Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-259/2025 27.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı “Buduq” Xeyriyyə Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsi və üzərindəki tikilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi) GİRİŞ HİSSƏ Sumqayıt İnzibati Məhkəməsi Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi, iddiaçının nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakı ilə İddiaçı “Buduq” Xeyriyyə Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi və üzərindəki tikilinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınaraq, çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 27 may 2025-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ a) İşin halları: İddia ərizəsinə qoşma şəklində əlavə edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. 3 fevral 1992-ci il tarixli aktdan görünür ki, “Buduq” komissionkooperativinin mağazasının tikintisi üçün şəhərin 17-ci məhəlləsində şərq hissəsində 250 kv.m sahənin ayrılması məqsədəuyğun hesab edilmişdir.
2. Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 nömrəli sərəncamından görünür ki, Bakı “Şərq” mehmanxanası “Buduq” kooperativ komissionunun filialının tikintisi üçün şəhərin 23-cü kvartalında 250 kv.m torpaq sahəsi ayrılmışdır.
3. 10 noyabr 1992-ci il tarixli, 156/1 nömrəli “Enerjinəzarət”in Xaçmaz şöbəsinin aktı.
4. “Şərq” mehmanxanasının “Buduq” kooperativ komission mağazasının tikintisi üçün 27 nömrəli TTS tərəfindən tərtib edilmiş “Smeta”.
5. “Buduq” Xeyriyyə Cəmiyyətinin 12 mart 1994-cü il tarixli “Nizamnaməsi”ndən görünür ki, cəmiyyətinin mərkəzi Bakı şəhərində yerləşir.
6. Azərbaycan Respublikası Quba Rayonu İcra Hakimiyyəti başçısının Quba şəhəri üzrə nümayəndəliyinin 16 iyul 2007-ci il tarixli, 136 nömrəli arayışından görünür ki, “Buduq” Xeyriyyə Cəmiyyəti ünvan 3 ünvanda yerləşir.
7. "xxxx" ASC-nin 15 dekabr 2010-cu il tarixli, **********91133 nömrəli “Abunə haqqında” çıxarış.
8. Azərbaycan Respublikası "xxxx" MMC-nin “Fiziki və hüquqi şəxslərin mülkiyyətinə aid əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair” Nümayəndə2 adına Quba şəhəri, C.Cabbarlı 10a ünvana dair tərtib edilmiş 2 avqust 2013-cü il tarixli “Hesabat cədvəli”ndən görünür ki, torpaq sahəsi əslində 980 kv.m, tikinti altı 183,33 kv.m, boş sahə 796,67 kv.m olaraq göstərilmişdir.
9. "xxxx" ASC-nin 31 oktyabr 2021-ci il tarixli, ********* nömrəli “Hesab ödəniş vərəqi”.
10. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinin 2 may 2023-cü il tarixli, 3-21-3-34/2-5221/2023 nömrəli “Buduq” Xeyriyyə Cəmiyyətinə göndərilmiş məktubundan görünür ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş qeyriyaşayış binası və torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, ərizəyə əlavə edilmiş Quba rayon İcra Hakimiyyəti Başçısının 5 fevral 1992-ci il tarixli, 41 saylı sərəncamı ilə tikinti üçün ayrılmış 0,025 torpaq sahəsinə icarə müqaviləsi, torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri və qeyri-yaşayış binasına dair hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir.
Məhkəmə araşdırması zamanı verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 10 mart 2025-ci il tarixli, 3-16-5/2-11-1412/2025 nömrəli məktubu ilə aşağıdakı sənədlərin surəti qoşma şəklində göndərilmişdir: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 14 aprel 1993cü il tarixli qərarından çıxarışdan görünür ki, “Buduq” Xeyriyyə Cəmiyyətinin qeydə alınması və onun rəsmi fəaliyyətinə icazə verilməsi qərara alınmışdır. - Azərbaycan Respublikası “Buduq” Xeyriyyə Cəmiyyətinin təsis konfransının 12 mart 1994-cü il tarixli, 1 nömrəli protokolu.
b) Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
İddia ərizəsinin dəlilləri:
12. İddiaçı “Buduq” Xeyriyyə Cəmiyyəti (bundan sonra – “iddiaçı”) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə (bundan sonra – “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 5 ünvanında yerləşən yerin və üzərindəki tikilinin mülkiyyət hüququna dair iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
13. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən 0,12 ha ərazi artıq 30 ildən çoxdur ki, iddiaçının istifadəsindədir. Belə ki, həmin ərazi mülkiyyət formasında sahibliyinə, istifadəsinə, sərəncamına verilməsinə dair Quba Rayon İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 saylı Sərəncamı ilə əvvəlki təsisat “Buduq” kooperativ-komissiyonunun filialının həmtəsisçisi mərhum X1 mülkiyyət formasında sahibliyinə, istifadəsinə və sərəncamına aynlmışdır. Həmin göstərilən zamandan etibarən iddiaçının nümayəndələri həmin əraziyə faktiki sahiblik, istifadə etmişdirlər. Orada 1992-ci ildə birmərtəbəli 20x10 metr = 200 kv.m sahədə bina inşa edərək, kafe kimi istifadə edilmiş, ora qaz, su və işıq çəkdirilmiş, həyətinə asfalt döşətdirilmişdir. Bir müddət sonra iddiaçı Cəmiyyətinin, onun təsisatları “Babadağ” qəzetinin redaksiya heyətinin mərkəzi kimi istifadə edilmişdir. Hal-hazırda da, burada həmin təsisatların mərkəzləri fəaliyyət göstərir. Həmin sahə faktiki 3 fevral 1992-ci il tarixdə Quba rayonunun və Quba şəhərinin baş memarlarının, Quba rayon SES-in baş həkiminin, Quba rayonu yanğından mühafizə müfəttişliyinin rəisinin və “Buduq” kooperativ-komissiyonun nümayəndəsi qismində mərhum X1 iştiraklarıla akt tərtib edilərək, Quba Rayon İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 saylı Sərəncamı ilə “Buduq” Cəmiyyətinin təsisatı olmuş “Buduq” kooperativ-komissiyonunun xüsusi müfkiyyət formasında sahibliyinə, istifadəsinə və sərəncamına verilmişdir. 3 aprel 2023-cü il tarixdə həmin əsaslarla və Azərbaycan Respublikası Mülki qanunvericiliyinin müddəalarını rəhbər tutaraq ünvan 5 ünvanında yerləşən sözügedən obyektin ərazisinin Quba Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında 30 il mübahisəsiz iddiaçının sahibliyində və istifadəsində olduğunu nəzərə alaraq, hal-hazırda fəaliyyət göstərən iddiaçının adına rəsmiləşdirilərək, Daşınmaz Əmlaka mülkiyyət hüququna dair çıxarışın verilməsi məqsədilə aidiyyatı üzrə cavabdehə müvafiq məktubla müraciət edilmiş, lakin cavabdeh orqan təqdim edilən sənədlər əsasında iddiaçının adına mülkiyyət hüququna dair çıxarışın verilməsindən imtina etmişdir.
14. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 139.3, 139.4, 139-1, 178.1, 178.6, 179.2, 179.3, 179.4, prosessual hüquqi əsası kimi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) 2.2.2, 8.1.1, 33.1, 33.2, 33.3, 33.4, 35.1, 73.1ci maddələrinə istinad edilmişdir.
15. İPM-in 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
16. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47-49cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri proses iştirakçılarına təqdim edilmişdir.
İddia ərizəsinə qarşı etirazın dəlilləri:
17. Cavabdeh iddia tələbinə qarşı etiraz təqdim edərək, iddianın təmin edilməməsini xahiş etmişdir.
18. Etiraz imtina məktubuna istinad edilərək (§10) onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində göstərilən tikililərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququna malik deyildir. İddiaçı tərəfindən qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmişdir, ərizəyə dair texniki hissə ilə heç bir münasibət bildirilməmişdir. Torpaq sahəsinin ayrılmasına dair sənəd, yerləşdiyini əks etdirən sxem təqdim edilməmişdir. Bununla da, torpaq sahəsinin yerləşdiyi yer, kateqoriyası məlum deyildir. Həmin daşınmaz əmlakın (torpaq sahəsinin və tikililərin) faktiki ölçüləri, yüksək gərginlikli elektrik və digər komunikasiya xəttlərin mühafizə zolağına, digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir.
19. Etirazın maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 101.1, 103, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1, 11.1-ci maddələrinə istinad olunmuşdur.
c) Tərəflərin iştirakı və izahatları:
20. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə1 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunmasını xahiş etmişdir.
21. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmiş, həmçinin bildirmişdir ki, “Buduq” Xeyriyyə Cəmiyyəti atasının təşəbbüsü, qardaşının iştirakı ilə yaradılmış, xalqların qarşılıqlı əlaqəsi, mədəniyyətinin və tarixinin öyrənilməsi istiqamətində fəaliyyət göstərmiş, müxtəlif ölkələrə təmsil olunmuşdur. Torpaq sahəsi Quba Rayon İcra Hakimiyyətinin 41 nömrəli sərəncamı və akt əsasında iddiaçıya verilmişdir. Azərbaycan Respublikasının Prezidentin 2013-cü il tarixli Fərmanına əsasən iddiaçı cəmiyyətinə güzəştlər edilə bilər, çünki, həmin dövrdə sənədləşmə formal prosedur olmuşdur. İddiaçının adından bu illər ərzində işıq idarəsinə ödənişlər həyata keçirilmişdir.
22. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehin səlahiyyətli nümayəndəsi məhkəmə iclasında təmsil olunmamışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may 2021-ci il tarixli, 2-1(102)-895/2021 saylı qərarında qeyd olunmuşdur ki, “30. İnzibati icraatın əsas prinsiplərindən olan çəkişmə, işin hallarının hərtərəfli araşdırılması və proses iştirakçılarının dinlənilmə hüquqlarının təmin edilməsi prinsipləri iş üzrə prosesin tərəflərin iştirakı ilə aparılmalı olduğunu tələb edir və bununla bağlı məhkəmənin üzərinə müvafiq vəzifələr düşür. İstisna hallarda tərəflərin məhkəmə icraatından yayındığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar olduqda məhkəmə işə onların iştirakı olmadan da baxa bilər. Lakin belə qənaətə gəlmədən əvvəl məhkəmə öz üzərinə düşən vəzifələri yerinə yetirməli və tərəflərin prosesdə iştirakdan yayındığı ilə bağlı qəti fikrə gəlməlidir. Tərəfin prosesdə iştirakdan yayındığı qənaətinə gələ bilmək üçün məhkəmədə elə bir inam formalaşmalıdır ki, tərəfin davranışından artıq görünür ki, o, mübahisə ilə bağlı prosessual marağını itirdiyindən icraatdan yayınır. Buna qədər isə məhkəmə müvafiq tərəfə ondan konkret olaraq hansı prosessual hərəkətlər etməli olduğunu gözlədiyini açıq şəkildə bildirməli, eləcə də, prosesdə iştirak etməmənin doğuracağı hüquqi nəticələr barədə aydın məlumat vermək vəzifəsini yerinə yetirməlidir. Bu isə onu tələb edir ki, tərəflərə ünvanlanan bildiriş məzmun etibarilə göstərilən tələblərə cavab verməli, qanun müddəasının təkrarlanması şəklində formal xəbərdarlıqdan ibarət olmamalıdır.
24. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
25. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Bildirişdə həmçinin, İPM-in 62.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar. Həmçinin, tərəflərə göndərilmiş məhkəmə bildirişlərində onların yazılı izahat vermək, sübutlar təqdim etmək və s. hüquqları barədə xəbərdar olunmuşdurlar.
26. Odur ki, məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
27. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş cavabdehin səlahiyyətli nümayəndəsi X3 izahat verərək etirazı müdafiə etmiş, iddianın təmin edilməməsini xahiş etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
a) İddianın mümkünlüyü:
28. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir.
29. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
30. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
31. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər.
32. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır.
Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
33. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
34. Belə ki, iddiaçı tərəfin mövqeyinə görə, 0,12 ha ərazi artıq 30 ildən çoxdur ki, cəmiyyətin istifadəsindədir. Həmin sahə faktiki olaraq 3 fevral 1992-ci il tarixdə Quba rayonunun və Quba şəhərinin baş memarlarının, Quba rayon SES-in baş həkiminin, Quba rayonu yanğından mühafizə müfəttişliyinin rəisinin və “Buduq” kooperativ-komissiyonun nümayəndəsi qismində mərhum X1 iştiraklarıla akt tərtib edilərək, Quba Rayon İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 saylı Sərəncamı ilə təsisatı olmuş “Buduq” kooperativ-komissiyonunun xüsusi mülkiyyət formasında sahibliyinə, istifadəsinə və sərəncamına verilmişdir. Qeyd olunan hallar mülki qanunvericiliyinin müddəalarını rəhbər tutaraq obyektin ərazisinin Quba Rayon İcra Hakimiyyəti başçısının Sərəncamı əsasında 30 il mübahisəsiz iddiaçının sahibliyində və istifadəsində olduğunu nəzərə alınmaqla tələbi təmin edilməlidir.
35. Cavabdeh tərəfin etirazının əsaslarına görə, iddiaçı iddia ərizəsində göstərilən tikililərin yerləşdiyi torpaq sahələri üzərində mülkiyyət hüququna malik deyildir. Torpaq sahəsinin ayrılmasına dair sənəd, yerləşdiyini əks etdirən sxem təqdim edilməmişdir. Bununla da, torpaq sahəsinin yerləşdiyi yer, kateqoriyası məlum deyildir.
36. Qanunvericiliyə uyğun olaraq, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0-cı maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməlidir.
37. Həmin Qanunun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər.
38. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, “Buduq” komission-kooperativinin mağazasının tikintisi üçün şəhərin 17-ci məhəlləsində şərq hissəsində 250 kv.m sahənin ayrılması məqsədəuyğun hesab edilmiş, Quba Rayonu İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 nömrəli sərəncamı ilə Bakı “Şərq” mehmanxanası “Buduq” kooperativ komissionunun filialının tikintisi üçün şəhərin 23-cü kvartalında 250 kv.m torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 14 aprel 1993-cü il tarixli qərarı ilə iddiaçı Cəmiyyətinin qeydə alınmış və onun rəsmi fəaliyyətinə icazə verilmiş, 12 mart 1994-cü il tarixdə təsis konfransı keçirilmişdir. Cəmiyyətin nizamnaməsinə əsasən cəmiyyətin mərkəzi Bakı şəhərində yerləşir. Əmlakın qiymətləndirilməsi və torpaqların inventarlaşdırılmasına dair hesabat cədvəlindən görünür ki, iddia olunan tikilinin altında yerləşən torpaq sahəsinin ölçüsü ümumi 980 kv.m, tikinti altı 183,33 kv.m təşkil edir.
39. Bundan əlavə, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi. Hüquqların dövlət qeydiyyatı notariat qaydasında təsdiq edilmiş müqavilə, habelə daşınmaz əmlak barəsində digər notariat hərəkətlərinin nəticəsi olaraq tərtib və (və ya) təsdiq edilmiş sənədlər əsasında aparıldıqda, sənədlərin qəbulu elektron qaydada notarius və ya qanunla müəyyən edilmiş hallarda bu cür notariat hərəkətlərini etməyə hüququ olan vəzifəli şəxslər tərəfindən Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə göndərilmiş sənədlər və məlumatlar əsasında həyata keçirilir. Bu halda həmin sənədlər mülkiyyət və digər əşya hüquqlarının dövlət reyestrində qeydiyyatının aparılması üçün ərizə hesab olunur; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
40. Buna baxmayaraq, iş materiallarına əlavə edilmiş Quba Rayon İcra Hakimiyyəti başçısının 5 fevral 1992-ci il tarixli, 41 saylı sərəncamı ilə tikinti üçün ayrılmış 0,025 torpaq sahəsinə icarə müqaviləsi, torpaq sahəsinin yerləşdiyi ərazinin təsdiqlənmiş yerquruluşu sxemləri və qeyri-yaşayış binasına dair hüquq müəyyənedici sənədlər, eyni zamanda, torpaq sahəsinin ayrılmasına dair sənəd, yerləşdiyini əks etdirən sxem də təqdim edilməmişdir.
41. Həmçinin, iddia tələbinin əsası kimi istinad olunmuş 0,12 ha ərazinin 30 ildən çox müddətdə cəmiyyətin istifadəsində olması ilə bağlı məhkəmə qeyd edir ki, əldə etmə müddəti ilə bağlı normalar inzibati qanunvericiliyin normaları ilə deyil, mülki qanunvericiliyin normaları ilə tənzimlənir.
42. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 179.2-ci maddəsinə əsasən, daşınmaz əmlaka sahiblik müddətinə əsaslanan şəxs hüquq varisi olduğu şəxsin bu əmlaka sahiblik etdiyi bütün müddəti öz sahiblik müddətinə birləşdirə bilər. Məcəllənin 179.3-cü maddəsinə əsasən, əmlaka öz əmlakı kimi sahiblik edən şəxs əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlaka mülkiyyət hüququnu əldə edənə qədər öz sahibliyini əmlakın mülkiyyətçisi olmayan və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş digər əsasa görə ona sahiblik hüquqları olmayan üçüncü şəxslərdən müdafiə etmək hüququna malikdir. Həmin Məcəllənin 179.4-cu maddəsinə əsasən, əldə etmə müddəti ilə əlaqədar daşınmaz əmlakı əldə etmiş şəxsin həmin əmlaka mülkiyyət hüququ bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
43. İPM-in 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.
44. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı halda iddiaçı iddianı sübuta yetirə bilməmiş, tələbi ilə bağlı mötəbər dəlilləri məhkəməyə təqdim etməmişdir.
45. Beləliklə, məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh inzibati orqan tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. İmtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
46. Məhkəmə, toplanmış sübutlara məcmusu ilə qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir.
NƏTİCƏVİ HİSSƏ
47. Şərh edilənlərə və İPM-in 52, 68, 69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı “Buduq” Xeyriyyə Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “ünvan 5 ünvanında yerləşən yerin və üzərindəki tikilinin mülkiyyət hüququna dair iddiaçının adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Könül Həbibova