şamaxı rayon, Nağaraxana kəndindəki öz evində daimi yaşamadığı qeyd edilsə də, onun yaşamağa başqa evi mövcud deyildir, monitorinq aktından da göründüyü kimi, mülkiyyətində yaşadığı fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi mövcuddur.

40. Cavabdeh tərəfin mövqeyi isə ondan ibarətdir ki, özünüməşğulluğa dair müraciət edilməsi zamanı iddiaçı tərəfindən yanlış məlumatlar göstərilmişdir. Belə ki, faktiki yaşadığı yerindən fərqli olan ünvan qeyd edilmiş, ona məxsus fərdi yaşayış evində yaşamadığı müəyyən edilmişdir.

41. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, 26 sentyabr 2014-cü il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Şamaxı rayonu, Nağaraxana kəndində yerləşən fərdi yaşayış evi və 0,12 ha torpaq sahəsi iddiaçının xüsusi mülkiyyətindədir.

42. Məhkəmə araşdırması zamanı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən təqdim edilmiş sənədlər ilə qeyd edilən çıxarışın qüvvədə olduğu öz təsdiqini tapmışdır. Hər hansı digər daşınmaz əmlaka dair mülkiyyət növü də müəyyən edilməmişdir.

43. Bundan başqa, X9 Filialının iddiaçıya təqdim etdiyi arxiv çıxarışları ilə 1977-1979cu, 1986-1990-cı, 1996-2000-ci illər üçün Nağaraxana kəndi üzrə qaytanlanmış təsərrüfatbaşına kitablarında Nağaraxana kənd sakini olan iddiaçının adının qeyd olunduğu müəyyən edilmişdir.

44. Həmçinin, məhkəmənin sorğusuna cavab olaraq Şamaxı Rayon İcra Hakimiyyəti və Nağaraxana kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən təqdim edilmiş məlumatlara əsasən məhkəmə müəyyən etmişdir ki, iddiaçı Şamaxı rayonu, Nağaraxana kəndində qeydiyyatdadır və 2000-ci ildən Nağaraxana kəndində yaşayır.

45. Bundan əlavə, cavabdeh orqanın keçirilmiş monitorinq zamanı iddiaçı tərəfindən qeyd olunan ünvanda yaşamadığının bildirilməsi qeyd edilsə də, iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatları ilə müəyyən edilmişdir ki, o, həmin ünvanda yaşamadığını deyil, müvəqqəti olaraq (təxmini 10 gün müddətində) arvadı xəstə olduğu üçün digər ünvanda qaldığını bildirmiş, daha sonra isə faktiki olaraq monitorinq keçirilən fərdi yaşayış evində yaşadığını qeyd etmişdir.

46. Məhkəmə iclasında baxılmış monitorinqin videoçəkilişində də cavabdehin mövqeyini təsdiq edən hər hansı bir konkret hal müəyyən olunmur, əksinə iddiaçının məhkəmə prosesində verdiyi izahata uyğun danışıldığı görünür.

47. Həmçnin, məhkəmə iclası gedişatında iddiaçıya arıçılıq fəaliyyəti ilə bağlı məlumatların sual-cavabı zamanı onun tərəfindən verilmiş bütün suallar düzgün olaraq cavablandırılmış və həmin fəaliyyətlə əlaqədar ətraflı məlumatlar verilmişdir.

48. Eyni zamanda, iddiaçı tərəfin verdiyi məlumata əsasən o, uzun müddətdir ki, Şamaxı rayonunun Nağaraxana kəndində daimi qeydiyyatda olmaqla yaşayır və arıçılıq fəaliyyəti ilə məşğul olduğunu təsdiq edən fotoşəkilləri də məhkəməyə təqdim etmişdir.

49. İPM-in 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

50. Beləliklə, yuxarıda sadalanan hallara əsasən, aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmənin gəldiyi qənaətə görə, iddia tələbi qanuni əsaslara söykənmişdir. Bu səbəbdən də cavabdeh orqanın iddia tələbinə münasibətdə təqdim etdiyi etirazını yuxarıda qeyd olunanlara istinadən əsassız hesab edir.

NƏTİCƏVİ HİSSƏ

51. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:

İddia təmin edilsin. İddiaçı arıçılıq təsərrüfatı ilə əlaqədar özünüməşğulluğun təmin olunması öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 X2 Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi - Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Könül Həbibova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar