Məhkəmə qərarları › İş №2-1(118)-259/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-259/2024

26.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-259/2024 26.01.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi İddiaçıların nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X10 Şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “iddiaçılar İddiaçı1 və İddiaçı2 zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsinin cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçılar İddiaçı1 və İddiaçı2 yuxarıda qeyd edilən iddia ilə məhkəməyə müraciət etmişlər. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh orqan-AR ƏƏSMN-nin tabeliyində DSMF-nun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı özünün müvafiq olaraq xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli məktubları ilə peşə xəstəliyinə görə sağlamlığı pozulmuş işçinin və ya bu şöbədən həlak olmuş işçinin himayəsində olan ailə üzvü olaraq onlara aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırılmasını bildirmişdir. Cavabdeh orqanın zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırılması ilə razı deyil. Cavabdehin bu hərəkəti qanunazidd olmuşdur. Belə ki, mərhum X4 iddiaçılardan İddiaçı1 həyat yoldaşı və digər İddiaçı2 isə atasıdır. Mərhum uzun müddət zərərli istehsalat sahəsi sayılan Sumqayıt Alüminium zavodunda çalışmağının nəticəsi olaraq sağlamlığını itrmiş və Tibbi Sosial Ekspert Komissiyasının xx.xx.1983-cu il tarixli müayinə aktına əsasən əmək qabiliyyətini 80% itirməklə ona 2-ci qrup peşə xəstəliyi üzrə əlillik təyin edilmiş və nəticə olaraq həmin müəssisə tərəfindən sağlamlığa vurulmuş zərərə görə ödənc təyin edilmişdir. Mərhum vəfat etdikdən sonra, iddiaçılar onun himayəsində olan ailə üzvləri kimi, həmin müəssisəyə - "xxxx" ASC-yə müraciət etmişdir. "xxxx" ASC-nin xx.xx.2007-ci il tarixli 283a №-li “ömürlük Ödəncin verilməsi haqqında”əmrinə əsasən, “vəfat etmiş Ş.Ş.İsayevin əmək qabiliyyətli olmayan arvadı İddiaçı1 və 2-ci qrup əlil övladı İddiaçı2 ömürlük olaraq odənc ödənilsin, /əmrin surəti əlavə edilir/ Həmin aylıq ödənci iddiaçılara xx.xx.2022-ci il tarixədək həmin müəssisə tərəfindən tam olaraq ödənilmişdir. Sumqayıt Kimya Sənaye Parkının ərazisinin genişləndirilməsi və "Azəralüminium” Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2021-cı il tarixli sərəncamına əsasən, istehsalatda bədbəxt hadisə və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətini itirmiş işçilərinə və ya ölmüş işçilərinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə verilən aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına ödənilən aylıq müavinətin ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilməsi qərara alınmışdır. Beləliklə, Mərkəzi icra hakimiyyətinin sözügedən qərarı ilə xx.xx.2022-ci il tarixdən "Azəralüminium” ASC zərərə görə aylıq ödəncin verilməsini dayandırmış və həmin tarixdən ödənc alanlar kimi onları cavabdeh DSMF-yə təhkim etmişdir. Cavabdeh orqan isə zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinəti yalnız xx.xx.2022-ci il tarixdən ödəməyə başlasa da, sözügedən müavinət ödənişini xx.xx.2022-ci il tarixdən birdəfəlik olaraq dayandırmışdır. Cavabdeh orqan aylıq müavinətin dayandırılmasını, X1 ölüm səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmadığı halda, özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinətin təyin edilməsinin qanunvericliyin tələbləri baxımından mümkün hesab etməməsi ilə əsaslandırmışdır. Cavabdeh orqanın zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırılmasına dair hərəkəti, mülki qanunvericiliyin tələblərinə zidd olmuş və iddiaçıların hüquqlarını pozmuşdur. Hesab edirlər ki, cavabdeh orqanın öz səlahiyətlərini aşmış və hüquqa zidd hərəkətlərə yol vermişdir. Yuxarıda qeyd olunduğu kimi, X1 iş yerində, zərərli istehsalat sahəsində çalışdığına görə sağlamlığına işəgötürən tərəfindən zərər yetirilmiş və bunun əvəzi olaraq aylıq ödənc təyin edilmişdir. Zərərə görə ödənc alan şəxs Ş.İsayev vəfat etməsi səbəbindən zərər yetirən müəssisə tərəfindən ödənc dayandırılmışdır. Bu zaman iddiaçılar, zərərə görə ödənc alan şəxsin (ölənin) himayəsində olmuş və ya onun öldüyü günədək ondan dolanacaq təminatı almaq hüququna malik olmuşdur. Beləcə tərəflərindən tələb olunan sənədlər zərərə görə ödənci ödəyən müəssisə - "xxxx" ASC-yə təqdim edilmiş və müəssisə tərəfindən AR Mülki Məcəlləsinin 1121 və 1122-ci maddələrinə istinadən ödəncin verilməsi bərpa edilərək ona hüququ olan hər ikisi arasında bərabər məbləğdə ömürlük olaraq ödənilməyə başlanılmışdır. Onlar iddiaçılara aylıq müavinət cavabdeh orqan tərəfindən dayandırılarkən buna dair inzibati akt qəbul edilməmişdir. Belə ki, cavabdeh orqanın iddiaçılara ünvanladığı cavab məktubunda ona istinad olunmamışdır. Beləliklə, cavabdeh orqan iddiaçıları inzibati icraata dəvət etmədən, araşdırmanı iştirakları olmadan, etimad göstərdikləri zərərə görə aylıq ödəncin verilməsinə dair inzibati akt qüvvədə olduğu halda, eləcə də onun əvəzləşdirilməsinə dair mərkəzi icra hakimiyətinin inzibati aktı olduğu halda, aylıq müavinətin dayandırılması haqqında ayrıca inzibati akt qəbul etmədən, bununla da aylıq müavinət üzrə ödənişin dayandırılması barədə faktiki xarakterli hərəkətlər etməklə iddiaçıların qanunla qorunan hüquqlarına qanunsuz olaraq müdaxilə etmişdir. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin qanunun 67.2-ci maddəsinə əsasən qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Bundan başqa, cavabdeh orqan aylıq müavinətin dayandırılması məsələsini həll edərkən həm zərərə görə mülki qanunvericiliyin tələblərini, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatın başlanması, aparılması və yekunlaşdırımasına dair normalarının tələblərini birgə nəzərə almaqla həll etməlidir. Ona görə də cavabdeh müvafiq qaydada inzibati icraat aparmadan sadəcə formal olaraq Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-cı il tarixli 804 fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydalarının 3-cü bəndində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla inzibati icraat aid edilə bilməyəcək bir araşdırma nəticəsində faktiki hərəkətlər etməklə zərərə görə aylıq Ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandıra bilməz. Zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin verilməsi barədə inzibati akt iddaçılar üçün əlverişli inzibati aktdır və iddiaçları belə bir əlverişli inzibati aktın nəticlələrindən məhrum edən və ya məhdudlaşdırılan, onun hüquqi vəziyyətini dəyişdirə biləcək istənilən tədbiri də məhz öz hüquqi formasına görə inzibati aktın qəbulu ilə həyata keçirilməlidir. Bu baxımdan cavabdeh inzibati orqan iddiaçılar əlverişli inzibati akt olan aylıq müavinəti zərərə görə aylıq ödəncin, eləcə də onun əvəzi olaraq verilən aylıq müavinətin verilməsi qərarının icrasının dayandırılması ilə bağlı qərar qəbul etməli olduğu halda belə bir aktı qəbul etməməsi, yalnız müavinəti dayandırdıqdan sonra iddiaçıların müraciətinə cavab olaraq məktubla məlumat verməklə kifayətlənməsi “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun olmamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin eidlməsini məhkəmədn xahiş etmişdirlər. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Vəkil iştirak etmiş, iddianı müdafiə etmişdir. Cavabdeh etirazında qeyd edir ki, iddiaçılar İddiaçı1 və İsayev X6 Sosial Müdafiə Fondunun Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət edərək, istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçinin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və ya himyəsində olmuş digər şəxslərə aylıq ödənc əvəzinə verilən müavinətin bərpa edilməsini xahiş etmişdir. Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialı tərəfindən iddiaçılar İddiaçı1 və İddiaçı2 X1 ölüm səbəbi əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmadığından müavinətin bərpa edilməsinin mümkün olmadığı bildirilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə görə, istehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtlər və məbləğ haqqında” qaydalara əsasən, Azərbaycan Respublikasında işçilərin sağlam və təhlükəsiz əmək şəraiti Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Bu Qaydalar Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilmə qaydalarını, şərtlərini və məbləğini müəyyən edir, işçinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulduqda və ya bu səbəbdən həlak olduqda (bundan sonra - istehsalda əmək xəsarəti), bədbəxt hadisənin araşdırılması barədə müvafiq akta əsasən təqsirkar müəssisə, idarə və təşkilatlar (bundan sonra - təqsirkar işəgötürən (təqsirkar müəssisə) işçiyə dəyən zərərə görə qanunvericiliyə uyğun olaraq maddi məsuliyyət daşıyır. Bu zərər təqsirkar müəssisələrdə gəlir hesabına, büdcədən maliyyələşdirilən müəssisələrdə isə büdcə vəsaiti, yaxud büdcədənkənar vəsaitlər hesabına “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq ödənilir. Bu qaydaların 1.2-ci bəndinə əsasən, Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq Ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” qaydaları 'Azərbaycan Respublikasında 1995 - 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramfna və 'Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra - dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. Həmin qaydaların 2.1-ci maddəsinə əsasən, bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. Həmin qaydaların 5.1-ci bəndinə əsasən, aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə. 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. X1 vəfat səbəbinin əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olduğu müəyyən edilməmişdir. Bu səbəbdən İddiaçı2 aylıq ödənc əvəzinə müavinəti xx.xx.2022-ci il tarixli 44545 nömrəli qərar ilə dayandırılmışdır. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsin məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə iştirak etmiş, etirazı müdafiə etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilmir. İddianın mahiyyəti ilə bağlı isə, məhkəmə aşağıda qeyd edilənlərə əsasən hesab edir ki iddia əsaslıdır. İddiaçılar zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, X1 ölüm səbəbi əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmadığından müavinətin bərpa edilməsi mümkün olmamışdır. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinə əsasən:

1. İstehsalatda baş vermiş bədbəxt hadisədə və ya peşə xəstəliyində təqsirli (tam və ya qismən) olan işəgötürən həm işçiyə xəsarət yetirilməsi və ya sağlamlığının başqa şəkildə korlanması nəticəsində dəymiş zərərin, həm müalicə olunması üçün çəkdiyi, həm də ona müavinətlər verilməsi ilə əlaqədar çəkilən xərclərin eləcə də Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş digər əlavə xərclərin əvəzini bütövlükdə ödəməlidir.

2. İşəgötürənin təqsiri üzündən baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərə, habelə bu səbəbdən həlak olmuş işçilərin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə qanunvericiliklə müəyyən edilmiş qaydada dəymiş zərərə görə müvafiq ödənclər ödənilməlidir.

3. İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunmuş qaydalarla müəyyən edilir.

4. İstehsalat qəzaları və yaxud peşə xəstəliyi nəticəsində zərərçəkən şəxslərin zərərə görə verilən ödənclərinin məbləğləri qanunvericiliklə müəyyən edilmiş qaydada əmsallaşdırılmalıdır.

5. Bu maddə ilə nəzərdə tutulmuş ödənclərin verilməsi qanunvericiliklə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta olunan işçilərə şamil olunmur. Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli, 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydalarına əsasən: Bu Qaydalar “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na və “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin (bundan sonra – dövlət müəssisələri) istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının əvəzinə aylıq müavinətin verilməsi qaydasını tənzimləyir. 2.1. Bu Qaydalar dövlət müəssisələrinin “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək baş vermiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarına şamil olunur. 5.1. Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003 cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. 5.2. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyəminmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. 5.3. Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir. 5.4. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aylıq müavinətin ödənilməsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə rüblük hesabat təqdim edir. 5.5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatdığı tarixdə və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdə, aylıq müavinətin ödənişinin dayandırılması məqsədi ilə bir həftə müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə yazılı bildiriş göndərir. 5.6. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 239-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 yanvar 2003-cü il tarixli, 3 nömrəli Qərarı ilə təsdiq edilmiş İstehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclərin verilməsi qaydaları, şərtləri və məbləğinə əsasən: 1.2. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq aylıq ödəncin əvəzinə dövlət büdcəsinin vəsaiti hesabına aylıq müavinət verilir. Yuxarıda qeyd edilən normalar istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərin sosial təminatının hüquqi əsaslarını müəyyən edən normalardır. Göründüyü kimi yuxarıda qeyd edilən təminatın dövlət tərəfindən vəya cavabdeh müəsisisə tərəfindən həyata keçirilməli olması halları istinad olunan müvafiq normalarla tənzimlənmişdir. İş materialları və işin halları ilə müəyyən olunur ki, "xxxx" ASC-nin 19 oktyabr 2007ci il tarixli, 293a saylı əmri əsasında İddiaçı1 və İddiaçı2 xx.xx.2007-ci il tarixindən hərbirinə ömürlük hər ay 74 manat 67 qəpik ödənc ödənilmişdir. Həmin aylıq ödənci iddiaçılara xx.xx.2022-ci il tarixədək həmin müəssisə tərəfindən tam olaraq ödənilmişdir. Bundan sonra Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 4 avqust tarixli 804 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi Qaydaları”na uyğun olaraq iddiaçılara cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixindən aylıq ödənc əvəzinə aylıq müavinət təyin edilmiş, lakin müavinətin ödənişi xx.xx.2022-ci il tarixindən dayandırılmışdır. Cavabdeh öz mövqeyini onunla əsaslandırır ki, X1 ölüm səbəbi əmək xəsarəti və ya peşə xəstəliyi ilə əlaqədar olmamışdır. Məhkəmənin 20 iyun 2023-cü il tarixli sorğusunda iddiaçıya təyinatın nəyin əsasında və hansı hüquqi əsaslarla aparılması barədə məlumat verilməsi tələb edilmiş, cavabdeh orqan 28 iyul 2023-cü il tarixli, 3-17-1/2-170918/2023 saylı məktubunda bildirmişdir ki, İddiaçı2 onun Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” altsistemində olan sonuncu müayinəyə dair arayışına, doğum haqqında şəhadətnaməsinə, mərhum X3 5104 nömrəli müayinə aktından çıxarışa və ölüm haqqında şəhadətnaməsinə əsasən xx.xx.2022-ci il tarixindən “özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc əvəzinə aylıq müavinət” təyin edilmişdir. Habelə cavabdeh tərəfindən təqdim edilmiş inzibati iş materiallarından görünür ki, iddiaçılara mərhum X3 ölümünün səbəbinin istehsalat qəzası və yaxud peşə xəstəliyi ilə əlaqədar olmaması səbəbilə sosial müavinət dayandırılmışdır. İş materiallarından görsənir ki, iddiaçılar 2007-ci il tarixdən qanunvericiliklə müəyyən edilmiş sosial təminatdan istifadə etdikləri halda, cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində bu hüquqdan mərhum olmuşdurlar. İddiaçılar uzun illər ödənc almış, cavabdeh orqan isə ödəncin müavinətlə əvəz edilməsinə öhdəlik götürmüşdür. Bunun əksi qanuni gözlənti və hüquqi müəyyənlik prinsiplərinə ziddiyət təşkil edir, . Bundan başqa cavabdeh inzibati orqan tərəfindən inzibati icraatın qanunvericiliyin tələblərinə uyğun aparılmadığı müəyyən olunur. “İnzibati icraat haqqında” Qanuna əsasən: 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. Lakin cavabdeh orqan hərhansı araşdırma aparmadan “İnzibati icraat haqqında” Qanunun tələblərini pozmuşdur. Qanunun 67-ci maddəsinə əsasən: 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Cavabdeh inzibati orqan iddiaçıların uzun illərdir aldığı ödəncin müavinət ilə əvəz edilməsi prosesini hansı normalar və hansı inzibati icraat ilə apardığını göstərə bilməmişdir. Nəticədə qəbul edilmiş inzibati akt əlverişsiz inzibati akt hesab edilməsədə, yaratdığı hüquqi nəticə baxımından iddiaçının hüquqi vəziyyətində mahiyyəti etibarı ilə dəyişiklik yaratmamışdır. Beləki iddiaçıların hüquqi marağı maddi təminata yönəlmişdir və burada dəyişən vəziyyət ödəniş əsasları ilə deyil, ödənişin edən şəxsin dəyişilməsi ilə bağlıdır. Hər bir halda buradada zəruri inzibati icraat aparılmalı, tərəflər qarşılacaqları ekonomik və hüquqi vəziyyət barədə məlumatlandırılmalı ididlər. Lakin iddiaçıların məlumatlandırılması, inzibati icraata cəlb edilməsi müəyyən edilmir. Müavinətin dayandırılması isə mahiyyəti etibarı ilə əlverişsiz inzibati aktdır. Bu inzibati icraatında aparılması zamanı qanunvericiliyin tələblərinə əməl olunduğu müəyyən edilmir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın əsaslı olduğunu göstərir. Nəzərə alandakı hazırda dayandırılması mübahisələndirilən müavinət ilkin təyin olunmuş müavinət yox, iddiaçıların uzun illər mübahisəsiz aldığı ödəncin əvəzinə təyin edilmişdir, bu müavinətin digər əsaslarla dayandırılması etimad hüququnun pozulması kimi qiymətləndirilməli, iddiaçıların hüquqları bərpa edilməlidir. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2022-ci il tarixli 44545 nömrəli qərar ləğv edilsin, iddiaçılar İddiaçı1 və İddiaçı2 zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 44545 nömrəli qərar ləğv edilsin, iddiaçılar İddiaçı1 və İddiaçı2 zərərə görə aylıq ödəncin əvəzi olaraq verilən aylıq müavinətin dayandırıldığı tarixdən bərpa edilməsi vəzifəsi cavabdeh DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar