Məhkəmə qərarları › İş №2-1(118)-2592/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-2592/2022

08.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-2592/2022 08.09.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “Qusar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 19 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “Qusar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 19 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qusar rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 20 iyul 2022-ci il tarixli 19 nömrəli qərarı ilə X1 ərizəsi “qismən” təmin edilmiş və qərarda yazılmışdır ki, “1.X1 öz doğma nəvəsi 19 sentyabr 2021-ci il təvəllüdlü X5 ilə hər həftənin bazar günləri saat 10:00-dan 19:00-dək görüş günləri təyin edilsin və görüş yeri ərizəçinin yaşadığı ünvan 1 ünvanı da daxil olmaqla, Qusar rayon ərazisi müəyyən edilsin. 2. X1 öz doğma nəvəsi X6 ilə müəyyən edilmiş vaxtda görüşməsinə mane olmaması X2ma tapşırılsın”. Aşağıda göstərilənlərə əsasən hesab edir ki, cavabdeh inzibati orqanın qeyd edilən qərarı ləğv edilməli, cavabdeh üzərinə onun azyaşlı övladı X3 nənəsi X1 ünsiyyət saxlaması ilə bağlı uşağın yaşı, səhhəti, maraqlı şəxslər arasında münasibətin xarakteri, uşağın hazırkı yaşayış yeri nəzərə alınmaqla yeni qərar qəbul etmək vəzifəsi qoyulmalıdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbinin mümkünlüyü ilə bağlı təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumatlandırımış iddiaçı məhkəmə iclasına gəlməmişdir. Qanunvericiliyin tələbləri baxımından məhkəmə iclasının iddiaçının iştrakı olmadan keçirilməsi mümkün hesab edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edir ki, iddia mümkün sayılmamalıdır. İlk öncə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü maddəsinə əsasən qəyyumluq və himayəçilik orqanları qanunverciliklə müəyyənləşdirilir. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən qəyyumu və ya himayəçini qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsin yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanı fiziki şəxs üzərində qəyyumluq və ya himayəçilik qoyulması zərurətinin ona məlum olduğu andan üç ay ərzində təyin edir. Qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxsə qəyyum və ya himayəçi təyin edilənədək qəyyum və ya himayəçi vəzifələrini qəyyumluq və himayəçilik orqanı icra edir. Qəyyumun və ya himayəçinin təyin edilməsi barədə maraqlı şəxslər məhkəməyə etiraz verə bilərlər. Qeyd olunan maddələrdə qəyyumluq və himayəçilik orqanın funksiyalarını hansı qurumun həyata keçirilməsi ilə bağlı birbaşa göstərişin olmaması həmin qurumun səlahiyətlərinin yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilməsinə dəlalət etmir. Göründüyü kimi hazırkı iddia tələbi üzrə cavabdeh qismində Qusar Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayə orqanı göstərilsə də həmin qurumun inzibati orqan olmaması səbəbindən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkün olmayacaq. Yəni göstərilən şərtlər məcmu yaratdığı halda münahisələrə inzibati məhkəmələr tərəfindən baxılır. Hazırkı tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh Qusar Rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasıdır ki, qəyyumluq və himayəçilik orqanları kollegial orqan olmaqla inzibati orqan deyildir. İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 28 avqust 2007-ci il tarixli 136 nömrəli qərarında qəyyumluq və himayəçilik orqanları inzibati orqanların təsnifatında inzibati orqan kimi nəzərdə tutulmamış və sonuncunun fəaliyyəti İnzibati İcraat haqqında qanunla deyil Azərbaycan Respublikası Mülki və Ailə Məcəllələri ilə tənzimlənir. Bundan başqa məhkəmə qeyd edir ki, hazırki mübahisə sonuncunun inzibati fəaliyyətinin nəticəsi deyil. Belə ki, inzibati fəaliyyət inzibati orqanlar tərəfindən həyata keçirilən və nəticədə ünvanlandığı hüquqi və fiziki şəxslər üçün müəyyən nəticələrin yaranmasına səbəb olan inzibati aktın qəbulu ilə nəticələnən fəaliyyətdir. İnzibati akt isə inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir (İİ haqqında Qanun-2.0.2). Hazırda mübahisələndirilən Qusar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 19 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarı inzibati orqan tərəfindən qəbul edilmədiyinə görə inzibati akt hesab edilə bilməz. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı mübahisəyə tərəflərin subyektiv tərkibi və mübahisə predmeti baxımından inzibati məhkəmələr tərəfindən inzibati qaydada baxılmalı olmadığından qəyyumluq və himayəçilik orqanlarına qarşı irəli sürülən iddalara inzibati deyil mülki məhkəmə icraatı qaydasında ümumi (rayon, şəhər) məhkəmələr tərəfindən baxılmalıdır. Bu səbədən də iddiaçı Qəyyumluq və Himayəçilik orqanlarına qarşı iddia ilə cavabdehin olduğu yer üzrə ümumi (rayon, şəhər) məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin Məcəllənin 16.3-cü maddəsinə əsasən, mübahisəni mahiyyəti üzrə həll etməyən məhkəmə qərardadları şifahi məhkəmə baxışı keçirilmədən də qəbul edilə bilər. Yuxarıda göstərilənlər əsasən, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1, 16.3, 35 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı cavabdeh Qusar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasına qarşı “Qusar Rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyasının 19 nömrəli, 20 iyul 2022-ci il tarixli qərarının ləğv edilməsi” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra ondan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar